beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikah-Batil nikahlar

1.Batil nikahlar

2.Şiğar nikahı:

3.Muhəllil nikahı:

4.Mutə nikahı (Siğə):

5.Kişinin, boşamaq niyəti ilə qadınla nikah bağlaması:

6.Qadın hüquqları

7.Kişinin boynuna düşən qadın haqqı

Batil nikahlar
1. Şiğar nikahı: Bu, bir kimsənin öz qızını, bacısını, yaxud qəyyumu olduğu kimsəni qarşı tərəfə ərə verərək, əvəzində onun özünü, yaxud oğlunu və ya qardaşını qohumlarından bir qızla evləndirməsini, yaxud qızını, bacısını və ya bacısı qızını və ya başqasını qarşılıq olaraq ya evləndirməsi, ya da ərə verməsi deməkdir.
Belə qaydada bağlanan nikah, mehr verilib-verilməməsindən asılı olmayaraq, batil sayılır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə nikah bağlamağı qadağan etmiş və çəkindirmişdir. Uca Allah buyurur: «...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...»[1]. İki Səhih əsərdə İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını qadağan etmişdir»[2].
Səhih Müslimdə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını qadağan edərək dedi: Şiğar odur ki, bir kimsənin digərinə: sən mənə öz qızını ver, mən də sənə öz qızımı verim. Yaxud, sən mənə öz bacını ver, mən də sənə öz bacımı verim – deməsidir»[3].
Həmçinin digər hədisdə demişdir: «İslamda şiğar yoxdur»[4].
Bu səhih hədislər, şiğar nikahının haram, batil və Allahın şəriətinə zidd olmasını açıq-aşkar isbat edir. Göründüyü kimi Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu nikah zamanı mehr verib-verməmək hallarını istisna etmir.
Demək, İbn Ömərin (Allah ondan razı olsun) bir hədisində şiğar nikahının açıqlaması verilir və deyilir: «Şiğar, bir kişinin öz qızını digərinə evləndirib, əvəzində onun qızını istəməsi və arada mehrin olmamasıdır». Bu hədisin sonunda deyilən, «və arada mehrin olmamasıdır» - bu söz, əksər alimlərin qənaətinə görə İbn Ömərdən rəvayət edən Nafinin sözüdür, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözü deyil. Çünki əccəldə də qeyd etdiyimiz kimi, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını Əbu Hureyrənin hədisində açıqlamış və demişdir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şiğar nikahını qadağan edərək dedi: Şiğar odur ki, bir kimsənin digərinə: sən mənə öz qızını ver, mən də sənə öz qızımı verim. Yaxud, sən mənə öz bacını ver, mən də sənə öz bacımı verim – deməsidir». Gördüyünüz kimi burada o, mehrin olmaması haqqında söz etmir. Bu onu göstərir ki, belə nikahda mehrin verilib-verilməməsi onun haramlıq hökmünü dəyişmir. Burada haramlığın səbəbi dəyişmədir. Bu isə böyük fəsad törədən bir haldır. Çünki bu, qəyyumların öz istəklərini həyata keçirmək uğrunda, onların maraqlarını qadınların maraqlarından üstün tutaraq, qadınları istəmədikləri kişiyə zorla ərə verməkdir. Bu isə qadınlara qarşı edilən zülmdür, pis bir işdir. Həmçinin bu, qadınların, tay-tuşlarının aldıqları mehrdən məhrum edilməsi deməkdir. Biz bu gün də belə arzuolunmaz nikah bağlayanların həyatında bunu görürük - Allah yalnız istədiklərini qoruyur-. Eləcə də bu nikah evlilikdən sonra söz-söhbətlərə, münaqişələrə səbəb olur. Bu da Allahın şəriətinə müxalif olanın, təcili cəzasıdır.[5]

2. Muhəllil nikahı: Bu, üçüncü dəfə boşanmış qadını, birinci ərinə halal olsun deyə, gözləmə müddətindən sonra almaq və sonra boşamaqdır.
Bu növ nikah ən böyük günahlardan və fahiş işlərdəndir. İstər əvvəlcə, istərsə sonra bu nikahı etməyə sövdələşmək, yaxud qəlbində belə bir niyyət tutub evlənmək qadağandır. Onu edənə qarşı isə lənət olunmuşdur.
Əli (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə nikah bağlayanı və səbəbiylə bu nikah bağlanan kimsəni (birinci əri) lənətləmişdir»[6].
Uqbə ibn Amir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Sizə kirələnmiş keçi haqqında xəbər verimmi? Orada olanlar: Bəli, de ey Allahın rəsulu. O dedi: Bu, muhəllildir. Allah muhəllilə və səbəbiylə bu nikah bağlanan kimsəyə (birinci ərə) lənət etsin»[7].
Ömər ibn Nafi atasının belə dediyini rəvayət edir: Bir nəfər İbn Ömərin (Allah ondan razı olsun) yanına gəldi və arvadını üçüncü dəfə boşamış kişi haqqında soruşdu və dedi: Demək həmin adamın qardaşı onun arvadını ona halal olsun deyə, qardaşı ilə sövdələşmədən qadınla evlənmişdir. Belə halda qadın birinci ərinə halal sayılırmı? İbn Ömər dedi: Xeyr evlənə bilməz. Yalnız könüllü nikah bağlandıqdan sonra evlənə bilər. Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında belə işi zina hesab edirdik.[8]

3. Mutə nikahı (Siğə):
Bu nikah, müvəqqəti və ya kəsik nikah adları ilə də adlanır. Mahiyyəti isə bundan ibarətdir ki, kişi qadınla bir günlük, yaxud bir həftəlik, bir aylıq və ya bir müddətlik nikah bağlayır.
Belə nikah yekdil olaraq haram sayılır. Hətta nikah bağlansa da batil sayılır[9].
Səburə deyir ki, «Fəth ilində Məkkəyə daxil olarkən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə siğə etməyi əmr etdi. Sonra oradan çıxmamış artıq bunu bizə qadağan etdi»[10].

Kişinin, boşamaq niyəti ilə qadınla nikah bağlaması:
Şeyx Seyyid Sabiq "Fiqhus Sünnə" kitabında (2/ 38) deyir:
"Fiqh alimləri yekdilliklə demişlər ki, kim bir müddət keçdikdən və ya həmin ölkədə işini bitirdikdən sonra qadını boşayacağını niyət edib nikah zamanı vaxt amilini şərt qoymadan evlənərsə onun evliliyi doğrudur.
Əvzai isə bu rəyə qarşı çıxaraq bunu siğə adlandırmışdır.
Şeyx Rəşid Rza "Təfsirul Mənar" əsərində bu sözlərə açıqlama verərək demişdir:
Sələf alimlərinin siğə nikahını qadağan etməsində şiddətli mövqe tutması, boşanmaq niyəti ilə evlənməyin də qadağan edilməsini labüd edir. Düzdür, fiqh alimləri evlənərkən boşamağı niyət edib amma bunu nikahda dilə gətirməməklə bağlanan nikahın doğru olduğunu deyirlər.
Lakin onun belə bir niyətini gizlətməsi xəyanət və yalandır. Belə bir nikahın batil olması daha labüddür, nəinki nikah bağlayarkən ər-arvad və onların qəyyumlarının razılığı ilə kəsilən müvəqqəti siğə nikahı. Belə nikahın bağlanması, bəşəriyyətin ən dəyərli bağlılığı sayılan nikahı, dəyərsiz etməkdən başqa bir şey deyil. Bununla, ehtiras hisslərinin ardınca qaçan kişi və qadınlar nikahı oyuncağa çevirmişlər. Hələ bu kimi nikah bağlantılarının bir çox başqa fəsadları da mövcuddur.
Boşanmaq niyyəti ilə evlənib bunu qadından və onun qəyyumlarından gizlətmək xəyanət və yalan olmaqla yanaşı bir çox fəsadlara: düşmənçiliyə, nifrətə və həqiqi evlənib ümmətin bir hissəsini təşkil edən namuslu ailə qurmaq istəyənlərə qarşı inamsızlığın yaranmasına – səbəb olur".
Mən isə deyirəm ki, Şeyx Rəşid Rzanın söylədiyi bu fikri dəstəkləyən rəvayət Ömər ibn Nafinin atasından nəql etdiyi rəvayətdir. Rəvayətdə deyilir: «Bir nəfər İbn Ömərin (Allah ondan razı olsun) yanına gəldi və arvadını üçüncü dəfə boşamış kişi haqqında soruşdu və dedi: Demək həmin adamın qardaşı onun arvadını ona halal olsun deyə, qardaşı ilə sövdələşmədən qadınla (boşanma niyyəti ilə) evlənmişdir. Belə halda qadın birinci ərinə halal sayılırmı? İbn Ömər dedi: Xeyr evlənə bilməz. Yalnız könüllü nikah bağlandıqdan sonra evlənə bilər. Biz Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında belə işi zina hesab edirdik»[11].

