beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)

Həccdə hər şey niyyətə bağlıdır. Çünki, həcc - bütünlükdə niyyətdir.

Başqa ibadətlər niyyətsiz olsalar belə, məna daşıyır. Oruc zamanı niyyətin olmasa da, səndə oruclu olmağın bir təsiri duyulur. Cihad zamanı niyyətin olmasa da, əsgərsən. Amma həccdə əgər niyyətin olmasa, hər şey boş-boşunadır, hətta sən özün də. Niyyətsiz həcc - heç bir xeyri olmayan hərəkətlər yığınıdır.

Çünki bu ayinlərin (mənasik) hamısı ip ucları, işarətlər, simvollar və şifrələrdir. Səcdənin nə olduğunu anlamayan kəs yalnız alnını yerə qoymuş olur, vəssalam. Bu mərasimdə nə etdiyini anlamayan, Məkkədən yalnız hədiyyə gətirən adama nə deyəsən? Çantası dolu, özü isə boşdur!

Həcdə təvaf etməklə tövhidi həyatda yaşamış olursan.

Sə'yi yerinə yetirməklə, Hacərin çırpıntılarını və əlacsızlıqlarını başa düşürsən.

Kə'bədən Ərəfata getməklə, Adəmin yer üzünə enişiniпїЅ Ərəfatdan Minaya getməklə tarixi, insanın yaradılış fəlsəfəsini, düşüncənin bilikdən eşqə qədərki yüksəlişini, ruhun torpaqdan Allaha qədərki meracınıпїЅ Minada yetişməyin, idealın, mütləq azadlığın və mütləq bəndəliyin son mərhələsini, İbrahimin həyatını yaşamış olursan!

Bax, indi Minadasan, İbrahimsən. Öz İsmayılını qurbangaha gətirmisən.

Bəs, sənin İsmayılın kimdir və ya nədir? Məqamındırmı? Şərəfin, mövqeyin, karyeran, məsləkindirmi? Pulundurmu? Evin, bağın, maşınındırmı? Sevgilin, ailəndirmi? Savadın, rütbən, sənətindirmi? Dindarlığındırmı? Geyimin, adın, şöhrətindimi? Bəlkə Can sağlığın, gəncliyindir? Bəlkə gözəlliyindir?

Mən haradan bilim, qardaşım? Bunu sən özün bilirsən. O, hər kim və ya hər nə isə, onu Minaya gətirməli və qurbanlıq olaraq seçməlisən.

Mən yalnız onun bəzi xüsusiyyətlərini sənə söyləyə bilərəm. O, səni iman yolunda zəiflədən, hərəkətə deyil, dayanmağa çağıran, cavabdehlik yolunda səni tərəddüdlərə salan, səni özünə bağlayıb tutan, könlünü özünə bağlamaqla səni "ilahi mesac"ı eşitməkdən və həqiqəti etiraf etməkdən çəkindirən, səni cavabdehlikdən qaçmağa sövq edən, sənin üçün rüxsət və bəhanə dolu izahatlar uyduran, sevgisi gözünü kor edən hər şeydirпїЅ

O, sənin İsmayılındır. Sənin İsmayılın bir şəxs də ola bilər, mal da, mövqe də, status da, hətta bir zəif nöqtə də. İbrahimin İsmayılı kim idi? Öz oğlu!

Yüz yaşını arxada qoymuş, ömrünün sonlarını yaşayan bir qocaпїЅ Mübarizələrlə dolu bir əsri döyüş, qovğa, cihad, çırpıntı və kədərlə, qövmünün cəhalətinə və Nəmrudun zülmünə qarşı savaşla, bütpərəstlik fanatizminə və ulduzpərəstlik xurafatına qarşı mücadilə ilə keçirmiş bir insanпїЅ

İbrahimdən ötrü İsmayıl yalnız bir oğul demək deyildi. O, intizarla dolu bir ömrün nəticəsi, kədərlə dolu bir əsrin əvəzi, macəralarla dolu bir həyatın meyvəsi, qoca bir atanın tək və cavan oğlu, acı ümidsizliyin dadlı ümidə çevrilməsi idi. İbrahim üçün ən qiymətli olan İsmayıl idi.

İsmayıl atasının gözləri qarşısında, ağarmış qaşların altında sevincdən parlayan gözlərin önündə böyüdü. Öz canını bütünlükdə oğluna bağlamış atanın şəfqət yağmurlarının damlalarına və sevgi günəşinin işığına qərq olaraqпїЅ Ucsuz-bucaqsız çöldə yaşıllığa qərq olmuş əkin sahəsini yanmaqdan qoruyan əkinçi kimi, ata da gözlərini yeganə fidandan ayırmırdı. Onun böyüdüyünü müşahidə edir, məhəbbətin şəfqətini və ümidin hərarətini öz ruhunun dərinliklərində hiss edirdi.

Uzun ömrünü sıxıntı və təhlükələr içində keçirmiş İbrahim bu günləri, həyatının son dövrünü, Gidenin təbirincə desək, zövqlə keçirilməli olan mərhələni "İsmayılın atası olmaq" zövqü ilə yaşayırdı.

Bir oğul təsəvvür edin ki, atası onun gəlişini yüz il gözləmiş olsun. O isə atasının heç gözləmədiyi bir anda gəlsin.

İsmayıl artıq boya-başa çatmış bir fidandır. İbrahimin canı, həyatının yeganə mənası. Eşq, ümid və zövq cücərtisi olan yeganə varlıq!

- İbrahim! Bıçağı oğlunun boğazına daya və öz əlinlə qurban kəs!

Bu əmrin həyəcanından İbrahimin daxilində yaranmış sarsıntı sözlə təsvir edilə bilərmi?

Hər nə qədər təsəvvür etsək belə, yenə bunu duya bilmərik. Çünki bu kədərin, bu iztirabın ölçüsü xəyal tərəzisinə sığmaz. Allahın sadiq qulu və insanlıq tarixinin inqilabçısı İbrahim uzun həyatı boyunca ilk dəfədir ki, qorxudan titrəyir. Polad cüssəli qəhrəman peyğəmbər içindən yanmağa, əriməyə başlayır və tarixin ən böyük büt qıranı özü yerə yıxılır. Ona gələn əmrin barəsində düşündükcə tükləri biz-biz durur. Amma bu əmr - Allahın əmridir.

Ən böyük savaş içində başlamış savaşdır - cihadi-əkbər!

O, tarixdəki ən böyük savaşın müzəffər qalibidirпїЅ Amma indi məğlub, zəif, qorxmuş, ürkək, pərişan və çarəsizdir.

Döyüş Allahla İsmayılın arasında, İbrahimin daxilində gedir!

Necə çətin bir seçimdir.

- Hansını seçirsən, İbrahim? Özünü, yoxsa Allahı?!

İtkini, yoxsa gəliri? Asılılığı, yoxsa azadlığı? Məsləhəti, yoxsa həqiqəti? Qalmağı, yoxsa getməyi? Şənliyi, yoxsa kamilliyi? Zövqü, yoxsa məsuliyyəti? Yaşamaq naminə yaşamağı, yoxsa bir amal uğrunda yaşamağı? Dinclik və rahatlığı, yoxsa iman və cihadı? İstəkləri, yoxsa biliyi? Emosiyanı, yoxsa imanı? Atalığı, yoxsa peyğəmbərliyi? Asılılıqları, yoxsa əmri?..

Sözün qısası, İsmayıli seçirsən, yoxsa Rəbbini?

- Seç, İbrahim!

Öz qövmün içində yüz illik peyğəmbərlikdən, bir ömür dolusu tövhid elçiliyindən, millət başçılığından, şirklə savaşdan, tövhid quruculuğundan, bütləri sındırdıqdan, cəhaləti aradan qaldırdıqdan, mənəm-mənəmliyə qalib gəldikdən, zülmü əzdikdən, bütün cəbhələrdə qələbə çaldıqdan və bütün vəzifələri bacarıqla yerinə yetirdikdən sonraпїЅ Heç yerdə və heç zaman özünü düşünmədən, öz istəklərinə tabe olmadan, bir addım da olsa yoldan çıxmadan, hamıdan daha dindar olaraq, tövhid ümmətini və bəşəri liderliyi lazımınca icra edərək, bütün sınaqları aşaraqпїЅ Yenə lovğalanma, arxayınlığa düşmə, özünü qəhrəman, yenilməz və tam güclü zənn etmə. Yüzillik qələbələrin səni məğrur etməsin. Özünü günahsız sayma, yıxılma təhlükəsini uzaq bilmə. Pis qüvvələrin vəsvəsəsinə düçar olmayacağını düşünmə.

Elə bilmə ki, sənin gücünə çatan yoxdur, vücuduna zərbə vura biləcək birisi tapılmaz. Unutma, göz çuxurların qorxunc oxların nişangahıdırпїЅ

Ey İbrahim, tarixin ən böyük müharibəsinin müzəffər qəhrəmanı! Yenilməz, qarşısında dayanılmaz, polad qəlbli böyük peyğəmbər! Bir əsrlik elçiliyin axırında son nöqtəyə çatdığını düşünmə! Allahla insanın arasında məsafə yoxdur. Allah insana şah damarından daha yaxındır. Amma insandan Allaha sarı gedən yol sonsuzdur, bitib-tükənməzdir!

- Nə düşündün?

Sən peyğəmbərlik işində kamal zirvəsinə yüksəldin. Amma bəndəlikdə hələ də əskiksən, ey Allahın xəlili! Ey yer üzündə tövhidin qurucusu! Muhəmməd (s), İsa (ə) və Musa (ə) yolunun ilk bələdçisi! Bəşəri vüqarın, şərəf və kamilliyin simvolu! Sən İbrahim olmağı bacardın, amma qul ola bilmək bundan daha çətindirпїЅ Tam azad olmalısan, mütləq hürriyyətə çatmalısan!

- İsmayılı kəs, öz əllərinlə!

Ey İsmayılın atası! Peyğəmbərliyin uzun yolunun sonunda yolayrıcına gəlib-çatmış İbrahim!

Başdan-ayağa bütün vücudu: "İsmayıl!" - deyə, fəryad qoparır.

Haqq isə bu sözləri beyninə yeritməkdədir: "Qurban kəs!".

İkisindən birini seçməlidir. Daxilində "həqiqət"lə "mənfəət" savaşır.

O, mənfəətə canı ilə bağlanmışdır, həqiqətə isə imanı ilə!

TərəddüdпїЅ Nə qədər üzücü və təhlükəliпїЅ

Elə bir an gəlib ki, insanın imanı onu dəvət edir, amma könlü rədd edir.

Məsuliyyət onu çağırır ki, ürəkdən çıxarılması asan olmayan bir şeyi birdəfəlik çıxarıb atsın. O isə bəhanə axtarışındadır

Yanlış yozumlardan daha pisdir düzgün yozumlar! Yəni bir həqiqətə arxalanaraq, başqa bir həqiqəti ayaqlar altına atmaq!

Bundan daha dəhşətlisi isə, batilin bir əlinə qılınc olaraq ağlı, o biri əlinə qalxan olaraq dini almasıdır. Elə bu nöqtədə Quran şirk nizələrinin başında bayrağa dönür və Əlinin tərk-silah olunması üçün alətə çevrilir. Beləcə, Hüseynin ümmətini Yezidin aqibəti gözləyir.

Yanlış yozum! Bunun ən pis növü - əqli yozum, ən dəhşətlisi - dini yozumdur! Yəni məsuliyyətdən qaçmaq!

"Bu əmri yuxuda gördüm, bəs, haradan bilim kiпїЅ". İblis onun qəlbinə övlad sevgisini salır, beyninə isə "məntiqi sübut" pıçıldayır. İbrahimin daxilində bir savaş qızışmışdır. Tarixin böyük qəhrəmanı indi aciz, pərişan, qorxaq, zəif və tərəddüd içində idi. Doğrudanmı, tövhidin uca bayraqdarı İbisin oyuncağı olacaqdı?! Allahla şeytan arasındakı çarpışmada yaxşıca əzilmiş, dərd sümüklərini sızlatmışdı. İnsan vücudunun dərinliklərində ağıl və eşq, şüur və vicdan, həyat və iman, özü və Allah arasında bir çəkişmə yatır.

Bu, birinci göstərişdir: İlk cəmrəni daşla!

O isə əmri yerinə yetirməkdən qaçır və öz İsmayılıni qoruyur.



* * *

İkinci günпїЅ Cavabdehlik yükü sevginin cazibəsiylə dünənkindən daha da ağırlaşmışdır. İsmayıl təhlükəyə düşüb və müdafiəsi daha da çətinləşib. İblis İbrahimi aldada bilmək üçün daha çox məntiq, hiylə və məharət göstərməli, Adəmə yedirtdiyi o "qadağan olunmuş meyvə"ni indi də İbrahimə dadızdırmalıdır!

İbrahim insandır, yəni iki tərkib hissəsinin qarışığıdır; işıq və qaranlığın, Hörmüzd ilə Əhrimən arasındakı savaşın məkanıdır; torpaqla ruhun, fəna qoxulu palçıqla Allahın ruhunun birləşməsidir. Və bir də nəfs!

İblis onun ürəyini "övlad sevgisi" ilə doldurur və ağlına "məntiqi dəlillər" yerləşdirir:

- Axı, mən bu əmri yuxuda almışamпїЅ Haradan bilim kiпїЅ

Bu, ikinci dəfədir. "Orta cəmrə"ni daşla!

O, əmri yerinə yetirməkdən qaçındı və öz İsmayılını qorudu.

ikinci hisse

- İbrahim, İsmayılını qurban kəs! Daha qətiyyət və əzmlə!

Yozmaq ikiqat çətinləşdi. İndi həqiqətin aydınlığı və məsuliyyət yükü geriyə yol buraxmayacaq dərəcədə aşkar və inkaredilməzdr.

İbrahim anlayırdı ki, əmrə qulaq asmamaq şeytanı təsdiq etməyə bərabərdir.

Uçurumun kənarında… İbrahimin enişi…

Bütləri qıran böyük peyğəmbər, İslamın yaradıcısı, xalqın rəhbəri İbrahim tövhid zirvəsindən şirk bataqlığına doğru…

Nə deyim?!

Şirkmi dedim? Yox! Şirk - çoxtanrılıqdır, Allahdan başqasına və ya başqalarına sitayiş etməkdir.

İndi, Quranın ibadət, tövhid və şirk haqqında danışdığı dillə desək, İbrahim Allah əvəzinə İblisə sitayiş etmək uçurumunun lap kənarına qədər gəldi. Budur, Mina cəbhəsində, göz qabağında İblis Allahla üz-üzə durmuşdur!

Birini seçməlisən! Hansı hiyləni işlətsən də, bunların hər ikisindən yaxanı qurtara bilməyəcəksən. Nə həmrəylik var, nə də bitərəflik!

Ah, nə qədər çətin və dəhşətli əhvalatdır! Bir əmrlə kainatın altını üstünə çevirə biləcək Allahın yer üzündəki nəfəsi olan insan nə qədər gücsüzdür! Doğrudur, onda Allahın ruhu var, amma çox zəif yaradılmışdır.

"İnsan zəif yaradılmışdır" (Nisa, 28).

Heç bir məqamın sahibi yüksəlişdən və enişdən sığortalanmayıb. Həyatı boyunca yeriməyi yenicə öyrənmiş körpə kimi uçurumlara diqqət etməlidir. Tövhid peyğəmbərlərinin sonuncusu, məsumların birincisi də özünü qorumasa, sarsılıb, bütün əldə etdiklərini bir anda itirə bilər. O, hətta şirkdən belə qorunmuş deyildir.

Böyük peyğəmbərlərin atası, bəşər tarixinin büt qıranı və şirkin qatili İbrahim ömrünün son mərhələsində, bəşəri qüdrətinin və ilahi etibarının zirvəsində ikən, yalnız övlad məhəbbəti üzündən İblisin uçurumunun astanasına kimi sürüklənmişdir.

Tövhidin ən güclü qəhrəmanı, Allah elçilərinin əcdadı, yüz il boyunca İbrahim kimi yaşadıqdan, təpədən-dırnağa kimi öz üzərində ilahi izləri daşıdıqdan, etibar nişanələri ilə təltif olunduqdan və yəqinlik hasil etdikdən sonra, indi İblisin oyuncağınamı çevriləcək?! Artıq sənin üçün qaçmağa heç bir yol qalmadı. Bir tərəfində Allah, o biri tərəfində isə şeytan durub. Hansını seçirsən, İbrahim?!

Hüccət İbrahimin gözü önündə açılıb-sərilib. Mesacın Haqdan gəlməsinə şübhə yoxdur. Bu da şübhəsizdir ki, mesacı qəbul etməkdə tərəddüd göstərmək şeytani bir tərəddüddür.

İbrahim cavabdehdir. Bunu özü də yaxşıca dərk edir. Lakin bu məsuliyyət heç bir atanın təsəvvür edə bilməyəcəyi qədər acı və çətindir.

