beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Düz çıxmaz"

"Aşiq olma" dili-bimarə desəm, düz çıxmaz,
"Yanma" pərvanələrə "narə" desəm, düz çıxmaz.

Dərdimi mən necə izhar eləyim dosta-yada,
Dost əlac eyləməz, əğyarə desəm, düz çıxmaz.

Nə deyim onlara ki, zülfə salıblar mehri,
"Siz də mən tək çəkilün darə" desəm, düz çıxmaz.

Desələr yarə "yaraşmır ağ üzə qarə teli",
Demərəm mən ki, ağa qarə desəm, düz çıxmaz.

Yarə "məhparə" deyən var, demərəm mən əsla,
Bütöv aydır, ona məhparə desəm, düz çıxmaz.

Demə biganəyə "sev", düz deyil, ey dil, necə ki,
Kora "gör", yaxud "eşit" karə desəm, düz çıxmaz.

Gər vəfasızda vəfa eyləməmək adətdir,
"Düz çıxar əhd ilə ilqarə" desəm, düz çıxmaz.

Ürəyim yarəlidir, yarə vuran yar əlidir,
"Vurma gəl yarə", əgər yarə desəm, düz çıxmaz.

Çün Əvəz, zövq verir daima bu yarə mənə,
"Eylə dildara, ona çarə" desəm, düz çıxmaz
Əvəz Qurbanlı


Tarix: 31.03.2013 / 16:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Qezeller