beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günahkar möminlərin halı necə olacaq?

Allah Təala Qurani-Kərimdə belə buyurur:

"Allah Ona şərik qoşanları əsla bağışlamaz. Ondan başqa günahları istədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşubsa, haqq yoldan tamamilə azmışdır” (Nisa, 4/116).

Biz Qurani-Kərimə baxdığımız vaxt görürük ki, Cəhənnəmdə həmişəlik qalmalı olan şəxslər Allaha şərik qoşub şirkə düşənlər və münafiqlərdir. Allah Təala onların həmişəlik Cəhənnəmdə qalacaqlarını və oradan heç vaxt çıxa bilməyəcəklərini bildirib. Burada belə bir sual meydana çıxır: Elə isə günahkar möminlərin halı necə olacaq? Bir insan nə qədər günahkar olursa olsun, qəlbində iman varsa, başqa sözlə bu insan mömindirsə, onun yeri axirətdə nəhayət ki, Cənnət olacaqdır. Çünki Cəhənnəmdə həmişəlik qalmalı olan insanlar dünyada ikən Allaha şərik qoşanlardır.

Diqqət yetirdinizsə, Allah Təala yuxarıdakı ayədə sadəcə olaraq şirki bağışlamadığını və heç vaxt bağışlamayacağını, şirkdən başqa günahları isə istədiyi şəxslər üçün bağışlayacağını bildirir. Bu halda buradan belə bir nəticə çıxır: Allah Təalanın bağışlamaq istəmədiyi şəxslər günahkar müsəlmanlardır ki, onlar da öz günahlarının cəzalarını çəkəcəklər. Bu, Allahın ədalətindən irəli gəlir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s. a. v.) də bir çox hədisində Allahın günahlarını bağışlamadığı günahkar möminlərin Cəhənnəmdə əzab çəkəcəklərini, lakin cəzalarını çəkdikdən sonra təmizlənmiş olaraq Cənnətə gedəcəklərini də istisna etməmiş, əksinə, özü bunu bildirmişdir.

Xüsusilə qeyd etmək və unutmamaq lazımdır ki, Allah Təalanın mərhəməti son dərəcədə genişdir və Allah qətiyyən zalim deyildir. Nə qədər günahkar olsa da, bir mömini bir kafirlə eyni səviyyədə mühakimə edib, hər ikisinə də Cəhənnəmdə əbədiyyən əzab verməz.

"De: "Ey özlərinin əleyhinə hədd-hüdud tanımayan (həddini aşmış) bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allah bütün günahları bağışlayar. Heç şübhə yoxdur ki, O, çox bağışlayan, çox mərhəmət edəndir” (Zumər, 39/53).

Məryəm surəsinin 71-ci ayəsinə gəlincə, orada Allah Təala belə buyurur:

"Sizin aranızda elə bir kəs yoxdur ki, oraya getməsin. Bu, Rəbbinizin qəti bir hökmüdür”.

Ayəyə diqqət yetirdinizsə, buradakı ifadə Cəhənnəmə getmək deyil, oraya getməkdir. Bununla da Cəhənnəmdə yanmalı olanların oraya girməkləri, Cənnətə getməli olan möminlərin isə Cəhənnəmin qabağından keçib oraları və içindəkiləri görməkləri nəzərdə tutulur. Deməli, bu minvalla oraya getməyən heç kəs qalmayacaq.


Tarix: 04.12.2014 / 11:37 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar