beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nankorluq

Neçə illər idi ki, dərzi işləyirdi. Balaca bir tikiş maşını, bir də balaca bir emalatxanası vardı. Gecə-gündüz əlləşib-vuruşur, ancaq qazancı bir qarın çörəyə çatırdı.
Soyuq bir qış gecəsində dərziyə dəhşətli bir faciə üz verdi. Elektrik qızdırıcısını söndürməyi unutduğu üçün emalatxanası yandı. Səhər işə gələndə artıq emalatxanadan əsər-əlamət qalmamışdı.

İndi necə olursa-olsun bir iş tapmalı idi. Bir xeyli ac-susuz gəzəndən sonra bir bankın qarşısına gəldi. Bankın yaxınlığındakı parkda oturub bir qədər dincəlmək istəyirdi. Elə bu vaxt bankın qarşısında dayanan maşından yaşlı bir adam düşdü. Üz-gözündə bir gərginlik var idi. Hiss olunurdu ki, bərk əsəbidir. Yanındakılara: "Məni rahat buraxın. Bir az tək qalmaq istəyirəm. Bəlkə bir az sakitləşdim" - dedi və bankın qarşısındakı parka üz tutdu.

Qoca dərzinin yanından keçədə dərzi qeyri-ixtiyari onun əynindəki paltoya baxdı. Bu yaşı adamın diqqətindən qaçmadı. Ürəyində: "Görəsən, ona necə kömək edə bilərəm?" - deyə fikirləşdi. Dərzinin yanına yaxınlaşıb: "Bu soyuqda parkda niyə oturmusan?" - deyə soruşdu. Sonra da: "Əgər üşüyürsənsə, paltomu sənə verə bilərəm" , - deyə əlavə etdi.

Dərzi utana-utana: " Yox, təşəkkür edirəm. Mən sadəcə olaraq paltonuzun sizin əyninizə oturmadığını düşünürdüm. Paltonuz sizi olduğunuzdan çox kök göstərir" ,- dedi. Qoca bu cavabdan çox təəccübləndi və: "Sən bunu haradan bilirsən?" - deyə soruşdu. "Mən dərziyəm" , - deyə adam cavab verdi. Qoca, "Elə isə mənimlə gəl" , - deyərək dərzini öz maşınına mindirdi.
Bu hadisə dərzinin həyatında bir dönüş nöqtəsi oldu. Sonra qoca dərziyə emalatxana açmaq üçün bir qədər pul verdi. Qoca özü də bütün paltarlarını bu dərzidən tikdirməyə başladı. Dərzi özünə yeni bir iş yeri tapdığı üçün sevinirdi. Üstəlik, bu onun öz iş yeri idi.

Qoca dərzidən öz köməyini əsirgəmir, öz dost-tanışını da onun yanına göndərirdi. Sifarişlər artdıqca dərzinin "imkanları" da artırdı. Beləcə balaca emalatxana əvvəlcə böyük bir moda evinə, sonra isə böyük bir şirkətə çevrildi. Artıq dərzi az qala bütün dünyada məşhurlaşmışdı...
Bir gün qoca dərzinin yanına gəldi. Dərzi isə yeni müqavilə bağlamaq üçün səfərə çıxmalı idi. Təyyarənin qalxmasına da az qalmışdı. Bir az söhbətdən sonra qocanın halı pisləşdi. Çox keçməmiş təcili yardım gəldi. Qocanı xəstəxanaya apardılar. Dərzi isə fürsəti əldən vermək istəmirdi. Ona görə də xəstəxanaya qocanın yanına yox, hava limanına üz tutdu.
Bir neçə gün sonra qoca artıq özünə gəlmişdi. Təhlükə də xeyli arxada qalmışdı. İnfarkt qocanı sındıra bilməmişdi.

Qoca xəstəxanada xeyli yatmalı oldu. Bu müddət ərzində dərzi ona cəmi bircə dəfə zəng etməklə kifayətləndi. Qoca isə dərzinin yolunu gözləyirdi. Dərzinin başı pul qazanmağa o qədər qarışmışdı ki, qocanı yoxlamağa da unutmuşdu.

Aradan xeyli vaxt keçmişdi. Dərzi bu dəfə utandığından qocnın yanına gedə bilmirdi.
Bu hadisədən sonra dərzinin işləri axsamağa başladı. Əvvəlcə fabrikləri bağladı. Sonra da tamamilə müflisləşdi. İndi onun ümid yeri təkcə balaca emalatxanası idi. Utana-utana qocanın yanına gəldi. O, qocadan harada səhvə yol verdiyini öyrənmək istəyirdi.

Qoca dərzidən bərk incisə də, özünü o yerə qoymadı. Üzünü dərziyə tutub. "Sənə bir əhvalat danışacağam. Ona diqqətlə qulaq as. O vaxt səhvini başa düşəcəksən" , - dedi və danışmağa başladı: "Bir vaxtlar kasıb bir odunçu var idi. Bir gün odunçunun daxmasında yanğın baş verdi. Bu yanğın təkcə daxmanı yox, bütün meşəni külə döndərdi. Odur ki, eşşəyi ilə birlikdə baş götürüb o kənddən getdi. Bir meşənin yanından keçəndə kiminsə onu çağırdığını hiss etdi. Başını qaldıranda qarşısında bir bülbül gördü. Bülbül: " Sənin halına acıyıram. İstəyirəm sənə kömək edim. İndi elə bir tilsim edəcəyəm ki, eşşəyin oxumağa başlayacaq. Sən də kənd-kənd, şəhər-şəhər gəzib yaxşı pul qazanacaqsan" , - dedi. Doğrudan da, bülbülün sözlərindən sonra odunçunun eşşəyi oxumağa başladı. Odunçu o şəhər sənin, bu kənd mənim gəzib pul qazanmağa başladı. Eşşəyin oxumağını görmək istəyənlərin sayı-hesabı yox idi. Çox keçmədi ki, odunçu və eşşəyi bütün ölkəyə səs saldı.

Bir gün "tamaşaya" tələsən odunçu yolda ondan kömək istəyən bülbülün səsini eşitdi. Bir pişik bülbülü tutub yemək istəyirdi. Odunçu ayaq saxladı. Ancaq " tamaşaya " gecikdiyini xatırlayıb oradan uzaqlaşdı.

Nəhayət odunçu " tamaşa " yerinə çatdı. Ancaq bu dəfə eşşəyi mahnı oxumaq əvəzinə anqırmağa başladı. Odunçu " tamaşaya " gələnlərin əlindən özünü güclə qurtardı. O, ancaq indi bülbülün öldüyünü və tilsimin qırıldığını başa düşdü...

Mən də sənin bülbülün idim. Ancaq sən məni öldürdün. Tilsim qırıldı və müflis oldun. Kaş ki, dərziliyi bacardığın kimi dostluğu da bacaraydın"...

Bu əhvalatı dinləyəndən sonra dərzi çıxıb getdi. Çünki, artıq deməyə heç bir sözü yox idi...


Tarix: 01.12.2014 / 15:01 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Maraqli Hekayeler