beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maddi və mənəvi mədəniyyət

Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – maddi və mənəvi istehsalın mövcudluğuna uyğundur. Maddi mədəniyyət insanın maddi-istehsal fəaliyyətinin bütün sahələrini əhatə edir. Buraya əmək vasitələri, yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.
Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları aid edilir. Buraya şüurun bütün sahələri – elm, mənəviyyat, tərbiyə v maarif, hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s. aiddir. Həmçinin buraya insanların bir-birilə əlaqəsi, münasibətləri, insanın özünə, təbiətə olan münasibəti dəşamil edilir ki, bu da maddi və mənəvi fəaliyyət prosesində məhsulların istehsalını təmin edir. Qeyd etmək lazımdır ki, mədəni fəaliyyətin iki növü – yaradıcı və reproduktiv növü mövcuddur: birincisi, yeni mədəni dəyərlər hazırlayırsa, ikincisi onları yenidən hazırlayaraq tiracını artırır. Bəzən bu cür fəaliyyət başqasının əqli, hissləri ilə yaradılan sərvətlərin mexaniki təkrarlanmasına yönəldilir. Bəzən və çox hallarda səhvən bunu da mənəvi istehsala aid edirlər. Əslində, bu düzgün deyil, məhz bu amilə görə tarixin və ya ayrı-ayrı ölkələrin dövr və ya mərhələlərin mədəni səviyyəsinin müqayisəsini elmi və ya bədii məhsulların kəmiyyət meyarları ilə deyil, milli özünəməxsusluq və keyfiyyət xüsusiyyətləri ilə müəyyən edirlər. Müasir gündə digər xalqların bir çox nailiyyətlərini özündə əxz edən və dünya sivilizasiyasına özünün «heç nə»yini təqdim edən ölkələr də az deyil! «Kütləvi mədəniyyət» - belə bir mədəniyyətin ən qabarıq sübutudur. Bu, antimədəniyyətdir!
Mədəniyyətin maddi və mənəvi növlərə bölünməsi bəzən dəqiq və mübahisəsiz təsəvvür edilir. Lakin məsələyə diqqətlə yanaşdıqda bir sıra sualların ortalığa çıxdığının şahidi oluruq. Məsələn, yüksək bədii məzmun və dəyərli məişət əşyaları, memarlıq və geyim nümunələrini hara aid etməli? Və ya istehsal münasibətlərini, əmək mədəniyyətini hansı növə aid etmək düzgün olardı – maddi mədəniyyətə, yoxsa mənəvi mədəniyyətə? Bir çox tədqiqatçılar onu maddi mənəviyyata aid edirlər. Lakin bu məsələyə digər aspektdən yanaşmalar da vardır: bunlardan birincisi, insan əməyi nəticəsində təbiətin yaradıcı surətdə əşyavi məhsula çevrilməsi ilə əlaqədardır. Daha doğrusu, yaradılan maddi substansiyanın nə təbiət, nə də Allah tərəfindən deyil, məhz insan zəkası və əməyi, fəaliyyəti ilə bağlı olması yanaşmaları da mövcuddur. Bu mənada maddi mədəniyyət aləmi mövcud obyektiv dünyanın «insaniləşmiş» hissəsini, «ikinci kainatı»nı təşkil edir ki, onu həm görmək, həm ona toxunmaq, həm də hiss etmək olur. Sonuncu halda ətirlərin rahiyyəsi qızılgülün ətrindən prinsipial cəhətdən fərqlənir, çünki onların birincisi, insanın düşüncəsi, əqli ilə, digəri isə təbiət tərəfindən yaradılır.
Real həyatda maddi və mənəvi mədəniyyət bir-birindən ayrılmazdır. Məsələn, kitab bir tərəfdən maddi mədəniyyət nümunəsidirsə, digər tərəfdən mənəvi mədəniyyətin tərkib hissəsidir. Çünki o, həm ideya, estetik hiss, məzmun daşıyıcısıdır. Hətta musiqinin özü belə notlaşma prosesində maddiləşir. Başqa sözlə desək, nə qədər primitiv olsa da, sırf maddi mədəniyyət yoxdur, onlar, həmçinin mənəvi tərəflər və məqamlarla əhatələnir. Mədəniyyətin maddi və mənəvi başlanğıcları haqqında marksist formulada çox aydın şərh verilir: «Kütlələr tərəfindən mənimsənilən ideyalar maddi gücə çevrilir».
Belə bir məqamda sual ortalığa çıxır: bəşəriyyətin müxtəlif inkişaf mərhələlərində bu vəhdət özünü necə büruzə verir? Suala cavab yekdildir: cəmiyyətin inkişafı, demoqrafiyası, texniki imkanların yüksəlməsi, mədəniyyət məhsullarının zaman və məkan çərçivəsində ötürülməsi imkanlarının genişləndirilməsi bu prosesin baş verməsinin başlıca amilləridir.


Tarix: 08.12.2014 / 17:30 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)