beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sinə, ağ ciyər, nəfəs yolları

Nar çiçəyini qaynadıb bal ilə qarışdıraraq hər dəfə 1 qaşıq işlətmək sinəni təmizləyir. Yasəmən çiçəyinin də sinəni təmizləmək və yumşaldıcı xassəsi vardır. Moruğu bal ilə qarışdırıb yemək sinə üçün çox faydalıdır. Bu, xüsusilə soyuqdəymə hallarında tövsiyə edilir. Onun balda bişirilmiş mürəbbəsindən istifadə etmək daha yaxşıdır. Sinəni təmizləmək, üçün kəfi yığılmış beçə balından ilıq şərbət hazırlayaraq istifadə edirlər. Bu zaman həmçinin razyana toxumunu və kökünü qaynadaraq suyunu süzür, azca bal əlavə edərək içirlər. Baldırğanın kök və gövdəsindən hazırlanan içki də sinə üçün faydalıdır.
Soyuqdəymə və zökəm. Soyuqdəymə nəticəsində baş verən tumov, zökəm zamanı asqırma, öskürmə, yorğunluq, ağzın acı olması, temperatura, başağrısı halları törəyir. Lakin mikroblu keçici qrip daha təhlükəli olub, şiddətli öskürək, böyür və sinə ağrısı, ürək döyüntüsü, ürəkbulanması, ishal, sancılar, sümüklərdə bərk ağrılar, bel, əl və ayağın ağrıların rejimində müalicə olunmaq, qarnı üzərinə isti kompres qoymaq, ayaqları isti vanna etmək məsləhət görülür. Xəstə tərləməlidir.
Qış zamanı zökəmə tutulmamaq üçün birdən-birə isti otaqdan soyuq havaya, tez-tez isti mühitdən soyuq mühitə çıxmaq olmaz. Hər gün bir qədər bal yemək məsləhət görülür.
Faydalı vasitələrdən biri limon şərbətidir. Limonu qabığı ilə birlikdə doğrayıb 1L qaynar suda 2 saat saxlayir, sonra süzüb bir qədər şəkərlə şirin edirlər. Gündə 3 fincan isti limon şərbəti içmək temperaturu salır, bədənin müqavimətini gücləndirir. soyuqdəymənin qarşısını almaq üçün portağal, limon, şəkər qatılmış limon şirəsi işlətmək məsləhət görülür.
Mikrob və infeksiyaya qarşı tə”sirli vasitələrdən biri sarımsaqdır. Qaraçörəkotunu iyləmək xronik baş ağrısı, zökəm və burun tutulması hallarında faydalı hesab edilir.
Kəndlilər soyuqdəymə zamanı alma rejiminə keçirlər. Zökəm üçün faydalı vasitələrdən biri də qatı alma şərbətidir. Bu şərbəti hazırlamaq üçün 4 ədəd almanın qabığını soyub, doğrayaraq 1L suya tökürlər. Buraya bir ovuc kişmiş və 15q innab əlavə edərək 1 saat ərzində qaynadır, sonra süzüb, 150q şəkər əlavə edərək yenidən qatılaşana qədər qaynadırlar.
Təzə zökəmə tutularkən, nazik soğan laylarını tənzifə bükərək, 5 dəq ərzində burun deşiklərində saxlayaraq dərindən nəfəs almaq lazımdır. Həmçinin orta böyüklükdə olan 2 soğanı, nazik təbəqələrlə doğrayıb 0.5L suda bir gecə saxlayıb, gündə 2 dəfə - yemək fasiləsi zamanı və yatan vaxt ondan 1 kiçik fincan içirlər. Zökəmin müalicəsi 1 həftədən 3 həftəyədək çəkə bilər. Müalicə zamanı balıq, ət, yumurta, süd və pendirdən pəhriz saxlamaq məsləhət görülür.
Qrip zamanı ət xörəyi, kərə yağı, yumurta, lobya, ləpə, noxud, paxla, mərci, duz, darçın, istiot, xardal, sirkə, nişasta ilə bol olan – düyü, kartof və qarğıdalı, həmçinin şirin yeməkləri az işlətməli, pəhriz saxlamaq lazımdır. Xəstəyə sarımsaq və soğan yemək məsləhət görülür. Limon suyu işlətmək, portağal və naringi yemək faydalı hesab olunur. Turp, kök və kahı işlətmək mikrobları dəf edir. Temperaturlu qrip zamanı lavanda çiçəyini dəmləyib içmək tövsiyə edilir. 10–15q quru lavanda çiçəyini 1L qaynar suda 12 dəq dəmləmək, sonra süzərək azca bal qatıb hər gün yemək arası fasilələrdə 4 fincan içmək lazımdır; yaxud 50q quru bənövşəni 1L soyuq suya töküb od üzərində qaynadır və 15 dəq dəmə qoyurlar. Sonra onu bal ilə bir qədər şirin edir, gündə 3-5 dəfə, hər dəfə 1 fincan içirlər. Bu temperaturu salır, baş ağrısı və qrip əlamətlərini aradan qaldırır.


Tarix: 27.08.2012 / 23:01 Müəllif: Behlul Baxılıb: 1047 Bölmə: Maraqlı Məlumatlar