beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏRƏB ƏLİFBASININ ECAZI - ƏBCƏD

Ərəb əlifbasındakı 28 hərfin hər birinin ədəd ekvivalentini müəyyən edən və beləliklə də istənilən ədədi hərf və söz vasitəsilə ifadə etməyə imkan verən sistem. «Əbcəd» sözü ərəb əlifbasının ilk 4 hərfindən («əlif», «be», «cim» və «dal») yaranıb. Əbcəd hesabına görə, 1-dən 1000-ə kimi bütün ədədlər 28 hərfin kombinasiyaları vasitəsilə göstərilə bilər. Bu 28 hərfi ardıcıl olaraq yadda saxlamaq üçün onları 8 sözdə birləşdirmişlər: əbcəd, həvvəz, hütti, kələmən, səfəs, qərəşət, səxəz və zəzəğ. Bu sözlərin hər hansı məna daşıdığı barədə məlumat yoxdur.
Əlifbanın ilk 9 hərfi 1-dən 9-a kimi tək rəqəmləri, sonrakı 9 hərf 10-dan 20-yə kimi onluq ədədləri, növbəti 9 hərf 100-dən 900-a kimi yüzlükləri, nəhayət, sonuncu hərf 1000 ədədini ifadə edir.
Əlif–1, be-2, cim-3, dal-4, he-5, vav-6, ze-7, ha-8, ta-9, ye-10, kaf-20, lam-30, mim-40, nun-50, sin-60, ayn-70, fa-80, sad-90, qaf-100, ra-200, şin-300, te-400, se-500, xa-600, zal-700, zad-800, za-900, ğayn-1000.
Hələ İslamdan çox-çox əvvəl ərəblər əbcəd hesabından geniş istifadə edirdilər. Lakin əbcəd hesabı öz inkişafının zirvə nöqtəsini məhz müsəlman mədəniyyətində tapdı.
Klassik Şərq ədəbiyyatına aid nümunələrdə əbcəd hesabına tez-tez rast gəlirik. Hər hansı mühüm olayın (məsələn, hökmdarın hakimiyyətə gəlişinin, böyük hərbi fəthlərin, möhtəşəm tikintilərin) tarixini çox zaman ədədlərlə deyid, sözlərlə ifadə edirdilər. Hətta şairlər də əksər hallarda öz əsərlərinin yazılma tarixini əbcəd hesabı ilə göstərirdilər.
Məsələn, Azərbaycan ədəbiyyatının şah əsərlərindən sayılan «Leyli və Məcnun» poemasının yazılma tarixini Füzuli belə ifadə edib:
Tarixinə düşdülər müvafiq,
Bir olmaq ilə ol iki aşiq.
Burada «aşiq» sözünün əbcəd hesabı 70+1+300+100=471-dir. Yuxarıdakı misrada «iki aşiq» ifadəsinə əsasən, bu ədədi ikiyə vurmalı, daha sonra isə «bir olmaq» ifadəsinə əsasən, üzərinə vahid əlavə etməliyik. Nəticədə 943 ədədi alınır ki, bu da «Leyli və Məcnun» poemasının hicri-qəməri təqvimlə yazılma tarixidir.
Hicri-qəməri 656-cı (miladi 1258-ci) ildə Abbasilər xilafətinin paytaxtı Bağdad şəhəri monqollar tərəfindən ələ keçiriləndə fars salnaməçiləri həmin tarixi əbcəd hesabına görə «xun», yəni «qan» kəlməsi ilə ifadə etdilər (xa-600, vav-6, nun-50). Çünki bu faciə zamanı şəhərdə xeyli qan tökülmüş, on minlərlə insan qətlə yetirilmişdi.
Maraqlıdır ki, dini mənbələrdə İslam müqəddəslərinin də əbcəd hesabına müraciət etmələri barədə bəzi məlumatlar mövcuddur. Məsələn, İmam Əli ibn Əbu Talibə aid edilən bir şeirdə belə deyilir:
Həzrət Musanın Allahla vədəsini iki dəfə götür,
Təbiət ünsürlərini bunların axırına əlavə et.
Sonra şahmat lövhəsinin xəttini bunların arasında yaz.
Bu, o şəxsin adıdır ki, həm mənim, həm də bütün ağıl sahiblərinin qəlbini özünə təslim edib.
Şeirin izahı belədir: Qurani-kərimdə buyurulur ki, Həzrət Musa Peyğəmbər Sina dağına 40 günlük münacata getmək barədə Allahla əhd etmişdi. 40 ədədinin əbcəd hesabında qarşılığı «mim» hərfidir. Təbiət ünsürlərinin sayı 4-dür: torpaq, su, od və hava. 4 isə əbcəd hesabında «dal» hərfi deməkdir. Nəhayət, şahmat taxtası eninə və uzununa 8 xanaya bölünüb. 8 rəqəmi əbcədlə «ha» hərfini göstərir. Beləliklə, iki «mim» hərfinin sonuna «dal» hərfini əlavə etsək, «ha»nı da bunların arasına yazsaq, «Mühəmməd» adını alarıq.
Əbcəd hesabı ilə «Allah», «lalə» və «hilal» sözlərinin hər birinin ekvivalenti 66-ya bərabərdir (əlif-1, lam-30 (iki dəfə hesablanır), he-5). Ona görə də, təsəvvüf aləmində aypara (hilal) və lalə Allah-təalanın rəmzi sayılır. «Aman» kəlməsi ilə Həzrət Mühəmməd Peyğəmbərin (s) adının əbcəd ekvivalenti də üst-üstə düşür (92 ədədi). Buna görə də, sufi şairləri öz əsərlərində bir qayda olaraq, «aman» sözü ilə İslam Peyğəmbərini haraya çağırırdılar.
Bəzi sözlərin əbcəd hesabı ilə yuvarlaq ədədə uyğun olması həmin sözlər haqqında mistik təsəvvürlərin yaranmasına səbəb olmuşdur. Məsələn, 1001 ədədinə ekvivalent olan «riza» kəlməsi təsəvvüfdə xüsusi yerə malikdir (ra-200, zad-800, əlif-1). Məşhur Azərbaycan şairi Nizaminin təxəllüsünün əbcəd qarşılığı da 1001-dir (nun-50, za-900, əlif-1, mim-40, ye-10).


Tarix: 21.11.2012 / 23:43 Müəllif: [Ram] Baxılıb: 776 Bölmə: Maraqlı melumatlar