beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÖVHUMATLARA İNANMAQ - TƏTƏYYUR

Doğru İmana və kamil tövhidə nail olmaq üçün, əqidəyə naqislik gətirən, imana zidd olan, hər bir işdən uzaq olmaq lazımdır.
İslam əqidəsinə naqislik gətirən işlərdən biri də mövhumatçılıqdır. Mövhumatlar ilin hansısa günlərində işlərin pis olacağına, bəxti gətirməyəcəyinə, yeni ilin hansısa heyvan üstündə təhvil olacağına, yaxud on üç rəqəminin xeyirsiz nəhs rəqəm olmasına, kiminsə ayağının düşərli olmasına, evlərdən, avtomobillərdən təhlükələrdən “qoruyan” fotorəsmlərin asılmasına və s. bu kimi cəfəngiyyatlara etiqad etməkdir.

Bəzi insanlar belə etiqad ucbatından hansısa vaxtda evlənmir, evindən çölə çıxmır, işə başlamırlar. Belə amillərdə xeyir və şər olmaz. Bu cür etiqadlar cahiliyyə dönəmində yaşamış müşriklərin, bütpərəstlərin etiqadları olmuşdur. İslam şəriəti tövhid əqidəsi əsasında qurulduğundan, bütün bu inancların batil olduğunu buyurmuş, onları əsaslı şəkildə rədd etmişdir. Beləliklə insanların düşüncələrini bütpərəstliyin qalıqlarından, cahil adətlərdən təmizləmiş və pak etmişdir. Elə bu mövzu ilə əlaqədar islam şəriətinin tətəyyur (mövhumata inanmaq) haqqında mövqeyindən danışacağıq.

