beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyaya səs salan «Arşın mal alan»

«Arşın mal alan» Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyasıdır. 1913-cü ildə yazılmış və həmin il Sankt-Peterburqda, konservatoriyaya qəbul imtahanı ərəfəsində bitmişdir.

Əsərin librettosunu da Üzeyir Hacıbəyov özü yazmışdır. Burada əsas məzmun coşqun ruhlu baş qəhrəmanlar olan — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbətidir. Obrazlı məzmunun dərinliyi və musiqinin inkişafının əhatəliliyi «Arşın mal alan»-ı komik operaya yaxınlaşdırır. Baş qəhrəmanların obrazlarını və fərdiyyətini dolğun açmaq üçün dahi bəstəkar başlıca olaraq ariyadan istifadə etmişdir. Əsərdə məhəbbət, coşqun ehtiraslı, vətənpərvər ruhlu, ümidsizliyi ifadə edən ariyalar səslənir. «Arşın mal alan» musiqili komediyasında Süleyman, Asya, Cahan xala, Soltan bəy, Telli, Vəli və.s. kimi obrazlar da özünəməxsusluğu ilə seçilir.

Əsərdəki digər bir yenilik Üzeyir Hacıbəyovun milli harmoniya üslubunu yaratmasıdır. Bəstəkar burada polifaniya yazı üslubundan da istifadə etmişdir. «Arşın mal alan»-ın müstəsna zəngin səhnə həyatı var. İlk tamaşası 1913-cü il oktyabrın 25-ində Bakıda H.Z.Tağıyevin teatrında olmuşdur. Rollarda H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy) və başqaları çıxış etmişlər. Bu tamaşanın rejissoru H.Ərəblinski idi. Sonradan əsərin librettosu rus, gürcü, erməni, belorus, ingilis, çin, türk, polyak və.s. dillərə tərcümə edilmişdir. 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti dekadası zamanı göstərilmişdir. Tamaşada Bülbül (Əsgər), S.Mustafayeva (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy) və başqaları çıxış etmişlər.

«Arşın mal alan» 4 dəfə ekranlaşdırılmış, dəfələrlə qrammafon valına yazılmışdır (azərbaycan, rus və fars dillərində).


«Arşın mal alan» musiqili komediyası əsasında ilk bədii film 1916-cı ildə Piron qardaşlarının “Filma” səhmdar cəmiyyətinin rejissoru B.Svetlov tərəfindən çəkilmişdir. Rolları H.Sarabski, Ə.Ağdamski, Ə.Hüseynzadə və digər şəxsiyyətlər ifa etmişlər. Film səssiz olduğundan onu xalq çalğı alətləri müşayiət edir. Film tamaşaçılar tərəfindən maraqla izlənilir və 1917-ci ildə Q.Belyakov əsəri yenidən ekranlaşdırır. Lakin, ekranlaşdırılarkən müəllif tərəfindən razılıq alınmadığı üçün əsər ekranlarda cəmi iki gün nümayiş oluna bilir. 1937-ci ildə əsər ABŞ rejissoru R.Mamulyan tərəfindən ekranlaşdırılsa da, burada dahi bəstəkarın adı göstərilmir.

1945-ci ildə Bakı kinostudiyasında (indiki Azərbaycanfilm) çəkilmiş ağ-qara, musiqili film dünyada geniş şöhrət qazandı. Ssenari müəllifi Sabir Rəhman, musiqi redaktoru Niyazi idi. Baş rolları Rəşid Behbudov (Əsgər), L.Cavanşirova (Gülçöhrə), M.Kələntərli (Cahan xala) ifa etmişlər.

1965-ci ildə «Arşın mal alan» musiqili komediyası yenidən ekranlaşdırılır. Filmin ssenari müəllifləri M.Dadaşov və T.Tağızadə, musiqi redaktoru Fikrət Əmirov olur. Əsas rolları H.Məmmədov (Əsgər), L. Şıxlinskaya (Gülçöhrə), H.Yagizarov (Süleyman bəy) ifa etmişlər.


Tarix: 09.12.2014 / 13:22 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)