beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədim Misir niyə süqut etdi?

"Hər bir dövlətin öz müddəti var"
Həzrəti Əli (ə)
("Ğurər-ul-hikəm", 7285-ci hikmət)

Qədim dünyanın ən güçlü dövlətlərindən söhbət düşərkən, haqlı olaraq ilk növbədə Misir xatırlanır. Afrika qitəsinin şimal-şərqini, bəzi tarixi dövrlərdə isə Asiyanın müəyyən ərazilərini də əhatə etmiş Misir dövləti fironlar tərəfindən idarə olunurdu. Misir padşahlığının tarixi təqribən e.ə. 3000-cü ildən başlayır. E.ə. 525-ci ilə kimi keçən 2500 il ərzində Misir dövlətində 26 müxtəlif sülaləyə mənsub fironlar hokm sürmüşlər. Bu sülalələrin bəziləri yerli, bəziləri isə Liviya, Efiopiya və s. mənşəli idi.

E.ə. təqribən 1500-1100-cü illər arasında Misir fəal işğalçılıq siyasəti yürüdərək cənub torpaqlarını, habelə Fələstini, Suriyanı ələ keçirdi və Ön Asiyanın ən qüdrətli dövlətinə çevrildi. Lakin zaman keçdikcə, yaxın qonşuları ilə müharibələrdən və daxili çəkişmələrdən zəifləmiş Misir e.ə. 671-ci ildə Assuriyaya tabe oldu. Misir Assuriya əsarətindən tezliklə xilas olsa da, yeni rəqibi Babilistanla müharibələrə cəlb edildi. Nəhayət, e.ə. 525-ci ildə Əhəməni padşahı Kambiz Misri fəth edib, onu İran satraplığına (əyalətə) çevirdi. E.ə. 332-ci ildə Əhəmənilər dövləti Makedoniyalı İsgəndərin hücumları qarşısında çökdüyü zaman Misir də Makedoniya fatehinin hökmünə baş əydi. İsgəndərin vəfatından sonra (e.ə. 323-cü il) onun dövləti sərkərdələr arasında bölündü. Bu sərkərdələrdən biri - I Ptolemey Misirdə bərqərar olaraq Ptolemeylər sülaləsinin əsasını qoydu. E.ə. 30-cu ilə kimi davam etmiş Ptolemeylər dövründə Misirin paytaxtı İsgəndəriyyə şəhəri idi. Nəhayət, e.ə. 30-cu ildə Roma imperatoru Oktavian Avqust sonuncu Misir məlikəsi VII Kleopatranı məğlub edərək Misri Roma əyalətləri sırasına qatdı.

Qədim Misirin tarixinə nəzər saldıqda aydın olur ki, bu dövlət qüdrətli olduğu qədər də sinfi

ayrıseçkilik, qul əməyinin istismarı və dini etiqad baxımından dəhşətli vəziyyətdə idi. Qədim Misirdə dini əqidə fironların istəyi ilə dəyişdirilirdi. Belə ki, Misirdə çoxtanrılıq əqidəsi qüvvədə olduğundan, müəyyən dövrlərdə tanrılardan biri üstün (baş tanrı) sayılırdı. Bəzən firon dini islahat keçirərək hazırki baş tanrıya sitayişi ləğv edir və başqa bir tanrını baş tarı seçirdi. Məsələn, firon IV Amenhotep (e.ə. 1419 - e.ə. 1400-cü illər) dini islahat həyata keçirərək Amon tanrısına sitayişi ləğv etdi. O, Günəş tanrısı Atonu baş tanrı elan edib, özünə "Exnaton" ("Atonun şəfəqi") ləqəbi götürdü. Ondan sonra hakimiyyətə gələn firon Tutanxamon bu dini islahatı aradan götürərək, əvvəlki baş tanrıya pərəstişi bərpa etdi.

Qədim Misirdə əhalinin zəif təbəqəsi bir yandan firon məmurlarının, bir yandan da kahinlərin istismarına məruz qalırdı. Dövlət xəzinəsinin və məbədlərin xeyrinə yığılan vergilər xalqı üzmüşdü.

Qədim Misiri qul əməyinin istismarı baxımından mübaliğəsiz olaraq birinci yerdə saymaq olar. Təqribən 4800 il yaşı olan Misir ehramları, onları tikmiş insanların dozülməz zəhmətinin yadigarı kimi bu gün də durmaqdadır. Ehramların ən boyüyü firon Xeopsun (e.ə. XXVIII əsr) adı ilə bağlıdır. 146,6 metr hündürlüyə malik Xeops ehramının tikintisində 2,4 milyona yaxın daş plitə işlənmişdir. Salnamələrin yazdığına gorə, bu ehramı yüz min adam iyirmi ilə tikmişdir. Tikintidə həm kölələr, həm də zəif və köməksiz xalq işləyirdi. Fironların öz adlarını tarixdə əbədiləşdirmək üçün fikirləşib tapdıqları bu qəribə layihələrin (ehram tikintilərinin) həyata keçirilməsi minlərlə insanın dozülməz iş şəraitindən ölməsinə səbəb olurdu. Ümumi çəkisi yeddi milyon ton olan ehramın hər bir plitəsinin hansı zəhmətlər bahasına çapılıb yonulduğunu, tikinti sahəsinə gətirildiyini və yuxarı qaldırılaraq bir-birinin üstünə qoyulduğunu fikirləşdikdə adamı dəhşət bürüyür.

Çox güman ki, Misir dövlətinin zəifləyib süqut etməsində başqa amillərlə yanaşı, zülm və ədalətsizlik amili də mühüm rol oynamışdır. Vahid Allah əvəzinə çoxlu tanrılara ibadət olunan, hökmdarı şişirdilərək sağlığında tanrı səviyyəsinə qaldırılan, öləndən sonra isə meyiti mumiyalanaraq nəhəng ehramlardakı qızıl sənduqələrə qoyulan, qul əməyindən ən ucuz və dəyərsiz şəkildə istifadə edilən bir dövlət gec-tez zəlilliyə düçar olmalı və çökməli idi. Çünki "dövlətlərin möhkəmliyi ədalət qanunlarına riayət etməkdən asılıdır" və "dövlətləri heç bir şey ədalət qədər qoruya bilməz" (Həzrət Əli (ə) - "Ğürər-ül-hikəm", 4715-ci və 9574-cü hikmətlər).

Misir tarixinin son dövrlərində (e.ə. II-I əsrlərdə) meydana çıxmış bir bəla da dövləti daxildən zəiflədib süquta doğru apardı. Ptolemeylər dövründə tətbiq edilmiş ağır vergi sistemi əhalini var-yoxdan çıxardı. Ptolemeylər dövlətində bütün torpaq üzərində hökumətin ciddi nəzarəti mövcud idi. Azsaylı şəxsi malikanələri və torpaq sahələrini çıxmaq şərtilə, qalan torpaqlar hökmdarın mülkü sayılırdı. Hökmdarın mülkü də iki hissəyə ayrılırdı: şəxsi hökmdar mülkü və "bağışlanmış" mülklər. "Bağışlanmış" mülklər qrupuna ayrı-ayrı əyanlara hədiyyə edilmiş, məbədlər üçün ayrılmış sahələr aid idi. Sıravi kəndlilər şəxsi hökmdar mülkündən müqavilə əsasında pay alaraq, əslində icarəçi rolunu oynayırdılar. Bütün kəndlilər xəzinəyə məcburi vergi ödəməli idilər. Özü də verginin miqdarı əldə edilmiş məhsuldan asılı deyildi. Torpaq sahələri məhsuldarlıq baxımından dərəcələrə bölünür və hər dərəcə üçün məcburi vergi miqdarı təyin olunurdu. Kəndli əldə etdiyi məhsulun miqdarından asılı olmayaraq həmin vergini ödəməli idi. Əks halda, onun əmlakı müsadirə oluna, hətta özü qul kimi satıla bilərdi. Bəzən müəyyən təbii səbəb üzündən az məhsul qazanan kəndli bütün var-yoxunu xəzinəyə verərək çörəksiz qalırdı.

Ptolemeylər dövlətində kəndlilər illik məhsul vergisindən əlavə, xeyli başqa töycülər də verməli idilər. Məsələn, öz məhsulunu bazara çıxarıb satan şəxsdən 10% miqdarında vergi alınırdı. Bütün bunlardan savayı, kəndli həm də dövlətin mənafeyi naminə biyara getməli idi. Əsasən, su xətlərinin çəkilişi zamanı müftə kəndli əməyindən geniş surətdə istifadə olunurdu.

Ptolemeylər dövlətində kənd təsərrüfatı kimi, sənaye də hökumət tərəfindən ciddi nəzarət altına alınmışdı. Emalatxanalarda işləyən fəhlələr dövlətin təyin etdiyi miqdarda hazır məhsul təhvil verməli idilər, kəsirlər yalnız və yalnız fəhlənin hesabından tutulurdu.

Belə dözülməz şəraitin nəticəsində e.ə. 100-cü ilin astanasında Misirdə istehsal xeyli azaldı, bazar məhdudlaşdı, iqtisadi və siyasi böhran başladı. Kəndlilər ağır vergilərdən təngə gələrək, çox vaxt öz torpaq sahələrini atıb qaçırdılar. Misirin suvarma xətləri tədricən sıradan çıxır, torpaqlar duzlaşır, torpağın məhsuldarlığı ciddi surətdə azalırdı. Dövlət çoxlu məmurlardan və əyanlardan ibarət nəhəng bürokratik aparatın məvacibini ödəyə bilmirdi. Bütün bunlar dövlətin çökməsini sürətləndirdi. Misirin tənəzzülündə iqtisadi amilin rolunu analiz edərkən, istər-istəməz İmam Sadiqin (ə) bu sözləri yada düşür: "Zulm və ədalətsizlik çoxalsa, qəhətlik yaranar..." (Usulu'l-Kafi, çild 5, səh. 547).

