beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qısqanclıqdan həyat yoldaşınızı başqa qadınlara verməyin"

Ailədaxili söz-söhbətlər isə əsasən uşaqların tərbiyəsində zərərsiz ötüşmür. Statistik məlumatlara görə, boşananların sayı təxminən 12757 nəfərdir. Mütəxəssislər boşanmaların müxtəlif səbəblərdən yarandığını deyirlər. Ailə münasibətləri, boşanmaya gətirən səbəblərlə bağlı ailə psixoloqu Qalib Dursun “Mərkəz”ə danışdı.

- Qalib müəllim, siz bir ailə psixoloqu kimi ailədaxili münasibətlərdə daha çox hansı problemləri görürsünüz?

- Bu gün həyatımızın daha qaynar keçdiyi, informasiya mənbələrinin çox olduğu bir zamanda problemsiz ailə yoxdur. Elə ailələr var ki, evsizlik problemi yaşayır, bəziləri övladını evləndirmək çətinliyi ilə üzləşir, bir başqaları isə xəstəliklərlə mübarizə aparır. Bir çox ailələr də var ki, evlilikdən az müddət sonra münasibətlərində problemlər yaranır. Ən çox yaşanan və ən mühüm məsələ də elə məhz bu münasibətlərin gərginləşməsidir ki, sonrakı dönəmdə ailənin hər bir üzvü bundan əziyyət çəkməli olur.

- Bəs bu münasibətləri gərginləşdirən səbəblər nələrdir? Niyə bir evdə yaşayan doğma insanlar bir-birinə qarşı dözülməz olmağa başlayırlar?

- Bilirsiniz, təcrübəmdən deyə bilərəm ki, ailədə qarşılıqlı münasibətin alınmamasında ər-arvad, qayınata-qayınana, gəlin-qayınana faktoru önəmli rol daşıyır. Əksər halda ailədə problemi gəlinin yaratdığını düşünürlər. Niyə gəlinin? Çünki azərbaycanlı düşüncəsində gəlin həmişə yad adam kimi qəbul edilir. Amma başa düşmürlər ki, artıq ər-arvad olandan sonra onlar arasında yadlıq, özgəlik qalmır. Təəssüflər olsun ki, bu barədə nə qədər deyilsə də, yenə də gəlin evdə yad, narazılıqların əsas səbəbkarı kimi qəbul olunmaqdadır. Ona görə də evdə hər hansı problem çıxarsa, bu, gəlinin ayağına yazılır. Amma gəlinə qədər olan problemlərdən isə çox vaxt danışan olmur.

İkinci tərəfdən, ailələrdə qarşılaşdığım ən böyük problem böyüklər tərəfindən tərbiyənin düzgün verilməməsidir. Baxın, əgər insanda bilik və tərbiyə varsa, o insan bütöv insan olacaq. Ona görə də uşaq körpəlikdən milli dəyərlərlə tərbiyə olunmalıdır. Milli ruh deyəndə milli geyim, ənənələr, yeməklər, bayramlarımız başa düşülməlidir. Daha sonra uşaqda dini dəyərlər formalaşdırılmalıdır. Yəni hər bir ailədə övladlarımıza dini, milli dəyərlərimiz aşılanmalıdır. Hüceyrələr toplusu insanı əmələ gətirdiyi kimi, dediyimiz dəyərlər də hər bir insanı həm ailəsi, həm cəmiyyət üçün əsl Azərbaycan vətəndaşına çevirəcək. Təəssüf ki, böyüklərimizin əksəriyyəti belə bir insan modelini yaratmaqda acizdir. Çoxları tərbiyə deyəndə “onu eləmə, bunu elə”, “o olmaz, bu olar”, “ora get, ya da getmə” kimi qadağalarla anlayıb qəbul edirlər. Beləcə nə düşünməyi, nə də düşündürməyi bacarmırlar.

- Tərbiyə uşaqlıqdan başlamalı deyilmi? Axı “uşaq yaddaşı ağ vərəqdir” deyirlər, hər şeyi necə varsa, elə də mənimsəyir.

