beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAHIN ELÇİSİNİN (SAV) VƏBANIN MÜALİCƏSİNƏ VƏ ONDAN QORUNMA YOLLARINA DAİR RƏHBƏRLİYİ

Buxari və Müslimin Səhihlərində rəvayət edilir ki, Amr ibn Səd ibn Vakkas atasından, o da Üsamə ibn Zeyddən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəba haqqında nə dediyini soruşmuşdur. Üsamə də Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəba ilə əlaqədar belə dediyini eşitdiyini söyləmişdir:

söyləmişdir:
“Vəba yəhudilərdən olan bir cəmiyyətə və sizdən əvvəlkilərə göndərilmiş bir əzabdır. Bir yerdə vəba olduğunu eşitsəniz, oraya getməyin. Olduğunuz ərazidə də bu xəstəlik baş verərsə, o xəstəlikdən qaçmaq üçün o ərazidən çıxmayın”(Bu günə qədər vəbadan qorunmaq üçün gedilən yol budur. Əgər bir yaşayış məntəqəsində bu xəstəlik yaranarsa, həmin ərazinin ətrafında həkim və onun koməkçilərindən başqa hər hansı bir adamın oraya gəlib-getməsinin qarşısını almaqdan ötrü bir mühafizə sipəri qoyulur. Bu yolla xəstəliyin yayılmasına maneçilik törədilir və xəstənin olduğu yerdə saxlanması təmin edilir. Belə xəstələrin nəzarət altında qalması və müalicə olunması asanlaşdırılır. Bu şərəfli hədisi Şeyxayn da İbrahim ibn Səddən, o isə atasından, atası da Üsamədən rəvayət ediblər. Yenə eyni hədisi Malik, Nəsəi, Əhməd və Muhəmməd ibn Həsən Muvattasında veriblər.)
Yenə də Səhihlərdə Həfsə bint Şirindən belə dediyi rəvayət edilir: Ənəs ibn Malik Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu söyləyir:
“Vəba bütün müsəlmanlar üçün şəhidlikdir”(Bu şərəfli hədisi Əhməd də Müsnədində vermişdir.)
Taun lüğəti mənada vəbanın bir növüdür.
Təbabət alimlərinə görə taun ölüm təhlükəsi olan dəri şişməsi xəstəliyidir. O, güc¬lü ağrı verən yoluxdurucu mikroorqanizmlər törədir və xəstəliyə məruz qalmış sahənin ətrafını sürətlə ağrılı qara, yaşıl və qəhvəyi rənglərə boyayır və yaralar əmələ gəlir. Nəticədə tezliklə qoturluq başlayır.
Taun əksər hallarda bədənin üç yerində: qoltuq altında, qulaqların arxasında və burunun ucunda, başqa cür desək yumşaq əzələ toxumalarında(Vəbaya yoluxma mikrob daşıyıcıları olan birələrin mənbəyindən mikroblarla yoluxaraq adamların əllərini, ayaqlarını, üzlərini dişləməklə (sancmaqla) baş verir. İnsan orqanizminin həmən yerlərində sancma əlamətləri (yerləri) müşahidə edildikdə və boyundakı topa dişlək yerləri damarlarda, qoltuq altında və ya boyunun kökündə çibanlı vəba olduğuna dəlalət edir) özünü büruzə verir.
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə:
“Aişə valideynimiz Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) tənin nə olduğunu bilirik, amma taun nədir? – deyə soruşduqda, Allahın Elçisi: “Dəvə vəzisi kimi bir vəzidir ki, qarın nahiyəsində və qoltug altında çıxar”
(Bu hədisi Əhməd və Təbərani Evsatda, Əbu Nuaym isə Fəvaid-i Əbu Bəkr ibn Halladda, İbn Huzeymədə yaxşı (həsən) bir sənədlə vermişlər.) – deyə cavab verdi.
Həkimlər deyirlər ki, “Yumşaq əzələ toxumalarında və qasıqda, qulağın arxa¬sın¬da və burunun ucunda əmələ gələn irinli yoluxma fəsadtörədici və zəhərli mənşəyə malik olduqda “vəba” adlanır. Bu vəzilərin beləcə irinləməsinin səbəbi iylənməyə və dağılıb məhv olmağa meyl edən irinləmiş qandır. Bu zəhərləyici qan müəyyən bir xüsusiyyət kəsb edərək orqanizmi məhv etməyə başlayır, ətrafını dəyişikliyə uğradır, çox vaxt qan və sarı maye halında bayıra sızır. Belə vəziyyət ürəyin pis işləməsinə şərait yaradır. Çünki qanı ürəyə yollayır və bir qədər sonra xəstədə qusma, ürək döyüntüləri və ürəkgetmə baş verir. “Vəba” sözü ürəyi pis vəziyyətə salan və hətta bu səbəbin ölümlə nəticələnməsini ehtiva edən şişlər üçün işlədilsə də, vəzilərə aid olan yumşaq toxumalarda yaranan şişlərə məxsus bir addır. Bu çirkin qanın yığılaraq vəziyə çevrilməsinə ancaq zəif müqavimətli orqanlar yol verirlər. Sızanaq və çibanların ən fəsadlısı bədənin həyat üçün ən vacib ali orqanlarına yaxınlıqda yerləşən qoltuq altında və qulaq ardında çıxanlardır. Ən yüngülləri isə qırmızı və sarı rəngdə olanlarıdır. Qara vəbanın müalicəsi demək olar ki, qeyri-mümkündür. Kütləvi yoluxmalar (epidemiyalar) zamanı müvafiq çirkli ərazilərdə vəba çox tez yayıldığı üçün bu adı almışdır. İlk ərəb lüğəti olan “Kitabul-Ayn” müəllifi Xəlil ibn Əhməd əl-Əzdinin dediyi kimi, vəba deyildikdə taun başa düşülür. “Taun bütün yoluxucu xəstəlikləri əhatə edir” deyənlər də olmuşdur. Həqiqətdə vəba və taun arasında ümumi özünəməxsus bir əlaqə vardır. Hər taun vəbadır, lakin cümləni tərsinə çevirdikdə, hər vəba taundur demək olmaz. Çünki hər vəba taun deyildir. Yoluxucu xəstəliklər arasında vəba sözü taundan daha ümumi mənada işlədilir. Taun vəba xəstəliklərindən biridir. Taun deyilərkən, hər şeydən əvvəl, bədən nahiyələrində çıxan çibanlar, yaralar və bəd xassəli şişlər nəzərdə tutulur. Mənə görə yaralar, şişlər və çibanlar taunun özü deyil, ancaq onun əlamətləridir. Həkimlər taunun ancaq adi gözlə görülə bilən əlamətlərini görüb başa düşürlər və onları əsil taun kimi qəbul edirlər.
Taun sözünün üç mənası var:
1. Taunun gözlə müşahidə edilən əlamət(Həkimlərin müşahidə etdiyi və qeydiyyatını apardıqları xəstəliyin simptomları. (F.S.))
Həkimlər məhz bu əlaməti taun xəstəliyi adlandırırlar.
2. Taun ölümlə nəticələnir. Bir səhih hədisdə: “Taun bütün müsəlmanlar üçün şəhidlikdir” ifadəsi də bununla bağlıdır.
3. Bu xəstəliyi törədən fəal amildir(“Yərsin basili” (çöpşəkilli mikrob) deyilən və xəstə siçan birələri vasitəsilə insana keçən bir mikrobdur. (Türkcə çevirən).)
Səhih bir hədisdə:
“Taun, İsrail oğullarına göndərilən əzabın qalığıdır” deyildiyi kimi, “Taun cin vurmasıdır”(Bu hədisi Təbərani Əsvatda, Əbu Nuaym Fəvaid-i Əbu Bəkr ibn Xalladda Aişədən (Allah ondan razı olsun) ; Əhməd Əbu Musadan (etibarlı sənədlərlə); Təbəranı isə yenə təkrarən Əbu Musadan rəvayət etmişlər. ) və “Taun bir peyğəmbərin dəvətidir”(Buxari və Muslimdə “Taun İsrail oğullarına göndərilən bir əzabdır” verilən hədisin mənası, ümid edirəm ki, “İsrail oğullarının peyğəmbərlərindən birinin dəvətidir”.) kimi izah edən rəvayətlər vardır.
Qeyd olunan hədislərdə xatırlanan xəstəliyin səbəblərini anlaya bilmək üçün həkimlərin əlində bir sübut olmadığı kimi, onlar bu səbəbləri aradan qaldırmağa qadir olan bir vasitəyə də malik deyillər. Halbuki peyğəmbərlər (onlara qədər) məlum olmayan şeyləri bildirərdilər(Bu özəllik onların xəbər verdiyi məlumatları ancaq Qüdrətli və Müdrik Allahdan xüsusi vəhy ilə aldıqlarına işarədir. (F.S.)
Həkimlərin vəba ilə bağlı başa düşə bildikləri şeylərin heç biri ruhların taun və onun əlamətlərini törətmələrinə bir maneə təşkil edə bilməz. Çünki ruhların insanın təbiətində, xəstələnməsində və həlak olmasında göstərdikləri təsir (oynadıqları rol), ruhlar və onların fəaliyyəti, orqanizmlərin və onların törəmələrinin ruhlara qarşı göstərdikləri müqavimət (verdikləri reaksiya) halları ən məlumatsız insanların belə inkar etmədikləri bir həqiqətdir. İnsan vəba xəstəliyinə tutulduğu və hava çirkləşdiyi zaman, Uca Allah ruhlara insan bədənlərindən istifadə etmək və onlarda fəaliyyət göstərmək imkanı verir. Eynilə də insanın halını pisləşdirən zərərli maddələrin artması zamanı insana (sağalmasına) yönəlmə imkanı verdiyi kimi. Xüsusilə qanın qaynadığı, qara epidemiyanın yayıldığı və cinsi tələbatın hərəkətə gəldiyi anlarda şeytan qüvvələri həmin insanın orqanizmində, başqalarında edə bilmədikləri əməllərini həyata keçirmək imkanı tapırlar. Belə olduqda, Allahı zikr etmək, Ona dua edib yalvarmaq, sədəqə vermək və Qurani Kərimi oxumaq kimi təsirli vasitələrdən istifadə etməklə həmin qüvvələri özündən uzaqlaşdırıncaya qədər onlar insanın bədənində öz işlərini görməkdə davam edirlər.
İnsan (Allaha xoş gələn) belə hərəkətlər etdikdə(Yəni Allahı zikr etdikdə, Ona dua edib yalvardıqda, sədəqə verdikdə və Qurani Kərimi oxuduqda. )

bu davranış, mələklərin yerə enərək şeytan qüvvələrini həlak etmələrinin, onların etdiyi pisliklərə mane olmalarının və təsirlərini yox etmələrinin arzu edildiyini bildirir.
Biz və habelə digər (təbiblər), sayını Allahın bildiyi qədər, keçirdiyimiz təcrübə¬lərin nəticəsində əmin olduq ki, mələklərin yerə enməsi və insanlara təsir göstərməsi insanın mənəvi-ruhi vəziyyətinin sağlamlaşmasına və (zərərverici) sadə maddələrin orqanizmdən xaric edilməsinə olduqca böyük təsir göstərir. Bu təsirdən o vaxt danışmaq olar ki, xəbis ruhlar insanın bədənini hələ zəbt etməmiş olsunlar. Belə olduqda xəbis ruhların insan bədəninə girməsinin qarşısı da alınır. Allahın uğura yetişdirdiyi insan xəbis ruhların təsirini hiss edən kimi, onları qovmağa və təsirlərini uzaqlaşdırmağa qadir olan mələkləri çağırmağın vasitəsi olaraq sədəqə verməyə, Quran oxumağa və başqa xeyirxah əməllər etməyə təşəbbüs göstərməlidir. Bu cür əməllər etmə insan üçün ən faydalı müalicə vasitəsidir. Ancaq Böyük Allah qulun qəza-qədərini artıq həyata keçirmək istədikdə, onun qəlbini belə əməlləri vaxtında xatırlamaqdan, düşünməkdən və onları yerinə yetirməyi istəməkdən uzaqlaşdırır və beləliklə belə əməllər haqqında həmin şəxs nə düşünə bilir, nə də onu yerinə yetirə bilir, son nəticədə isə Allahın əvvəlcədən qərarlaşdırdığı hallar gerçəkləşir.
