beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Şövkətin xeyli zamandır oxudulmur valı da " qəzəli

Qaralıb sanki evin, ay ata, sənsiz alı da,
Qaralıb sanki böyük evdə döşənmiş xalı da.

Köhnə radyomuz həmən pəncərədə, toz basmış,
Şövkətin xeyli zamandır oxudulmur valı da.

Yerli-yersiz özümüzdən çıxırıq son vaxtlar,
Çoxalıbdır bu evin söhbəti, qiylü qalı da.

Elə bil ki, bu evin bəxtinə it asqırmış,
Gərçi çoxdandı qoyulmur o itin heç yalı da.

Köhlənin indi təsəvvür belə etməzsən ki,
Yəhəri bir yana, üstündə deyil heç halı da.

Kimsənin ağlına gəlmir ki, çıxarsın atsın,
Daha biryol qapı üstündən asılmış nalı da.

Bir işə yatmır o vaxtdan əlimiz, sən yoxsan,
Yox olub çil toyuğun taxçadan hətta falı da.

Ağlamaqdan nənəmin gözləri görmür artıq,
Gözə dəymir yeri gəlmişkən heç əlvan şalı da.

Daha da ərköyün olmuş balaca Əhmədimiz,
Alçanın dəymişi heç, yerlə bir olmuş kalı da.

Məni görcək yaşarıb gözləri səbr arzulayır,
Bu elin gənci də, ağbirçəyi, ağsaqqalı da.

Anam əvvəlki həvəslə qazan asmır artıq,
Elə bil ki, bu evin zəqquma dönmüş balı da.

Danışıb təxirə saldıq toyun Aysel bacımın
Düz bir il məhlədə səslənməyəcək vağzalı da.

Sındırır sonbeşiyin gündə salıb qab-qacağı
Elə bil sənlə gedibdir bu qızın ehmalı da.

Səni vallah bu qədər istədiyin bilmirdim,
Qurumur heç anamın qirbişin əl dəsmalı da.

Çox düşübdür anası Yasinin, Allah, deyəsən
Belə gər getsə müsibətlərinin var dalı da.


Tarix: 27.03.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 224 Bölmə: Qezeller