Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəlifəni Utandıran Alim

Hicri II əsrdə yaşamış məşhur alimlərdən Osman ibn Əta Xorasani rəvayət edir: Atamla birlikdə Xorasandan çıxıb Şama – xəlifə Hişam ibn Əbdülməlikin görüşünə gedirdik (Osmanın atası Əta Xorasani öz zəmanəsinin məşhur hədis ravilərindən sayılırdı).

Yolda ulağa minmiş yaşlı bir adam rastımıza çıxdı. Əyninə yamaqlı cübbə geyinmiş, başına köhnə araqçın qoymuşdu. Ayaqlarında taxta başmaq vardı. Onun qiyafəsini görəndə məni gülmək tutdu. Yaşım az idi, hələ ağlım kəsmirdi. Atam mənim gülməyimi görəndə acıqlı səslə dedi: “Sakit ol. Bu gördüyün adam Hicaz fəqihlərinin başçısı Əta ibn Riyahdır”.

Əta bizə çatanda atamla qucaqlaşıb görüşdü. Məlum oldu ki, o da Şama gedir. Yolumuza birlikdə davam etdik. Diməşqdə Hişamın sarayının qapısına çatıb içəri girməyə icazə istədik. Xəlifə həmişəkinə rəğmən bizi çox gözlətmədi, Əta ibn Riyahın gəldiyini eşidəndə bizi tez içəri dəvət etdi.

Saraya girəndə Hişam bizi qarşıladı, qollarını Ətanın boynuna dolayıb, “xoş gəlmisən” deyə onu öz taxtına tərəf apardı, Ətanı taxtın üzərində özü ilə diz-dizə əyləşdirdi. Bütün saray əyanları xəlifənin Ətaya göstərdiyi hörməti təəccüblə seyr edirdilər. Hamı maraqlanırdı ki, xəlifə bu köhnə və yamaqlı paltar geyinmiş qocaya niyə bu qədər ehtiram göstərir.

Hişam üzünü Ətaya tutub soruşdu: “Ey Əba Mühəmməd! Nə ehtiyacın varsa söylə”. Əta cavab verdi: “Məkkə və Mədinənin əhalisi dindar adamlardır, Peyğəmbərin qonşularıdır (yəni Peyğəmbərin qəbri bu bölgədə yerləşir). Onlar üçün beytül-maldan təyin edilmiş pay yubadılır. Onların payını vaxtında çatdır, bu adamları incitmə”. Hişam yaxınlıqda durmuş katibinə işarə verdi ki, Ətanın xahişini qeydə alsın və icra olunmasına nəzarət etsin. Sonra soruşdu: “Başqa nə xahişin var?” Əta dedi: “Nəcd və Hicaz camaatı İslamı ilk qəbul edənlərdəndir, ən məşhur və şərəfli qəbilələr burada yaşayır. Onlar üçün ayrılmış payı da gecikdirmə”. Hişam bu xahişin də dərhal yerinə yetirilməsini əmr etdi. Yenə Ətadan nə istəyi olduğunu soruşdu. Əta söylədi: “İslam sərhədlərində düşmənlə üzbəüz duran və lazım gələrsə canını fəda etməyə hazır olan əsgərlərin məvacibini artır. Əgər onlar olmasalar, düşmənlər məmləkətin içərilərinə soxularlar”. Xəlifə bu xahişin də icrasına əmr verdir. Sonra Əta əhli-zimmə (müsəlman torpaqlarında yaşayan xristian və yəhudilər) ilə ədalətli davranmağı tövsiyə etdi.

Xəlifə yenə ondan nə istəyi olduğunu soruşdu. Əta cavab verdi: “Bəli, səndən yenə istəym var, ey Hişam! İstəyim budur ki, Allahdan qorxasan, özünü axirət günündə cəzadan necə xilas etmək haqqında düşünəsən. Bil ki, anadan olanda necə tək-tənha idinsə, ölüm anında da o cür tənha olacaqsan. Ölüm mələyi sənin ardınca gələcək, ətrafındakıların içindən yalnız səni aparacaq. Qəbirdə tənha yatacaqsan, qiyamət günündə qəbir çuxurundan tənha qalxıb əməllərinin cavabını vermək üçün məhşərə gedəcəksən. Gərək bu dünyada ikən əməllərinin hesabını aparasan. Çünki o biri dünyada təkbaşına cavab verəcəksən. Allaha and olsun, yanında duran, dünya malı və vəzifə üçün ətrafını bürüyən bu adamların heç biri sənin dadına yetməyəcək”.

Hişam bu sözləri eşidəndə zar-zar ağlamağa başladı. Əta sözlərini bitirib qalxdı və saraydan çıxdı. Uzaqlaşmamışdı ki, Hişamın göndərdiyi bir qul onu haqlayıb, əlindəki pul kisəsini ona verdi və dedi: “Bunu xəlifə sizin üçün göndərib”. Əta pul kisəsinə əlini də toxundurmadan söylədi: “Mən verdiyim nəsihətə görə muzd almıram, əvəzini Allahdan istəyirəm. Görmədinmi, Hişamın sarayında onun haram malından bir qurtum su belə, içmədim. İndi güman edirsən ki, onun göndərdiyi bu pulu alacağam?” Əta bunu söyləyib öz yoluna davam etdi.

islam.az


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar
loading...