beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YAXŞILIĞIN ƏVƏZİ

Hüccətül-Islam Şəfti XIX əsrin böyük din alimlərindən idi. Təqribən 1761-ci ildə ruhani ailəsində doğulmuş Seyyid Mühəmməd Baqir Şəftinin əsil-nəsəbi 22-ci nəsildən Imam Musa Kazimə (ə) gedib-çıxırdı.


Seyyid Şəfti səkkiz il Iraqda təhsil almış, Vəhid Bəhbəhani, Seyyid Əli Təbatəbai (Sahibi-Riyaz), Seyyid Bəhrül-ülum, Şeyx Cəfər Kaşifül-ğita kimi nəhəng alimlərdən bəhrələnmişdi. Bundan sonra Irana qayıtmış, Qum və Isfahan şəhərlərində Molla Mehdi Nəraqinin və Mirzayi-Qumminin dərslərində təhsilini tamamlamışdı. O, şiə (cəfəri) fiqhinin tarixində “hüccətül-Islam”, yəni Allahın dəlil-sübutu ləqəbi ilə tanınan birinci müctəhid sayılır. (Əhli-sünnə dünyasında bu ləqəbə layiq görülən ilk alim Əbu Hamid Ğəzzali olub).

Seyyid Şəfti öz müasirləri arasında böyük hörmətə malik idi. Siyasi hadisələrə fəal şəkildə nüfuz edirdi, hətta Iran hökmdarı Fəthəli şah Qacar onunla hesablaşmaq məcburiyyətində idi. Tarixi məlumatlara görə, alim həcc ziyarətinə gedərkən, Məkkə şəhərinin böyükləri və dörd əhli-sünnə məzhəbinin şeyxləri ona dərin ehtiram göstərmişdilər. Seyyid Şəfti Kəbə ətrafında edilən təvafın hüdudunu (ölçüsünü) dəqiqləşdirmək üçün Müqəddəs Evin ətrafında dairə boyunca yerə çubuqlar bərkitmişdi, əhli-sünnə alimləri təvafın bu göstərilən hüdudları ilə razılaşmışdılar. Seyyid Şəfti Ərəfatın sərhədlərini də dəqiqləşdirmişdi. O, hətta Həzrət Mühəmməd Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) hədiyyə etdiyi, sonra birinci xəlifə Əbu Bəkrin müsadirə edərək beytül-mala qatdığı Fədək bağlarını da o dövrdə Məkkəyə hakim olan Osmanlı dövlətindən alıb Ərəbistanın şiə seyidlərinə bağışlamışdı. O zamanlar Məkkədə həcc mövsümü vaxtı Kəbənin dörd küncü əhli-sünnənin dörd məzhəbi arasında bölünmüşdü və hər məzhəbin ardıcılları bu künclərin birində öz məzhəblərinə uyğun olaraq ibadət etmək hüququna malik idilər. Hüccətül-Islam Şəfti həccdə olarkən tarixdə ilk dəfə olaraq cəfərilər də Kəbənin şafiilərə məxsus olan küncündə açıq şəkildə ibadət etmişdilər.

Seyyid Şəfti 1844-cü ildə Isfahanda vəfat etmiş və həmin şəhərdə dəfn olunmuşdur.

Əksər alimlərdən fərqli olaraq, Seyyid Şəfti çoxlu sərvətə malik idi. Ölkənin müxtəlif şəhərlərində onun karvansaraları, dükanları vardı. Bunların qazancını camaatdan gələn xüms və zəkat pülları ilə birlikdə ehtiyaclılara paylayardı. Deyilənlərə görə, bəzən otağında pul və qızıl hündür təpə kimi qalaqlanardı və Seyyid Şəfti bunları ovucla götürüb kasıblara verərdi. Uzaq məmləkətlərdə də müqəllidləri olduğu üçün, şəriət vergilərini hər yerdən onun yanına göndərirdilər. Hətta Hindistan şiələri alimin hüzuruna fil yükü ağırlığında xüms-zəkat yollayırmışlar. Hüccətül-Islam Şəfti öz qazancından yalnız özünün və ailəsinin zahidanə yaşayışına bəs edəcək qədər pul götürər, qalan əmlakı Allah yolunda sədəqə verərdi. Onun səxavəti dillər əzbəri idi.

Seyyid Şəftinin bu bərəkətə hansı yolla nail olmasının maraqlı tarixçəsi var. Onun tələbəlik dövrü böyük maddi sıxıntı içində keçmişdi. Günlərlə ac qalır, bəzən acından huşunu itirirdi, dərslərə cırıq ayaqqabı ilə gedirdi.

Bir gün Isfahanda mədrəsədə oxuyarkən, rəhmətə getmiş bir adamdan ötrü vəhşət namazı qılmaq sifarişi alır. (Ölünün qəbrdə keçirdiyi ilk gecədə qorxu və vəhşətini yüngülləşdirmək, sorğu-sual mələklərinə verəcəyi cavabı asanlaşdırmaq üçün ondan ötrü müstəhəbbi namaz qılırlar. Vəhşət namazı adlanan bu namazı ya ölünün yaxınları qılır, ya da başqa bir adama muzd müqabilində sifariş edirlər). Seyyid Şəfti vəhşət namazı üçün muzdu alandan sonra fikirləşir ki, artıq neçə aydır dilinə ət xörəyi dəymir; bədəni lap zəifləyib. Yaxşı olar ki, bir az ət alsın, bişirib yesin. Bu fikirlə bazara gedir, amma ətin qiyməti baha olduğu üçün yalnız bir tikə qoyun ciyəri ala bilir. Ciyəri alıb mədrəsəyə qayıdır. Yolda bir xarabalığın kənarından keçəndə balalarının yanında uzanmış bir dişi köpək görür. Köpək acından üzülmüşdü, balalarına süd verməyə taqəti yox idi. Küçüklər ac-yalavac halda onun ətrafını bürümüşdülər. Seyyid Şəftinin köpəyə yazığı gəlir, əlindəki ciyəri ona verir. It ciyəri yeyəndən sonra üzünü səmaya tutub qəribə bir tərzdə ulayır. Seyyid Şəfti deyir ki, köpəyin bu yolla mənə təşəkkür etdiyini düşündüm.

Bu hadisədən cəmi bir neçə gün sonra alim üçün xəbər gəlir ki, yaxın qohumlarından biri rəhmətə gedib, bütün sərvətini də ona miras buraxıb. Vəsiyyətnamədə yazılmışdı ki, Seyyid Şəfti təcrübəli bir adamın köməyi ilə həmin pulu sərmayə kimi ticarətə qoysun, ticarətdən qazanacağı pulu istədiyi cür xərcləsin. Bu yolla Seyyid Şəfti külli miqdarda sərvət qazanır və ən varlı alimlərdən birinə çevrilir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 198 Bölmə: Maraqlı melumatlar