beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İMAN ZƏİFLİYİNİN ƏLACI(ikinci hissə)

7) İman zəifliyinin əlaclarından biri də pis, fəlakətli sonluqdan qorxmaqdır. Bu, müsəlman itaətə, qəlbində imanı canlandırmağa sövq edir, pis sonluğa gətirən səbəblər isə çoxdur. İman zəifliyi, asiliklərə dalmaq bu səbəblərdəndir. Rəsulullah (s) buyurur: «Kim özünü bir dəmir parçası ilə öldürərsə, cəhənnəmdə həmin o dəmir parçasını orada əbədi olaraq qarnına sancacaq. Kim zəhər içərək özünü öldürərsə, cəhənnəm odundə əbədi olaraq sürüklənəcək». ( Müslim, 109). Peyğəmbərin (s) dövründə belə hallar baş vermişdi. Məsələn, müsəlmanların düşərgəsində kafirlərə qarşı biri vuruşurdu. Onun kimi heç kim vuruşmurdu. Peyğəmbər (s) onun haqqında dedi: «O, Cəhənnəm əhlindəndir» . Döyüş zamanı müsəlmanlardan biri görür ki, o, ağır yaralanır və ağrıya dözməyərək ölümünü tezləşdirmək məqsədi ilə qılıncını sinəsinə dirəyir. Özünü onun üzərinə söykəyir və öldürür. ( Buxari, «Fəth əl-Bari», 7/471).

Elm əhlinin qeyd etdiyi kimi insanların pis sonluğa düşməsi halları çoxdur. İbn Qeyyim «Dərd və dəva» adlı kitabında bunları qeyd edir: Ölüm yatağında olan bir kəsə «Lə iləhə illəllah» de, deyildiyi zaman o cavab verər: mən onu deyə bilmirəm. Başqa birisinə həmin sözləri dedikdə, sayıqlamağa başlayır. Qazancı onu Allahı zikr etməkdən uzaqlaşdıran bir tacirə də vəfat etdiyi zaman «lə iləhə illəllah» de deyildi. O isə: «Bu söz sənin üçün qiymətlidir, mənim üçün isə dəyərsizdir» - dedi və ölənədək bu sözü təkrarladı. ( «Tariqul-Hicrəteyn» 308, səh. 308).
Rəvayət olunur ki, kral Nasirin əsgərlərindən biri vəfat anında oğlu ona «Lə iləhə illəllah» de! Demiş. O isə «Nasir mənim mövlamdır» söyləmişdir. Övladı ona yenidən həmin kəlməni dedirtmək istədikdə o, yenidən «Nasir mənim mövlamdır», «Nasir mənim mövlamdır» təkrar etmiş və vəfat etmişdir. Başqa birinə ölüm anında «Lə iləhə illəllah» kəlməsi təlqin edildikdə, o isə «filan evi bu cür tikərsiz, filan bostanı belə becərərsiniz!» söyləmişdir. Sələmçilərdən birinə «Lə iləhə illəllah» de, deyildiyi zaman on-on bir faizlə deməyə başlamış və canını tapşırana kimi bunu təkrarlamışdı.( «Əd dəu vad –dəva», səh. 170,289). Elə insanlar olmuşdur ki, ölüm anlarında rəngləri qaralmış, üzləri qiblədən çevrilmişdir. İbn əl-Cövzi qeyd edir ki, həmişə yaxşı bir insan kimi tanıdığım biri ölüm anında demişdi: «rəbbim mənə zülm edir». Həqiqətən, Allah belə sözlərdən ucadır. Allah ölüm ayağında olan quluna zülm etməz. ( «Əd dəu vad-dəva», səh. 171).

8) Ölümü tez-tez xatırlamaq . Rəsulullah (s) buyurur: «Ləzzətləri sona çatdıran ölümü tez-tez xatırlayın!» . ( Tirmizi, 2307; «Səhih əl-Cami», 1210).
Ölümü yada salmaq insanı günahlardan uzaqlaşdırır, sərtləşmiş qəlbi yumşaldır. Çətinliklərdə onu yada salan kimsəyə rahatlıq gələr. Rahatlıqda onu yada alan kimsənin qəlbində Allah xofu yaranar. Ölümü ən çox xatırladan amil qəlblərin ziyarətidir. Ona görə də rəsulullah (s) qəbrləri ziyarət etməyi əmr etmişdir. «Sizə qəbrləri ziyarət etməyi qadağan etmişdim. İndi isə onları ziyarət edin. Həqiqətən də, qəlbləri ziyarət etmək qəlbi yumşaldır. Göz yaşı axıdır. Axirəti xatırladır». ( Hakim, 1/376; «Səhih əl-Cami», 4584).
Hətta kafirlərin qəbrini də ibrət almaq üçün ziyarət etmək olar. Buna rəsulullahın (s) «Səhih» də varid olan hədisi dəlildir: «O, (s) anasının qəbrini ziyarət etdi, ağladı, yanındakıları ağlatdı və dedi: «Allahdan onun üçün bağışlanma diləmək istədim. Mənə izn vermədi. Ancaq Allahdan onun qəbrini ziyarət etmək istədim. Mənə icazə verdi. Qəbirləri ziyarət edin. Onlar sizə ölümü xatırladır». ( Müslim, 3/65). Qəbirləri ziyarət qəlbləri yumşaldan ən böyük vasitələrdən biridir. Ziyarət edən ölümü yada salmaqla fayda əldə edir. Hər şeyi yenidən fikirləşir. Həmçinin ziyarət edənin olması ilə qəbirdəkilər rahatlılıq tapırlar. Peyğəmbər (s) buyurur: «Sizə salam olsun, ey möminlər və müsəlmanlar diyarının əhli! Bizdən qabaq və sonra qalanlar Allahın mərhəməti olsun. Allah qoysa biz də sizə qoşulacağıq!». ( Müslim, 974).
Ziyarət edən onun ədəb qaydalarını da bilməlidir. Qəlb onunla rahatlıq tapmalıdır. Ziyarətdən məqsəd Allahın razılığını qazanmaq və qəlbdəki fəsadı islah etmək olmalıdır. Qəbri ziyarət edən özünün torpağın altında olduğunu və ailəsindən, əzələrindən ayrı düşdüyünü hiss etsə, müsəlman qardaşlarının halı barəsində düşünər. Həqiqətən, insan dünyada olarkən mal-dövlət yığır və çoxlu ümidlərə qapılır. Lakin öldükdən sonra ümidləri kəsilir, yığmış olduğu malı belə ona kömək olmur. Üzü üzərinə torpağa atılır. Qəbirdə tək-tənha olur. Nə arvadı, nə övladları onunla birgə qalır. Yalnız əməlləri ilə baş-başa qalır. O, öldükdən sonra arvadı ərə gedər, övladları isə başqasının himayəsinə keçər.
Ölümü tez-tez xatırlamağın üç ən böyük səmərəsi var. Ölümü tez-tez xatırlamaq tövbəni tezləşdirir, qəlbi rahatlaşdırır, ibadəti fəal yerinə yetirməyə səbəb olur. Ölümü yaddan çıxarmaq isə üç böyük itkiyə səbəb olur. Bu, tövbəni gecikdirir, qəlbi sərtləşdirir, ibadətdə tənbəlliyə səbəb olur. Həqiqətən, ölüm anında olan şəxsə və ya meyidə baxmaq, keçirdiyi iztirabı görmək, ölümündən sonrakı həyat barəsində fikirləşmək, bədənin ləzzətlərindən, yuxudan və rahatlıqdan uzaq olacağını düşünmək insan mənəviyyatına təsir edən amillərdəndir. Həsən əl-Basri bir xəstəni ziyarət etmək üçün onun yanına gedir. Onun ölümün cəngində əziyyət çəkdiyini görür. Sonra rəngi dəyişmiş halda ailəsinin yanına qayıdır. Ailəsi ona yemək vermək istədikdə o dedi: yemək, içmək sizin olsun. Allaha and olsun ki, mən elə bir dəhşət gördüm ki, onu görənə qədər onun üçün çalışmaqda idim. ( «Ət-təzkirə», 17).
Cənazə namazı qılmaq, onu çiyinlər üzərində daşımaq, qəbristanlığa gedib onu dəfn etmək, üzərinə torpaq atmaq həqiqətən də ölümü tam dərk etməyə səbəb olur və axirəti xatırladır. Peyğəmbər (s) buyurur: «Xəstələri ziyarət edin, cənazələrə qoşulun ki, sizə axirəti xatırlatsın». (Əhməd, 3/48; «Səhih əl-Cami», 4109) Həmçinin cənazələrdə iştirak etməyin böyük savabı var. Peyğəmbər (s) buyurur: «Kim cənazə namazında iştirak edərsə, (başqa bir rəvayətdə: Kim iman və qarşılığın Allahdan gözləyərək müsəlmanın cənazəsinə qoşularsa) onun üçün bir savab var. Və kim dəfninə kimi cənazədə iştirak edərsə, onun üçün iki savab var». Səhabələr soruşur: «Ya rəsulullah, o iki savab nədir?». Rəsulullah (s) cavab verir: «İki böyük dağ mislində savab» . (Başqa bir rəvayətdə: «Hər bir savab bir dağ böyüklüyündədir»)» ( Buxari, Müslim, Albani «Əhkəmul-Cənaiz», səh. 67).
Sələflər günah işlədən insanlara nəsihət edərkən onlara ölümü xatırladırdı. Budur, bir nəfər saleh bir şəxsin yanında başqasının qeybətini edəndə o, qeybət edən şəxsə məsləhət verərək dedi: «Gözlərin üzərinə qoyulacaq kəfəni yadına sal!»