TƏTƏYYUR NƏDİR?
Tətəyyur; insanın eşitdiyi və ya gördüyü bir amilə əsasən bədbinlikdən, yəni nəsə pis bir şey baş verəcəyindən qorxaraq işindən əl çəkməsi mənasını verir. Buna misal kimi, bir nəfər yol ilə gedərkən qarşısından qara pişik keçdikdə, yaxud pis adama rast gəldikdə və s. bu kimi hallarda bədbinlikdən qorxaraq yolunu dəyişməsini və ya gorəcəyi işi təxirə salmasını gostərmək olar. Bu hal hazırki cəmiyyətimizdə geniş yayılmışdır. Kim çıxmaq istədiyi səfəri, evlənmək planını və ya icra edəcəyi bir işi qarşısına çıxan pis mənzərə, xoşagəlməz söz, yaxud hansısa vaxtdan, yerdən bədbinlik hiss edərək təxirə salar və ya tamamilə bu işindən imtina edərsə, artıq islam dininin qadağan etdiyi tətəyyuru etmiş sayılar.
Həmçinin hansısa bir amili və ya əlaməti görməklə bir işin icrasına başlamaq da tətəyyurddən sayılır. Çünki hər iki halda insanın qəlbi Allaha yox, gördüyü və eşitdiyi amilə bağlanır. Peyğəmbərdən (s.a.s) rəvayət olunan hədislərin birində belə buyurulur; “Tətəyyur sənə bir işi etdirən amildir.” (Əhməd rəvayət etmişdir).
İslam şəriətinə əsasən hansısa bir amildən bədbinlik gözləmək xürafat və mövhumatçılıqdır. Yəni heç bir şey sənə təsir edə bilməz. Yalnız Allah sənə xeyir və zərər verə bilər. Şəriətə əsasən insan özündə belə hallarla rastlaşdıqda ona qarşı mübarizə aparmalıdır
Bu xüsusda Peyğəmbər (s.a.s) buyurmuşdur;
“Xəstəlik öz-özünə yayılmaz. Hansısa bir əlamətə görə bədbəxtlik baş verməz, yarasa quşundan və səfər ayından bədbinlik gəlməz”.
Hədisin şərhində deyilir: İslamdan əvvəlki dönəmlərdə insanlar elə düşünürdülər ki, xəstəliklər öz-özünə yayılır. İstədiyi insanı tutur və xəstələndirir. Ona görə hədisdə bu etiqadın batil olduğu açıqlanır. Həmçinin “hansısa bir əlamətə görə bədbinlik baş verməz” sözlərinin mənası xoşuna gələn və gəlməyən bir işə görə başına bir şey gəlməz mənasını verir. Eləcə də hədisdə deyilən “yarasa quşundan bədbinlik gəlməz” sözləri ona görədir ki, İslamdan öncəki dönəmdə cahillər elə düşünürdülər ki, yarasa quşu onlara pis ovqat gətirir. Bu, onların yanlış düşüncəsi idi. Lakin İslam gəldikdən sonra Peyğəmbər (s.a.s) bunun batil bir inanc olduğunu bildirmişdir. Həmçinin İslamdan öncəki dönəmdə insanlar Səfər ayınının uğursuz ay olduğuna inanırdılar. Peyğəmbər (s.a.s) bildirmişdir ki, bütün bu inanclar batildir və İslam dininə ziddir. Aydan, quşdan və başqa bir şeylərdən insana heç bir xeyir və ziyan gələ bilməz. Bu cür etiqadlar İslam dininin təməl prinsipi olan tövhid inancına və onun kamilliyinə zidd olan amillərdəndir.
Bildiyimiz kimi, tövhidin kamilliyi və əsası var. Tövhidin əsası “Lə İləhə İllallah” (Allahdan qeyri ibadətə layiq haqq məbud yoxdur) kəlməsidir. Və onun kamilliyi bu kəlmənin qollarına, budaqlarına əməl etməkdədir.
İbn Məsud Peyğəmbərdən (s.a.s) rəvayət etmişdir:
“Tatayyur şirkdir! Tatayyur şirkdir!”. (Əbu Davud, Tirmizi)
Beləliklə insan gördüyü və eşitdiyinin bədbəxtliyə gətirib çıxardığına etiqad edib, onu bir səbəb kimi görərsə, o halda o, kiçik şirk etmiş olar. Yox, əgər gördüyü və eşitdiyinin öz-özlüyündə, Allahdan başqa bir varlıq kimi ona bədbinlik gətirdiyinə etiqad edərsə, bu zaman artıq etdiyi böyük şirk olar. Nədənsə bədbinlik gözləyən insan iki vəziyyətə düşə bilər. Birinci vəziyyət odur ki, gördüyü, eşitdiyi və ya hansısa vaxtın, məkanın, görəcəyi işə uğursuzluq gətirəcəyinə inanıb, bu səbəbdən fikrindən əl çəkərsə, cox böyük günaha batar.
Çünki peyğəmbər (s.a.s) hədisdə buyurmuşdu;
“Tətəyyur edərək görəcəyi işdən əl çəkmiş olan şirk etmiş olar”. (İmam Əhməd)
İkinci vəziyyət isə belə bir şey gördükdə işini davam etdirən amma rastlaşdığı xoşagəlməz halın işinə əngəl olacağından narahatlıq keçirən insanların düşdüyü vəziyyətdir. Bu halda onlar haram iş tutmuş olur. Həmin vaxt o insan Allaha olan ümüdini artırmalı, təvəkkül etməlidir ki, qəlbində olan şübhə ondan uzaqlaşsın. Həmçinin bu günlərdə tez-tez eşitdiyimiz problemlərdən də biri “Yeni il” məsələsidir. Bəzi insanların etiqadına görə hər il hansısa heyvan ili ilə ölçülməli və bunun əsasında ilin proqnozu verilməlidir. Təbii ki, bu da bir cox başqa inanclar kimi cahiliyyə inanclarından biridir və heç bir məntiqi əsası yoxdur. Bunu nə ağıl, nə də din qəbul edir. Çox qəribədir ki, bir çox qeybi həqiqətləri “reallıqdan uzaqdır” deyə inkar edən insanlar bu cür məntiqsiz xürafatlara inanırlar. Təbii ki, İslam dini bu inanclardan uzaqdır. Hər bir müsəlman bilməlidir ki, yeni ili qeyd etmek belə ona yaraşmaz, nəinki onun hansisa heyvan üstündə təhvil olacağına inanmaq. Yeni il sadəcə bir keçid, təqvim ölçüsüdür. Bunu təntənə ilə qeyd etmək sünnəyə (Peyğəmbərimizin (s.a.s.) yoluna) ziddir. Bu, kafirlərin bizə düşüncə savaşı kimi yeritdiyi adətlərdən biridir. Belə adətlərdən uzaq durmaq lazımdır. Sizlərdən kiminsə ağlına bədbin bir fikir gələrsə, (məsələn, qarşımdan qara pişik keçdi bu gün işlərim alınmayacaq və s.) o bu kimi vəsvəsələrdən Allaha sığınmalı və qəlbini qorumalıdır. Qorunmağın da yollari vardır.
Ən əvvəl Allaha təvəkkül etmək lazımdır.
İbn Məsud rəvayət etmişdir ki, bizdən elə bir insan yoxdur ki, onun qəlbinə belə bir fikir gəlməsin. Bunun qarşısını Allaha təvəkkül etməklə almaq olar. (Tirmizi)
Sizlərdən birinin başına bir iş gələrsə, yalnız Allaha ümid etsin.

Bu halda belə dua etmək lazımdır:
“Allahım, yaxşılıq bəxş edən də, pisliyi dəf edən də sənsən. Həqiqətən səndən başqa qüdrət və ümid sahibim yoxdur”. (Əbu Davud, Tirmizi)

Başqa bir hədisdə isə belə deyilir:
“Allahım, sənin verdiyin xeyirdən başqa bir xeyir yoxdur. Hər şey sənin istəyinlə olur. Həqiqətən səndən başqa ilah yoxdur”.

Unutmayaq ki, hər şeyi verən də və bir saniyədə verdiklərini alan da yalnız Allahdır. Onun bu qüdrətini Ondan deyil, başqa yerlərdə axtaranların, yəni tətəyyur edənlərin nicatı tövbə edib Allah və Rəsulunun yoluna dönməkdir. Qəlbində şəkk-şübhə olan insan Allahı xatırlayanda onun qəlbi rahatlayar və təskinlik tapar.
Odur ki, mövhumatlardan deyil, Allahdan qorxun!


Tarix: 14.04.2013 / 13:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Maraqlı melumatlar