beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağa Musa Nağıyev...

1919-cu ildə Musa Nağıyevin varisləri onun əmlakını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Digər tərəfdən Ruhani cəmiyyəti də tələb edir ki, Musa Nağıyev şiə məzhəbinə mənsub olduğu üçün sərvətinin 10-da bir hissəsi məscidə verilməlidir və məhkəməyə rəsmi iddia da təqdim etmişdi. Varislər ruhani cəmiyyətini bu bölgüdən kənarlaşdırmaq üçün sübut etdilər ki, vaxtilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırıb, Bəhayi kitabına əl basıb and içib. Məhz bu fakt da Ağa Musanın adının sonradan xalq arasında nisbətən hörmətsizliklə çəkilməsinə səbəb oldu..

neft milyonçusu Ağamusa NağıyevBir dəfə Ağa Musaya deyirlər ki, Zəngəzurda mis mədəni satırlar, onu alsan qazanarsan. Soruşur ki, «Mis nədir, o da neft kimi fontan vurur?» Təəccüblə cavab verirlər ki, «Mis də fontan vurar? Əlbəttə ki, yox!» cavabında Ağa Musa deyir: «Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, atam, qaranlıq yerin altında iynə ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz.»

Qoçular iki dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələmişdilərsə də xeyri olmayıb və ondan heç nə qopara bilməmişdilər. Bir dəfə faytona basaraq gözlərini bağlayıb, aradan çıxarırlar ki, gizli mənzilə gətirib on min manat tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: «Min manat verə bilərəm, artıq yox.» Qaçıranlar onu ölümlə hədələyəndə halını pozmadan deyir: «Atam, atam, öldürün. Öldürsəniz o min manat da əlinizdən çıxacaq, onu da ala bilməyəcəksiniz.» Üç gün girov saxlayıb, yedirdib-içirdib, kart oynamışdılarsa da, min manatdan artıq boynuna qoya bilmirlər.

Ağa Musanın Bibi-heybətdəki mədənlərindən biri güclü fontan vurur. Ağa Musa əl-ayağa düşüb, fəhlələrə yalvarıb deyirmiş ki: ''Başınıza dönüm, qoymayın, neft hədər yerə axıb getsin, zay olsun. Sizə xələt verəcəyəm. Yanğın baş versə hamımız dilənçi olarıq. Qonşular nasos qurub neftimizi anbarlarına vurarlar. Axı bu sizin cibinizdən gedir.» Fəhlələr birtəhər fontanı bağlayırlar. İki gündən sonra Musadan vəd etdiyi xələti istəyəndə o, boyun qaçırıb deyir: «Atam, atam, hardan?! Hardan verim xələti?! Bir az neft çıxdı, onu da gözünüzün qabağında qonşular talan etdilər...» Sabahısı gün Musanın oğlu Ağa İsmayıl mədənə gəlir. Fəhlələr şikayət edirlər ki, atan verdiyi vədə əməl etmədi. Ağa İsmayıl iki araba kəllə qənd gətizdirir və hər fəhləyə bir kəllə qənd və beş manat pul paylatdırır. Bunu eşidən Ağa Musa cəld mədənə qaçır və özünü çatdırıb deyir: «Atam, atam, mənim də payımı verin. Fontanı bağlayanda məndən çox can yandıran olmayıb. Az qalmışdı canım ağzımdan çıxsın. Gedib o dünyanı görüb qayıtmışdım.»

Bir dəfə Ağa Musa mədənə gəlir, görür ki, kontorun yanında divar hörən bənna və fəhlələr nahar fasiləsinə çıxıb, işə yaramayan taxtalardan ocaq qalayıb qızınır, çörək yeyib, söhbət edirlər. İş icraçısı papiros bükür, kibriti alışdırıb yandırır. Ağa Musa deyir: «Bala, sən sabahdan işə çıxma, get kontora haqq-hesabını al. «İş icraçısı çaşır: «Niyə görə, Ağa Musa?» Ağa Musa əsəbiləşərək deyir: «Qabağında o boyda ocaq ola-ola papirosu kibritlə yandırırsan. Əgər sən öz malının qədrini bilmirsənsə, mənim malımın qədrini necə bilərsən?»


Rus-Yapon mühabirəsi vaxtı Bakı şəhər prokuroru Voronov cəbhəyə maddi yardım üçün varlılardan pul vəsaiti yığmaq üçün komissiya təşkil edir. Komissiya, ilk növbədə, milyonçu Hacı Zeynalabdinə müraciət edir. O, 50000 (əlli min) rubl yardım edir. Sonra o biri milyonçu - Ağamusa Nağıyevin yanına gedirlər. Ağamusa cəmi 50 (əlli) rubl yardım edir. Voronov siyahını göstərərək deyir:

- Hacı Zeynalabdin 50000 rubl yardım etdi, sizsə 50 rubl".

Ağamusa cavab verir ki, Hacı dövlətlidir, o isə ondan kasıbdır. Başqa əlacı olmayan komissiya başa düşür ki, Ağamusanı heç cürə yola gətirmək mümkün olmayacaq. Komissiya kontordan çıxır. Voronov divardakı lövhədən onun oğlu Ağaismayılın kontorunun yerini müəyyənləşdirir və ora yollanırlar. Ağaismayıl siyahıda Hacı Zeynalabdinin və atasının verdikləri miqdarı gördükdən sonra, öz təşəbbüsüylə 50000 (əlli min) rubl verir. Ağaismayılın kontorundan çıxdıqdan sonra Voronov Ağamusanın yanına gəlir və deyir:

- Siz cəmi 50 rubla qol çəkdiniz, oğlunuz isə 50000 (əlli min) rubla".

Ağamusa cavab verir:

- Valideynlərim məni saman yüklənmiş ulaqnan şəhərə göndərirdilər və əgər mən satdığım samanın pulundan 5 qəpik xərcləsəydim, onlar məni cəzalandırardılar. Ağaismayıl isə başqa şəraitdə böyüyüb, buna görə də 50000 onun üçün pul deyil".


...Avqust ayının axırlarında, günəşli bir gündə, günorta saat birdə Bakının Telefonnı küçəsi ilə irəliləyən faytonda milyonçu Ağamusa Nağıyev dostu Məşədi Baba Səmədovla gedirdi. Üç nəfər gürcü faytonu saxlayır. Onlar Səmədova faytondan düşməyi təklif edirlər. Səmədov xahiş edir ki, Ağamusa düşsün, onu isə hara istəyirlər, aparsınlar. Həm də, onlara bildirir ki, Ağamusa məni darda qoymaz, nə qədər lazımdı, pul verib alar. Gürcülər bu təkliflə razılaşmırlar, nəticədə Səmədov faytondan düşməyə məcbur olur. Gürcülər faytonda Ağamusanın yanında oturaraq, faytonçuya vağzal istiqamətində yoluna davam etməyi əmr edirlər. Dəmiryol vağzalına çatmamış, böyük bir binanın zirzəmisi önündə, gürcülər faytonu saxlamağı əmr edirlər. Onlar faytondan düşüb Ağamusadan onların ardınca zirzəmiyə gəlməsini xahiş edirlər. Ağamusa itaət göstərir.
Zirzəmidə Ağamusa cəh-cəlalla üzləşir. Zirzəminin döşəməsi parket idi, otaqda pianino, yumşaq mebel, çilçıraq vardı. Bir sözlə, çox təmiz və rahat idi. Bütün bunlara əlavə olaraq, Ağamusanı gözəl xanımlar əhatə edirdi. Çünki Ağamusa, yaşına baxmayaraq, gözəl xanımların məclisini sevirdi. Stalin tez-tez Ağamusaya yaxınlaşaraq soruşurdu: "Darıxmırsınız ki, Ağamusa?"
Burada olduğu ikinci ya üçüncü gün, Stalin onunla ciddi söhbətə başlayır. Stalin Ağamusadan soruşur:
- Ağamusa, zəhmət olmasa, deyin, II Nikolay və onun hökuməti müsəlmanları sıxışdırırdımı?
Ağamusa cavab verir ki, hə. Onda Stalin deyir:
- Biz onlarla mübarizə aparırıq və mübarizəni davam etdirmək üçün bizə pul lazımdır. Və siz, Ağamusa, bizə maddi yardım edin ki, biz mübarizəni son qələbəyə qədər davam edə bilək.
Amma heç Ağamusa dərhal pul verməyə razı olardımı? Onunla yaxşı rəftar edirdilər, xanımlar onu əyləndirirdilər. Yeməyi də yaxşı və vaxtında verirdilər. Nəhayət, Ağamusanı yola gətirirlər və o, 250000 (iki yüz əlli min) rubl verməyə razı olur. Amma bir şərtlə ki, indi və Bakıda yox. "Əgər belə böyük məbləği sizə burda versəm, həm mənim üçün, həm də sizin üçün yaxşı olmaz. Həm də ki, burda bankdan sizə pul verməzlər", - deyir. Qərara alırlar ki, Ağamusa 20 gündən sonra Moskvaya, Şəmsi Əsədullayevin mənzilinə getsin və müəyyən edilmiş gündə, düz günorta saat 12-də ora gələrək, çeki alsınlar. Təyin olunmuş gündə və saatda qapı döyülür və Şəmsi Əsədullayev özü qapını açmağa gedir. Qapıdakı gürcüləri görəndə, Şəmsi heyrətlənir: "Mən özüm qoçuyam", - deyib qəzəblənir. Bu zaman Ağamusa arxadan onu saxlayır və danışdıqları miqdarda pul çekini gələnlərə verir.


Tarix: 30.11.2014 / 19:22 Müəllif: Aziza Baxılıb: 218 Bölmə: Müxtəlif