beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (İmankitabı ) İman nədir və onun xüsusiyyətləri

Beşinci fəsil: İman nədir və onun xüsusiyyətlərinin bəyanı.

Əbu Səid əl-Xudridən (r.a) belə rəvayət olunur: “Peyğəmbərin (s.a.v) yanına Əbd əl-Qeys qəbiləsindən bir neçə nəfər gəlib belə dedi: “Ey Allahın Elçisi, biz Rabiə diyarındanıq. Səninlə bizim aramızda olan yol kafir Mudar qəbiləsinin ərazisidir, buna görə sənin yanına yalnız haram aylarda (Məhərrəm, Rəcəb, Zülqədə və Zülhiccə) gələ bilərik, bizə vacib olan bir şeyi əmr et ki, biz də başqalarına onu çatdıraq və ona əməl etsək, onunla Cənnətə girək.” Peyğəmbər (s.a.v) dedi: “Sizə dörd şeyi əmr edirəm, dörd şeyi qadağa edirəm: Allaha ibadət edin və Ona hec bir şeyi şərik qoşmayın, namaz qılın, zəkat verin, Ramazanda oruc tutun və qənimətin beşdə birini verin, və dörd şeyi qadağa edirəm: “Onlara dubə (quru balqabaqdan olan qab), həntəm (yaşıl saxsı) və müzəffəti (qırla sıvanmıs qab) (bu qablarda nəsə qıcqırtmağı) qadağan etdi. Onlar: “Ey Allahın Elçisi, bəs “nəqir” haqda nə bilirsən?” deyə soruşdular. O belə cavab verdi: “Bəli, (xurma ağacının) kötüyü ovub, içini çıxarıb içinə kiçik xurmalar atırsınız, (Səid belə demişdir: “Yaxud quru xurma”) sonra içinə su tökürsünüz. Elə ki köpüyü yatdı, onu içirsiniz. Hətta sizdən biri (və ya onlardan biri), əmisi oğlunu qılıncla vurur.” Gələnlərin içindən bu səbəbdən yara almış bir kişi belə dedi: “Peyğəmbərdən utandığımdan yaramı ondan gizlədirdim. Ondan: “Ey Allahın Elçisi, bəs hansı qablardan içək?” deyə soruşdum. O: “Ağzı bağlanan, aşılanmış dəridən olan su qablarından” deyə cavab verdi. Onlar belə dedilər: “Ey Allahın Elçisi, bizim ərazimizdə çoxlu siçovullar var, orada aşılanmışdəridən olan su qabları qalmır.” Peyğəmbər (s.a.v): “Onu siçovullar yesə belə, onu siçovullar yesə belə, Onu siçovullar yesə belə!” deyə təkrar etdi. Peyğəmbər Əbd əl-Qeys qəbiləsindən olan Əşəc adlı birinə belə demişdir: “Səndə Allahın sevdiyi iki xüsusiyyət var: hövsələ və tələsməmək.”

Altıncı fəsil: Allaha iman ən fəzilətli əməllərdəndir.

Əbu Zərdən (r.a) belə rəvayət olunur: “Peyğəmbərdən (s.a.v) “Ey Allahın Elçisi, hansı əməllər daha fəzilətlidir?” deyə soruşdum. O: “Allaha iman etmək və Allah yolunda vuruşmaq!” deyə cavab verdi. Mən: “Hansı köləni azad etmək daha əfzəldir?” deyə soruşdum. O: “Sahibləri üçun ən dəyərli və qiymətdə bahalı olanı.” deyə cavab verdi. Mən: “Əgər bunu edə bilməsəm?” deyə soruşdum. O: “Edənə kömək et, və ya bacarmayan üçün et!” deyə cavab verdi. Mən: “Ey Allahın Elçisi, bəzi əməllərdən aciz olsam necə?” deyə soruşdum. O: “Şərini insanlardan uzaq et, bu, səndən nəfsin üçün sədəqədir.” deyə cavab verdi” .


Yeddinci fəsil: İman etməyə əmr etmək və Şeytanın vəsvəsəsindən Allaha sığınmaq.

Əbu Hüreyrə (r.a) Peyğəmbərdən (s.a.v) belə rəvayət edir: “İnsanlar sizdən: “Bunu Allah yaradıb, bəs Allahı kim yaradıb” soruşmayıncaya qədər elm haqda soruşmaqda davam edəcəklər.” Əbu Hüreyrə (r.a) belə demişdir: “Bir dəfə məsciddə oturduğum zaman yanıma bədəvi ərəblərdən bir neçə nəfər gəldi və məndən: “Ey Əbu Hüreyrə, Allah bizi yaradıb, bəs Allahı kim yaradıb?” deyə soruşdular. O, bir ovuc daş götürüb onlara atıb sonra “Durun gedin, durun gedin, Xəlilim doğru demişdir!” deyə cavab verdi.”


Əbu Hüreyrə (r.a) Peyğəmbərdən (s.a.v) belə rəvayət edir: “İnsanlar sizdən bu kəlməni: “Allah bizi yaradıb bəs, Allahı kim yaradıb?” soruşmayıncaya qədər elm haqda soruşmaqda davam edəcəklər.” O bir kişinin əlindən tutaraq belə dedi: “Allah və Elçisi doğru demişdir, artıq məndən bu haqda bir nəfər soruşmuşdu, bu da ikincidir (və ya məndən bir nəfər soruşmudu, bu da ikincidir).”


Səkkizinci fəsil: Allaha iman etmək və düz yolda olmaq.

Sufyan ibn Abdullah əs–Səqafidən (r.a) belə rəvayət olunur: “Peyğəmbərdən (s.a.v) belə soruşdum: “Ey Allahın Elçisi, mənə İslama dair elə söz söylə ki, onu səndən sonra heç kəsdən soruşmayım!” (Əbu Üsamənin hədisində: “səndən başqa”). O: “De ki, Allaha iman etdim”, sonra düz yolda ol!” deyə cavab verdi.”

Doqquzuncu fəsil: Peyğəmbərin möcüzələri və ona iman.

Əbu Hüreyrə (r.a) Peyğəmbərdən (s.a.v) belə rəvayət edir: “Elə bir peyğəmbər yoxdur ki, ona bəşərin iman etdiyi möcüzələr mislində bir möcüzə verilməsin. Mənə verilən möcüzə isə Allahın mənə endirdiyi vəhydir. Diləyirəm ki, qiyamət günü ən çox ardıcılı olan mən olum.”

Əbu Hüreyrə (r.a) Peyğəmbərdən (s.a.v) : belə rəvayət edir “Muhəmmədin nəfsi əlində olana and olsun ki, bu ümmətdən (dəvət ümmətindən) yəhudi və ya nəsrani olmağına baxmayaraq, mənim haqqımda eşidən və mənə göndərilənə iman etmədən ölən hər bir kəs yalnız Cəhənnəm əhlindən olar.”

Saleh ibn Saleh əl-Həmədanidən, o da Şəbidən belə rəvayət edir: “Xorasan əhlindən olan bir kişi Şəbidən belə soruşdu: “Ey Əbu Amr, bizim Xorasan əhli tərəfdə öz kənizini azad edib sonra onunla evlənən kişi haqda “Dəvəsini minən” deyirlər.” Şəbi ona belə cavab verdi: “Mənə Əbu Burda ibn Əbu Musadan, o da atasından Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət etdi: “Üç nəfərə əcr iki dəfə verilər: Əhli kitabdan olan öz Peyğəmbərinə iman gətirib və Peyğəmbəri (Muhəmmədi) görmüş, ona iman etmiş, ardınca getmiş, onu təsdiqləmiş kəsə iki əcr verilər. Qul bir kölə Allahın və sahibinin haqqını ödəsə, ona iki əcr verilər. Kənizi olan, onu yaxşı bir şəkildə yedizdirən, onu yaxşı bir şəkildə ədəbləndirən, sonra onu azad edib onunla evlənən kişiyə iki əcr verilər.” Sonra Şəbi xorasanlı kişiyə belə dedi: “Bu hədisi heç bir şey vermədən götür, vaxt vardı ki, bundan kiçik bir məsələyə görə kişi Mədinəyə qədər gedərdi.”


Onuncu fəsil: Üç əlamət kimdə olarsa, o imanın şirinliyini tapar.

Ənəs (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Üç əlamət kimdə olarsa, o imanın şirinliyini tapar; Kim Allahı və Elçisini hər bir şeydən çox sevsə, bir kimsəni yalnız Allah xatirinə sevsə, Allah-Təala onu küfrdən çıxartdıqdan sonra yenə küfrə düşməyə, oda atılmaq istəmədiyi kimi nifrət etsə.”