Bu barədə geniş izahatı, inşallah, peyğəmbər ovsunu, duası, zikri, duaları və xeyir işləri ilə müalicə haqqında bəhs edərkən verəcəyik. Eyni zamanda peyğəmbər tibbi ilə müqayisədə həkim tibbinin, biliksiz və gücsüz insanların tibbi biliklərinin əhəmiyyətsizli¬yi¬ni şərh edəcəyik.
Bu həqiqətləri həkimlərin etibarlı və qabaqcıl nümayəndələri də etiraf edirlər.
Sonrakı bəhslərimizdə insan təbiətinin ruhlara qarşı güclü reaksiya verməsini, dua (piti), ovsun və duaların gücünün, dərman və məlhəmlərin gücündən daha üstün olduğunu, hətta ölümlə nəticələnən zəhərlənmələri belə təsirsizləşdirdiyini göstərəcəyik. Havanın çirklənməsi taun xəstəliyini əmələ gətirən səbəblərin bir hissəsidir. Havanın sabitliyinin vəba xəstəliyinin törəməsini labüd edən tərzdə pozulması, çürüntülərin, üfunətin və istənilən zəhərli qazların ilin müəyyən vaxtlarında havada böhran vəziy¬yə¬tində artması nəticəsində atmosfer özü xəstəliklər mənbəyinə çevrilir. Havanın çirklən¬məsi, əsasən, yayın sonları və payızda özünü büruzə verir. Çünki yay ərzində orqa¬nizm¬də kəskin öd ifrazatı hədsiz dərəcədə yığılaraq mövsümün sonunadək ifrat faza¬sına çatır. Payızda isə havanın soyuması, bataqlıqların buxarlanması, yayın nəzərdən keçirdiyimiz ayrılmalarının yığılıb iylənməsinə, qızışıb çürüntü verməsinə, havanın çirklənməsinə və bu zərərli atmosferin törətdiyi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Belə xəstəliklər, xəstəliyə xüsusilə meylli olanlar, kök, az hərəkət edən, hədsiz vəzi sekresiyaları, ayırmalarına malik olan orqanizmlə rastlaşdıqda onu sürətlə zəiflədib taqətdən salırlar.
Xəstəliklə əlaqədar olan mövsümlərin insan səhhəti üçün ən əlverişlisi yaz fəslidir. Yunan həkimi Hippokrat belə demişdir: “Xəstəliklərin ən güclü və ölümcül təsir göstərdiyi dövr payızdır. Bahar fəsli isə ən sağlam vaxt və ölüm hadisələrinin ən az olduğu mövsümdür. Əczaçılar və dəfn mərasimlərini təşkil edənlərin yaz və yay aylarında borc vermək və borcla iş görmək üzrə adətləri var. Payız onlar üçün bahardır. Ona görə də onlar payızın gəlməsini səbirsizliklə gözləyirlər”.

Bir şərəfli hədisdə:
“Ulduz çıxdıqda hər yerlərdə bəlalar yox olar” deyildi rəvayət edilir. Ulduzun çıxması dedikdə, ya Sürəyya(Dan ulduzu )səyyarəsinin görünməsi nəzərdə tutulur, ya da yazda bitkilərin yenidən canlanması kimi yozulur. “Otlar da, ağaclar da (Allaha) səcdə edər!(Rahman surəsi, 55.6.) ayəsindəki otlar da ulduz kimi təfsir edilmişdir. Ulduzun doğması və yox olması yazda baş verir. Bu mövsüm fəlakətlərin səngidiyi fəsildir. Sürəyya ulduzu isə, şəfəqin açılması ilə birgə, onun doğması və batması müddətində xəstəliklər artır. Təmimi “Maddətul-Beka” adlı əsərində belə deyir: “İlin ən bərk çirkləndiyi vaxtlar, insana ən böyük bəlaların gəldiyi vaxtlar ikidir. Biri dan yeri söküləndə - Sürəyyanın üfüqdə yox olduğu vaxt, digəri isə eyni yerdən birində Günəş doğmamışdan əvvəl, şərqdən Sürəyya ulduzunun göründüyü vaxtdır. Bu vaxt yazın başlaması və sona çatması vaxtıdır. Amma Sürəyya ulduzunun çıxması zamanı (havanın) çirkləşməsi, batması vaxtındakı çirklənməsindən daha az zərərlidir”.
Əbu Muhəmməd ibn Quteybə deyir ki, “Sürəyya ulduzunun çıxması insanlara hökmən bir fəlakət gətirir. Ancaq onun batması, çıxmasından daha çox fəlakət gətirir”. Yuxarıdakı hədisin üçüncü bir yozumu var ki, deyəsən, ən etibarlı yozum da budur. Buna görə də, Sürəyya və fəlakət ifadələri yazın başlanğıcında və qış mövsümündə meyvələrə və əkin sahələrinə düçar olan fəlakətə işarə edir. Göstərilən vaxtda Sürəyya ulduzunun çıxması ilə fəlakətin qarşısını ala bilən inam yaranır. Bu səbəbdən Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) meyvələrin yoluxub-yolux¬madı¬ğını öyrənmədən əvvəl alqı-satqısını qadağan etmişdir. Belə qadağanların qoyulmasının məqsədi Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) vəba xəstəliyi baş verdikdə onun qarşısını almaqla əlaqədar yol göstərməsi ilə bağlıdır. Peyğəmbəri¬miz (ona Allahın salavatı və salamı olsun) ümmətinə vəbanın olduğu yerə daxil olmağı və oradan kənara çıxmağı qadağan etməklə, bu xəstəlikdən qəti sürətdə qorunmaq lazım gəldiyini vurğulamışdır. Burada vəbanın olduğu yerə getməklə insan bəlanın üstünə çıxmış, xəstəliyin tüğyan etdiyi əraziyə girmiş və nəfsinə tabe olmuş olur. Bu hərəkət həm dinə və həm də ağıla ziddir. Əslində insanın xəstəlik olan yerə getməkdən çəkinməsi Allahın göstərdiyi pəhriz yollarından biridir. Bu baxımdan pəhriz insanı narahat edən hava və yerlərdən uzaq durmaq deməkdir.
Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) yoluxucu xəstəlik olan ərazidən çıxmağı qadağan etməsinin iki mənası var:
Biri – müsəlmanları Allaha bel bağlamağa, Ona ümid etməyə, Onu özünün vəkili etməyə, Allahın hökmlərinə səbir göstərməyə, onları xoşluqla qarşılamağa təşviq mənasına malikdir.
Digəri isə tibb sahəsində görkəmli ad sahiblərinin bildirdikləri mənadır. Məhz buna görə, vəbadan qorunan hər bir insanın orqanizminin ifraz etdiyi maddələri artırması, qidalanmağı azaltması, onun hər cəhətdən yüngülləşdirilməsinə yönəldilmiş tədbirlərə müraciət etməsi lazım gəlir. İdmanla məşğul olmaq və hamamda çimmək istisna olmaqla. Bunların hər ikisindən uzaq durmalıdır. Çünki insan orqanizmi onda qalan artıqlardan heç vaxt xali olmur. Onlar orqanizmdə həmişə olur. İdman və hamam isə o gərəksiz qalıqları bütün bədənə yayır və mədə şirəsinin acıtdığı qida maddələrinə qarışdırır. Bu hal isə öz növbəsində təhlükəli xəstəliklərə yol açır. Beləliklə, vəba yoluxması zamanı orqanizmdə əmələ gələn qalıq maddələrin orqanizmə yayılmasının qarşısını almaq üçün bədənin mütləq sakit və rahat olması vacibdir. Vəbanın olduğu yerdən isə böyük sürətlə hərəkət etmədən yola çıxmaq mümkün deyil. Belə hərəkət xəstə üçün son dərəcə ziyandır. Qabaqcıl həkimlərin və son dövr alimlərinin nəzər nöqtələri belədir. Beləliklə də, Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) hədisindəki tibbi məna, qəlb və can müalicəsi və onların sağlamlıqlarının qorumaqla bağlı olaraq qoyduğu normalar meydana gəlmişdir.