Bir zamanlar dünyaya hökm edən Misir dövlətinin tənəzzül edərək sonda tarix səhnəsindən yox olmasının səbəbini kənarda yox, bu dövlətin özündə (ilk növbədə hakim və varlı təbəqədə) axtarmaq lazımdır. Çünki "hər hansı tayfa özu öz halını dəyişmədikcə, Allah da onun halını dəyişdirməz" (Rəd surəsi, 11-ci ayə).

İqtisadi tənəzzül tezliklə ölkədaxili nizam-intizama da sirayət etdi. Təqribən e.ə. 200-cü illərdən başlayaraq, Ptolemeylər dövlətini üsyanlar dalğası bürüdü. Belə üsyanlardan birini dövlət yalnız 20 ildən sonra (e.ə. 186-cı il) böyük çətinliklə yatıra bildi.

Həmin dövrdə Ptolemeylər xarici siyasət və hərb sahələrində də uğursuzluqla rastlaşmağa başladılar. Ön Asiyanın ən qüdrətli ellinist dövlətlərindən sayılan Selevkilər onları sıxışdırırdı. E.ə. 170-ci ildə Selevki padşahı IV Antiox Ptolemeylərin Suriyadakı torpaqlarını ələ keçirərək Misirin içərilərinə soxuldu. Öz keçmiş hərbi qüdrətini əldən vermiş Ptolemeylər bu hərbi müdaxiləyə təkbaşına cavab verə bilməyəcəklərini başa düşərək Roma imperiyasından yardım istədilər. Məhz Romanın müdaxiləsi nəticəsində Selevkilər Misirdən çıxarıldılar.

Elə həmin dövrdən Ptolemeylər dövləti Romanın təsiri altına düşərək tədricən ondan asılı olmağa başladı. E.ə. I əsrdə Misirdə güclü üsyan baş verdi. Qiyamçılar həm yerli hakimiyyətə, həm də Roma ağalığına qarşı etiraz edirdilər. Sonuncu üsyanın mərkəzi dövlətin paytaxtı İsgəndəriyyə şəhəri idi. E.ə. 48-47-ci illərdə məşhur Roma sərkərdəsi Yuli Sezar İsgəndəriyyəni mühasirəyə alaraq qiyamçıları darmadağın etdi, XIII Ptolemeyi taxtdan salaraq, onun bacısı (eyni zamanda həyat yoldaşı və hakimiyyət şəriki) VII Kleopatranı hakimiyyətə gətirdi.

Bir məsələyə də diqqət yetirmək yerinə düşər ki, Misirin son dövr hokmdarları həm də əxlaqi cəhətdən pozğun idilər. Onlar hər cür cinsi pozğunluqdan, hətta öz məhrəm qohumları ilə evlənməkdən belə çəkinmirdilər. Ptolemeylər sülaləsinin hökmdarları adətən öz doğma bacıları ilə evlənirdilər. Məsələn, II Ptolemey öz dul qalmış bacısı Arsinoya ilə evlənmişdi. VI Ptolemey isə öz bacısı II Kleopatra ilə ailə qurmuşdu. Hökmdar vəfat etdikdən sonra onun qardaşı VIII Ptolemey dul qalmış II Kleopatra (yəni öz bacısı) ilə evləndi. Amma tezliklə ərlə arvadın hakimiyyət üstündə mübahisəsi düşdü və VIII Ptolemey öz həyat yoldaşını (həm də bacısını) hökumətdən uzaqlaşdırıb, onun qızı (yəni əslində öz qardaşı qızı) III Kleopatra ilə evləndi. Lakin "atılmış" məlikə silahı yerə qoymayaraq fəal mübarizəyə başladı. Axırda VIII Ptolemey hakimiyyəti həm keçmiş, həm də hazırkı həyat yoldaşı ilə bölüşməyə məcbur oldu. II Kleopatra "məlikə-bacı", III Kleopatra isə "məlikə-həyat yoldaşı" adlanmağa başladı.

Misirin son məlikəsi məşhur VII Kleopatra da öz qardaşı XIII Ptolemeyə ərə getmişdi və dövləti onunla şərikli surətdə idarə edirdi. Roma ordusunun yardımı ilə öz həyat yoldaşını məğlub edib hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Kleopatra taxt-tacını qorumaq xatirinə Roma sərkərdəsi Antoniyə ərə getməyə razılıq verdi. Amma bu da onu xilas etmədi. İmperator Oktavian Avqust Antoni ilə Kleopatranın müttəfiq qoşununu darmadağın edib Misiri ələ keçirdi. Həzrəti Muhəmməd peyğəmbər (s) sanki Misir sarayının daxilində baş verənləri nəzərdə tutaraq buyurmuşdu: "O zaman ki, bir tayfanın rəhbərləri - günahkarlar, başbilənləri - alçaqlar, hörmətliləri - fasiqlər olar, onda həmin tayfanın bəlanı gözləməkdən savayı çarəsi qalmaz" (Bihar-ül-ənvar, cild 17, səh. 41).


Tarix: 21.11.2012 / 23:40 Müəllif: [Ram] Baxılıb: 975 Bölmə: Maraqlı melumatlar