9) Allah taalanın axirətdə hazırladığı yerlər haqqında fikirləşmək. İbn Qeyyim buyurur: «Əgər insanın düşüncəsi sağlam olsa o, doğru olanı görər. Bu isə qəlbin hidayət nuru ilə dolmasıdır. Həmin şəxs Allahın əzabı və neməti, cənnət və cəhənnəm barəsində fikirləşər. Allah cənnəti və onun nemətlərini öz dostları üçün, cəhənnəm və onun əzabını öz düşmənləri üçün hazırlamışdır. Qiyamət günü insanlar hər şeyi öz gözləri ilə görəcəklər. Onlar qəbirlərdən haqqı görmək üçün qalxacaqlar. Mələklər enəcəklər və onları əhatəyə alacaqlar. Allah taala gələcək, kitab qoyulacaq, peyğəmbərlər və şəhidlər gətiriləcək, tərəzi işə salınacaq, səhifələr vərəqlənəcək, düşmənçiliklər açılacaq. O gün hər kəs günahına görə sorğu-sual olunacaq. Susuzluq bürüyəcək, yad edilənlər olmayacaq. İnsan həmin günün dəhşətinə öz gözləri ilə şahid olacaqlar». ( «Mədəricus Salikin», 1/123).
Qurani – Kərimin bir çox surələrində Axirət günü haqqında – cənnət və cəhənnəm əhlinin əhvalı barəsində ayələr mövcuddur. Qaf, əl-Vaqiə, əl-Qiyamə, əl-Mursələt, ən-Nəbə, əl-Mutaffifin, ət-Təkvir surələri bu qəbildəndir. Həmçinin hədis kitablarında da Axirət günü barəsində çoxlu hədislər var. Bu baxımdan da elm əhlinin nadir əsərlərini oxumaq məsləhətdir. İbn Qeyyimin «Hədil Ərvah», İbn Kəsirin «Ən-nihəyə fil Fitəni val Mələhim», Qurtubinin «Ət-Təzkirə fi əhvalil mövta va umurul axıra» kimi əsərlər bu mövzuda yazılmış ən yaxşı əsərlərdir. Məqsəd dirilişin, qəbirlərdən qalxmağın, Allahın hüzurunda dayanmağın, haqq-hesabın, mükafat və ya cəzanın, tərəzinin, sirat körpüsünün və əbədi məskən olan cənnət və cəhənnəmin haqq olduğunu bilməklə imanı artırmaqdır.

