beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CİHAD, YOXSA QİYAM...?!

Şükr və təriflər Allaha məxsusdur! Peyğəmbərimiz Məhəmmədə (s.ə.s.), ailəsinə, əshabələrinə və Qiyamət gününə qədər Onun yolunu davam etdirənlərə Allahın salavatı və salamı olsun!
Çağdaş gəncliyimizin sıralarında İslam dinin ilahi prinsiplərini düzgün anlamayan və təkfirçi mərəzinə düçar olmuş bir sıra şəxslər hakimiyyət, din və icma başçılarını kafir adlandırmağı, terror hadisələri törətməyi, qiyam etməyi və s. bu kimi təhlükəli söz və əməlləri, guya, Allah yolunda aparılan cihad sayırlar. Onlara nəsihət etməyi özümüzə borc bilərək tanınmış İslam alimlərinin mövzu ilə əlaqədar söylədikləri dəyərli fikirləri bu kiçik risaləyə topladıq. Allahdan, onları alim və əməlisaleh möminlərin yoluna yönəltməsini diləyirik!

Hənbəl b. İshaq rəvayət etmişdir ki, əl-Vasiqin xəlifəliyi zamanı Bağdadın fiqh alimləri Əbu Abdullahın (imam Əhmədin) yanına gələrək: "Ey Əbu Abdullah, bu məsələ (yəni, Quranın yaradılmış olması və s.) artıq həddini aşmış və camaat arasında yayılmışdır" - dedilər. O: "Nə etmək istəyirsiniz?" - deyə soruşdu. Həmin adamlar: Biz, öz başçımızın rəhbərliyindən narazıyıq, elə bu səbəbdən də səninlə məsləhətləşməyə gəlmişik - deyə cavab verdilər. İmam Əhməd onlarla bir saata yaxın söhbət etdikdən sonra: "Sizə qəlbinizlə etiraz etmənizi tövsiyə edirəm. Əlinizi ona itaətdən üzərək müsəlmanların əsasını sındırmayın (imam Əhməd başçını əsaya, fitnələrə məruz qalmış müsəlmanları isə əsaya ehtiyacı olan taqətsiz bir insana oxşadır - tər.). Bu işin nə ilə nəticələnəcəyini nəzərə alaraq, özünüzün və müsəlmanların qanını axıtmayın. Yaxşı biri gələnə və ya pis gedənə kimi səbr edin" - dedi. Onlar getdikdən sonra mən atamla birgə Əbu Abdullahın yanına gəldim. Atam ona dedi: Allahdan özümüzə və Məhəmməd ümmətinə əmin-amanlıq diləyirik. Belə bir iş heç kimin xoşuna gəlməzdi. Ey Əbu Abdullah, sən bunu (yəni, itaətsizliyi - tər.) düzgün hesab edirsənmi? O: "Xeyr, belə bir iş bizə səbr etməyi əmr edən rəvayətlərə ziddir" - dedi".

Əbu əl-Həris əs-Saiğ demişdir: Mən Əbu Abdullahdan Bağdadda baş vermiş hadisə haqqında, yəni, bir dəstə insanın qiyama qalxmaq istəməsi barədə soruşaraq dedim: Ey Əbu Abdullah, bunlara qoşularaq qiyam etmək barədə sən nə deyirsən? O, qiyamçıların bu işinə öz etirazını bildirərək dedi: Sübhənallah...! (Nahaq yerə axıdılan - tər.) qanlar, qanlar. Mən bunu nə dəstəkləyir, nə də əmr edirəm. Bizim hal-hazırda səbr etməmizi, nahaq qanlar axıdılmasından, mal-dövlətin talan edilərək halal sayılmasından və haramların baş alıb getməsi ilə nəticələnən bir fitnə törətməkdən daha xeyirli sayıram. Məgər sən bilmirsən ki, insanların fitnə-fəsad törətdikləri vaxtlarda nələr edilib? Mən ona dedim: Ey Əbu Abdullah, bu gün insanlar fitnə içində deyillərmi? O: "Olsalar da belə, bu fərdi fitnədir. Əgər qılınc qaldırılsa, o ümumi bir fitnəyə çevriləcək və bütün yollar bağlanacaq. Lakin səbr etməklə dinini qorumuş olarsan ki, bu da sənin xeyrinədir". Mən onu rəhbərlərə qarşı çıxmağı inkar edən gördüm. O deyirdi: (Nahaq yerə axıdılan - tər.) qanlar, mən bunu nə dəstəkləyir, nə də tövsiyə edirəm". (əl-Məsəilul-mərviyyə ən imam Əhməd, 2/4)

