beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makedoniyalı İsgəndərin həyatından

Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:
- Bunun harası pisdir. Demək onlar qabaqcadan qələbə qazanmaq əhval-ruhiyyəsindədirlər.
Bir dəfə Dara üzərində qələbələrin birindən sonra küçə ilə gedərkən, İsgəndər ona çatmalı olan qızıl əşyalar ilə yüklənmiş ulağı dartıb aparmağa çalışan bir sıravi döyüşçü ilə rastlaşır. İsgəndər, çaşıb-qalmış döyüşçüyə deyir: «Ruhdan düşmə, yükü çadıra apar.» Ümumiyyətlə, onun xasiyyətində qabarıq cəhət qeyri-adi səxavəti idi.
Makedoniyalı İsgəndər qiyam qaldırmış əsgərlərini heç nə ilə inandıra bilmədiyini görüb silahsız və müdafiəsiz onların arasına girir və qiyamın əsas səbəbkarlarından 13 nəfəri öz əlilə edama sürükləyir. Orduda nizam-intizam o qədər güclü idi ki, heç kim müqavimət göstərmədi

İsgəndər - Makedoniya çarı II Filippin yetim qız olan Olimpiadadan yeganə oğlu idi. Yunanca onun adı Aleksandrdır. Sonra ərəblər onun adını öz dillərinə uyğun şəklə salıb İsgəndər kimi yazdılar. Rəvayətə görə anasının toy gecəsi bir neçə əlamət və təbiət hadisəsi ilə müşayiət olunmuşdu. Onlardan biri - Olimpiada yuxuda görmüşdü ki, göy guruldadı və ildırım onun bətnini vurdu. İsgəndər öz ruhi əzəmətini və fövqəlbəşər təbiətini hələ uşaqlıqdan məlum edirdi. Belə ki, yaşıdları ilə oynayarkən hər dəfə atasının yeni bir ölkə fəth etdiyini eşidəndə pərt olub deyirmiş: «Atam dünyanı aldı, mənə heç nə qalmadı.»
Makedoniyalı İsgəndər, sərkərdə

İsgəndərin tərbiyəçisi sərt xasiyyətli Leonid idi. Məhz Leonid İsgəndərin həm fiziki, həm də mənəvi cəhətdən güclü bir şəxsiyyət kimi yetişməsində rol oynamışdı. Məşhur yunan filosofu Aristotel isə bir neçə il İsgəndərə dərs demiş, ona elmi biliklərlə yanaşı dövlət quruluşu və idarəçiliyinin sirlərini öyrətmişdi. Sonralar İsgəndər demişdi ki, həyata gəldiyinə görə Filipə, ləyaqətli həyat sürdüyünə görə isə Aristotelə borcludur.
İsgəndər, tanışları ona olimpiya oyunlarında iştirak etməyi təklif etdikdə, demişdi ki: «Əgər rəqiblərim şahlər olacaqsa, iştirak edərəm.»
Makedoniya ordusunun gücündən qorxuya düşmüş III Dara özü döyüşə rəhbərlik etmək qərarına gəldi. O, İsgəndərə qarşı yüz min nəfərlik qoşun çıxardı. Öz gücünə arxalanan Dara bu yürüşə saysız-hesabsız qulluqçuları, rəqqasələri və ailəsi anası, arvadı və qızları ilə birgə çıxmışdı.İkinci döyüş İss şəhəri yaxınlığında baş verdi. Taktiki manevrlərindən ustalıqla istifadə edən İsgəndər Daranı döyüş yerindən qaçmağa məcbur etdi. Bu İran döyüşçülərini ruhdan saldı və makedoniyalılar özlərindən sayca qat-qat çox düşmənə qalib gəldilər.
Daranın ailəsi əsir götürülmüşdü, İsgəndər hamıya tapşırdı ki, onlarla şah ailəsi kimi rəftar etsinlər, qadınların saxlandığı çadıra yaxınlaşmasınlar. Makedoniya çarının bu alicənablığı Asiya xalqları arasında ona böyük nüfuz və hörmət qazandırdı.
Döyüşdən sonra Dara İsgəndərə xəbər göndərib öz imperiyasının bir hissəsini - Yunanıstandan Dəclə-Fərat sahillərinə kimi geniş bir ərazini ona təklif etdi. Makedoniya ordusunun ən nüfuzlu sərkərdəsi Parmenion İsgəndərə dedi:
-Mən İsgəndər olsaydım, razılaşardım.
-Mən də razılaşardım əgər İsgəndər olmasaydım - deyə cavab verdi.
O, Daraya öz məşhur cavabını göndərdi: «Mən İranın hamısını yarısına dəyişmək fikrində deyiləm.»
Makedoniyalıların düşərgəsindən qaçmış bir fars Daraya xəbər gətirdi ki, İsgəndər onun ailəsi ilə çox ləyaqətli davranır, onlar özlərini şah sarayındakı kimi hiss edirlər. Bunu eşidən Dara üzünü göylərə tutub dedi: - Ey mənim nəslimə və səltənətimə himayədarlıq edən allahlar, mənə farsların əzəmətini qaytarmaqda kömək edin ki, əzizlərimə göstərdiyi qayğıya görə İsgəndərin borcundan çıxa bilim. Yox, əgər qəzavü-qədərin cəza saatları çatıb fars hökmranlığı yerlə-yeksan olacaqsa, onda qoy İsgəndərdən başqa heç kim Kirin taxtına oturmasın!
İranla döyüşlər arasındakı fasilələrdə İsgəndər Misiri, Babilistanı, Finikiyanı zəbt etdi. Şəhərlərin çoxu ona könüllü tabe olurdu, çünki o, heç vaxt şəhərləri talamır, məğlub olmuş hakimiyyətlərlə, əhali ilə, xü­susilə qadınlara ehtiramla davranır, onların adət-ənənələrinə, dinlərinə hörmət edirdi. Şəhərlərin birində makedoniyalı əsgərlərin qadınları zorladığını eşidib onların komandanına məktub yazmışdı ki, həmin döyüşçüləri ən ağır cəza ilə cəzalandırsın.
Hindistandan qayıdarkən İsgəndərin ordusu uzun müddət susuz çöllərlə getməli oldu. Yolda onlar qatırın üstündə bir tuluq su aparan adamlara rast gəldilər. Günorta vaxtı idi, hamı kimi İsgəndər də susuzluqdan yanırdı. Köməkçiləri bir dəbilqəni su ilə doldurub ona gətirdilər. İsgəndər dəbilqəni aldı, lakin ətrafına baxıb dodaqları qurumuş döyüşçüləri görəndə geri qaytarıb dedi:
-Mən suyu tək içsəm, onlar ruhdan düşərlər.
Bunu görən döyüşçülər dedilər ki, qoy o, tərəddüd etmədən onları qabağa aparsın. Belə hökmdarla onlar susuzluğa da qalib gələ bilərlər. 20 yaşında taxta çıxan İsgəndərin ordusu 11 illik aramsız müharibələrdə dəfələrlə özündən çoxsaylı ordularla döyüşməsinə baxmayaraq bir dəfə də olsun, məğlub olmadı. O, təzə istiqamətdə yürüşlərə hazırlaşırdı, lakin azmüddətli xəstəlikdən sonra İsgəndər 33 yaşında vəfat etmişdi.
Yürüşlərin bütün ağırlığını öz əsgərləri ilə birlikdə çəkən, susuz səhralarda onlarla çiyin-çiyinə addımlayan, döyüşə birinci atılan və sonuncu çıxan İsgəndəri əsgərləri çox sevir və döyüşlərdə onunla birgə böyük ruh yüksəkliyi ilə vuruşurdular. İsgəndərdən sonra gələn müzəffər sərkərdələr onun bu keyfiyyətini qələbə çalmaq üçün əsas hesab etmiş və öz əsgərlərinin hörmətini qazanmağa çalışmışlar. Çünki ən mahir sərkərdə də bilir ki, döyüşdə qələbəni əsgərlər qazanır...
Tarixçilərin söylədiyi bir rəvayət də gənc İsgəndərin cəsarətindən və inadkarlığından xəbər verir. Bir gün tacirlər Filipə Bukefal adlı çox gözəl və güclü at təklif edirlər. Lakin minilməmiş at heç kimi yaxına buraxmadığından Filip ondan imtina edir. Bunu görən İsgəndər qışqırır:
- Gör qorxularından necə gözəl atı əldən verirlər.
Bu sözləri eşidən Filip qəzəblənir və İsgəndərə atı minməyi təklif edir. İsgəndər atın yüyənindən tutub üzü günəşə tərəf çevirir. O görürdü ki, at öz kölgəsindən qorxur. Bundan sonra o, ata minib çapmağa başlayır. Atası İsgəndəri bağrına basıb deyir:
- Oğul, özünə münasib şahlıq axtar. Makedoniya sənin üçün çox kiçikdir.
Yürüşə başlamazdan əvvəl İsgəndər Yunanıstanın bir çox adlı-sanlı və ağıllı adamları ilə görüşdü.
Müəllimi Aristotel ona dedi:
- İsgəndər, sən çox böyük işə başlayırsan. Ancaq qorxuram ki, onun öhdəsindən gələ bilməyəsən, çünki çox cavansan. Bəlkə, bir az gözləyəsən, təcrübə toplayasan.
- Yox - deyə İsgəndər qəti cavab verdi. - İllər keçdikdə bəlkə də təcrübəm artacaq, ancaq qətiyyətim azalacaq.
Yürüşə xeyir-dua verənlər arasında sinoplu filosof Diogenin olmadığını görüb İsgəndər özü onunla görüşə yollandı. Gənc Makedoniya hökmdarı Diogenə yaxınlaşanda filosof günün qabağında uzanıb qızınırdı. İsgəndər salam verib soruşdu:
- Əgər bir arzu-istəyin varsa, de, yerinə yetirim.
Diogen yerindən qımıldanmayıb sakitcə dedi:
- Mümkünsə, bir az kənara çəkil, günün qabağını tutursan.
Filosofun bu məğrurluğundan və ruhi əzəmətindən heyrətə gələn İsgəndər sonralar demişdi:
- And olsun tanrılara ki, əgər mən İsgəndər olmasaydım, Diogen olmaq istərdim.


Tarix: 30.11.2014 / 19:07 Müəllif: Aziza Baxılıb: 131 Bölmə: Müxtəlif