beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tatu ustası: "Azərbaycan indi-indi döymədən tatuya keçir"

Bu gün cəmiyyətdə bədənlərinin ayrı-ayrı - qollarında, ciyinlərində, sinələrində, kürəyində və sairə yerlərində tatu etdirən adamlara rast gəlmək olar. Azərbaycan cəmiyyətində günü-gündən belə adamların sayı artsa da, hələ ki, belələrinə qarşı münasibət mühafizəkardır. Nəyə görə? Axı indiyə qədər cəmiyyətdə əlinə, qoluna anadan olduğu ilini, yaxud sevgilisinin, ata-anasının, övladının adını döymə ilə vurduran adamlar olub. Döymə ilə tatunun fərqi varmı?
Qonağımız tatu üzrə Bakının ən məhşur ustası hesab olunan Telman Eyzamoğludur.
- Telman bəy, bu gün Azərbaycanda tatunun vəziyyəti hansı səviyədədir? Azərbaycanda bu sənətin, eləcə də bunu istəyənlərin digər ölkələrdən nəylə fərqlənir?
- Zövqləri müşahidə edəndə fərqlərin nə dərəcədə böyük olduğunu açıq-aydın görürsən. Onlar tatunu çoxdan bilirlər. Amma Azərbaycanda tatunu hələ tam və yetərincə tanımırlar. Biz hələ indi-indi onu tanımaq istəyirik. Biz indi-indi döymədən tatuya keçmək istəyirik.
- Azərbaycanda bu işlə məşğul olan neçə professional adam var?
- 4-5 nəfər həmkarım bu işlə peşəkarcasına, yəni müasir studiyalarda fəaliyyət görsədirlər.
- Bəs tatu ustası olmaq üçün nələr etmək lazımdır? Bura hansı kriteriyalar daxildir?
- Tatu ustası olmağı çoxları arzulaya bilər, amma bunu hər kəs bacara bilərmi? Bu sual altındadır. İlk öncə bu işlə məşğul olmaq istəyən şəxs rəssamlığı yaxşı bilməlidir. Bundan da öncə zövqlü rəssam olmaq lazımdır, fotoaparat kimi rəssam yox. İdeyası olmayan rəssam var, ideyası bol olan rəssam var. Rəssam var adamı olduğu kimi çəkir, rəssam da var ki, adamın rəsmini öz fantaziyalarına uyğun çəkir. Bir də ki, tatu ustası bu işə gəlir mənbəyi kimi baxmamalıdır.
- Bəs sizdə bu peşəyə maraq hardan yarandı?
- Mən rəssamlıq məktəbini bitirmişəm. Həmişə mənə maraqlı gəlirdi ki, bədən üzərində rəsm əsəri yaratmaq nə cür ola bilər? Bu həvəs də məni döymə sənətinə gətirdi.
- İlk işinizi xatırlayırsınızmı?
- İlk işim mənə döymə öyrədən adamın üstündə oldu. O adam indi həbsxanadadır. Biz onunla birgə başladıq bu işə. O, döyməni çəkirdi, amma kölgə verə bilmirdi. Mən isə rəssamlıq sirlərini bildiyimə görə, kölgə verməyi bacarırdım. Elə birinci işimdə onun bədənində oldu. Sonra onunla bir müddət işlədim, o kontur çəkirdi, mən də kölgə verirdim. Sonra bununla uğur əldə edə bilməyəcəyimi gördüm və qərara gəldim ki, bu işlə peşəkarcasına məşğul olum. Beləliklə, kurslara getməyə başladım.
- Bayaq dediniz ki, biz indi-indi döymədən tatuya keçirik. Döymə ilə tatu arasında fərq nədir?
- Döymə hər hansı bir yerin izi, ləkəsi deməkdir. Döymə əsgərliyin, həbsxananın, məhəllə qarajlarının qaranlıqlarının yadigarıdır. Amma tatu sırf peşəkar bir incəsənətdir. Mənim və məndə öncə Bakıda bu işlə peşəkarcasına məşğul olan ustaların məqsədi döymə ilə tatunu bir-birindən ayırmaq olub.
Əvvəllər döymə bədbin hisslərin, çətin həyatın, uğursuzluqların, nakam sevginin izləri idi. Adam o döymələri görəndə kədərlənirdi. Amma indi tatu döydürən adamlar buna fərqli yanaşırlar. Tatu – onu bədənlərində daşıyanların imicinə çevrilib, insanların xoş günü ilə bağlı bir adətə çevrilib.
- Kimlərə tatu etmirsiniz?