Ənəs (r.a) Peyğəmbərdən (s.a.v) belə rəvayət edir: “Sizlərdən biri məni övladından, valideynlərindən və bütün insanlardan çox sevməyincə iman etmiş olmaz.”

Ənəs (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Nəfsim əlində olana and olsun ki, hər hansı bir bəndə öz nəfsinə istədiyini qonşusu (və ya qardaşı) üçün istəməyincə iman etmiş olmaz.”


On birinci fəsil: Rəbbinin Allah olmasına razılaşan kəs imanın ləzzətini dadar.

Abbas ibn Əbd əl-Muttalib (r.a) belə rəvayət edir: “Peyğəmbərin (s.av) belə dediyini eşitdim: “Rəbbinin Allah, dininin İslam, Peyğəmbərinin Muhəmməd olmasına razı olan kəs imanın ləzzətini dadar.”

On ikinci fəsil: Dörd əlamət kimdə olarsa, o, xalis münafiq olar.

Abdullah ibn Amr ibn əl-As (r.a) Peyğəmbərin(s.a.v) belə dediyini rəvayət edir: “Dörd əlamət kimdə olarsa, o, xalis münafiq olar. Bu dörd əlamətdən biri olarsa, o əməli tərk edənə qədər həmin adamda münafiqliyin bir xüsusiyyəti olar. Danışanda yalan danışar, əhd versə əhdini pozar, vəd versə vədinə xilaf çıxar, münaqişə etdikdə günah (pis, nalayiq sözlərlə) danışar.” Sufyanın rəvayət etdiyi hədisdə isə belə deyilir: “Hər kimdə bu xüsusiyyətdən nəsə olsa, onda münafiqlikdən bir xüsusiyyət olar.”

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dedyini rəvayət edir: “Münafiqliyin əlaməti üçdür: “Danışanda yalan deyər, vəd versə vədinə xilaf çıxar, əmanətə xəyanət edər.”


On üçüncü fəsil: “Mömin əkin cücərtisinə, kafir və münafiq isə sidr ağacına bənzər”.

Kəab ibn Malikdən (r.a) Peyğəmbərin (s.a.v) belə dediyi rəvayət olunur: “Möminin misalı yaş əkin cücərtisinə bənzəyir ki, quruyana kimi külək onu istədiyi tərəfə əyir, gah aşagı əyir, gah da düzəldir. Kafirin misalı isə sərt gövdəsi üzərində dayanmış sidr ağacına bənzəyir ki, onu heç bir şey əyə bilmir, ta ki, bir dəfə çıxarılıb atılır.” Başqa rəvayətdə belə deyilir: “Əcəli çatana kimi heç olmazsa, bir dəfə (kərə) düzəldir, münafiqin misalı isə sərt gövdəsi üzərində dayanmış sidr ağacına bənzəyir ki, ona heç bir şey təsir etmir.”

Abdullah ibn Ömərdən (r.a) belə rəvayət olunur: “Bir dəfə Peyğəmbərin (s.a.v) yanında oturduğumuz vaxt O: “Mənə müsəlmana (və ya müsəlman kişiyə) bənzəyən, yarpağını tökməyən, bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verən ağac haqda xəbər verin” deyə soruşduqda, nəfsimdə onun xurma ağacı olduğunu bildim. Əbu Bəkr və Ömərin susduğunu gördükdə, danışıb nəsə bir şey deməyə utandım. Ömər mənə belə dedi: “Sənin deməyin mənə susmağından daha sevimli olardı.”


On dördüncü fəsil: Həya etmək imandandır.

Əbu Hüreyrə 31. Peyğəmbərin belə dediyini rəvayət edir: “İmanın yetmişdən (və ya altmışdan) çox şöbəsi var. Onların ən fəzilətlisi “Lə iləhə illəllah” kəlməsi, ən aşağı olanı isə yoldan bir maneəni uzaqlaşdırmaqdır. Həya da imanın şöbələrindən biridir.”

