beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərim Niyə Məni Sevmir?

Bir-birini sevən ər-arvad???
Ər də öz arvadını sevərmi?! Kişi öz məşuqəsini, gizli sevgililərini sevər!

Azərbaycanda evlənənlər çoxdur, yoxsa boşananlar?
- Boşanıram ondan. Mənimçün çox maraqlıdı ki, ərim o qadında nə tapıb. Gözəl deyil. Ağıllı da sayılmaz. İndiyədək çox kişilərin "sevgilisi" olub.
26 yaşlı Gülbəniz ailəsinin dağılacağını deyir və günahı da ərində görür.

Ölkədə isə boşanmaların sayı durmadan artır. Rəsmi statistikaya görə, dağılan ailələrin sayı stabil qalsa da, yeni ailə quranların sayı azalıb. İlin əvvəlindən bəri 18 min nikah və 2320 boşanma halı qeydə alınıb.
Ötən illə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə nikahların sayı 9,2-dən 8,9-a qədər azalıb, boşanmaların sayı isə eyni səviyyədə qalıb.
Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 26,8, qadınlar arasında isə 22,7 il olub.
Rəsmi statistikadan kənara çıxaq. Hər birimiz cəmiyyətin bir üzvüyük, ətrafımızda yüzlərlə insan, tanışlar, dostlar, qohum-əqraba, qonum-qonşularımız var. Hər tanıdığımız beş ailədən (cütlüklər) ikisi-üçünün dağılmasının (boşanmalarının) şahidi oluruq.

Boşanma halları pisdir, amma faciələrdən də çıxış yoludur

Milli ailəcanlılıq kimi təbliğ olunan "heç vaxt boşanmamalı" anlamının təriflənməsinə heç bir əsas yoxdur.
Çünki belə anlayış və dünyagörüşü boşanma azadlığını boğur, məcburi ailələr yaradaraq, ailə naminə iki insanı bir-biri ilə sürəkli münaqişədə olaraq az qala aramsız gərginliklər yaşamağa vadar edir, sadəcə, problemlər yaradır.
"Cəmiyyətdə formalaşmış təsəvvürlərin tam tərsinə olaraq, boşanma heç də həmişə pis variant deyil. Əksinə, bir çox hallarda boşanma problemlərin yeganə həlli olur. Ən azı ona görə ki, bir-birləri ilə yola getməyən və qarşılıqlı şəkildə bəyənməyən ərlə arvadın uzun illər boyu birlikdə olması onların həyatları ilə yanaşı, övladları, yaxınları, bəzən də qonşularının həyatlarını zəhərləyir, cəmiyyətin bir hücrəsini "laxladır",-Qafqaz Psixoloqlar Assosiasiyasının eksperti Alim Əsədov deyir.

Maraqlı olan digər məqam isə odur ki, ölkədə boşanmalarla bağlı statistikada artım olduqca, ailənin dağılmasına müqavimət də artır.
Sosial, iqtisadi və psixoloji çətinliklər girdabında vurnuxan, dözülməz ailə zorakılığına məruz qalan qadınlar yalnız adı ailə olan nikahı öz aləmlərində yararlı saydıqları vasitələrlə qorumaq istəyirlər.
Bu isə fasiləsiz münaqişələr, toqquşmalar, davalar, qan-qadalar və intiharlarla sonuclanır.

20 yaşlı xanım özünü çoxmərtəbəli binadan aşağı atır, 68 yaşlı nənə nəvəsinin gözü qarşısında babanı baltalayır, 72 yaşlı qarı ərinin başını kəsir, ər arvadını döyərək öldürür.
Reallıqda belə ailələr də boşanma statistikasına daxil edilməlidir. Çünki onlar mövcud ola-ola dağılan ailələrdir. Azərbaycanda bu hallar olmasaydı, boşanma statistikası çox-çox artmış olardı.
Bəhs etdiyimiz bəlaların səbəbləri sosial problemlər, maliyyə çətinlikləri, evsizlik, işsizlikdir, ailə fərdlərin üzləşdikləri ədalətsizlik və haqsızlıqlardır. Bəs digər səbəblər?

Sevginin bitdiyi yerdən nə başlayır?
Bəzi hallarda ərlə arvad müvəqqəti anlaşılmazlıqları iki nəfərin xasiyyət və davranışındakı yovuşmazlıq təki qəbul edib boşanırlar. Ailə həyatındakı müəyyən problemləri və bundan doğan mənəvi əzabı isə ötəri hal, həm də normal olduğunu qəbul etmək lazımdır.
"Ailə" mərkəzinin eksperti Sevic Əliyevanın dediyinə görə, onların apardıqları sosioloji araşdırmalara əsaslanaraq demək olar ki, ölkədə yeni ailə quran şəxslər nikahın ilk 15 ayından 25 ayına qədər olan dönəmini normal yaşayırlar.
Həmin dövr keçəndən sonra isə sevgi hormonu zəifləyir, gündəlik qayğılar və məşiət problemləri qabararaq ön plana keçir.