Şeyxülislam ibn Teymiyə demişdir: "Əhli Sünnənin məhşur nəzər nöqtəsinə əsasən onlar başçıya qarşı çıxmağı və onunla qılınc vasitəsilə döyüşməyi düzgün hesab etmirlər və bu başçının zülm etməsindən asılı deyildir. Buna dəlil Peyğəmbərdən (s.ə.s.) nəql edilən çoxsaylı hədislərdir. Çünki döyüş və fitnədəki fəsad, başçının döyüş və fitnəsiz hasil olmuş zülmündən daha böyükdür. İki fəsadlı işin daha böyük sayılanı isə ondan kiçik sayılandan irəli keçirilə bilməz. Başçıya qarşı çıxması ilə əvvəlkindən daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç yoxdur". (Minhəcus-sünnə, 3/390)

Başqa bir yerdə o demişdir: "Nadir hallar istisna edilməklə, başçıya qarşı çıxan hər bir şəxsin bu əməli xeyrindən qat-qat artıq şərlə nəticələnmişdir... Bütün bu deyilənlər, Peyğəmbərin (s.ə.s.) başçıların haqsızlıqlarına səbr etməyi, onlarla döyüş aparmamağı və onlara qarşı qiyam qaldırmamağı nə üçün əmr etdiyinə aydınlıq gətirir. Bu, bəndə üçün daha xeyirli bir işdir. Hər hansı bir şəxs bununla qəsdən və ya səhvən razılaşmazsa, onun tutacağı işdə xeyirdən daha çox dağıdıcılıq halları baş verəcəkdir". (Mənhəcus-sünnə, 4/527-532)

Fitnələr baş verən zaman, bir pisliyi yox etmək istəyən, ondan daha böyük olanına qapı açmamalıdır. Peyğəmbər (s.ə.s.) Məkkədə olarkən ən böyük pisliklərə şahid olurdu. Lakin onları dəyişdirə bilmirdi. Uca Allah Məkkəni fəth etdirdikdən sonra ora İslam diyarına çevrildi. Bundan sonra Peyğəmbər (s.ə.s.) Kəbəni dəyişdirərək İbrahimin qurduğu bir qaydada yenidən tikmək istədi. Amma O (s.ə.s.), bu işi bacara bilməsi ilə yanaşı daha böyük bir fəsadın əmələ gəlməsindən çəkindi. Çünki İslamı yenicə qəbul edərək küfrdən ayrılmış Qureyş əhli bunu düzgün başa düşməyəcəkdi.

Həmçinin Peyğəmbər (s.ə.s.), Cəhənnəmin dibində yanacaq münafiqləri nəinki qətlə yetirməyə əmr vermir, hətta onların adlarını belə bildirmirdi. Münafiqlər müsəlman və möminlərlə ticarət, ailə və s. əlaqələr qururdular. Buna səbəb isə daha böyük bir fəsadın, yəni, insanların "Məhəmməd (s.ə.s.) öz əshabələrini öldürür" deməsinin qarşısını almaq idi.

Möhtərəm alim Abduləziz b. Bəzə: Rəhbərləri minbərlərdən tənqid etmək sələf prinsiplərinəmi (minhəcinə) əsaslanır? - deyə sual verdikdə, o dermişdir: Rəhbərlərin eyiblərini ifşa etmək və bu barədə minbərlərdən bəyanat vermək sələf əqidəsinə uyğun deyildir. Çünki bu, nəticə etibarı ilə özbaşınalığın yaranmasına, yaxşı işlərdə başçıya itaət edilməməsinə və heç bir faydası olmayan, əksinə zərər vuran, dağıdıcı çəkişmələrə gətirib çıxarır. Sələflərin davam etdirdiyi prinsiplərə əsasən, xeyrə yetişmək üçün baş verən hadisələrdə rəhbərliyə nəsihət edilməli, yazılı şəkildə müraciət olunmalı, yaxud da həmin müraciətlərlə əlaqəli ziyalılara üz tutulmalıdır. Günah olan işə, onun icraçısının adı bildirilmədən etiraz edilir. Məsələn, zinaya, içkiyə və ya faizə, onu icra etmiş şəxsin adını demədən etiraz edilir. İstər hakim yaxud da qeyrisi tərəfindən icra edilən hər hansı bir günahkar əmələ ad çəkmədən etiraz etmək və ya çəkindirmək kifayətdir.

Osmanın (A.o.r.) xəlifəliyi dövründə fitnə düşdükdə bəzi adamlar Usamə b. Zeydə (A.o.r.): Bəlkə Osmanla söhbət edəsən? - dedilər. O: Elə bilirsiniz ki, mən onunla sizin qarşınızda danışacağam. Xeyr, mən onunla qapısını birinci açan olmaq istəmədiyim bir işdən çəkinərək təklikdə söhbət edəcəm - deyə cavab verdi. (Səhiheyn).

Lakin xəvariclər Osmanın zamanında şərin qapısını açdıqdan sonra ona açıq şəkildə öz etirazlarını bildirdilər. Bu, insanların (azacıq da olsa, kiçik bir qisminin - tər.) günümüzə kimi təsiri altına düşdükləri bir fitnə-fəsada və döyüşlərə səbəb oldu. Hətta Əli (A.o.r.) ilə Müaviyyə (A.o.r.) arasına belə bir fitnə düşdü. Osman isə, məhz bu səbəbdən öldürüldü. Çox saylı səhabələr və digərləri açıq-aşkar şəkildə etiraz edildiyinə və eyiblər car çəkildiyinə görə qətlə yetrildi. İnsanlar bu hadisələrdən sonra öz başçılarına nifrət edərək onları öldürdülər. Allahdan bağışlanma diləyirik". (Ələqatu beynəl-hakim vəl-məhkum, səh.23)

Peyğəmbər (s.ə.s.) buyurmuşdur: "Kim bir başçıya nəsihət etmək istəyirsə, bu işini açıq şəkildə (yəni, aləmə car çəkərək - tər.) etməsin. Əksinə onun əlindən tutaraq xəlvətə çəkilsin. Əgər başçı qəbul edərsə, bu (xeyırdir -tər.), yox əgər qəbul etməzsə, nəsihətçi öz vəzifəsini yerinə yetirmiş sayılır". (İbn Əbi Asim, 2/521; Əlbani səhih demişdir)

Dahi alim Əlbani demişdir: Deyilənlərdən məqsəd budur ki, xəvariclər İslamda bədnam bir yol qoyaraq, müsəlmanların başçılarına qarşı itaətsizlik göstərməyi əsrlər boyu özlərinin "dini" məqsədinə çevirmişlər. Baxmayaraq ki, Peyğəmbər (s.ə.s.) çoxsaylı hədislərdə onlara qarşı ehtiyatlı davranmağı tapşırmışdır. Belə rəvayətlərdən biri də: "Xəvariclər cəhənnəmin itləridir" - hədisidir. Əslində, onlar öz başçılarını, açıq-aşkar (yəni, insanı İslam dinindən çıxaran - tər.) küfr etdiklərinə görə deyil, zülmkarlıq, günah və fasiqlik etdiklərinə görə təkfir edirdilər.

Bu gün, İslamın müqəddəs ilahi prinsipləri ilə səthi tanış olmuş bir dəstə müsəlman gənc, bir çox hakimlərin Allahın endirdiyi ilə hökm etmədiyini görərək, elm, fiqh və hikmət sahibləri ilə məsləhətləşmədən itaətsizlik göstərməyə çalışırlır. Onların bu məsələni özbaşına həll etməsi, Misirdə, Suriyada və Əlcəzairdə nahaq qanların tökülməsi ilə nəticələnən ümumi bir fitnəyə səbəb olmuşdur. Bu yerlərdən də öncə Məkkədə (son dərəcə ağır nəticələr vermiş - tər.) fitnə-fəsad törədilmişdir. Onlar belə əməlləri ilə xəvariclər istisna olmaqla, sələf və xələflərdən ibarət müsəlmanların riayət etdiyi bu səhih hədisə (işarə edir: "Allah yanında sübutunuz olacaq açıq-aşkar bir küfr görməyincə" rəvayətinə - tər.) müxalif olmuşlar. (Səhih Hədislər silsiləsi)

Şeyx Əlbani demişdir: "Yazı və mühazirələrində başçıya qarşı çıxmağı elan edən bu adamlar, mənim tənqidi baxışlarıma görə, əvvəla şəriət hökmlərindən xəbərsizdilər. Çünki Peyğəmbərdən (s.ə.s.), asiliklər istisna olmaqla rəhbərə itaət barədə çoxsaylı hədislər rəvayət olunmuşdur. (Səhihə, 179). Başqa hədislərdə isə, açıq-aşkar küfr görməyincə sənə zülm etsələr və ya döysələr belə onlara itaət etməyin vacibliyi bildirilmişdir. "Fiqh üsulu" elminə görə, əgər müsəlman və ya müsəlmanlar hər ikisi fəsadlı, lakin təhlükə baxımından biri digərindən daha qorxulu bir işlə üzləşərlərsə, kiçiklə böyüyün qarşısını almalıdırlar. Başqa sözlə desək, xoşumuza gəlməsə də kiçik fəsadla razılaşaraq özümüzü daha böyüyündən qoruyuruq. Üsul və fiqh alimləri arasında bu hədislərə şamil etdiyim "fiqh üsulu" qaydası barədə heç bir ixtilaf yoxdur. Çünki hakimlərə qarşı çıxmaq daha böyük bir fitnəyə səbəb olur. Hansısa bir hakimin zülm və ya haqsızlıq etməsi, yaxud da bəzi şəriət hökmlərinə əhəmiyyət verməməsi işin bir tərəfidir. Məsələnin digər tərəfi isə, mən bunu öz düşüncəmlə, lakin irəlidə qeyd etdiyim şəriət dəlillərinə əsaslanaraq deyirəm: Əgər müsəlman hakimlərə qarşı çıxmağın icazəli olduğunu fərz etsək belə bunun icrası yolverilməzdir. Çünki təəsüflər olsun ki, biz bu gün kafir müşriklərin müsəlman ölkələrinə qarşı düşmənçiliyindən şikayətlənirik. Əgər bu qiyamçılar bəzi müsəlman hakimlərə qarçı çıxmaq istəyirlərsə, elə qoy kafir müşriklərə qarşı çıxsınlar. Lakin onlar fitnəni müsəlmanlar arasında səpmək istəyirlər. Bu səbəbdən mən, iki şeydən çox şübhələnirəm. Birincisi, bu adamların həqiqətən İslamı qəbul etməsi, yəni qorxuram ki, bunlar müsəlman cildinə girmiş düşmənlər olsun. İkincisi isə, onların əməllərində müsəlman olmalarına baxmayaraq nadanlığın kökündə dayanmış cahillər olmasıdır. Deməli bu gün qiyamdan danışılması heç bir vəchlə yolverilməzdir. Buna görə də biz, qiyamçıları və ya qiyama qalxmağa çağıranları ya çirkin niyyətlərlə İslama daxil olanlar, ya da Allahın Məhəmməd (s.ə.s.) peyğəmbərin qəlbinə endirdiyi İslamdan xəbəri olmayan və nadanlığın (cəhalətin) kökündə dayanan müsəlmanlar olması fikrindəyik". (Fətəva əl-uləmə əl-əkəbir, səh. 91)