10) Allahın yaradılış və kainat haqqında olan ayələrindən təsirlənmək . Buxari və Müslimin rəayət etdikləri hədisdə qeyd olunur ki, rəsulullah (s) bulud və ya külək gördükdə bu onun sifətində başqa bir hal oyadardı. Aişə dedi: «Ya rəsulullah, insanlar bulud gördüklərində üzlərində yağış olacaq deyə sevinərlər. Ancaq sən əksinə, bulud gördükdə narahat olursan». Peyğəmbər (s) buyurdu: «Ey Aişə, bir qövmə küləklə əzab verildi və camaat əzabı görməmişdən əvvəl dedi: «Bu bizə yağış yağdıracaq buluddur». (əl-Əhqaf, 24). ( Müslim, 899).
Buxarinin «Səhih» əsərində Əbu Musadan rəvayət olunan hədisdə bildirilir ki, Peyğəmbər (s) günəş tutulmasını görəndə, vahiməli halda ayağa qalxdı: «Günəş tutuldu və peyğəmbər (s) qiyamətin qopmasından qorxaraq ayağa qalxdı». ( «Fəth əl-Bari», 2/545).
Peyğəmbər (s) bizə günəşin və ayın tutulması zamanı namaz qılmağı əmr etdi və bildirdi ki, onlar Allahın öz qullarını qorxutduğu açıq-aydın əlamətlərdən olub, onlardan təsirlənmək qəlbdə imanı canlandırır, insana Allahın əzabını, onun əzəmətini, güc və qüdrətini xatırladır. Aişə (r) buyurur ki, rəsulullah (s) əlini tutdu və aya işarə edərək dedi: «Ey Aişə, onun şərindən Allaha sığın. O, tutulduğu zaman, qaranlıq çökür» ( Əhməd, 6/237; «Səhih hədislər silsiləsi», 372).
Belə misallardan biri də, əzab olunanların və zalımların qəbirlərinin yanından keçərkən təsirlənməkdir. İbn Ömərdən rəvayət olunur ki, rəsulullah (s) səhabələrinə başdaşlarına yaxınlaşdıqları zaman dedi: «Bu əzab olunanların yanına ağlayaraq daxil olun. Ağlamasanız, onların qəbirlərinə yaxınlaşmayın! Onların başına gələn sizin başınıza gəlmir». ( Buxari, 423). Bu gün isə insanlar belələrinin qəbirlərini ziyarət edir, oraları bər-bəzəklə doldururlar.