Belə dönəmlərdə nikahın yanlış addım olduğunu düşünərək boşanma variantlarını nəzərdən keçirməkdənsə, baş verənlərin ailənin normal inkişaf mərhələsi olduğunu anlamaq gərəkdir.
Bəzi ekspertlər isə hesab edirlər ki, problemin özülü nikahdadır. Yəni Qərb ölkələrində olduğu kimi nikah müqaviləsi bağlanmasına ehtiyac var. Düzdür, bizim Ailə Məcəlləsində nikah müqaviləsinə dair bir neçə maddə var və Azərbaycanda da belə nikahlar bağlanır. Lakin onların payı ümumi nikahda çox cüzidir.
Problem ondadır ki, Ailə Məcəlləsinə görə, Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburi deyil.

Evim yoxdur, demək xoşbəxtliyim də yoxdur!
Vəkil Valid Ağalarovun dediyinə görə, boşanmaq üçün onlara müraciət edən vətəndaşların çoxu bu addımı maddi problemlərə görə atır.
"Yeni qurulmuş ailələrin ən başlıca problemi mənzilsizlikdir. Buna görə də ailə quran gənclər valideynlə yaşamağa məcbur olur. Bu da qayınana və qayınata ilə gəlin arasında anlaşmazlıqlara və ailədaxili münaqişələrə gətirib çıxarır. Amma səbəb təkcə bu deyil. İndi boşanma ərizəsi ilə məhkəmələrə daha çox qadınlar müraciət edir. Bu proses o qədər də uzun sürmür. Əgər hər iki tərəf boşanmağa razıdırsa, övlad və əmlak tələbi yoxdursa, tərəfləri Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı şöbələri boşaya bilər", - V.Ağalarov söylədi.
Rəsmi statistikaya görə, boşananların çoxu yeni ailə quranlardır. Boşananların yarıdan çoxu həm də uşaqlı ailələr olub.

Əslində real vəziyyət rəsmi statistikadan qat-qat çoxdur. Elə ailələr var ki, rəsmi nikahdadırlar, boşanmayıblar, ancaq ayrı yaşayırlar. Rəsmi statistikada bu, göstərilmir. Statistikada həm də erkən nikahlar, dini nikahlar qeydə alınmır. Əslində dağılmış ailələr rəsmi rəqəmlərdə göstəriləndən çoxdur. Demək olar ki, hər 9 ailədən 3-4 ailə dağılır.
Ölkədəki qeyri-hökumət təşkilatları arasında ailə problemləri ilə məşğul olan qurumların mənsublarının dediklərinə görə, əgər iki-üç il əvvəl onlara yardım üçün müraciət edənlərin arasında boşanmaq istədiyini deyənlər az idi. Bu insanlar ailələrindəki problemləri həll etmək üçün çıxış yolu arayır, dəstək arayır, "boşanma" kəlməsi ən sonda dilə gətirilirdi.
İndisə tam tərsinədir: ailədə ən cüzi problem və səthi münaqişə belə, boşanmaya səbəb ola bilər.

Psixoloq Yavər Qurbanovun dediyinə görə, boşanmaların ilkin səbəbi iqtisadi-maliyyə problemləridir.
Sonrakı yerləri anlaşılmazlıq, qısqanclıq, əmlak məsələləri, valideynlərin ailəyə müdaxiləsi, cinsi problemlər tutur.
"Bu günlərdə psixoloji yardım üçün müraciət edən xanım söylədi ki, əri narkomandır və buna görə də boşanmaq istəyir. Onun dediyinə görə, ailəsi dağıtmaq istəmirdi və buna görə də dəfələrlə ərini müalicə etdirərək narkotiklərdən ayırmaq istəyib. Fəqət, alınmayıb və ərinin ailəsi də ona zərrə qədər yardım etməyib, arxa durmayıb",-Y.Qurbanov söylədi.

Ər niyə başqasını seçir?

Ailənin dağılmasının səbəblərindən biri də kişilərin davranışı ilə bağlıdır.
Daha doğrusu, ilk baxışdan normal ailə başçısı olan kişi kənarda "sevgi" arayır, məşuqə saxlayır, vaxtını onunla keçirməyə səy göstərir və bəzi hallarda isə arvadını boşayaraq yeni ailə qurmaq istəyir.
Xanımlar isə bu davranışın səbəblərini anlamadıqlarını deyirlər.
"Ərimin məşuqəsinin olduğundan iki həftə əvvəl xəbər tutdum. Sən demə, üç ildi mənə xəyanət edirmiş. Boşanmağa qərar verdim. Sözün düzü, məni maraqlandıran məsələ ərimin o qadına nə üçün üstünlük verməsi idi", - 36 yaşlı Validə Həmidova söyləyir.
O, 12 illik evliliyinin dağılacağından təəssüflənsə də, başqa çıxış yolu görmədiyini vurğulayır.

Psixoloq Yaqut Əhədovanın dediyinə görə, belə boşanma hallarının günahkarı tək ər yox, həm də evin xanımıdır.
"Bizim xanımlar bəzən unudurlar ki, ailə yalnız maliyyə və yaşam problemlərinin çözümlərinin çulğalaşdığı, kişi ilə qadının bir araya gələrək yaşadığı sosial model deyil. Kişilərin psixotipi elədir ki, onlar danışmağı sevirlər və dinlənilmədikdə özlərinə dinləyici arayırlar. Bu, boşanmaların səbəbi kimi "dinləyici sindromu"nun önə çıxdığı hallar kimi qəbul olunur. Kişi ailədə uğur və ya uğursuzluqlarından bəhs edərək problemlərini paylaşdığı, sevincini bölə bildiyi adamı görmürsə; evin xanımı funksiyalarını yalnız "yemək və paltar təminatı" ilə bitmiş sayırsa, təbii ki, o ailədə problemlər yaranır",-Y.Əhədova söylədi.
Onun dediyinə görə, psixoloji yardım üçün müraciət edən kişilərin əksəriyyətinin dediyinə görə, xanımları onları anlamır.

Belə kişilərdən biri də Hamlet Zəkiyevdir. O, işdən evə gələndən sonra problemlərindən danışa bilmir.
"Arvadımı boşamağımın səbəbi də o idi ki, onu yalnız uşaqlar, pul, geyinib-keçinmək, ailənin təminatı və s. kimi məsələlər maraqlandırırdı. Qısacası, arvadım mənə həmsöhbət deyildi. Ailəli ola-ola bir xanımla tanış oldum. Bəli, arvadıma xəyanət etdim, amma başqa çıxış yolum yoxdu. Çünki evdə məni sevdiyim adam yox, arvadım gözləyirdi. Ötən il boşandıq və sevdiyim qadınla ailə qurdum",-H.Zəkiyev söyləyir.

Ötən günə bənzəyən gün
"ACNA" sosiloji araşdırmalar xidmətinin keçirdiyi anonim sorğunun maraqlı sonucları var. Belə ki, Azərbaycanda hər üçüncü ailə boşanma ilə dağılır. Rəyi soruşulan gənclərin 24%-i nikahlarından razı olmadıqlarını, 32%-i nikahın ikinci ilində boşanma barədə düşündüklərini söyləyiblər.
Boşanmaların səbəbləri arasında da standart "xasiyyət uyğunsuzluğu" və ya ərlə arvaddan birinin xəyanəti yox, ailə həyatının darıxdırıcılığı, yeknəsəkliyi və sönüklüyüdür.
İlk məhəbbət, ailədəki ilk sakit həyat illəri keçir və ərlə arvad dayanıqlı alqoritm əsasında yaşamağa başlayırlar.
Sanki hər şeyin zamanı və sürəyi əvvəlcədən bəllidir. Belədə ərlə arvadın münasibətləri ahəstə şəkildə dağılır, çökür və onlarn tədricən bir-birlərindən aralanmağa başlayırlar.
Adiləşən sözlər, ifadələr, gündəlik qayğılar və rutinlik-əvvəlki hisslərdən əsər-əlamət qalmır.
Belə yeksanəqliyi bir qayda olaraq evin xanımı sezir-axı qadınlar ailə problemlərini bir qayda olaraq daha sərt və daha güclü hiss edirlər.

Digər maraqlı məqam isə odur ki, ailə "gəmi"sinin az sonra qayalara çarpılacağını hiss etsə də, qadın problemin həllinə can atmır.
Əgər ailədə qarşılıqlı anlayış varsa, ərlə arvad bir-birlərinin üstün və mənfi cəhətlərini yaxşı bilir, qarşı tərəfin illər keçdikcə "özüyeriyən mükəmməlliyə" dönəcəyinə bel bağlamır.
Qadın evdar xanım olanda və işləməyəndə isə gündəlik yeknasəqlik ailənin faciəsinə də çevrilə bilər.