Günümüzdə bəzi insanlar, mən bu sözlərin icraçısı deyiləm, sadəcə təbliğatçısıyam, deyərək camaat arasında şər yayırlar. Dahi alim İbn Həcər xəvariclərin parçalandığı firqələrini sadalayaraq demişdir: "əl-Qaədiyyə, başçılara qarşı qiyamı bəzəyən, lakin eyni zamanda qiyama qoşulmayan firqəyə deyilir". (Hədyus-səri, 483; Ğarrasul-əsəsi, 373)

Möhtərəm alim Saleh əl-Useymin demişdir: İnsanı təəccübləndirən Peyğəmbərə (s.ə.s.) tənə etmə şəklidir. Belə ki, Ona: Ədalətli ol! Sən bu bölgünü Allah xatirinə etmədin - deyilmişdir. Peyğəmbər (s.ə.s.) isə buyurmuşdur: Bu kişiyə oxşayanlar peyda olacaq ki, sizin (müraciət əshabələrədir - tər.) namazınız onların namazları ilə müqayisədə dəyərsiz sayılacaq. (Səhiheyn). Bu, hakimlərə qarşı çıxmanın qılınc və sözlə ola bilməsinə ən böyük sübutdur. Çünki bu kişi, Peyğəmbərə (s.ə.s.) qarşı əlinə qılınc götürməmişdi. Lakin Ona (s.ə.s.) öz etirazını bildirdi. Əhli Sünnənin bəzi kitablarında itaətsizliyin qılıncla olmasına gəlincə bu, Peyğəmbərin (s.ə.s.) bildirdiyi kimi, ən son mərhələdəki üsyandır. Məsələn zina gözlə, qulaqla, əllə və ya ayaqla olur. Lakin bunların ən böyüyü və əsil zina sayılanı, övrət yeri ilə edilənidir. Buna görə də Peyğəmbər (s.ə.s.) buyumuşdur: "Övrət bu işi ya təsdiqləyəcək ya da yalanlayacaq". (Səhiheyn). Bu, belə bir ifadə işlətmiş alimlərin güddükləri məqsəddir. Biz hadisələrin cərəyan etməsini müşahidə edərək tam yəqinliklə bilirik ki, qılıncla qiyama qalxmaq üçün ilk öncə təbliğat aparmaq lazımdır. İnsanların səbəbsiz yerə qılınc götürüb başçıya qarşı çıxması qeyri mümkündür. Təbii ki, onlar arasında söhbət aparılmalıdır. Deməli, sözlə hakimə qarşı çıxmaq həqiqi qiyam sayılır. Buna sübut irəlidəkı hədislər və baş verən hadisələrdir. Hədislərə gəlincə, artıq onları bildiniz. Baş verənlərə gəlincə biz tam yəqinliklə bildiririk ki, qılıncla qiyam sözlə qiyamın bir hissəsidir. Çünki insanlar "Ya Allah, get qılıncı götür" deməklə başçıya qarşı çıxmırlar. İlkin olaraq başçının pislənməsi və yaxşı işlərinin ört-basdır edilməsi kimi bir başlıq olmalıdır ki, insanların qəlbi nifrətlə dolsun. Məhz bu zaman insanlar bəlaya düçar olurlar". (Bu sözlər şeyx Useyminin, imam Şəvkaninin "Raful-əsətin fi hukmil-ittisal bisələtın" kitabına verdiyi açıqlamalardan götürülmüşdür. Həmçinin Fətəva əl-uləmə əl-əkəbir, səh.95-ə bax!).

Uca Allahdan bu şəxslərin islahını, alim və əməlisaleh insanlardan ibarət möminlərin yolunu davam etdirmələrini diləyirik. Həqiqətən Allah duaları eşidən və qəbul edəndir.
Əbu Abdurrahmən Sələfi


Tarix: 18.04.2013 / 13:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 404 Bölmə: Maraqlı melumatlar