Qadın hüquqları
Ailə, cəmiyyətin formalaşması üçün qoyulan ilk kərpicidir. Əgər o islah olunarsa cəmiyyət də saflaşar, fəsadlı olarsa cəmiyyət də korlanar. Elə buna görə də İslam şəriəti ailəyə çox böyük önəm vermiş, onun sağlam qalması və xoşbəxt olması üçün qayda-qanun qoymuşdur.
İslam şəriəti ailəni, iki nəfərin şərik olduğu müəssisəyə bənzətmişdir. Müəssisənin birinci məsul şəxsini kişi etmişdir. Uca Allah buyurur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, var-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar...»[12].
İslam şəriəti hər iki şərikə bir-birilərinin üzərinə düşən qarşılıqlı hüquqlar vermişdir. Belə ki, bu hüquqların qorunması həmin müəssisənin sabit olmasını və şərikliyin davam etməsini təmin edir. Həmçinin İslam şəriəti hər iki şərikin öhdəsinə düşən vəzifəsini yerinə yetirməyə və bəzi hallarda qarşı tərəfin göstərdiyi haqsızlığa dözməyə təşviq etmişdir.

Kişinin boynuna düşən qadın haqqı
Uca Allah buyurur: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir...»[13].
Ərlə arvad arasında olan sevgi, başqa heç bir cütlükdə ola bilməz. Uca Allah ərlə arvadın dəvamiyyətli sevgili və mərhəmətli olmalarını sevdiyindən, bu ünsiyyət qorunub saxlansın deyə müəyyən hüquqlar əmr etmişdir. Belə ki, bu hüquqların qorunmasıyla sevgi və mərhəmətin tükənməsi və ya itməsinin qarşısı alınır. Uca Allah buyurur: «(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində eyni hüquqları vardır...»[14].
Bu kəlmələr qısa olsalar da onalrın ehtiva etdikləri təfsilatı toplamaq üçün böyük bir kitab yazmaq lazım gələr. Bu, yalnız bir haldan başqa, digər bütün hallarda qadının kişi ilə eyni hüquqa malik olduğunu vurğulayan ümumi bir qaydadır. Həmin istisna olunan hüquq bu ayədədir: «...Ancaq kişilər onlardan bir dərəcə üstündürlər...»[15].
Uca Allah qadınların haqqını və ya qeyri haqqını bilməyi insanların öz yaşayışlarında, davranışlarında və ailələrində olan xoş münasibətlərdən götürməyi onlara həvalə etmişdir. İnsanların adət-ənənələri isə onların şəriətindən, etiqadlarından, ədəb-ərkanlarından və adətlərindən irəli gəlir. Ayənin bu cümləsi kişiyə həyatın bütün sahələrində öz arvadı ilə necə davranması haqqında bir ölçüdür. O qadından hər hansı bir işi tələb etdikdə düşünməlidir ki, tələb etdiyi şey eynilə onun özünə də aiddir. Ona görə də İbn Abbas (Allah onlardan razı olsun) deyərdi ki, «qadınım mənim üçün bəzəndiyi kimi, mən də onun üçün bəzənirəm»[16].
Həqiqi müsəlman qadının onun üzərində olan haqqlarını etiraf etməlidir. Necə ki, uca Allah bu ayədə buyurur: «(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində eyni hüquqları vardır...».
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisdə deyir: «Həqiqətən sizin qadınlarınız üzərində, qadınlarınızın da sizin üzərinizdə haqqları vardır»[17].
Dərrakəli müsəlman öz haqqının ödənib-ödənməməsinə baxmadan, daima qadınının haqqını ödəməyə çalışır. Çünki belə müsəlman onların arasında sevgi və mərhəmətin dəvamiyyətli olmasını daha üstün sayır. Həmçinin onların ayrılması üçün fürsət axtaran şeytana macal vermək də onun hədəfidir.