Danışın, dərdləşin, anlaşın...!
Bəhs etdiyimiz ailələrdə əri arvadın, arvadı da ərin problemləri maraqlandırmır və sonucda münasibətlərdə yaranan çat vaxt ötdükcə uçuruma çevrilir. Ərlə arvadın boşanma hissləri günbəgün güclənir, onların səbəb gətirəcəyi məqamlar çoxalır.
"Ailədə kişinin kənarda özünə "macəra" axtarmasının başlıca səbəbi də həmin rutiinlikdən bezməsidir, çünki kişi ilə qadının birgə həyatı onlar üçün xoş keçəndə ər kənara baxmır. Ünsiyyət qıtlığı isə mütləq şəkildə tərəflərdən birini başqa adamla səadət axtarışlarına itələyir. Gerçəkdən də, əgər ailədə gündən günə eyni yaşam tempi, eyni "ayinləşən" hərəkətlər, qısa söhbətlər və darıxdırıcı televizor seyrləri varsa, belə yaşamın yaxşı sonucu olmur", - sosioloq Afət Əliyeva deyir.

Kişilər təraşa həftədə təqribən 25 dəqiqə sərf edirlər. Sorğuların nəticələri göstərir ki, Azərbaycandakı ailələrin təxminən 46%-də ərlə arvadın gündəlik ünsiyyəti 25 dəqiqə olmur.
Buna görə də boşanmanın qarşısını almağın yollarından biri münasibətlərdəki əvvəlki rövnəqin bərpası, hər keçən günün ötənkinin təkrarı olmamasıdır.
Uzunmüddətli ailə münasibətləri darıxdırıcılığın yaranmasına və "paralel həyat" axtarışlarına rəvac verə bilər.
Buna görə də ər və arvad birlikdə keçirdikləri vaxtın müddətini artırmalı, bir-birlərini narahat edən problemlərdən hali olmalı, biri digərinin müşkül işini hiss edəndə ona yardımçı olmağa çalışmalıdır.
Mütəxəssislər hesab edirlər ki, ailənin boşanma nəticəsində dağılmasının qarşısını almağın əsas yollarından biri də ərlə arvadın nəyisə dəyişmək istəkləridir. Yalnız belə olarsa onlar özlərinə yardım edərək boz yeknasəqlikdən qaça bilərlər.

Bir-birinizə xoş sözlər deməyə can çəkməyin!
"Qadın ailənin "təmir"i üçün çox şeyə edə bilər. "Ərim məni niyə sevmir?" deyən qadınlara məsləhət görərdim ki, ərinə sadəcə, komplimentlər desinlər, onun özünə inamı dəstəkləsinlər, kişilərin eşitmək istədiklərini desinlər. Qohumlar və yaxınların yanında əri tərifləmək də pis deyil, zira kişilər bunu çox sevirlər. Unutmayın ki, kişilər ümumiyyətlə, eqoist varlıqlardır və bu, onların ən "zəif" yerlərindən biridir". Ərlərə də analoji məsləhət verərdim. Ailə həyatınız illərdən bəri davam etsə də, xanımıza komplimentlər söyləməyə xəsislik etməyin, işdəki problemləri evə aparmayın. Unutmayın ki, möhkəm və anlamlı ailə istənilən halda etibarlı "arxa cəbhə"dir. Birlikdə keçirilən illər isə ailəni daha da güclü etməlidir",-deyə Türkiyənin məşhur psixoterapevtlərindən biri Yasemin Arar əməkdaşımıza bildirdi.

ABŞ-ın mərhum prezidenti Ronald Reyqan Amerika Psixoterapevtlər Assosiasiyasının rəhbərliyi ilə görüşündə bildirmişdi ki, əgər onlar ölkədəki boşanmaların sayını azalda bilsələr, qurumun vergilərini azaldacaq.
Əfsuslar olsun ki, mütəxəssislər həmin tapşırığın öhdəsindən gələ bilmədilər.
Onların bacardıqları yalnız boşanmaların əsas səbəblərini müəyyənləşdirmək oldu.
Rusiyalı psixoterapevt Aleksandra Smirnova isə bildirir ki, boşanmaların klasmən səbəbləri xasiyyət uyğunsuzluğu, tərəflərdən birinin xəyanəti, valideynlərlə pis münasibət və ya valideynlərin ailə həyatına müdaxiləsi, ciddi düşünülmədən ailə qurulması və s.dir.
Azərbaycanda isə boşanmaların əksər hissəsi "gənc" ailələrin, yəni nikahdan sonrakı 2-9 ilin payına düşür.
Məhz bu dönəmdə uşaqların doğulması və tərbiyəsi ilə əlaqədar olaraq ailə büdcəsi yüklənir, istirahət və boş vaxt azalır, fiziki yorğunluq və maliyyə problemləri artır.

Ölkədə dağılan ailələrin 64,5%-i nikahdan sonrakı 9 ildə parçalanır.
Və onu da unutmayın ki, boşanmanın səbəbləri arasında boşanmanın özü barədə söhbətlər də olur.


Tarix: 09.06.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 775 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri