Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz aydınlığı

May ayının 25-i idi. Ülvi bir azdan 9-cu sinfi qurtaracaqdı. Amma hələ qabaqda buraxılış imtahanları var idi. Ülvini rahat buraxmayan imtahanlar deyil, başqa şey idi...
Sinif yoldaşları hər il olduğu kimi bu il də imtahanlardan sonra yaşadıqları kənddə gəzintiyə çıxmağa qərara almışdılar. Sinif nümayəndəsi bütün şagirdlərə, o cümlədən Ülviyə də 10 manat pul gətirməyi tapşırmışdı. Bu il də keçən illərdəki kimi" Mənə evdən icazə vermirlər" deyə bilmirdi. Çünki artıq böyük bir kişi olmuşdu. Atasının isə buna imkanı yox idi...
Axşam yeməyindən sonra Zahid kişi oğlunun fikirli olduğunu görüb soruşdu:
- Oğlum, sənə nə olub? Niyə kefsizsən?
- Bir az başım ağrıyır, keçib gedər...
Ertəsi gün Ülvi yuxudan çox tez oyanmışdı. Əl-üzünü yumaq üçün həyətə düşdü. Qonşuları Fatimə xala da həyəti süpürürdü. Bu zaman çöldən maşın səsi eşitdi.Ülvi maraq üçün küçə qapısını açıb yola çıxdı. Taksi sürücüsü Fuadın maşını idi. Maşından bir əsgər düşdü. Bu ki qonşuları Xəyal idi, əsgərlikdən gəlirdi.
Ülvi tez qapıdan içəri girdi və :" Gözünüz aydın, Fatimə xala, Xəyal əsgərlikdən gəldi" - deyərək Xəyalın anasına gözaydınlığı verdi. Demə anasıgilin Xəyalın bu gün gələcəyindən xəbərləri yox idi...
Axşam Ülvi dərslərinə hazırlaşırdı. Bu zaman həyətdən qonşuları Fatimə xala Ülviyə səsləndi. Ülvi həyətə düşdü. Fatimə xala əlindəki bağlamanı ona uzadaraq:
- Ülvi, bunu al, sənin muştuluq payındır -dedi.
Ülvi əvvəlcə almaq istəmədi, amma Fatimə xalanın israrından sonra daha bir söz demədi. Əlindəki bağlama ilə evə qalxdı. Bağlamanı anasına verdi. Anası:
-Bu nədir? oğlum -deyə soruşdu.
- Fatimə xalanı muştuluqlamışdım, o verdi.
Anası bağlamanı açdı; bir şokolad qutusu və 10 manat pul.
- Al bu pulu, oğlum, sənin işin düzəldi. Bu il sən də gəzintiyə gedə biləcəksən.
Ülvinin gözləri dolmuşdu....


Tarix: 01.12.2014 / 15:42 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: Maraqli Hekayeler
loading...