beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quru saçlara qulluq edilməsi

Baş dərisindəki piy vəziləri kifayət qədər miqdarda dəri piyi hazırlamadığı halda, saçlar da quru olur. Adətən, baş dərisinin quruluğu üz və bədən dərisinin də quruluğu ilə birgə təsadüf edilir. Bunun səbəbi isə daxili orqanların bir sıra xəstəlikləri (sinir, endokrin və s.) və ya irsiyyət ola bilər.

Saçların quru olmasının ən çox təsadüf edilən səbəblərindən biri – saçlara düzgün qulluq edilməməsidir. Vacib tələbat olmadan saçların çox tez-tez yuyulması, qələvi tərkibli sabundan, isti fendən, metal və keyfiyyətsiz taxta daraqlardan istifadə edilməsi, saçların tez-tez şəffaflaşdırılması, rənglənməsi və kimyəvi burulması və s. nəticəsində başın dərisi həddindən artıq dərəcədə yağsızlaşır və saçlar da quru və cansız olur.

Dəri və saçların quru olması vitamin çatışmazlığı səbəbindən də ola bilər. Ona görə də quru saçları olanlar bir çox pəhrizlərdən uzaq olmalı və öz rasionlarına hər zaman yumurta, süd, kefir, qatıq, kəsmik, pendir, kök, portağal, pomidor, yaşıl kahı, noxud, balıq, balıq yağı və s. bu kimi xeyirli məhsulları daxil etməlidirlər.

Quru dərisi olanlar üçün paltarların üzərinə bolluca şəkildə tökülən quru kəpəyin olması da xarakterik əlamətdir. Belə kəpəyin olduğu halda, mexaniki şəkildə hər gün saç şotkası ilə başı masaj etməklə ondan qurtulmaq olar. Quru saçların uclarını sistematik olaraq kəsmək lazımdır, əks halda, onlar xoşagəlməz şəkil alır.

Quru saçlar onlara xüsusi ehtiyatlılıqla qulluq edilməsini tələb edir. Onları ancaq çirklənmiş olduqları halda yumaq lazımdır, bu da, adətən, 7-10 gündən tez olmayaraq baş verir. Quru saçları sağlamlaşdırmaq məqsədi ilə onlara yumamışdan əvvəl həftədə 1 dəfə bitki yağından (zeytun, gənəgərçək, ayıpəncəsi) istifadə etməklə “yağlı hamam” prosedurası edilməlidir. Bunun üçün yağı su hamamında 40-45° C-dək qızdırdıqdan sonra üzərinə limon şirəsi əlavə edilir. Qızdırılmış bu yağı səliqə ilə saçlara çəkərək, ehtiyatla və səliqə ilə başın dərisinə sürtürlər (hopdururlar). Sonra başı sellofanla, üzərindən isə xovlu dəsmalla örtürlər. Kompresi 1-2 saat saxladıqdan sonra saçları bir qədər isti su və şampunla (sabunla – yox!) yaxşı-yaxşı yumaq lazımdır. Quru saçları yumaq üçün tərkibində lesitin, vitamin B5, çobanyastığı, cökəağacı çiçəkləri, nanə, cücərdilmiş buğda və s. olan və məhz quru saçlar üçün nəzərdə tutulan xüsusi krem-şampunlardan istifadə etmək lazımdır.

Quru saçları yuduqdan sonra su ilə yaxşı-yaxşı yaxalamaq lazımdır. Su yumşaq olmalıdır. Yumşaq su olmasa, adi suyu yumşaltmaq lazımdır.

Saçlara parıltı və həcmlilik vermək üçün yuduqdan sonra onları süzülmüş təzə dəmlənmiş çay ilə, çobanyastığı və ya cökəağacı çiçəklərindən hazırlanmış dəmləmə ilə yaxalamaq olar. Saçların keyfiyyətini artırmaq üçün onları yuduqdan sonra nanə dəmləməsi (2 xörək qaşığı nanənin üzərinə 1 stəkan qaynar su töküb 30 dəqiqədən az olmayaraq dəmlədikdən sonra süzürlər) və ya zəncirotu dəmləməsi ilə (1 xörək qaşığı doğranmış bitkinin üzərinə 1 stəkan qaynar su tökməklə hazırlanır) yaxalamaq lazımdır.

Quru saçları yuyarkən başın dərisini mütləq masaj etmək lazımdır. Yağlı saçlardan fərqli olaraq quru saçların masaj edilməsi çox vacibdir. Masaj dəridəki piy hüceyrələri tərəfindən piy hazırlanmasını stimullaşdırır ki, bu da dəridəki piy ifrazının artmasına səbəb olur. Quru saçları olanlar başın dərisini həftədə 2 dəfədən az olmayaraq masaj etməlidirlər.