«Din nəsihətdir!» sözünün riayətçisi olaraq birinci kişinin boynuna düşən qadın haqqlarını, sonra isə qadının boynuna düşən kişi haqqlarını sadalamaq istərdik. Bəlkə bu səbəblə ər və arvadlar düşünər, haqqı və səbri tövsiyə edənlərdən olarlar.
«Həqiqətən qadınlarınızın sizin üzərinizdə haqqları vardır».
1. Kişi qadınla mülayim həyat tərzi sürməlidir. Uca Allah buyurur: «...Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin...»[18]. Demək kişi qadının qida və geyim ehtiyaclarını ödəməli, özbaşınalıq etməsindən qorxduğu halda Allahın buyurduğu qaydada onu tərbiyələndirməlidir. Tərbiyələndirmə ilk olaraq gözəl nəsihətlə, söyüşsüz, təhqirsiz və ya kobudluq edilmədən olmalıdır. Əgər qadın bununla yola gəlməzsə onda yatağını ayırmalıdır, yenə də yola gəlməzsə onda üz istisna olmaqla bədənin digər yerlərinə yüngül şəkildə vurmaqla tərbiyələndirə bilər. Elə bu haqda uca Allah buyurur: «...(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!»[19].
Həmçinin Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Qadınımızın bizim üzərimizdə olan haqqı nədir?" – deyə soruşduqda belə cavab vermişdir: «İstədiyi vaxt yedirtmək, istədiyi vaxt geyindirmək. Həmçinin üzünə vurmamaq, kobudluq etməmək və yalnız evdə olarkən yatağını ayırmaq»[20].
Kişinin öz ailəsi ilə mülayim və xoş davranması onun əxlaqının kamilliyinin və imanının artımının aşkar əlamətidir. Necə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Möminlərin ən mükəmməl imana sahib olanı ön gözəl əxlaqlı olanıdır. Sizin ən xeyirliniz isə qadınları üçün xeyirli olanınızdır»[21].
Kişinin qadına qarşı xoş davranması onun yüksək şəxsiyyətliliyindən xəbər verir. Ona xəyanət etməsi və alçaltması isə onun rəzalətindən və alçaqlığından irəli gəlir.
Kişinin qadınla xoş davranma nümunəsi onunla mülayim davranıb, oynaqlaşmasıdır. Bu işdə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) özünə örnək götürməlidir. Demək o, Aişə ilə mülayim davranar və yarışardı. Hətta Aişə (Allah ondan razı olsun) deyir ki, «bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənimlə yarışdı və mən onu ötdüm. Mən kökəldikdən sonra mənimlə yarışıb məni ötdü və dedi: Bu, ötən yarışmanın əvəzinə idi»[22].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ailə ilə oynamaq xaric, digər oyunları faydasız saymış və demişdir: «Adəm övladının oynadığı bütün oyunlar faydasızdır, yalnız üçündən başqa: Ox atmaq, atına təlim keçmək və ailəsi ilə oynaqlaşmaq. Bunlar həqiqətən də haqqdandır»[23].
2. Qadının kişi üzərində olan haqqından biri onun əziyyətinə səbr etmək və etdiyi nalayiq hərəkətləri bağışlamaqdır. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Mömin kişi mömin qadına nifrət etməsin. Onun bir əxlaqi xüsusiyyətini xoşlamasa, digərini xoşlar»[24].
Həmçinin demişdir: «Qadınlarla xoş davranın həqiqətən onlar qabırğadan yaradılmışlar. Qabırğanın ən əyri yeri isə baş hissəsidir. Sən onu düzəltmək istəsən sındıracaqsan. Olduğu kimi saxlasan əyri olaraq qalacaqdır. Qadınlarla xoş davranın»[25].
Bəzi sələfilər deyərdilər: Qadınla gözəl əxlaqlı davranmaq ona yaxşılıq etmək demək deyil. Ona yaxşılıq etmək onun əziyyətinə dözmək, qəzəbli və təlaşlı halında mülayim olmaqdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə edərdi. Demək yoldaşları onun yanına gələr və səhərdən axşama qədər ondan küsülü qalardılar[26].
3. Qadının kişi üzərində olan digər haqqı onun şərəfinə, namusuna ləkə gətirən şeylərdən onu qorumaq, mühafizə etmək, açıq-saçıq olmaqdan çəkindirməkdir. Həmçinin naməhrəm kişilərlə qaynayıb qarışmasının qarşısını almaq, onun ehtiyaclarını tam ödəməli və lazımi qaydada keşiyində durmalıdır. Ona əxlaq və din işlərində əyri yolda düşməməyə kömək etməlidir. Ona günah işlətməyə, yaxud Allahın və rəsulunun əmrindən kənara çıxmağa macal verməməlidir. Belə ki, kişi onun məsuliyyət daşıyan hamisi, himayədarıdır. Uca Allah buyurur: «Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər)...»[27].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kişi ailəsinin hamisidir və o, tabeçiliyində olanların məsuliyyətini daşıyır»[28].
4. Qadının kişi üzərində olan digər haqqı, kişinin ona dinin zəruri əmrlərini öyrətməsi, yaxud elmi məclislərə getməsinə icazə verməsidir. Belə ki, onun dinini öyrənməsi, mənəviyyatını gücləndirməsi yeməyə və içməyə olan ehtiyacından heç də az əhəmiyyət daşımır. Bu, uca Allahın aşağıdakı ayəsindən götürülmüşdür: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır...»[29].
Qadın da ailənin bir üzvüdür. Onu, iman və saleh əməllərlə oddan qorumaq mümkündür. Əməlin saleh olması və şəriətin tələb etdiyi qaydada yerinə yetirilməsi üçün isə elm və bilik gərəkdir.
5. Qadının kişi üzərində olan digər haqqı, kişinin ondan Allahın dininə əməl etməyi tələb etməsi və namazları vaxtında qılmasını əmr etməlidir. Uca Allah buyurur: «Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et...»[30].
6. Qadının digər hüququ ehtiyacı olduğu zaman kişinin ona evdən çıxmağa icazə verməsidir. Məsələn bu ehtiyac camaat namazına getmək, öz ailəsini, qohumlarını və ya qonşularını ziyarət etmək ola bilər. Lakin bir şərtlə ki, kişi qadına cilbab (bədəni tam örtən geniş paltar) geyinməsini, açıq-saçıq olmamasını, naməhrəmlərin diqqətini cəlb etməsin deyə ətirlərdən istifadə etməməyi, yad kişilərlə qaynayıb-qarışmamağı və onlara əl verib görüşməməyi, televizorda nalayiq şeyləri seyr etməməyi və musiqi dinləməməyi əmr etməlidir.
7. Qadının digər haqqı kişinin onun sirrini və eyiblərini açmamasıdır. Çünki kişi onun qayğıkeşi və hamisi sayılır. Ən təhlükəlisi yataq sirrlərinin açılmasıdır. Ona görə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə sirlərin açılmasını qadağan etmişdir. Demək Əsma bint Yezid deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanındaydım və orada başqa kişi və qadınların da əyləşmişdilər. Bu zaman Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Bəlkə hansısa kişi ailəsi ilə etdiyini, qadın da əri ilə etdiyini başqasına danışır? Hamı sakit durdu. Mən isə dedim: Bəli, ey Allahın elçisi, Allaha and olsun ki, bunu qadınlar da edir, kişilər də. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Belə etməyin. Bu, yolda gedən bir şeytanın qarşısına çıxan şeytanı ilə, insanların gözü önündə cinsi əlaqəyə girməsinə bənzəyir»[31].
