beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Respublika Elmi-Texniki Kitabxanası

Tarixi

Azərbaycanın ilk elmi-texniki kitabxanası 1930-cu ildə “Neftçi” klubu kitabxanasının bazasında yaradılan AzNeftin Mərkəzi texniki kitabxanası olmuşdur.

1957-ci ildə bu kitabxana Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm və Texnika Komitəsi nəzdində Respublika Elmi-Texnika Kitabxanasına çevrilmişdir.

Bu gün Kitabxana Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərir. Komitə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli Fərmanı ilə Dövlət Agentliyi statusunda yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə isə Dövlət Agentliyinin əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə çevrilmişdir.

Fəaliyyəti

Bu gün Respublika Elmi-Texniki Kitabxanası respublikanın nazirlik, idarə, şirkət və müəssələri, elmi-tədqiqat və layihə institutlarına, eləcə də elm və texnika sahəsində tədqiqat aparan ayrı-ayrı şəxslərə, ali məktəb tələbələrinə məlumat-biblioqrafiya və kitabxana xidməti göstərən respublika mərkəzi hesab olunur. RETK respublikanın ən böyük kitabxanalarından biri olmaqla yanaşı, ənənəvi kitab təbliği və kitabxana-biblioqrafiya xidmətindən əlavə müəllif şəhadətnamələri və patent ədəbiyyatı, normativ-texniki sənədlər, xarici ölkələrin jurnalları və s. özündə əks etdirən, elmi tədqiqat işi və metodik fəaliyyətlə məşğul olan böyük müəssisədir. Təbii ki, bu kitabxananın fondu da digər kitabxanaların fondundan xeyli dərəcədə fərqlənir. Kitabxananın fondunda patentlər, sənaye məmulatı kataloqları, normativ-texniki sənədlər, informasiya mərkəzlərinin buraxdığı texniki və informasiya vərəqələri, istehsalat plakatları, elmi-texniki icmallar, xarici sənaye nümunələrinin mikrofişdə və ultrafişdə pozitiv, neqativ və çoxrəngli fototekası, elmi-texniki hesabatlar üzrə jurnallar və s. mühafizə edilir.

Kitabxananın fondu özlüyündə bir neçə yerə bölünüb. Əsas fonddan başqa, Kitabxananın 1967-ci ildə yaradılmış Respublika Patent fondu, 1969-cu ildə yaradılmış Respublika Normativ-texniki sənədlər fondu və Depozitar fondu mövcuddur. Hazırda bu fondların hər biri ayrıca təşkil olunmuş binalarda yerləşdirilmişdir.


Tarix: 13.03.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 286 Bölmə: Kitablar elm