Saçları yuduqdan sonra onları yumşaq dəsmal ilə səliqə ilə sıxıb, təbii yolla qurutmaq lazımdır. Quru saçların fen ilə qurudulmasına yalnız kəskin tələbat olduqda icazə vermək olar. Quru saçları həmçinin ehtiyatla daramaq lazımdır: onlar dolaşır, tez qırılır və asanlıqla yolunurlar.

Ot dəmləmələri ilə yumaqla, saçlar üçün olan balzamlardan və saçların möhkəmliyini artıran kosmetik vasitələrdən istifadə etməklə, quru saçları daha möhkəm etmək olar.

Yadda saxlamaq lazımdır ki, günəş şüaları quru saçlar üçün çox zərərlidir. Həmçinin quru saçları çox ehtiyatla boyamaq lazımdır.

Tərkibində qidalandırıcı maddələr olan və saçların müalicəsi üçün nəzərdə tutulan xüsusi ampulalar quru saçlara yaxşı təsir edir.

Qidalandırıcı maskalar quru saçlara qulluq edilməsində xüsusi rol oynayır. Onları başın dərisinə yuyulmamışdan qabaq sürtürlər. Əllərin ovuclarına bir qədər maska götürüb onu yüngül hərəkətlərlə başın dərisinə sürtərək, saçın uzunluğu boyu yayırlar. Sonra başı sellofanla örtüb dəsmal ilə bürüyürlər və 30-60 dəqiqədən sonra saçları yaxşı-yaxşı yuyurlar. Belə maskaları müntəzəm şəkildə, həftədə 2-3 dəfədən az olmayaraq etmək lazımdır.

- Saçların uzunluğundan asılı olaraq 1-2 yumurta sarısını 1 xörək qaşığı gənəgərçək yağı ilə qarışdırıb, başın dərisinə və saçlara sürtərək, 30 dəqiqədən sonra yumaq lazımdır.

- 2 xörək qaşığı gənəgərçək yağını 2 xörək qaşığı ayıpəncəsi yağı ilə qarışdırıb üzərinə quru saçlar üçün olan 1 xörək qaşığı şampun əlavə edin. 1 saat keçdikdən sonra maskanı xeyli miqdarda ilıq su ilə şampunsuz yumaq lazımdır.

- 5 xörək qaşığı zeytun yağını limon şirəsi ilə qarışdıraraq quru saçlarınıza vurun. 30 dəqiqə gözləyin, sonra onları yumşaq su və şampun ilə yuyun. Bu maskanı müntəzəm olaraq, hər iki həftədən bir etmək lazımdır.

- 1 yumurta sarısını 1 xörək qaşığı limon şirəsi,1 xörək qaşığı ayıpəncəsi yağı və ½ stəkan ilıq su ilə qarışdırıb saçlarınıza sürtün. 30 dəqiqədən sonra saçlarınızı yuyun.

- Lavanda və ətirşah yağları quru saçlara parıltı verir. Bu yağlarla edilən maskaları əvvəlcə ancaq dəriyə, sonra isə saçların uclarına qədər sürtürlər. 30 dəqiqə keçdikdən sonra saçları yumaq lazımdır.

- Yumurta ilə yuyulma quru və kövrək saçları zədələnmədən qoruyur və kəpəyin yox olmasına kömək edir. Bunun üçün əvvəlcədən 1 dənə yumurta bir qədər su əlavə edilməsi ilə yaxşıca çalınır. Hazırlanmış bu maskanı isladılmış saçların üzərinə çəkib başı onunla yuyurlar, sonra ilıq təmiz su ilə yaxşı yaxalayırlar.

- Başı yumamışdan 1 saat əvvəl quru saçlara gicitkənın yağ məhlulunu sürtürlər. Bu məhlulu hazırlamaq üçün 4 xörək qaşığı xırda doğranmış quru gicitkənın üzərinə ½ stəkan zeytun yağı töküb 7 gün ərzində ağzı yaxşı bağlanmış şüşə qabda saxlayın. İstifadə edilməzdən əvvəl alınan məhlulu süzün və bir qədər qızdırın.

- Quru və ya tez-tez rənglənmə nəticəsində zəifləmiş saçları yumamışdan qabaq, 10 dəqiqə ərzində başın dərisinə kətən yağı sürtməklə onu masaj etmək, sonra isə bu yağı saçların butun uzunluğu boyu çəkmək lazımdır. Bu zaman yağın yaxşı sorulması üçün saçları bir qədər buxara da vermək olar.

- 1 xörək qaşığı gənəgərçək və 1 xörək qaşığı şaftalı yağını qazana töküb qarışdıra-qarışdıra su hamamında bir qədər qızdırmaq lazımdır. Bundan sonra yağların üzərinə 1 dənə yumurta və 1/3 stəkan qaynadılmış ilıq su əlavə olunur. Alınan maskanı başı yumamışdan 30 dəqiqə əvvəl saçlarınıza sürtün.


Tarix: 04.07.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 353 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri