Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı- Müşriklərin Rəsulullah (Səllallahu aleyhi və səlləm)`ə qarşı

Müşriklərin Rəsulullah (Səllallahu aleyhi və səlləm)`ə qarşı mövqeləri

Rəsulullaha (Səllallahu aleyhi və Səlləm) gəldikdə, son dərəcə heybət, şərəf və təmkin sahibiydi ki, onun bu vəsfləri əksər hallarda müşrikləri ona hücum etməkdən çəkindirirdi. Ayrıca, əmisi Əbu Talib ona sahib çıxmaqda və qorumaqdaydı. Çünki, Əbu Talib Qureyş içində sözü eşidilən böyük bir şəxsiyyət idi. Heç kim ona saymamazlıq edə bilməzdi. Abdul-Mənaf soyunun zirvəsi idi. Sadəcə Qureyş arasında deyil, başqa bütün ərəblər içində də etibar və söz sahibiydi.

Dolayısıyla, müşriklər Rəsulullaha (Səllallahu aleyhi və Səlləm) qarşı kobud qüvvə işlətmək yoluna deyil, görüşmə, müzakirə və mübahisə yolunu seçdilər. Əbu Talibin yanına gedərək vəziyyəti görüşmələr yoluyla həll etməyə çalışdılar.

Qureyşlilər və Əbu Talib :

Qureyşin qabaqcıl şəxsləri Əbu Talibin yanına gələrək belə dedilər : "Ey Əbu Talib, sənin qardaşın oğlu ilahlarımıza söydü, dinimizi pislədi, bizi axmaq yerinə qoydu və atalarımızı da pozğunluqda ittiham etdi. Ya bizə belə davranmaqdan, ya da onunla bizim aramızdan çəkil." dedilər. Əbu Talib onlarla şirin və nəzakətli danışıb, onları gözəl bir şəkildə uzaqlaşdırdı. Çıxıb getdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) isə, əvvəlcə olduğu kimi işinə davam etdi. Allah (Cəllə Cəlaluhu)`ın dinini izhar edib, ona dəvət eylədi.

Qureyşlilərin Əbu Talibi xəbərdar etmələri və təhdid etmələri

Qureyşlilər, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in dəvətinə davam etdiyini gördükdə daha çox dözə bilmədilər. Aralarında Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan çox danışıb, bir-birilərini ona qarşı təşviq və təhrik də edirdilər. Sonra bir dəfə yenə Əbu Talibin yanına gedib belə dedilər :

"Ey Əbu Talib! Bizim aramızda sənin yaşın, şərəfin və mövqeyin vardır. Biz səndən qardaşın oğlunu məhrum etməyini istədik. Sən isə, onu bizimlə məşğul olmaqdan məhrum etmədin. Biz, vallahi onun atalarımıza söyməyinə, bizi axmaq yerinə qoymağına və ilahlarımızı pisləməyinə artıq səbr edə bilməyəcəyik. Ya onu bizimlə məşğul olmaqdan məhrum edərsən, ya da iki firqədən biri həlak olana qədər bu xüsusda onunla və səninlə vuruşacağıq."

Onların bu təhdidləri Əbu Talibə çox çətin gəlmişdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xəbər göndərib çağırdı və belə dedi :

"Ey qardaşımın oğlu! Qövmüm gəlib mənə belə-belə dedilər. Mənə və özünə mərhəmət et, gücüm yetməyən işi mənə yükləmə."

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), əmisinin özünü tərk və təslim edəcəyinə dair yeni bir fikri olduğuna və özünə yardımdan aciz aciz qaldığını zənn edərək Əbu Talibə xitabən :

"Ey əmim! Vallahi əgər bu işi tərk etməyim üçün günəşi sağ əlimə və ayı da sol əlimə qoysalar, Allahın dinini qalib edənə qədər və ya mən bu yolda ölənə qədər bu ilahi vəzifədən əl çəkmərəm." buyurdu.

Bundan sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) tez qalxıb yeridi və ağladı. Əbu Talib, Rəsuli-Əkrəmin belə kədərlənərək qalxıb getdiyini gördükdə onu çağırıb :

Gəl ey qardaşımın oğlu. dedi. Rəsulullah da geri qayıtdı. Əbu Talib :

"Ey qardaşımın oğlu, sən get işinə bax, istədiyini danış, vallahi mən sağ olduqca onlar sənə bir şey edə bilməzlər." dedi.

Qureyşdən qəribə bir təklif və Əbu Talibin verdiyi gözəl cavab [/b]

Qureyşlilər bu xəbərdarlığın bir nəticə vermədiyini, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın eyni şəkildə təbliğ vəzifəsini davam etdirdiyini, Əbu Talibin də qardaşı oğluna yardım etdiyini gördükdən sonra öz aralarında düşünüb daşınmağa başladılar. Nəticədə qərib bir təklif üzərində fikir birliyinə gəldilər. Muğirə b. Vəlid b. Əmmarəni gətirib Əbu Talibin yanına gəldilər. Və :

"Ey Əbu Talib! Bu Vəlidin oğlu Əmmarədir. Qureyş qəbiləsi içində ən qüvvətlisi və onların içində ən gözəl gəncdir. Onu al. Onun diyəti də, yardımı da sənə aiddir. Onu övladlığa götür, o sənindir. Bunun əvəzində bizə, sənin və atalarının dininə qarşı çıxan, qövmün camaatını ayıran və onları ağılsız sayan bu qardaşının oğlunu bizə təslim et ki, onu öldürək. Sənə bir adamın qarşılığında bir adam veririk." dedilər. Bunun üzərinə Əbu Talib :

"Vallahi mənə nə pis bir təklif edirsiniz. Sizin üçün baxıb bəsləyim deyə oğlunuzu mənə verirsiniz ki, mən də oğlumu öldürməyiniz üçün verim? Vallahi,bu əbədiyyən olmaz!" dedi.

[b]Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a qarşı edilən hücumlar

Qureyşlilər taktika və təziqlərlə bir şey əldə edə bilməyəcəklərini anlayınca, bu dəfə şəxsən Allah Rəsulu (Səllallahu Aleyhi və Səlləm)`ə qarşı hücumlar etməyə başladılar. Ümumi olaraq müsəlmanlara tətbiq etdikləri təziq və işkəncələrini də artırdılar.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), izzət sahibi, heybətli və möhtərəm olduğundan dolayı, hər kəs ona hücum etməyə cəhd edə bilmirdi. Ona hücum edənlər daha çox Qureyşin liderləri və böyük şəxsiyyətləriydi.

Əbu Ləhəb, Hakəm bin Əbul-As bin Ümeyyə, Ukbə bin Əbu Muayt, Adiyy bin Həmra əs-Səqafi və İbnil-Asdail Əzli kimi şəxslər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın qonşuları və ona evində işkəncə edən şəxslərdir. Namaz qıldığı əsnada üstünə heyvan baqğırsağı atmaq, üstünə zibil atmaq kimi adi hücumlar etmişdilər. Onların bu hücumlarına Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) qarşılıq verməz, sadəcə : "Ey Mənaf oğulları, bu necə qonşuluqdur?" deməklə kifayətlənirdi.

Ümeyyə bin Xələf, onu (Səllallahu Aleyhi və Səlləm) gördüyü hər yerdə söyər, ayıblayar və lağ edərdi.

Qardaşı Übeyy bin Xələf isə, onu gördükdə : "Ey Məhəmməd, mənim bir atım var. Onu səni öldürmək üçün bəsləyirəm." deyərdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona belə cavab vermişdir : "Əksinə, inşəallah mən səni öldürəcəyəm." Həqiqətən də Uhud döyüşündə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu öldürmüşdür. Bu şəxs bir gün quru bir sümüklə Məhəmməd (Səllallahu Aleyhi və Səlləm)`in yanına gəlmiş, sonra da o quru sümüyü toz halına gətirərək üzünə üfürmüşdür. Yenə bu şəxs qardaşı Ukbənin Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gedib quran dinlədiyini eşitmiş və ona "Məhəmmədin üzünə tüpürmədikcə səninlə danışmaram dedmiş, o da istəniləni etmişdir."

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in öz əmisi olan Əbu Ləhəb isə, dəvətin ilk günündən etibarən ona düşmən kəsilmiş, etmədiyi pislik qalmamışdır. Peyğəmbərimizin qızları Ruqiyyə və Ümmü Gülsüm bu şəxsin oğulları Utbə və Uteybənin nigahları altında idilər. Oğullarına : "Məhəmmədin qızlarını boşamadıqca, başım sizin başınıza haramdır." demiş, onlar da atalarının dediyini etmişdilər. Eyni şəkildə Əbu Ləhəbin arvadı Ümmü Cəmil də Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə qarşı bir çox çirkin hücumlar etmişdir. Tikanlı kolları toplayar, gecə olduqda onları Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in yoluna döşəyərdi.

«Əbu Ləhəbin əlləri qurusun, qurudu da!» ayələrini eşidəndə əli daşla dolu olduğu halda Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı axtarmağa başladı. Allahın Rəsulu isə, o əsnada Əbu Bəkr ilə birlikdə Kəbədə oturmuşdular. Allah bu qadının bəsirətini aldı. Sadəcə Əbu Bəkri görə bilirdi. Ona dostun Məhəmməd hardadır? Eşitdim ki, məni həcv edib. Onu tutsam, bu daşları üstünə atacağam. Vallahi, mən şairəyəm deyərək :

"Müzəmmimə üsyan etdik,
Biz onun işini qəbul etmədik.
Dinini rədd etdik." Şəklində bir şeir söyləmişdir.

O ayrıldıqdan sonra, Əbu Bəkr (radiyəllahu anhu) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a : Ey Allahın elçisi, səni görmədimi? deyə soruşmuşdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) da : "Məni görə bilmədi. Allah bəsirətini aldı." buyurdu.

Qureyşin Rəsulullaha qarşı söyüş şəkillərindən biri də ona Məhəmməd deyil, Müzəmmim demələriydi. [Məhəmməd təriflənmiş, Müzəmmim isə, pislənilmiş deməkdir. (tərc)] Beləcə, Allah onların Məhəmmədə deyil, Müzəmmimə söymələrini təqdir buyuraraq Rəsulunu qorumuşdur.

Ahnəs bin Şərik əs-Səqafi də Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a hücum edənlərin arasındaydı.

Əbu Cəhlə gəldikdə, sanki, Allah yolundan döndərmək vəzifəsini yüklənmiş kimiydi. Allah Rəsuluna diliylə və əliylə hər fürsətdə işkəncə edər, namaz qılmağa mane olardı. Sonra da etdiklərini lovğalana-lovğalana danışardı. Bir gün Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) namaz qılarkən boğazına sarılıb təhqir etdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) də : «Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!» (Qiyamə 34-35) şəklində cavab verdi. Buna qarşılıq Əbu Cəhl : "Məni təhdidmi edirsən, ey Məhəmməd? Sən və Rəbbin mənə bir şey edə bilməzsiniz. Mən yeriyənlərin ən izzətlisiyəm." deyə qarşılıq verdi.

Bir gün dostlarıyla oturarkən, Əgər Məhəmmədi görsəm, başını qopardacağam. dedi. Bu məqamda Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) namaza durdu. Əbu Cəhl bir az Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə yaxınlaşmışdı ki, birdən qəflətən geri qayıtdı, əlləriylə bir şey qovalayırmış kimi hərəkətlər edirdi.

Sənə nə oldu, Ey Əbu Hakəm! dediklərində, Məhəmməd ilə mənim aramda atəşdən bir çuxur və qanadlar vardı. dedi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra belə buyurmuşdur : "Əgər mənə yaxınlaşsaydı, mələklər onu parça-parça edərdilər."

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bir gün Kəbədə namaz qılmaqdaykən, Əbu Cəhl və dostları bir-birinə "Aranızda kim gedib heyvan leşi gətirib Məhəmmədin üzərinə atacaq?" deyə soruşdular. İçlərindən ən bədbəxtləri Ukbə bin Əbu Muayt gedib bir leş gətirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səcdəyə getdikdə, əlindəki pisliyi üstünə atıb gülməyə başladılar. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) isə səcdədəydi və başını qaldırmırdı. Fatimə gəlib o pisliyi atana qədər o halda qaldı. Sonra belə buyurdu : Allahım! Qureyşi sənə həvalə edirəm. Bu dua müşriklərə ağır təsir etdi. Çünki, o məqamda edilən duanın müstəcəb olacağını bilirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra adba-ad saydı və o adları sayılan şəxslərin hamısı Bədr döyüşündə öldürüldü.


Tarix: 03.05.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 237 Bölmə: Maraqlı melumatlar
loading...