beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəsdən tərk olunan namazın qəzası yoxdur
Qəsdən tərk olunan namazın qəzası yoxdur

Əssalamu aleykum va rahmatullah

Bəzi müsəlmanlar vardır ki, daha doğru olan tərəfi kənara qoyub, zəif olan məlumatlardan istifadə edərək haqqı olduğu kimi çatdıra bilmirlər. Elə bilirlər yeni bir şey kəşf ediblər. Halbuki, daha doğru olan tərəfin dəlilləri digər tərəfin dəlillərindən daha güclüdür, ona görə də daha doğru tərəfin dəlillərindən istifadə etmək lazımdır.

Qəsdən tərk olunan namazın hökmü odur ki, bu namazın vaxtı artıq bitmişdir, çünki Allah buyurur: "Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir." (Nisa, 103)

Bir məntiqi də başa düşmürlər ki, qəsdən tərk olunan namazla səbəb üzündən tərk olunan namaz arasında fərq olduğu üçün onların hökmündə də fərq vardır. Çünki, biz bilirik ki, qəsdən tərk olunan orucla səbəb üzündən tərk olunan oruc arasında fərq odur ki, qəsdən tərk olunan orucu (yəni, bu hökm o kəslərə aiddir ki, o heç vaxt üzr olmadan oruc tutmayıb, onun oruc tutmağa niyyəti olmayıb və ya heç oruca başlamayıb) yenidən tutmağa artıq lüzum yoxdur, çünki oruc üçün ayrılmış xüsusi bir vaxt keçmişdir. Əgər səbəb üzündən tərk edilərsə, bu halda onun qəzasını tutmalıyıq. Yəni, burda çox adi bir məsələdə zəif tərəfin dəlillərini gətirərək müsəlmanları səhv məlumatlandırmışlar.

Əgər kimsə namazı ötürərsə, aşağıdakı iki məsələ tətbiq edilməlidir:

O, namazı hər hansı bir səbəbə görə ötürmüşdür, məsələn, yatıb qalmışdır və ya unutmuşdur. Bu halda ona günah yoxdur, lakin o, bu namazı oyanandan sonra və ya yadına düşəndən sonra dərhal qılmalıdır.

Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Kim namazdan yatıb qalarsa və ya unudarsa, xatırlayan kimi qılsın. Çünki bunun kəffarəsi yoxdur" (Səhih Buxari, 572. Səhih Müslim, 684)

O, namazı qəsdən tərk edib, yəni bilərəkdən tərk edib, səbəbi yoxdur. Daha doğrusu o, namazın vaxtı bitənədək bunu tənbəllikdən və ya məsuliyyətsizlikdən tərk etdi. Bu insan müsəlmanların icması ilə böyük günah etmişdir.

Daha doğru-düzgün rəyə görə onun bu namazı qəza etməsinə lüzum yoxdur, daha doğrusu o, tövbə etməli və buna görə peşman olmalıdır və bunu bir daha etməməlidir, çoxlu yaxşı işlər görməli və nafilə namazları qılmalıdır ki, bu namazların üstünü örtsün:

Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Haqq-Hesab günü insanlardan ilk soruşulacaq şey onların namazı olacaq. Allah mələklərə deyəcək (halbuki O, bunu daha yaxşı bilir): "Qulumun namazlarına baxın, onlar tamdır, yoxsa çatışmayanı var?" Əgər onlar (namazlar) tamdırsa, bu halda namazlar olduğu kimi yazılacaq, əgər tam deyilsə, bu halda Allah buyuracaq (halbuki O, daha yaxşı bilir): "Baxın görün qulumun nafilə namazları varmıdır?" Əgər nafilə namazları varsa, Allah buyuracaq: "Onun qılmadığı (vacib) namazları nafilə namazları ilə əvəz edin". (Sünən əl-Tirmizi, 413. Şeyx Əlbani, Səhih əl-Cami, 2020. 2571)

Bu görüşü həmçinin, böyük səhabələrdən Ömər ibn əl-Xəttab, onun oğlu Abdullah, Sad ibn Əbu Vaqqas, Salman, ibn Məsud, Muhəmməd ibn Əbu Bəkr, alimlərdən Muhamməd ibn Sirin, Mutərrif ibn Abdullah, Ömər ibn Əbdül Əziz, Davud əl-Zahiri, İbn Həzm, Şeyx ibn Teymiyyə, İbn Qeyyim, əl-Şaukani, Şeyx Əlbani, Şeyx İbn Bəəz, Şeyx ibn Üseymin və digər böyük alimlər müdafiə etmişlər, çünki bu rəy daha güclü rəydir, buna zidd olan rəylər isə zəif rəylərdir.

Aşağıdakı dəlillərə görə namazı qəsdən, səbəb olmadan tərk etdikdə, həmin namazın qəzasını qılmağa lüzum yoxdur, hətta həmin namazı qılsa belə, bu namaz sayılmır:

Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.

Onlar demişlər: "Çünki namaz müəyyən olunmuş vaxtlarda vacib edilmişdir" və bu namazı səbəb olmadan digər vaxtlarda qılmaq icazəli deyildir.

Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Kim namazdan yatıb qalarsa və ya unudarsa, xatırlayan kimi qılsın. Çünki onun (namazı xatırlayan kimi qılmağın) bundan başqa kəffarəsi yoxdur" (Səhih Buxari, 572. Səhih Müslim, 684)

Çünki, Allah hər bir namaz üçün xüsusi bir vaxt ayırmışdır və məsələn, əsr namazını səbəb olmadan vaxtından əvvəl qılmaq icazəli olmadığı kimi səbəb olmadan vaxtından sonra da qılmaq icazəli deyildir.

İbn Həzm demişdir: "Həmçinin, qəsdən tərk olunan namazın qəza edilməsinin icazəli olması barədə səhih dəlillər olmalıdır. Əgər onlar qəsdən tərk edilən namazın fərz namazlar olduğunu deyirlərsə, bu halda biz onlara belə deyəcəyik: "Sizin deməyinizdən belə çıxır ki, əgər kimsə fərz namazı qəsdən, bilərəkdən, səbəb olmadan, tənbəllikdən tərk edirsə, bu halda ona günah yoxdur. Bunu isə heç bir müsəlman deyə bilməz. Çünki, belə çıxır ki, qəsdən tərk olunan namazla, səbəb üzündən tərk olunan namaz arasında fərq yoxdur və həmin insan tənbəllikdən fərz namazı tərk etdiyinə görə günah qazanmır. Bu isə heç bir məntiqə və ağıla sığmır. (əl-Mühəllə, 2/236)

Şeyxülislam ibn Teymiyyə (rahimullah) demişdir: "Namazı qəsdən tərk edənin həmin namazı qəza etməsini icazəli bilənlər səhih dəlil gətirməlidirlər, lakin onların rəyini sübut edəcək heç bir səhih dəlil yoxdur." (əl-Şaukani, Nəyl əl-Əvtər, 2/26)

Hər hansı səbəbdən dolayı qılınmayan namazın kəffarəsi onu imkan olan kimi qılmaqdır. Məsələn, kimsə yatıb qalıbsa və ya yaddan çıxıbsa, bunun kəffarəsi yadına düşən kimi və ya imkan olan kimi qılmaqdır. Bilərəkdən buraxdığın namazın isə kəffarəsi yoxdur, çünki əgər belə olsaydı, bu halda qəsdən namaz qılmayanla, səbəbdən dolayı namaz qılmayan arasında fərq olmazdı və heç biri günah qazanmazdılar, bu isə heç bir məntiqə və ağıla sığmır.

Müsəlman ola-ola namazın fərzliyini bilərək həmin namazı imkanı ola-ola qılmayıbsa, artıq həmin namazı qılmağa ehtiyac yoxdur, ən düzgün rəy budur. Bunun çıxış yolu nafilə namazları, sünnə namazlarını artırmaqdır. Çünki bir hədisdə deyilir - Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Axirətdə insanlardan ilk soruşulacaq şey onların namazları olacaq. Allah mələklərə buyuracaq: "Baxın görün qulumun namazları tamdır, yoxsa çatışmır?" (Hətta Allah artıq bunları bilir). Peyğəmbər (səllallahu aleyhi və səlləm) sonra dedi: "Əgər tamdırsa, bu halda Allah bunları tam olaraq qəbul edəcək. Əgər çatışmırsa, Allah buyuracaq: "Baxın görün, mənim qulum nafilə namazlarını qılıb, yoxsa yox." (Hətta Allah artıq bunları da bilir). Peyğəmbər (səllallahu aleyhi və səlləm) sonra dedi: "Əgər onun nafilə namazları varsa, Allah buyuracaq: "Nafilə namazlarını çatışmayan fərz namazlar ilə əvəz et" (Sünən Əbu Davud, 864. Şeyx Əlbani, Səhih Əbu Davud, 770. səhihdir)

Xülasə, bəzi qardaşların gətirdikləri dəlillər böyük alimlərin gətirdikləri dəlillərindən zəif sayıldığı üçün onların dəlilləri düzgün sayılmır və bu, onların ictihadı kimi başa düşülür. Onların ictihadı düz olarsa, iki əcr, səhv olarsa, bir əcr qazanarlar. Bizim isə borcumuz daha doğru olan tərəfin dəlillərini qəbul etməkdir, çünki sələflər həmişə belə ediblər. Bəzi qardaşlar hətta bilməməzlikdən bəzi alimlərdən dəlillər gətirməklə, bu dəlilləri icma adlandırmışlar, amma yuxarıdakı böyük alimlər icmaya aid deyilsə, bəs hansı alimlər bunlar üçün icma sayılır? Əlbəttə, bəzi qardaşlar müasir zamanın böyük alimlərini, məsələn, Şeyx İbn Bəəz, Şeyx İbn Üseymin və s. qəbul etmirlər və onları saray alimləri adlandırırlar, ona görə də onları icmadan hesab etmirlər. Bizə haqqı çatdıranlardan Allah həmişə razı olsun və həmin alimlərə Allah rəhmət eləsin.


Tarix: 10.06.2015 / 16:35 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar