beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İztirab + İstedad

Antonin Dvorjak (1841 - 1904) dünya miqyasında tanınan ilk Bogemiyalı bəstəkardır. Xalq musiqisinin motivlərini 19 - cu əsr romantik musiqi dilinə ilk köçürən də odur.
Dvorjak Praqanın şimalında bir Bogemiya kəndində dünyaya göz açdı. Uşaqlıq illəri atasının işlədiyi kiçik mehmanxanada keçdi. Onun musiqi ilə tanışlığı da bu kiçik mehmanxanada başladı. Dvorjakdakı musiqi qabiliyyətini ilk kəşf edən də məktəbdəki musiqi müəllimi oldu. Ancaq Dvorjakın bir musiqi müəllimindən çox bir musiqi məktəbinə ehtiyacı var idi. Nəhayət, bir gün müəllim Dvorjakın atasını oğlunu Praqadakı orqan məktəbinə göndərməyə razı saldı. Və Dvorjak burada yaxşı bir musiqi təhsili aldı.

Ancaq bu illər Dvorjak üçün çox çətin illər idi. Yoxsulluq onun belini əməlli - başlı əymişdi. Hətta çox vaxt Dvorjaka Praqa küçələrində alt (musiqi alətidir) çalaraq qazandığı pullar da kömək etmirdi. O, şəhərin yoxsul məhəlləsindəki bir çardaqda yaşayırdı, ancaq kirayə haqqı çox ucuz olmasına baxmayaraq verməkdə çətinlik çəkirdi.

Qış isə Dvorjak üçün dəhşətli idi. Çünki evini qızdırmaq üçün heç bir şeyi yox idi. Üstəlik, bir neçə dili işləməyən sınıq pianonun kirayə haqqını vermək üçün çox vaxt yemək belə yemirdi. Bəzən günlərlə davam edən bu aclıq isə onu get - gedə taqətdən salırdı. Bu gənc bəstəkarın başqa bir dərdi isə kağız dərdi idi. Çünki onun üçün kağız almaq müflis olmaq deməl idi. Buna görə də, o, küçəyə atılan kağız parçalarını yığır və əsərlərini bu kağız parçalarının üzərində yazırdı. Ancaq Dvorjakın ən yaxşı əsərləri də elə bu çardaqda soyuqdan titrəyən əlləri ilə kağız parçaları üzərində yazdığı əsərlərdir. Hətta bu gün belə Dvorjakın əsərlərini dinləyəndə bu iztirab çəkmiş ruhun sirli gözəlliyini hiss etməmək mümkün deyil...

P.S. "Hər iztirabın insana öyrətdiyi bir şey var" (Onore de Balzak)


Tarix: 30.11.2014 / 19:45 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Müxtəlif