beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qulağıma Bir Səs Gəldi(oxumaga Deyer)

Onların duyduğu, daddığı həqəqətlərə əlim çatmasa belə söylədikləri fikirlərə etimadım nədənsə digərlərinin yanaşmasından daha çox olub. Xanım Fatimənin şəhadəti günlərində elmi bir məqalə hazırlamağı düşünürkən, yenicə oxuduğum bir hədisin cazibəsi ilə bu fikrimdən vaz keçib qələmin meylini ariflərimizin nəzərinə yönəltdim. Xüsusilə də son zamanlar daha çox müraciət etdiyim, elminin zənginliyi, söhbətinin şirinliyi, fikrinin dərinliyi ilə məni məftun etmiş böyük əxlaq ustadı Abdullah Fatiminiya cənablarının nəzərlərini paylaşmağı qərara aldım. Müqəddiməni çox uzatmayaq, keçək əsas mətləbə.
İslam peyğəmbərinin dilindən belə bir hədis söylənilir: “Allahın yaratdığı ilk şey mənim nurum oldu. Sonra hər bir xeyri ondan yaratdı”.
Ariflərimizin nəzərinə görə, bütün varlıq aləmi öz varlıq rəngini, yaranış nüvəsini Əziz İslam Peyğəmbərinin (s) nuru vasitəsilə əldə etmişdir. Əgər həmin nur olmasaydı, digər varlıqların varolma imkanı da olmayacaqdı. Bu nur ariflərin dilində “muhəmmədiyyə həqiqəti” adlandırılır. Məna aləmində Muhəmməd peyğəmbər (s) bütün peyğəmbərlərin atası hesab olunur. Çünki onun nuru olmasaydı, onlar da xəlq olunmayacaqdı.
Əlbəttə, bu fikri asanlıqla hər kəs nə dərk, nə də qəbul edə bilir. Amma bunu da qeyd edim ki, ariflərin yanaşması öz yerində, bu məsələnin rasional izahı da var və sırf elmi müstəvidə də öz təsdiqini tapır. Hələlik fəlsəfi çözümü bir kənara qoyub ağzımızın dadını qaçırmayaq və nəzərimdə tutduğum kimi, ariflərin nəzərinə diqqət yetirək.
Həzrəti -Muhəmmədin (s) nuru Xanım Fatimə (s.ə) və imamların nuru ilə eynilik, yəni bir vəhdət təşkil edirlər. Bu arada Xanım Fatimeyi – Zəhranın (s.ə) nuru öz parlaqlığı ilə seçilir. Bəzi müfəssirlərin rəyinə görə, nur ayəsinin batini Xanım Fatimeyi – Zəhradır (s.ə). Məhz, Xanım Fatimeyi – Zəhranın (s.ə) varlığı üzərində bu ayə öz gerçəkliyini əldə edir. Bildiyimiz kimi, Xanım Fatimənin (s.ə) məşhur ləqəblərindən biri də “Zəhra”dır. Xanıma “zəhra” ləqəbinin verilməsi də təsadüfü olmamışdır. Zəhra sözünün mənası parlayan, nurverən deməkdir. Məsumlarımızın sahib oldqları ləqəblər təsadüfü olmayıb, hamısı məna aləmindən Allah -Taalanın işarəsi ilə verilmişdir. Məsumların nuru Allahın dəyişməz yaradılış qanunauyğunluqları sırasında daim öz nurunu ətrafa saçmaqdadır. Yer üzündə olan hər bir kəs Fatimeyi-Zəhranın (s.ə) vücudunun bərəkəti sayəsində var olmuşdur. Bu cəhətinə görədir ki, ariflər bütün şəfaətlərdə Xanım Zəhranın (s.ə) imazasını zəruri hesab edirlər. Allah-Taalanın izni ilə məsumlara təvəssül edərək öz şəfaətlərini əldə edən hər bir kəsin Xanım Fatimeyi-Zəhranın (s.ə) nurundan bir bəhrəsi olmuşdur. Bu nur öz ziyasnı daim yer üzünə göndərməkdədir və bu nuru almaq isə hər kəsin öz özhdəsindədir. Xanım Fatimənin (s.ə) nurunu almaq insanın öz vəzifəsinə əməl etməsi, Allaın göstərdiyi yolla addımlaması ilə mümkün olur. Yəni Allah tərəfindən məsumların nuru vasitəsilə yer üzünə göndərilən feyz dalğası hamı üçün gəlir, amma bu dalğanı qəbul edəcək “qəlb antenası” nurun mənbəyinə tərəf yönəlməlidir ki, bu nuru qəbul etsin. Dinin əsas məqsədlərindən biri də insan ruhunu öz əzəli mənbəyinə yönləndirməkdən ibraətdir. İnsan ruhunun öz kordinatını itirib yanlış istiqamətə – dünyəvi həvəslərə köklənməsi onun ilahi feyzdən məhrum olmasına səbəb olur. Bu barədə əxlaq ustadı Abdullah Fatiminiyanın bir xatirsəsi var, maraqlı olduğu üçün burda xatırlamağımız yerinə düşərdi.