- Doğrudur. Artıq 2-4 yaşından uşaqlar suallar verməyə başlayır. Valideyndə isə cavab verməyə həvəs olmur. O başa düşmür ki, uşaq yaşadığı ətraf aləmi tanımağa çalışır. Uşağa onun düşüncəsi səviyyəsində, elə onun verdiyi suallara cavab verməklə dünyanı tanıtmaq lazımdır. Əksər gənc ailələrdə buna nə vaxt, nə həvəs, nə də bilik olmur. Onu da deyim ki, getdikcə ailə psixoloqlarına böyük ehtiyac yaranır. Praktikamızda “atam məni istəmir”, “anamla heç bir məsələ barəsində danışa bilmirəm” kimi fikirlərlə yaşayan gənc insanlarla çox qarşılaşırıq.

Valideynlər bəzən bilərəkdən, bəzən savadsızlıqdan uşaqlarla özləri arasında baryer yaradırlar. Məktəb yaşda olan uşaqlar böyüdükcə onları maraqlandıran ifadələrin, sözlərin izahını tapmaq və ya müxtəlif mövzularda danışmaq üçün onlara qulaq asacaq insanları başqa yerlərdə axtarırlar. Götürək yeniyetməni maraqlandıran “sevgi və sevgili” nədir sualını. Bunları elə izah etmək olar ki, uşağın düşüncəsində olduqca səviyyəsiz, əxlaqsız bir obraz yaransın. Amma ağıllı valideyn elə mühit formalaşdırar ki, uşaq bu sualı ondan soruşsun və ata-ana da bunları daha insani, daha gözəl, ilahi bir şəkildə övladına çatdırsın.

- Sözlərinizdən belə başa düşülür ki, valideynlər özləri necədirlərsə, uşağa da elə tərbiyə verirlər?

- Bəli. Ata-ana özü Allah sevgisi, əxlaqlı, bilikli tərbiyə olunub mükəmməl bir insan olaraq yetişdirilməyibsə, ər-arvad olaraq aralarında isti münasibət yoxdursa, onlar övladlarına da heç nə verə bilməyəcəklər.

- Qalib müəllim, müşahidələr göstərir ki, ailəni dağıdan amillərdən biri də xəyanətdir. Bu fikir indi daha çox aktualdır.

- Xəyanət təkcə cinsi sferada başa düşülməməlidir. Əmanətə xəyanət, ailə sirlərinin danışılması, qadını və ya kişini hörmətdən salan söhbətlərin edilməsi də elə bu sıradandır. Xəyanəti bağışlamaq ağır işdir. Ər-arvad arasında münasibətə gəlincə, öncə xəyanətə qədər olan münasibəti araşdırmaq lazımdır. Ailədə çox vaxt “mənəm-mənəm”lik kabusu dolanır. Gəlin deyir “sənin bacın, anan belədir”, kişi deyir “atan belə, anan belə, qohumlarının heç biri evimə gəlməsin” və sair. Əslində, ailə BİZ deməkdir. Əgər bunu qavrayıb başa düşsələr, çox problemlərdən qaçmaq mümkündür.

- Ailəni qorumaq üçün nə etmək lazımdır?

- İlk növbədə ər və arvad bir-biri ilə düşüncələrini bölüşməlidir. Hər zaman münasibətlərində hörmət saxlanmalıdır. Hər gün söhbətə mövzu olmalıdır. Əgər söhbət qurtarıbsa, demək münasibət də qurtarıb. Xarici təsirlər, yəni araqarışdıranlar, çirkin məqsəddə, pis niyyətdə olanlar, paxıl və həsəd çəkənlər, şər, telefon mesajları, internet bir çox ailənin dağılmasına səbəb olur. Digər tərəfdən isə sehr, tilsim cadulardan istifadə də evləri dağıdır. Ailədə hər kəs, əsasən də qadınlar nələrdən qorunmalı olduğunu bilməlidir. Ailənin böyükləri bunları başa salmalıdır. Bir evdə cadu varsa, orada bir-birini görmək istəməmək, başa düşməmək, əsəbilik, baş, bel ağrıları və digər xəstəliklər ortaya çıxır. Ona görə də ilk növbədə yaxşı olar ki, Allaha sığınsınlar. Belə olarsa, pis qüvvələr istər insan, istərsə də şeytan cildində adama təsir edə bilmirlər. Bəzən isə insanlar öz fikirləri, düşüncələri və əməlləri ilə neqativ qüvvələri sanki özlərinə tərəf çəkirlər. Bundan da yaxa qurtarmağın öz yolları var.

- Ailə aurası və evin öz enerjisi deyilən bir məfhum var. Bəzən olur ki, evdə gərginlik yaşanır, dava-dalaş olur, amma kənarda mehribanlıq yaşanır?

- Bu, evdə olan mənfi energetikadan, auradan əmələ gəlir. Demək orada kosmik energetika daha çox qəbul olunur. Evin aurasını dəyişmək üçün əşyaların, mebellərin yerini dəyişmək olar. Məsləhətdir ki, meditasiya ilə məşğul olsunlar. Evdə mənfi energetikanı təmizləmək mümkün olmadıqda evi dəyişmək vacibdir. Elə yaxşı sözün özü müsbət energetika daşıyır. Şeyxin yaxşı bir sözü var deyir ki, gərək evdən çıxanda xeyir-dua alıb çıxasan ki, işlərin də xeyirli alınsın. Xeyir-dua dediyimiz də müsbət energetika deməkdir.

- Ailənin qorunmasında, evdə ruhi sakitlik yaratmaqda qadının rolu nədir?

- İlk öncə qadın bilməlidir ki, işdən evə gələn kişi müxtəlif problemlərlə dolayı istər-istəməz mənfi enerji gətirir. Qadın ərini sərt suallarla yormamalıdır. Həyat yoldaşını bürüyən mənfi enerjini hiss etməli, onu aradan götürməyi bacarmalıdır. Bilmək lazımdır ki, evdə xeyir-bərəkət, sevgi, rahatlıq, xoş üz kişini ailəyə bağlayan amillərdir. Qadınlara bir neçə məsləhətim var. Ailəni qorumaq siz qadınların əlindədir. Hər bir kiçik qısqanclıqdan kükrəyib həyat yoldaşınızı başqa qadına verməyə tələsməyin. Mübarizə aparın. Düşünün ki, başqa qadın nəyə görə sizdən üstün olub ailənizi əlinizdən almalıdır. Çıxış yolları axtarın, məqsədiniz bu olsun ki, mübarizədən siz qalib çıxmalısınız. Amma çoxları bunu düşünməkdənsə özünə qapılır, həyatdan küsür, depressiyaya düşür və ailə dağılır. Biz hələ bunların uşağa təsirindən danışmırıq.

- Artıq boşanmağa qərar verən qadınlara nə məsləhətiniz var?

- Boşanmaq istəyən qadınlara məsləhətdir ki, əgər bu onlar üçün xilas yoludursa, indiki durumdan daha yaxşı vəziyyətdə olacaqsa, boşansın. Amma öz zəifliyindən bunu edən qadın boşanandan sonra onu nə gözləyəcəyi barədə dərindən fikirləşib, sonra qərar versə yaxşıdır. Çünki qurulmuş bir ocağı qorumaq daha asan olar, nəinki yeni bir ocaq qurmaq. Bir psixoloq kimi boşanmanın əleyhinəyəm. Axı insan təkcə özü üçün yaşamır. Əgər insan Allah və cəmiyyət qarşısında öhdəlik götürüb ailə qurursa, daha sonra onu itirmək təhlükəsi ilə üzləşirsə, bu kiçik dövləti dağıdıb məhv etməkdənsə, yenidən qazanmaq üçün yollar düşünməli, mübarizə aparmalıdır.


Tarix: 12.05.2013 / 17:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 432 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri