beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XXI əsrdə bizi qul edən nədir?

Çoxlarımız azad insan olduğumuzu düşünürük. Quldarlıq, hələ də, ləğv olunmayıb. Sadəcə, forması dəyişib. İnanmırsınızsa, aşağıdakı əhvalatları oxuyun. Təqdim etdiyimiz əhvalatlarda özünüzü görəcəksiniz. Əgər razılaşmırsınızsa, şərhinizi yazın. Bu mövzuda istənilən diskussiyaya hazırıq.

Kiçik xərclər
Ceyhun Vəkilov santexnik işində çalışır. Oradan 10 manat, buradan 20 manat alır. Ümumilikdə götürəndə qazancı pis deyil. Ancaq Ceyhunun pulqabında heç vaxt əhəmiyyətli məbləğdə pul görünmür. Demək olar ki, həmişə əli aşağıdır.

Nəyə görə?
Çünki Ceyhun nə qədər qazansa da, heç hesablamadan dərhal xərcləyir. 5 manat evə getmək üçün taksiyə, 5 manat restoranda nahar yeməyinə və s. Nə vaxt qazandığının, necə xərclədiyinin fərqində olmur.
Əgər Ceyhun özü üçün qeyd dəftəri tutsaydı və gündəlik xərclərini ora yazsaydı, ayın sonunda alınan rəqəmləri görəndə tükləri biz-biz durardı. Onda başa düşərdi ki, gündəlik əhəmiyyətsiz hesab etdiyi naharlar və digər xərclər ayın sonunda böyük məbləğə çevrilir. Anlayardı ki, taksi ilə getmək rahatdır, ancaq cəmi iki ay ictimai nəqliyyatdan istifadə etsəydi, uzun müddət arzusunda olduğu kompüteri ala bilərdi.

Toylar və ad günləri
Leyla Nəsirova ailə qurmağa hazırlaşır. Leyla baş menecerin köməkçisi işində çalışır. Sevib seçdiyi oğlan isə İT üzrə menecerdir. Yeni qurulmuş ailənin təxmini büdcəsi 700 manatdır. Toy büdcəsi isə 9900 manata qədərdir.
Leyla öz sevdiyi oğlanla, sadəcə, dövlət qurumuna gedərək nikahı rəsmiləşdirdikdən sonra kiçik restoranda dostların əhatəsində onu qeyd edə bilməzdimi? Bu cür dəm-dəsgah, tamada, müğənni, video, rəqqasələrin gətirdiyi aş və başqa lazımsız xərclər onun nəyinə gərəkdir? Səbəb çox sadədir. Leyla bütün dost-tanışları, qohumları kimi ümumi matrisanın tərkib hissəsidir. Ona zorla təbliğ edilmiş ənənələrdən kənara çıxmır. Bundan əlavə, Leyla hesab edir ki, iki nəfərin illik qazancı belə tədbiri keçirməyə və bir neçə toy fotosu çəkdirməyə imkan verir.
Bu sadəlöhv qızın tərəfdarları deyə bilərlər ki, toy ömürdə bir dəfə olan şeydir... Ancaq bundan əlavə ad günləri, yas mərasimləri, uşaqların doğum günləri, sünnət mərasimləri kimi başqa tədbirlər də var.

Alkoqol asılılığı
Namiq adlı Bakı sakini hər gün səhər güzgüyə baxır və axır ki, trenajor zalına getməyə və ciddi məşqlərə başlamalıdır ki, pivənin yaratdığı piylənməni aradan götürə bilsin. Ancaq Namiq həftənin beş günü işləyir, işdən sonra isə dostlarla adama bir-iki parç pivə içir. O, heç də alkoqol asılılığından əziyyət çəkmir. O düşünür ki, az miqdarda spirtli içkinin faydası olmasa da, ziyanı da yoxdur.
Alkoqol və iş onun vaxtını elə tamamlayır ki, trenajor zalına getməyə heç cür imkan tapa bilmir. Həyatının ritmini dəyişmək üçün ciddi stimul da yoxdur. Bundan başqa, ağır iş günündən sonra trenajor zalına getmək heç də zövqlü görünmür.

Reklamlar
Nərgiz Məmmədli də Bakı sakinidir. O, hər gün Coca-cola içir, Marlboro siqareti çəkir, Dirol saqqızı çeynəyir. Gün ərzində üç dəfə Mc’Donalds hamburgeri yeyir. Ondan hər gün Dolce Gabanna qoxusu gəlir. Öz iPhone-nu da Lui Vitton çantasına qoyur.
Bununla belə, Nərgiz əmindir ki, reklamlar onun həyatına heç cür təsir göstərmir. Xəstə mədə və boş cib isə onun öz seçimidir.
Televiziyanın böyük ekranları isə Nərgizi və onun sadəlöhv azğınlığını dəstəkləyir: "Nərgiz, sən azad qadınsan. Sən ağıllı və gözəlsən. Sən hər zaman azad seçim edirsən. Öz maaşına diqqətlə yanaşırsan və dəyərli şeylərə xərcləyirsən”.


Tarix: 22.11.2014 / 22:58 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Maraqlı Melumatlar