Əbu Qatədədən (r.a) belə rəvayət olunur: “Bir neçə nəfərlə İmran ibn Huseynin yanında idik. Buşeyr ibn Kəab da aramızda idi. İmran həmin gün bizə Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət etdi: “Həya xeyirin hamısıdır (və ya xeyir həyanın hamısıdır).” Buşeyr ibn Kəab ondan soruşdu: “Bəzi kitablarda (və ya hikmətli sözlərdə) görmüşük ki, o (həya) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik), Allah xatirinə təmkinli olmaqdır. Həmçinin onda zəiflik var.” İmran elə qəzəbləndi ki gözləri də qızardı. Ona: “Sənə Peyğəmbərin (s.a.v) hədisini danışdığımı bildikdən sonra ona zidd olursan?” deyərək hədisi yenidən təkrarladı. Buşeyr ondan yenə soruşduqda, İmran yenə qəzəbləndi. Biz ona (sakitləşsin deyə): “O bizdəndir, onda heç nə yoxdur, deyə təkrar edirdik.”

On beşinci fəsil: Qonşu ilə yaxşı keçinmək və qonağa ikram etmək imandandır.

Əbu Şureyh əl-Xuzaidən (r.a) Peyğəmbərin (s.a.v) belə dediyi rəvayət olunur: “Kim Allaha və axirət gününə iman gətirirsə, qonşusunayaxşılıq etsin. Kim Allaha və axirət gününə iman gətirirsə, qonağına ikram etsin. Kim Allaha və axirət gününə iman gətirirsə, ya xeyir danışsın ya da sussun.”


On altıncı fəsil: Qonşusu onun şərrindən əmin olmayan kəs Cənnətə girməz.

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Qonşusu onun şərrindən əmin olmayan kəs Cənnətə girməz”.


On yeddinci fəsil: Münkəri (pis işi) əl, dil və qəlbdə dəyişdirmək imandandır.

Tariq ibn Şihabın belə dediyi rəvayət olunur: “Ən birinci bayram gününü xütbəyə namazdan əvvəl başlayan Mərvan oldu. Bir kişi ayağa qalxaraq ona: “Namaz xütbədən əvvəldir dedikdə, o ona: “oradakı tərk edilmişdir”, deyə cavab verdi. Əbu Səid əl-Xudri belə demişdir: “Amma o kişi öz vəzifəsini yerinə yetirmişdir. Peyğəmbərin (s.a.v) belə dediyini eşitdim: “Sizdən biriniz münkər bir işi görərsə onu əli ilə dəyişsin, bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin, bu da ən zəif imandır.”.


Abdullah ibn Məsud (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Məndən öncəki ümmətlərə göndərilən elə Peyğəmbər yoxdur ki, Onun ümmətindən havarilər, sünnətinə tabe olub əmrini yerinə yetirən əshabı olmasın. Sonra dediyinə əməl etməyən, əmr olunmamış şeyləri edən onlardan sonrakı nəsil gələr. Kim onlara qarşı əli ilə mücadilə etsə, o, mömindir, kim onlara qarşı dili ilə mücadilə etsə, o, mömindir, kim onlara qarşı qəlbi ilə mücadilə etsə, o, mömindir. Bundan o yana xardal dənəsi kimi olsa belə iman yoxdur.” Əbu Rafi belə demişdir: “Abdullah ibn Ömərə bu hədisi danışdıqda, məni inkar etdiyi zaman, İbn Məsud gəldi və Qanat vadisində mənzil qurdu. Abdullah ibn Ömər onu ziyarətə getdiyi vaxt, mənim də onunla getməyimi tələb etdi. Mən onunla getdim. Elə ki oturduq, İbn Məsuddan bu hədisi soruşdum. O, mən ona danışdığım kimi eyni ilə danışdı.”


On səkkizinci fəsil: Əlini sevən yalnız mömin, ona nifrət edən isə yalnız münafiq olan kəs olar.

Zirr ibn Hubeyş (r.a) Əli ibn Əbu Talibin (r.a) belə dediyini rəvayət edir: “Toxumu yaran və insanı yaradan Allaha and olsun ki, Ümmi Peyğəmbərin (s.a.v) mənə əhdi-peymanı budur; Məni (Əlini) sevən yalnız mömin, mənə nifrət edən isə yalnız münafiq olan kəs olar.”

On doqquzuncu fəsil: İmanın əlaməti ənsarları sevmək, münafiqliyin əlaməti isə onlara nifrət etməkdir.

Ədiy ibn Səbit, o da əl-Bəradan (r.a) Peyğəmbərin (s.av) ənsarlar barəsində belə dediyini rəvayət edir: “Onları yalnız mömin sevər, onlara yalnız münafiq nifrət edər. Kim onları sevsə, Allah onu sevər. Kim onlara nifrət etsə, Allah onlara nifrət edər.”


Tarix: 24.04.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Maraqlı melumatlar