Üstəlik, yaşı ötmüş, tənha bir ata - İbrahim.

Üstəlik, qurban kəsiləcək yeganə oğul - İsmayıl.

Kaş, İsmayılın əlində İbrahim qurban kəsilməli olaydı! Necə asan, necə rahat olardı!

Amma xeyr! Gənc İsmayıl ölməli, qoca İbrahim isə qalmalıdır, tənha, kədərli və yaralı qəlblə yaşamalıdır. Qocalmış, qanlı əlləri ilə!

İbrahimin bütün vücudunu sarmış qorxu, çarəsizlik və zəifliyi görən, bu acıların ona nələr etdiyini bilən İblis iştahaya düşür. Çünki İblis - Adəmin yer üzünə enişindən bəri işi-gücü onun övladlarına tor qurmaq olan kinli düşməndir. Harada bir Adəm oğlunun qoxusunu duysa, orada hazır olar. Hər kimdə qorxu, zəiflik, tərəddüd, ümidsizlik, həsəd, mənəm-mənəmlik, cəhalət, hətta ifrat könül bağlılığı olduğunu sezsə, dərhal işə başlayar.

…İblis yenə ümid içindədir. Yenidən kədərli İbrahimi şirnikləndirdi. Bir daha onun qabağına çıxdı, gizlicə şüurunun dərinliklərinə baş vurdu və əvvəl söylədiklərini eynilə təkrarladı.

İblisin məntiqi həmişə eynidir, dəyişməzdir. Yüzlərlə rəngə və örtüyə bürünsə də, eyni sözü təkrar edir: "Bu əmri mən yuxuda almışam!.."

Xeyr! Daha bəsdir, İbrahim!

İbrahim qərara gəldi, seçimini etdi.

İbrahimin hansı yolu seçməsi artıq məlumdur, baş sındırmağa lüzum yoxdur.

Hansını?

Allaha qulluq etməklə mütləq hürriyyəti!

İsmayılı qurban kəsməyi!

Özünü özünə bağlayan son əlaqəni, son zənciri qoparmağı!

Əvvəlcə əhvalatı oğluna xəbər verməyi qərara aldı.

Oğlunu yanına çağırdı, oğlu gəldi.

Ata öz qurbanını təpədən-dırnağa kimi süzdü!

Gözqamaşdırıcı bir qurbandır İsmayıl!



* * *

…Ata bıçağı əlinə aldı. İtiləmək üçün var gücüylə daşa sürtdü. Həyatındakı ən qiymətli könül meyvəsinə duyduğu atalıq şəfqətini bu hərəkəti ilə göstərirdi. Oğluna o an göstərə biləcəyi yeganə məhəbbət əlaməti bu idi. Əvvəlcə eşqin ruha bəxş etdiyi qüvvə ilə öz içində özünü öldürdü, öz şah damarını kəsdi. İçi, özündən azad olub, Allahla doldu. Yalnız Allahla nəfəs alan bir canlı idi o!

Sonra Allahın gücü ilə ayağa qalxdı. Rahat və üzüyola halda durmuş gənc qurbanını qurbangaha gətirdi. Yerə uzandırdı. Tərpənməsin deyə, onu öz altına aldı, yanağını yerə dayadı, saçlarını xışmalayıb əlinə doladı, şahdamarı görünənə kimi başını geriyə əydi. Allaha təvəkkül edib, bıçağı qurbanın boğazına dayadı və basdı. Qəzəbli bir hərəkət…

Ah, bu bıçaq! Bu bıçaq… kəsmir, incidir. Bu nə qəddar işgəncədir!

İbrahim bıçağı qəzəblə daşlara çırpır. Dərdli, qəzəbli, yaralı aslan kimi kükrəyib coşur. Qorxur, sarsılır, ata olmağından dəhşətə gəlir. Şimşək kimi atılıb bıçağı götürür, sakit və qımıldanmadan uzanmış qurbanına ikinci dəfə hücum edir.

Birdən… bir qoç görünür. Və xəbər gəlir:

"Ey İbrahim! Allah İsmayılın qurban kəsilməsindən vaz keçdi. Onun əvəzinə qurban verəsən deyə, bu qoçu göndərdi. Sən əmri yerinə yetirdin!".

Allahu əkbər!

Demək, Allah yolunda insan qurban etmək qadağandır?! Keçmişdə isə bu, geniş yayılmış bir adət və ibadət idi!

İbrahimin millətində insan əvəzinə qoyun qurban edilir. Aydın oldu ki, İbrahimin Allahı digər tanrılar kimi qana susamamışdır. Aclar, ət üçün ac olanlar - Allahın qullarıdır!

Daha incə bir nöqtə:

Allah lap əvvəldən İsmayılın qurban kəsilməsini istəmirdi.

İstəyirdi ki, İbrahim İsmayılı qurban kəsməyə razılıq versin.

O, İbrahimi "İsmayılı qurban etmək" zirvəsinə kimi yüksəldir. Amma İsmayılı qurban verdirmədən bu zirvəni ona fəth etdirir!

İsmayılı də "Allahın böyük qurbanı" məqamına yüksəldir. Amma bu məqama onu heç incitmədən çatdırır.

Bu, dini bir əhvalatdır, insana işgəncə verməkdən, özünü əziyyətə salmaqdan, tanrıların qana susamasından bəhs etmir. Bu, insanın formalaşmasından, instinktlərin insan üçün zəncir olmasından və insanın mənəm-mənəmik zindanından qurtuluşundan bəhs edən dastandır. Bu, ruhun uçuşudur, eşqin meracıdır, insan iradəsinin möcüzəvi gücüdür. Həqiqət qarşısında cavabdehlik daşıdığın halda, səni dustaq edən və acizləşdirən hər cür zəncirdən qurtuluşunun hekayəsidir.

Qısası, İsmayıl kimi, şəhadət mərtəbəsinə yetməkdir. İbrahim kimi, şəhadətdən daha uca bir məqama çatmaqdır. Bu məqamı heç bir sözlə ifadə etmək mümkün deyil.

Hekayətin sonu nədir? Qurban edilən qoç.

Demək, ən möhtəşəm bəşər faciəsində Allahın istədiyi nə imiş? Bir neçə ac insandan ötrü bir qoç qurban etmək!



* * *

Ey İbrahim kimi bu gün Minaya yetişən insan! Buraya öz qurbanınla birlikdə gəlməlisən. Minada qurban kəsəcəyin İsmayılını əvvəlcədən seçib ayırmalısan. Bəs, sənin İsmayılın kimdir yaxud nədir?

Bunun başqasının bilməsinə ehtiyac yoxdur. Sən və Allah bilsə, bəsdir. Ola bilər ki, sənin İsmayılın övladın deyil, bircə oğlun da deyil. Amma həyat yoldaşın, ərin, məsləkin, ad-sanın, şəhvətin, gücün, məqamın… ola bilər.

Mən bilmirəm. Sənin gözünü tutan nədirsə, odur sənin İsmayılın!

İbrahimin gözündə İsmayıl nə yerdə idisə, sənin də gözündə eləcə bir İsmayıl vardır. Öz vəzifələrini daşıyarkən, həqiqət uğrunda çabalarkən, sənə badalaq gələn, müstəqilliyinə mane olan, səni özünə bağlanmağa çağıran, özünə məşğul edən hər şeydir o. İsmayılını qoruyasan deyə, İblislə eyni cəbhədə çalışan, Haqqın xəbərlərinə qulağını tıxayan, zehnini korşaldan, qəlbini çirkinləşdirən hər şeydir. İmanın əmrinə qarşı çıxmağın və ağır məsuliyyət yükündən qaçmağın üçün sənə ustalıqla yozumlar öyrədən hər şeydir.

İsmayılını qoruyasan deyə, səni qoruyan və himayə edən hər şey və hər kəsdir!..

İsmayılın xüsusiyyətləri budur. Öz həyatında bunları axtar tap. İndi - Allaha yaxınlaşdığın anda, Minada onları qurban et!

Əvəz olaraq gələn qoyunu özün seçmə. Qoy onu Allah seçsin və İsmayılının əvəzinə sənə bağışlasın.

Belə olarsa, bir qoyunu kəsməyini qurban kimi qəbul edər.

İsmayılın əvəzinə bir qoyun kəsmək "qurban" deməkdir. Amma yalnız kəsmək naminə qoyun kəsmək isə, "qəssablıq"dır!


Tarix: 21.11.2012 / 23:27 Müəllif: [Ram] Baxılıb: 1386 Bölmə: Maraqlı melumatlar