8. Qadının kişi üzərində olan digər haqqı kişinin öz işlərində onunla məsləhətləşməsidir. Ələlxüsus onlara və övladlarına aid məsələlərdə. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınları ilə məşvərət edər və onların dediklərinə uyğun hərəkət edərdi. Onun belə bir hərəkəti Hudeybiyyə günü baş vermişdi. Demək sülh sazişi bağladıqdan sonra üzünü səhabələrə tutub: «Qalxın qurbanlarınızı kəsin, sonra başınızı qırxın». Rəvayətçi deyir: Allaha and olsun, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu üç dəfə təkrarladı amma heç kəs yerindən qalxmadı. O, heç kəsin qalxmadığını görüb Ummu Sələmənin (Allah ondan razı olsun) yanına daxil oldu və camaatın itaətsizliyini ona çatdırdı. Ummu Sələmə dedi: Ey Allahın Peyğəmbəri, sən bunu etməyi istəyirsənsə camaatın önünə çıx və heç kəsi dindirmədən dəvələrini kəs və bərbərini çağırıb başını qırxdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyilən kimi çıxıb heç kəsi dindirmədən deyilənləri etdi. Bunu görən camaat da qurbanlarını kəsib, bir-birilərinin başlarını qırxmağa başladılar. Sanki bir-birlərini öldürəcəklər kimi bir izdiham baş verdi[32].
Uca Allah Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaşı Ummu Sələmənin fikri ilə böyük xeyir bəxş etdi. Baş verən bu hadisə, qadınlarla məşvərət etməyi qadağan edən zülm və haqsızlıqla söylənmiş məsəllərə qarşı çıxan bir məsəldir. Belə zülm və haqsızlıqla söylənilmiş məsəllərdən birində deyilir ki, qadının məşvərəti fayda verərsə bir ili, fayda verməzsə bütün ömürü məhv edər.
9. Qadının kişi üzərində olan digər haqqı, kişinin işa namazından sonra birbaşa qadının yanına qayıtması, gecənin bir hissəsini evdən kənarda keçirməməsidir. Çünki bu, qadını təlaşlandırır və onu narahat edir. Həmçinin kişinin daim gecikməsi səbəbi ilə qadının qəlbinə vəsvəsə və şək-şübhə də gələ bilər. Nəinki bu, hətta kişinin evin daxilində qadından uzaq durub səhərə qədər oyaq qalması qadının haqqının pozulmasıdır. Qadının haqqı ödənilməmiş, hətta namaz qılmaq üçün belə hərəkət etmək olmaz. Elə bu baxımdan Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Abdullah ibn Amra gecələr oyaq qalmasını və qadınından uzaq durmasını etiraz etmiş və demişdir: «Arvadının sənin üzərində haqqı vardır»[33].
10. Qadının kişi üzərində olan digər haqqı, əgər kişinin başqa arvadı varsa onunla digər zövcələri arasında ədalətli olmasıdır. Kişi qadınları yedizdirməkdə, içizdirməkdə, geyim-keçimdə və gecələmədə ədalətli olmalıdır. Onun bu hüquqları pozmağa və ya zülm etməyə haqqı yoxdur. Çünki uca Allah bunu haram etmişdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Kimin iki arvadı olar və birini digərindən üstün tutarsa qiyamət günü gələrkən cəsədinin bir tərəfi şil olar»[34].
İslam qardaşlarım, bu qadınlarınızın sizin üzərinizdə olan haqqlarıdır. Sizə vacib olan, onların bu haqqlarını ödəməyə səy göstərmək və yorulmamaqdır. Həqiqətən bu haqları layiqincə ödəmək sizin ailə xoşbəxtliyinizi qorumanıza, evlərin sağlam olmasına, sizi narahat edən, sakitliyinizi, xoş ünsiyyətinizi və mərhəmətinizi pozan problemlərdən uzaq olmanız üçün bir səbəbdir.
Həmçinin qadınlara da tövsiyə edərdik ki, onların haqqlarını pozub naqilsik göstərən ərlərinin bu işinə böyük əhəmiyyət verməsinlər. Əksinə belə halda onlara daha gözəl xidmət göstərsinlər. Bununla evlilik həyatı xöşbəxt davam edə bilər.


Tarix: 02.05.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 712 Bölmə: Maraqlı melumatlar