11) Allah taalanı zikr etmək . Qəlblər onunla canlanar, onunla şəfa tapar. O, saleh əməllərin ruhudur. Allah təala əmr edərək buyurur: «Ey iman gətirənlər, Allahı çox zikr edin» . Başqa bir ayədə Allah taala möminlərə qurtuluş vəd edir və buyurur: «Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız». Allah taala onu zikr etməyi hər şeydən üstün edir: «Allahı zikr etmək daha böyükdür» . İslam qaydaları onun üçün çətin olan bir nəfər peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) ona məsləhət verərək buyurur: «Dilin Allahı zikr etməkdən qurumasın!». (Tirmizi, 3375). Bu Allahın razılığını qazanmaq, şeytanın vəsvəsəsindən qorunmaq, qəm-qüssədən uzaq olmaq, bol ruzili olmaq deməkdir. Bununla xeyir qapıları açılır. Bu, cənnəti qazanmağın və dilin bəlalarından uzaq olmağın ən gözəl yoludur. Varlılar sədəqə verərkən qazandıqları savabı kasıblar Allahı zikr etməklə qazanarlar. Allahı zikr etmək bədən və malla edilən ibadətə bərabərdir. Allahı zikr etməyi tərk etmək isə qəlbin paslanmasına, sərtləşməsinə səbəb olur. Allahı zikr etməyi unutmaq qəlblərin ölü olduğundan xəbər verir. Onların cəsədləri qəbirlərə qoyulmamışdan əvvəl qəbirdədilər. Ruhları isə cəsədlərindən daha çirkindir. Onlar qayıdış gününə qədər haqqa qayıtmaz. Ona görə də imanın zəifliyinin çarəsini istəyən kəs Allahı daha çox zikr etməlidir. Allah taala buyurur: «Unutduğun zaman Allahı zikr et!» (əl-Kəhf, 45) . Allah təala zikrin insan qəlbinə təsiri barəsində açıq-aşkar buyurur: «Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar» (ər-Rəd, 28). İbn Qeyyim (Allah ona rəhmət etsin!) qəlbin sərtliyinin zikrlə çarəsi barəsində buyurur: «Qəlbdə yaranan sərtliyi və pası yalnız Allahı zikr etmək aradan götürür. Qul qəlbinin sərtliyini Allah taalanı zikr etməklə müalicə etməlidir. Bir nəfər Həsən əl-Basriyə dedi: «Ey Səidin atası, qəlbimin sərtliyindən şikayətlənirəm». Həsən əl-Basri isə ona «zikrlə onu yumşalt» - dedi. Hər dəfə qəlbi qəflət bürüdükdə, o sərtləşir, Allahı zikr etdikdə isə o sərtlik mərmi yanıb əridiyi kimi yox olur. Zikr qəlbin şəfası və dəvasıdır. Allahdan qəflətdə olmaq isə qəlbin xəstəliyidir. Onu Allahı zikr etməklə müalicə etmək lazımdır». ( «Əl-Vabilus-Sayyub və əl-kəlim ət-tayyib», 142).
Zikr vasitəsilə insan şeytanı sarsıdır. Öz növbəsində şeytan da Allahdan qəflətdə olanları, onu unudanları sarsıdır. Bəzi sələf alimləri deyirlər: Əgər zikr qəlbə yol tapsa, şeytanın ona yaxınlaşması çətinləşər. Yaxınlaşsa da Allahın zikrindən sarsılar. Digər şeytanlar da mömin qəlbini qırıb onu yoldan çıxarmağa çalışan şeytanın başına yığışar və deyərlər: Bu nə haldır? Onlara isə bildirirlər ki, şeytanı məhv etdi. ( «Mədəricus Salikin», 2/424).Şeytanın haqq yolundan çıxardığı kimsələr isə qəflətdə olanlardır. Onlar Allahı zikr etməzlər. Şeytanın belə insanların qəlbinə girməsi asandır.
İman zəifliyindən şikayət edənlər gecə namazını, nafilə ibadətlər kimi çarə vasitələrini yerinə yetirməyə çətinlik çəkirlər. Daha yaxşı olar ki, insanlar qəlblərinin rahatlıq tapması üçün Allahı zikr etməkdən başlasınlar və şəriətdə varid olan zikrləri davamiyyətli şəkildə təkrarlasınlar. Belə zikrlərdən «Lə iləhə illallah, vahdəhu lə sərikə ləh, ləhul mulk va ləhul həmd va huva alə kulli seyin qadir», «Subhənallahi va bihəmdik, subhənallahul azim», «Lə həvlə va lə quvvatə illə billəh» və digər zikrlər edilməsi lazım olan zikrlərdir. Həmçinin şəriətdə müəyyən vaxtlarda və müəyyən yerlərdə edilən zikrlər də varid olub. Məsələn, səhər və axşam zikrləri, yatarkən, oyanarkən, yuxu görərkən, yeməkdən əvvəl və sonra yeyərkən, ayaqyoluna gedərkən, səfərə çıxarkən, yağış yağarkən, külək əsərkən, əzan verilərkən, məscidə gedərkən, istixarə namazı qılarkən, yeni doğmuş ayı görərkən, miniyə minərkən, asqırarkən, xoruz banlayarkən, uzunqulaq anqırarkən edilən zikrlər bu qəbildəndir. Şübhəsiz ki, bütün bu zikrləri yerinə yetirən kəs birbaşa qəlbində onların təsirini hiss edəcək. ( İbn Teymiyyə, «Risalə mufidə fil əzkər əsməhə əl-kəlim ət-tayyib»).

12) Allahdan nicat diləmək və onun qarşısında özünü zəif, günahkar hesab etmək . Qul özünü Allah qarşısında zəif göstərib onun əmrlərinə tabe olmaqla, ona daha da yaxınlaşır. Rəsulullah (s) buyurur: «Allaha yaxın olan kəs ona səcdə vəziyyətində durandır. Elə isə, dualarınızı çoxaldın!» . ( Müslim, 482) . Çünki səcdə vəziyyətində başqa hallarda olmayan itaətkarlığa təbeçilik var. İnsan səcdə edərək alnını yerə qoyduqda əlbəttə ki, Allaha daha da yaxınlaşır. İbn Qeyyim (Allah ona rəhmət eləsin!) insanın Allah qarşısında boyun əyərək dua etməsi barəsində bu xoş ifadələri işlədir: «Səcdə vəziyyətində aşağıdakı sözləri demək Allaha daha xoşdur: «Sənin izzətin və mənim qarşında əyilməyimlə mənə rəhm etməyini diləyirəm. Sənin gücünlə, mənim zəifliyimləşəndən kömək diləyirəm. Sən varlısan mən kasıb. Mən sənə möhtacam. Budur mənim günahkar və yalançı kəkilim Sənin əlindədir. Məndən başqa qulların çoxdur. Səndən başqa heç bir sığınacaq və güvənc yeri yoxdur. Bir miskin qul kimi səndən diləyirəm. Sənə müti, itaətkar yalvarışlarla yalvarıram. Sənə səndən qorxaraq dua edirəm». Qul rəbbinə hər dəfə bu kəlimələrlə sığınarsa, onun qəlbindəki iman qat-qat güclənər, möhkəmlənər».
Həmçinin insanın Allaha möhtac olduğunu göstərməsi imanı gücləndirən amillərdəndir. Allah təala bizim ona möhtac olduğumuz haqda buyurur: «Ey insanlar, Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O, hər cürə şükrə və tərifə layiqdir» (əl-Fatir, 15).

13) Ümidə çox qapılmamaq. Bu, çox mühüm məsələdir. İbn Qeyyim buyurur: «Bu barədə ən tutarlı dəlil Allah təalanın ayəsidir. «Görürsənmi, əgər biz onlara illərcə nemət versək, sonra vəd olunduqları əzab onlara yetişsə, onlara verilmiş, olan nemətlər onlardan (əzabı) dəf edə bilməz» (əş-Suara, 205-207) , «Allah müşrikləri dünyada gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı qiyamət günü onlar bir-birini tanıyacaqlar»> (Yunus, 45), «Yaşayacağam, yaşayacağam» demək insana yaraşmaz. Çünki insan gələcəyindən sığortalanmayıb. Bir dəfə bir nəfərə «bizimlə bərabər zöhr namazını qıl» deyildikdə o isə «zöhr namazın qılsam, əsr namazını qılmayacağam» demişdir. Ona belə cavab verdilər. «Elə bil ki, sən əsr namazına kimi yaşayacağına əminsən». Bu cür ümidə qapılmaqdan Allaha sığınırıq.

14) Dünyanın faniliyi barədə yaxşıca fikirləşmək, dünyaya aludə olmaqdan vaz keçmək . Allah təala buyurur: « Dünya həyatı yanlış əyləncədən başqa bir şey deyil» . Əbu Hureyrədən rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: «Dünya lənətlənmişdir. Orada Allahı xatırlamaqdan, Allahın dost tutduğu insanlardan, alimdən və öyrənəndən başqa hər şey lənətlənmişdir» . ( İbn Macə, 4112; «əs-Səhih ət-tərğib vat-tərhib», 71) .

15) Allahın hədlərinə, qanunlarına hörmət edib onları uca tutmaq. Allah təala buyurur: «Hər kəs Allahın mərasiminə hörmət etsə, bu, şübhəsiz ki, qəlblərin təqvasındadır» (əl-Həcc, 32) Allahın qoymuş olduğu hədlər, onun qullar üzərində haqlarıdır. Bununla həm şəxs, həm yer, həm zaman nəzərdə tutula bilər. Şəxslər barəsində Allahın haqlarına hörmət rəsulullahın (s) əmrlərinə riayət etməklə göstərmək olar. Məkan baxımından Məkkəni misal göstərə bilərik. Zaman baxımından isə Ramazan ayına hörmət etmək buna misaldır. Allah təala buyurur: «Hər kəs Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar» (əl-Həcc, 30) .
Kiçik günahlara xor baxmaq Allahın buyurduqlarına hörmət etməməkdən irəli gəlir. Abdullah bin Məsud rəvayət edir ki, rəsulullah (s) buyurdu: «Kiçik günahlara barmaqarası baxmayın! Həqiqətən, onlar insanı məhv edənə kimi üst-üstə yığılırlar» . (Əhməd, 1/402; «Səhih hədislər silsiləsi», 389).
İbn əl-Cövzi «Seydul Xatir»də deyir: İnsanların çoxu bəzi işlərdə yumşaq davranırlar. Onları rahatlıqla edə biləcəklərini zənn edirlər. Əslində isə bu, dini nöqteyi-nəzərdən ayıb sayılır. Məsələn naməhrəmə baxmaq, elmi öyrənib onu təkrarlamamaq kiçik də olsa, böyük günahlara, haramlara gətirib çıxaran günahlardır.

16) Dost və düşmənini müəyyən etmək . Möminin dostu yalnız möminlər, düşməni isə kafirlərdir. Qəlblə Allahın düşmənləri arasında yaxın bağlılıq yaranarsa, qəlb getdikcə zəifləyir, əqidə korlanır. Yalnız Allah üçün möminlərlə dostluq edən, kafirlərlə düşmənçilik edən kimsəni Allah özü dost seçər və ona kömək olar. Həqiqətən, bu cür mövqe imanı gücləndirər, canlandırar.

17) Təvazökarlıq . Çünki danışıqda, hərəkətdə və görünüşdə təvazökarlıq qəlbin təvazökarlığına dəlildir. Peyğəmbər (s) buyurur: «Sadəlik imandandır» . ( İbn Macə, 4118; «Səhih hədislər silsiləsi», 341; İbn Kəsir, «ən-Nihəyə», 1/110). Başqa bir hədisdə rəsulullah (s) buyurur: «Kim imkanı olduğu halda təvazökarlıqdan libası tərk edərsə, Qiyamət günü Allah onu yaratdıqlarının başı üzərindən çağırar, istədiyini geyindirər» . ( Timizi, 2481; «Səhih hədislər silsiləsi», 718). Məşhur səhabə Abdurrəhman bin Avf öz köləsindən fərqlənməzdi.

18) Qəlb əməlləri . Məsələn, Allaha məhəbbət, Ondan qorxmaq, xoş niyyət bəsləmək, Allaha təvəkkül etmək, Onun razılığını və hökmünü əsas tutmaq. Ona şükür etmək, Allahın varlığına əmin olmaq, Onun bütün nöqsanlardan hali olduğuna inanmaq, Ona etibar etmək, tövbə etəmək və s. Bu kimi əməllər birbaşa qəlb əməlləridir.
Həmçinin insanın qəlbinin tam müalicəsi üçün diqqət yetirməsi lazım olan bəzi məqamlar var. Doğru yol tutmaq, Allaha pənah aparmaq, Qurandan və sünnədən tutunmaq, mütilik, zahidlik və bu kimi əməllərə diqət verilməlidir. İbn Qeyyim bu məqamlar barəsində «Mədəricus- Salikin» kitabında təfsilatı ilə söhbət açmışdır.

19) Nəfsi hesaba çəkmək Allah təala buyurur: «Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs sabah nə edəcəyinə nəzər salsın» (əl-Həşr, 18) . Ömər ibn Xəttab buyurur: «Allah qarşısında hesabat verməzdən əvvəl özünüzlə hesablaşın».
İbn Qeyyim (Allah ona rəhmət etsin!) demişdir: «İnsanın həlak olması, ziyana uğraması, onun özü ilə hesablaşmaması, özündən razılığı və bir də öz istəklərinə, nəfsinə tabe olmasından doğur. Gərək insan bu ziyandan qurtulması üçün öz əməllərinə diqqət yetirsin, etdiklərinə görə öz-özünü hesaba çəksin. Həqiqətən də, qayıdış günü yalnız azuqəsi olanlar nicat tapacaqlar».

20) Son olaraq onu demək olar ki, həqiqətən, Allah təalaya dua etmək imanı gücləndirən səbəblərdən biridir: Peyğəmbər (s) buyurur: « Həqiqətən, paltar biçilib tikildiyi kimi, iman da sizin daxilinizə münasib yaradıldı. Elə isə, Allahdan qəlblərinizdə imanın canlandırılmasını istəyin» .
Allahım, səndən gözəl adların və yüksək sifətlərinlə qəlblərimizdə imanımızın canlanmasını diləyirik.
Allahım, imanı bizə sevdir və qəlblərimizi onunla bəzə. Bizdə küfrə, fasiqliyə, asiliyə qarşı nifrət oyat. Bizi doğru yolu tutanlardan et! Allah nöqsansızdır, pakdır. Onun rəsullarına salam olsun! Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur.


Tarix: 14.04.2013 / 12:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 822 Bölmə: Maraqlı melumatlar