Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərslik

Dərslik — hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə (qrif) verilən əsas vəsait.

Dərsliyin tarixi

Dərsliklərdən, yaxud məqsədyönlü təlim üçün tərtib olunmuş mətnlərdən hələ uzaq qədimdə, bir neçə minillik bundan öncə istifadə olunub. Misal üçün hələ əski şumerlərin gildən hazırlamış olduqları xüsusi lövhələrdən dərslik kimi istifadə etmələrini gətirmək olar. Antik aləmdə çoxlu sayda dərslik hazırladıqları tarixə məlumdur. Avropada V əsrdə Prissianın '"Commentarium grammaticorum libri XVII", VI əsrdə Donatanın qrammatika dərsliyi haqda məlumatlar bizə gəlib çatmışdır. Şərqdə, xüsusilə İslam ölkələrində, Qurani-Kərimlə bağlı, onun düzgün tələffüzü, qiraəti və s. ilə bağlı müxtəlif dərslik xarakterli kitabların yazılması və çoxlarının da bu günümüzə çatması danılmazdır. Müasir dərslik nümunələrinə ən yaxın ilk dərslik Yan Komenskiyə məxsusdur. Yeni əsrin pedaqogikası əsaslarını XVII əsrin ortasında (1658-ci ildə) məhz bu görkəmli çex mütəfəkkir və pedaqoqu qoymuşdur. Ilk dəfə dünya pedaqoji təcrübəsində şagirdlərin yaşına uyğun dördpilləli tədris sistemi işlənmişdir:
1. körpələr üçün,
2. uşaqlar üçün,
3. yeniyetmələr üçün,
4. yetkinlər üçün.

Burada xüsusən birinci pilləni qeyd etmək istərdik. Komenskinin sələfləri məktəbəqədər tərbiyənin problemlərini faktiki olaraq kənarda qoymuşdular və bunun əsas səbəbi – kiçik yaşlı uşaqlarla məqsədyönlü pedaqoji iş aparılmağın qeyri-mümkünlüyünün zənn etməkləri idi. Məhz Komenskinin pedaqogikasında "ana məktəb" adlanan ibtidai tərbiyə sistemi tədqiq və təklif olunur. Bu məktəbin əsasını elementar səviyyədə bir sıra fənnlərlə tanışlıq təşkil edir ki, bunların içərisinə incəsənət növləri – şer və musiqi də daxildir.

Beləliklə, Komenski ailəni tərbiyənin vacib faktoru kimi hesab edirdi. Uşaqların yaradıcılığa həvəsini nəzərə alaraq, o, tərbiyənin məqsədini təbii istedadların aşkarlanmasında görürdü. Bu Komenskidə bir sıra ideya formalaşdırmışdır ki, bunlardan biri – yeni, asan, aydın mətnli, hər materiala parlaq nümunəli dərsliklərin yaranması idi. Komenskinin tərtib etdiyi təlim prosesinin qaydalarının məqsədi – asan, möhkəm və əsaslı öyrətmək, liberalizmdən uzaqlaşmaq idi. Çex pedaqoq-tərbiyəçinin nəzəriyyəsinin rasional özülü gələcək pedaqoji məktəblərdə də öz əksini tapmışdır.

Azərbaycan dərsliyi

Azərbaycanda ilk əsaslı dərs vəsaitinin yaranması tarixi 1876-cı ildən fəaliyyət göstərən Qori seminariyası ilə bağlıdır. Qori seminariyası ziyalıların yeni nəslinin yetişməsi, onların şəxsində Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamışdır.

Bir çox demokrat düşüncəli, tərəqqipərvər pedaqoqların dərs dedikləri bu seminariyada azərbaycanlı, gürcü, rus və digər xalqların övladları Avropa dilləri və ədəbiyyatını, rus dilini, ədəbiyyatını və pedaqogikasını, təbiət, coğrafiya, hesab və başqa fənləri öyrənmişlər. Seminariyada Qərb, xüsusilə, rus dili və ədəbiyyatının tədrisinə geniş yer verilmiş, dünya klassiklərinin əsərləri tədris edilmiş, nəzdində Qərbi Avropa və rus klassiklərinin əsərlərindən ibarət zəngin kitabxana fəaliyyət göstərirdi.

Azərbaycan dilində tədris kitabının yaranması tarixi də həmin dövrlə bağlıdır. Məlumdur ki, Mirzə Şəfi Vazeh Tiflisdə dərs dediyi zaman Moskvada oxumuş, Mirzə Kazım bəy in tələbələrindən olmuş V.V. Qriqoryev lə birlikdə "Kitabi-türki" adlı bir dərslik tərtib etmişdir (1852). Lakin XIX əsrin 60-70-ci illərində həmin dərs vəsaiti mənən bir qədər köhnəldiyinə və təkrar çap olunmadığına görə uzunömürlüyü ilə seçilməmişdir. Beləliklə, həm azərbaycanlı məktəbliləri dərs öyrənmək, həm də azərbaycanlı müəllimləri Ana dilində dərs demək üçün sərəncamlarında dərsliyin olmaması problemi ilə üzləşirdilər.

1881 ilin yanvar ayının 26-da Qafqaz canişini nin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqaz da yaşayan xalqların nümayəndələri dərslərini ilk tədris ilində öz Ana dillərində almalı idilər . Lakin, deyildiyi kimi, Azərbaycan dilində dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı. Bu səbəbdən, dərsliyin tezliklə tərtib tapması artıq dövlət əhəmiyyətli işə çevrilərək həmin illərdə (1879-1893) Qori seminariyasının Azərbaycan şöbəsinin ilk inspektoru olmuş Aleksey Osipoviç Çernyayevski yə həvalə olunur. 1882-ci ildə A.O.Çernyayevskinin topladığı material əsasında Vətən dili adlanan dərsliyin birinci hissəsi (Vətən dili, I hissə) işıq üzü görmüşdür. İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi (Vətən dili, II hissə) 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyov un tərtibində işıq üzü görür.

Qırx ilə (!) yaxın bir müddət ərzində Cənubi Qafqazda аzərbaycanlı uşaqlar və müəllimlər üçün mükəmməl dərs vəsaiti olan "Vətən dili" Üzeyir bəy Hacıbəyov (1899-1904 təhsil alıb), Müslüm Maqomayev (1899-1904 təhsil alıb), Mahmud bəy Mahmudbəyov (1879-1883 təhsil alıb), Nəriman Nərimanov (1890-cı ildə bitirib), Süleyman Sani Axundov (1894-cü ildə bitirib), Fərhad Ağazadə (Şərqli) (1900-cü ildə bitirib) və başqa yüzlərlə Azərbaycan ziyalısının dərsliyi olmuşdur.


Tarix: 13.03.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 704 Bölmə: Kitablar elm
loading...