Əgər Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun): “Vəbadan qaçmaq məqsədi ilə o ərazidən çıxmayın” ifadəsində sizin izah etdiyiniz mənanı nəzərdə tutmadığını, xəstəliyə görə ərazidən çıxmağa maneə olmadığını, səfərə çıxanın bundan çəkindirilmədiyini ifadə edən bir işarə vardır deyən olarsa, buna belə cavab vermək olar. Əlbəttə ki, nə həkimlər, nə də bir başqası vəba yoluxması zamanı: “insanlar hərəkət etməsinlər, ölü kimi qımıldanmadan dayansınlar” deməmişlər. Burada zəruri olan tələb: sadəcə mümkün qədər hərəkəti azaltmaqdır. Vəbadan qaçmağa çalışan bir adamın vəbadan qaçmaqdan başqa hərəkətini zəruri edən bir səbəb olmur.
Vəbanın olduğu yerə daxil olmağın qadağan olunmasında bir çox hikmətlər var:
I – Narahatedici səbəblərdən çəkinmək və onlardan uzaq dayanmaq;
II – Dünya və axirətin əsasını təşkil edən sağlamlığı əlində saxlamaq;
III – İylənmiş və çirklənmiş hava ilə nəfəs alaraq xəstələnmənin qarşısını almaq;
IV – Xəstələrə yaxınlaşmalarının nəticəsi olaraq eyni xəstəliyin bu yolla əraziyə sirayət etməsinin qabağını alamaq.
Əbu Davudun Sünənində Peyğəmbərimizə (ona Allahın salavatı və salamı olsun) məxsus belə bir hədis vardır:
“Tərdə ölüm vardır”(Bu şərəfli hədisi Əhməd və “İmanın şöbələri” adlı əsərində Beyhəqqi Fərvə İbn Museyyəkdən götürmüşdür.) İbn Quteybə deyir ki, tər sözü ilə vəbanın xəstəni sıxmasına və onu ağırlaşdırmasına işarə edir.
V – İnsanları uğursuzluq inamından xəstəliyə tutulmaqdan qorumaqdır. Çünki insanlar hər ikisinin təsiri altına düşürlər. Halbuki uğursuzluğa inanmaq, ancaq ona inananlara görə təsir qüvvəsinə malik olur.
Xülasə, vəba olan yerə getməyin qadağan olunması ilə xəstəlikdən uzaq durmaq və qorunmaq hökmü verilir və ölümə səbəb ola biləcək şeylərə yaxınlaşmağa qəti şəkildə icazə verilmir. Digər tərəfdən, xəstəlikdən qaçmanın da qadağan olunması ilə Allaha təvəkkül etmək, Ona təslim olmaq və baş əymək hökmü verilir. Allahın və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) hökm və əmrlərində təlim və tərbiyə, təvəkküldə isə Allah qarşısında təzim etmə və Ona tabe olma vardır.
Buxari Səhihində bildirildiyinə görə Ömər ibn Xəttab (Allah ondan razı olsun) xəlifəliyi dövründə Şamda yerləşən qoşunlarını yoxlamaq məqsədi ilə özü ilə bir qrup əsgərlərlə birlikdə Şama getmək üçün yola çıxmışdı. Şam yaxınlığında “Sərğ” deyilən bir kəndə girən kimi, Şamın valisi və Suriyə qoşunlarının komandanı Əbu Ubeydə ibn Cərrah bəzi qoşun komandirləri ilə birlikdə Öməri qarşılayaraq, Şamda vəba olduğunu məruzə etdi. İbn Abbas deyir ki: “Bu xəbərə görə Ömər (Allah ondan razı olsun) mənə: “İlk mühacirləri yanıma çağır” dedi. Onları çağırdım. Məsələni onlarla müzakirə etdi. Səhabələr müxtəlif təkliflər verdilər. Bir hissəsi: “Ey möminlərin əmiri, siz düşmənlə döyüşə çıxmış kimisiniz. Allaha güvənərək yolunuzdan dönməməyinizi müvafiq görürük” dedi. Bəziləri isə: “Xalqın qalan hissəsi və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) səhabələri səninlə bərabərdir (vəba təhlükəsi ilə qarşılaşmamaq üçün) onları vəbanın üstünə aparmağı məsləhət görmürük (Mədinəyə dönməyinizin daha yaxşı olacağı fikrindəyik)” dedilər. Ömər (bu ixtilafı görüncə): “Yanımdan çəkilin!...” dedi. Sonra məni səsləyib: “Ənsarlardan olanları çağır!” – dedi. Onları çağırdım. Məsələ barəsində onlarla da məsləhətləşdi. Ənsarlar da mühacirlər kimi müxtəlif rəy verdilər. Ömər onlara da: “Siz də çıxın!” – deyə əmr etdi. Sonra mənə: “Məkkənin fəthindən əvvəl Mədinəyə köçmüş buradakı qureyş mühacirlərinin yaşlılarını çağır!” – dedi. Onları da çağırdım. Bunlarla da məsləhətləşmələr apardı. Onlar ixtilaf etməyib hamısı: “Xalqla birlikdə Mədinəyə qayıdıb vəbaya yaxın getməməyinizi müvafiq sayırıq” – dedilər. Buna görə Ömər (Allah ondan razı olsun) əksəriyyətin rəyini nəzərə alaraq ertəsi günü yola düşəcəklərini elan etdi. “Siz də tərpənin!” – dedi. Bu vaxt Şamın valisi Əbu Ubeydə ibn Cərrah Ömərə: “Allahın qədərindənmi qaçırsan?” deyən kimi, xəlifə Ömər (Allah ondan razı olsun) onun bu rəftarını bəyənmədiyindən ötrü: “Ey Ubeydə, kaş ki, bu sözü sən yox, bir başqası deyəydi (qəribə hesab etməzdim)!...” deyib, sonra da: “Bəli, Allahın qədərindən yenə də Allahın qədərinə qaçırıq. Bir fikirləş gör, sən dəvələrini bir tərəfi otlaq, digəri tərəfi isə çılpaq bir dərəyə düşsəydilər, sən onları otlu yamacda otarardın ki, qarınlarını doydursunlar və bu halda bu hərəkətin Allahın qədəri ilə olmazdımı? Yoxsa əksinə, bitkisiz və çılpaq tərəfində dəvələri ac qoysaydın bu hərəkətin yenə Allahın qədəri ilə olmazdımı?” deyə buyurdu (Bu düşüncəli sual formalı cavabı ilə Əbu Ubey¬dəni susdurdu).
Ravi ibn Abbas deyir ki, bu vaxt öz şəxsi işlərindən ötrü əvvəlcə orada olmamış Abdurrahman ibn Auf gəlib çıxdı. Vəziyyəti aydınlaşdıran kimi: Mənim bu məsələ ilə əlaqədar məlumatım var. Allahın Elçisindən (ona Allahın salavatı və salamı olsun) bu sözləri eşitmişəm:
“Vir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”
(Bu hədisi Muslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə və Əhməd öz kitablarında vermişler.)


Tarix: 14.04.2013 / 13:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 580 Bölmə: Maraqlı melumatlar