- İlk olaraq 18 yaşdan aşağı və psixoloji problemli şəxslərə. Fərqli situasiyalar olur. Məsələn, biri gəlir ki, mən döymə vurmaq istəyirəm. Deyirsən necə bir şey, hansı şəkil-filan? Heç bir cavab verə bilmir. Bir az söhbətdən sonra başa düşürsən ki, onun tatu sənətindən ümumiyyətlə anlayışı yoxdur. Bax, nə döydürəcəyini bilməyən şəxslərə də tatu vurmuram. Bir də dərisində problemləri olan və infeksiyon xəstəliklər daşıyıcısı olan şəxslərlə işləmirəm. Studiyaya hər gələnə "bəli” demək olmur. Ən başlıcası, nəfsinə hakim olmalıdır adam. Hər istəyənə tatu eləsəm, səhərisi gün başım çox ağrıyar. Fikri qəti olmayan insanlarla işləmək çətindir.
- Daha çox hansı tatulara maraq var?
- Fərqli, kreativ və rəngli tatular hazırda çox dəbdədir. Bu isə insanların zövqlərinin dəyişməsini göstərir. Əvvəlki vaxtlarda olduğu kimi tək göy, yaşıl rəngdə deyil, müxtəlif rənglərdə tatu döydürən adamların sayı artıb.
- Bədənin hansı yerlərinə tatu döydürməyi məsləhət görmürsünüz?
- Bədəndə elə yerlər var ki, ora tattoo döyülməməsi daha məqsədə uyğundur. Məsələn əlin üstü, boğaz, biləyə bunu etməsələr yaxşıdır. Çünki bu yerlər daimi görsənir və zaman keçdikcə bu adamda diskonfort hissi yaradır. Həm də bu yerlərdə tatu istənilən effekti vermir. Yaxşı olar ki, nisbətən az görünən və görünəndə diqqət çəkən yerlərə bunu etsinlər.
- Xanımlar arasında tatuya maraq necədir?
- Əvvəlki illərə nisbətən maraq artmaqdadır. Artıq xanımlar da döymə kompleksindən uzaqlaşmaq üzrədirlər. Bəzən hətta sevgililəriylə, nişanlısıyla gəlib tatu etdirmək istəyən xanımlar olur. Və müsbət hallardan biri də xanımların zövqünün dəyişməsidir. Əvvəl belə qadınlar çox ağır tatulara müraciət edirdi, amma indi nisbətən yüngül, kreativ döymələr istəyirlər. Bu da bizi sevindirir.
- Kimsə tatunu sildirmək istəsə, bu, mümkündürmü?
- Bəli, mümkündür. Əgər kimsə köhnə tatusundan bezibsə, onu silib yerinə təzəsini vurmaq olar. Ya da ümumiyyətlə, silmək olar. Amma kimsə desə ki, mən 3 aylıq tatu döyürəm, bu yalandır. Çünki tatu heç vaxt 3 aylıq-5 aylıq olmur. Professionallar bunu yaxşı bilir.
- Bir az da sterilizə işləriylə bağlı danışarsınız. Tatu döydürməyə gedən şəxs nəyə fikir verməlidir?
- Bəzən insanlar ancaq iynəyə fikir verirlər. Yəni iynə neçə dəfə istifadə olunub? Amma bir şeyi bilmək lazımdır ki, infeksiya tək iynə ilə deyil, həm də mürəkkəblə, digər ləvazimatlarla da keçə bilər. Məsləhət görərdim ki, tatu etdirmək istəyənlər sterilzatorlardan istifadə edən ustalara müraciət etsinlər. Və öz gözlərinin qabağında sterilizə olunmanı ustadan xahiş etməlidirlər.
- Bir tatu nə qədər vaxta başa gəlir? Və bədəndə hansı ağrılar verir?
- Bəzən bir tatunun meydana gəlməsinə 15-20 dəqiqə vaxt lazım ola bilər. Amma eləsi də var ki, bir aydan da artıq vaxt aparır. Bu, baxır seçimə. O ku qaldı ağrıya, peşəkar tatuda ağrı hiss olunmamalıdır. Əsas buna psixoloji hazırlıqdır. İnsan özünü hazır hiss etsə, ağrı da bir neçə saatlıq olacaq və oda elə ciddi hiss edilməyəcək. Əvvələr deyirdilər ki, tatu olanda ona su dəyməməlidir, nə bilim günə çıxmaq olmaz və sairə. Amma indi belə şeylər yoxdur. Xüsusi mazlar var ki, ondan bir neçə gün istifadə etdikdən sonra rahat çəkildə yuyunmaq, yaxud bədəni rahat şəkildə günə vermək olar.
- Bəzən gənclklərində bədənlərinə döymə vurduran şəxslər gənclərə bunu etməməyi məsləhət bilirlər. Sizcə, bunun səbəbi nədir?
- Bu cür insanlar əslində döymə ilə tatunu bir-birindən ayıra bilməyənlərdir. Onlara görə kimsə döymə istəyirsə, bunu ya padvallarda, ya da qarajlarda qorxa-qorxa edəcək. Özləri o qorxunu yaşadıqları üçün gənclərə bunu məsləhət bilmirlər. Onlar müasir tatu studiyaları ilə tanış olsaydılar, məncə bu fikirdə olmazdılar.


Tarix: 11.06.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 401 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri