beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayının gəlməsi və təyini.

Allaha həmd olsun ki, Ramazan ayına yaxınlaşırıq. Ramazan ayı xeyir-bərəkəti çox olan ən əzəmətli aydır. Bu ayın digər aylara üstünlüyü Günəşin ulduzlara üstünlüyü kimidir. Bu ayda çoxlu xeyirlər vardır.

Hər bir insan bu ayda oruc tutmaqla Allahın razılığını əldə edə bilər. Bu ayda oruc tutmaq hər bir müsəlmana vacibdir, mütləq tutmalıdırlar. Bu ayın qış günlərinə, uzun yay günlərinə düşməsinə baxmayaraq oruc tutmaq Allahın əmri olduğu üçün hər bir müsəlman oruc tutmalıdır. Ramazan ayını görmək artıq o deməkdir ki, sən oruc tutmağa başlamalısan. Oruc tutmaq hər bir həddi büluğa gəlmiş müsəlmana vacibdir. Yəni mütləq oruc tutmalıdır.
Ayı görən kimi oruc tutmaq vacib olur. Bunun sübutu Allah təalanın bu sözüdür: “...Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar...” (Bəqərə 185). Bu Allahın əmridir. Allahın əmrini sevərək yerinə yetirmək bizə vacibdir. Bütün müsəlmanlar Ramazan ayının gəlməsinə sevinirlər. Çünki bu ayda oruc tutmaqla günahlar bağışlanır, Allah oruc tutandan razı olur, insana rahatlıq gəlir, mənəvi cəhətdən ən böyük zövq əldə edirlər. Həmçinin düşünürlər ki, keçən Ramazandan bu Ramazana qədər bir çox müsəlmanlar bu aya çata bilmədilər. Özləri də dəqiq bilmirlər ki, gələn Ramazana, Ramazanın sonuna həyatda qala biləcəklər ya yox. Buna görə də bu ayı həsrətlə gözləyib, bu ayda ən gözəl şəkildə ibadət edirlər.
Ramazan ayını görmək üçün bir nəfər adil müsəlmanın ayı görməsini demək kifayət edir. Əgər müsəlmanlar arasında ədalətli, savadlı, elmli bir müsəlman ayı gördüyünü deyirsə onda həmin andan oruc tutulmağa başlanılır. Bizə Abdullah ibn Ömər (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, bəzi insanlar Ramazan ayını gördülər və bunu mən Allah Rəsuluna (səlləllahu aleyhi və səlləm) xəbər verdim. Allah Rəsulu səlləllahu aleyhi və səlləm mənə dedi ki, məndə ayı gördüm və insanlara oruc tutmalarını əmr etdim. Bu hədisi Abu Davud, Darimi və başqaları rəvayət ediblər. Oruc tutmaq əmrini hər bir dövlətdə o dövlətin bütün işlərini idarə edən dövlət başçısı icra edir. Hər bir ölkənin dövlət başçısı ölkənin idarəsində böyük rolu və nüfuzu olan ümumi dövlət strukturları ilə məsləhətləşərək ölkədə Ramazan ayının başlanmasını elan edir. Bu məsələ bir başa Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) sünnəsidir. Ölkədə Ramazan ayının başlanması elan olunduqdan sonra hər bir müsəlmana vacibdir ki, həm Allahın əmrini yerinə yetirsinlər, həm də ölkəni idarə edənlərə tabe olaraq Ramazan ayının başlanmasından başlayaraq orucun şərtlərinə riayət edərək oruc tutsunlar.

Bütün elm əhli ittifaq ediblər ki, Ramazan ayının görünməsi və ölkənin rəhbər sturukturlarının Ramazan ayının başlanğıcını elan etməsindən sonra artıq hər bir müsəlman oruc tutmalıdır. Həmçinin bu məsələlərdə ayrı seçkiliyə, təkliyə, ixtilafa, münaqişəyə düşmək bəyənilmir. Ölkədə Ramazan ayının başlanması elan edildikdən sonra ümumi camaata ixtilaf edərək bir gün əvvəl və bir gün sonra ayı gördüyünü iddia etmək və müsəlmanların arasında ixtilaf salmaq, fitnə çıxarmaq bəyənilmir. Belə hallara yol verən müsəlmanlara Allahdan hidayət və doğru istiqamət istəyirik.
Allah təala Ramazan ayını bizim üçün xeyirli-bərəkətli etsin. Amin!


Tarix: 04.05.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Ramazan