beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəhənnəmdən Qalxan Duman

Tanrım! Yaratdığın cəhənnəmdən
qalxan duman səni görməyə qoymadı.
Kimdi günahkar?
Allahım, kimdi günahkar;
Bəndən günahdan doymadı?!
Cəhənnəmdən qalxan duman,
Səni görməyə qoymadı.


Tanrım, söndür cəhənnəmi,
Aydınlat hər şeyi, Tanrım!
Yerdəsən yeri, göydəsən,
Aydınlat göyü, Tanrım.


Barışdır mənnən şeytanı,
Bax, gör kim kimdən böyükdü.
Barışdır, qoy görüm sevgin
Nifrətdən, kindən böyükdü.


Gecənin oğludu gündüz,
Qəhqəhə dərdin-ahın.
Səndən özgə kim soyar
Savabımdan günahı.


Tanrım, gözəldi çarmıxda
İsa tək bir an yaşamaq.
Bir axar su tək sənnən də
Heç nə ummadan yaşamaq.


Mələklər səni görəcək,
Bir gün içimi yaranda.
Məni araçı qıl Tanrım,
Şeytanla sənin aranda.


Barışdır yeri göy ilə,
Bir mənə, bir şeytana bax.
Barışdır hər şeyi, görüm-
Necədi düşmənsiz yaşamaq.


Heç nə sürməz sonsuzadək,
Barışdır xeyri şər ilə.
Tanrım, özün də dön barış,
Yaratdığın bəşər ilə.


Allahım, kimdi günahkar,
Bəndən günahdan doymadı.
Cəhənnəmdən qalxan duman
Səni görməyə qoymadı.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Maraqlı melumatlar