Əllamə Təbabatəbainin şagirdlərindən olan Fatiminiya nəql edir ki, Əllamənin xas tələbələrindən biri bir gün məni evinə dəvət etdi və söhbət əsnasında Əllamə ilə aralarında olan bu əhvalatı mənə danışdı, dedi: “Bir gün bir işlə əlaqədar ustad Təbatəbainin evinə yollandım. Nə qədər qapını döydümsə açan olmadı, qapının ağzında bir az durub gözlədim, amma səs-soraq çıxmadı. Bu an qulağıma bir səs gəldi, bunları dedi: “ Qapını döymə. Ağa Təbatəbai yeni qəbiristanlığa gedib”.
Yan-yörəmə göz gəzdirdim, ətrafa boylandım; ətrafda kimsə yox idi. Özlüyümdə dedim, gedirəm qəbiristanlığa, bu səsin nə olduğu, düz olub-olmadığı orda məlum olar.
Tələsik qəbristanlığa tərəf yol aldım. Qəbiristanlığa çatanda gördüm Əllamə Təbatəbai qəbirlərin arasında öz aləminə dalaraq asta-asta gəzişir. Mən özümü toplayıb ustada yaxınlaşdım, istədim deyəm ki, bəs başıma belə bir iş gəldi, hətta öz-özümə dedim, əgər ustad inanmasa, and da içəcəm ki, səs eşitdim. Ağzımı açıb danışmaq istəyirdim ki, Əllamə Təbatəbai məni qabaqlayıb dedi: “Əl-ayağın əsməsin, özünü niyə itirmisən? Belə səslərdən çoxdur, amma səsi tutan antena lazımdır”.
Mən həmişə böyük ustadlarımızın məsumların məqamı haqqında danışarkən – təvazökarlıq öz yerində – həqiqətən, çox ehtiyatla danışdıqlarını, bu məsələdə acizliklərini etiraf etdiklərini, heyrətdə qaldıqlarını görəndə təəcüb edirdim ki, axı nədir onları bu qədər heyrətləndirən? Amma sonra elə öz zəmanəmizdəki bəzi ustadlarımızın həyatına baxanda, onların vücudundakı əzəməti görəndə və bütün bunlar məni heyrətdə qoyanda az-çox ustadlaırn da məsumlarımızın əzəməti qarşısındakı heyrətlərini anlamağa başlayırdım. Ustad Abdullah Fatiminiyanın bu barədə səmimi bir etirafı oxşar durumu daha aydın bəyan edir: Mən hərdən Əllamə Təbatəbainin yanına gedir, onun mübarək çöhrəsinə tamaşa edərək öz-özümə deyirdim: “Bu insan bu əzəməti ilə ( seyid olması, o pak nəsildən olması etibarilə) Həzrəti- Zəhranın vücudunun bir zərrəsidir. Bu belədirsə, gör indi o böyük zatların əzəməti nə yerdədir?! Həqiqətən də, Ayətullah Seyid Əli Qazi, Əllamə Təbatəbai və bu kimi digər övliyalarımız Həzrəti -Zəhranın vücudunun bir zərrəsi olduqları üçün fəxr edər, nailiyyətlərinə görə Allahın feyzi olan o pak vücudlara minnətdar olduqlarını, yəni onların hər kəsə şamil etdikləri nurundan bəhrələndiklərini bildirərdilər”. Allah- Taala müvəffəqiyyət bəxş etsin və bizləri o nurun bəhrəsindən binəsib etməsin.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 128 Bölmə: Maraqlı melumatlar