beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibliya antropologiyası

Bibliya antropologiyası, teoloji antropologiya yaxud xristian antropologiyası – xristian teologiyasının bir hissəsi, Bibliya əsasında insanın təbiətini tədqiq edən elm.Mündəricat
1 Ümumi antropologiyada Bibliya antropologiyasının yeri
2 Bibliyada antropogenez
3 Allahın surəti
4 “Adam” məfhumu
5 Günaha batma olayı
6 Əhdi-Cədiddə insan haqqında təlim
7 Bibliyada bəşəriyyətin gələcəyi
8 İstinadlar
9 Mənbə


Ümumi antropologiyada Bibliya antropologiyasının yeri

Antropologiya nisbətən yeni elmdir. ХIХ əsrin ortalarında bəşəriyyət və cəmiyyətdən daha çox insan şəxsiyyətinə önəm verilməsi ilə əlaqədar olaraq formalaşdı. Antropologiya təbii və süni mühitdə insan varlığının fundamental problemlərini tədqiq edən elmi idrak sahəsidir. Fəlsəfi, mədəni, sosial, teoloji və s. antropologiya vardır. Psixologiya elmi antropologiyaya daxildir. Antropogenez insanın meydana gəlməsini, inkişafını tədqiq edir. Teoloji antropologiya insanın İlahi varlıqla münasibətləri ilə məşğuldur.[1]

Bibliyada antropogenez

Bibliyanın ilk səhifələri kainatın və insanın yaranmasından bəhs edir. Tövratın Yaradılış Kitabının 1-2-ci fəsillərində kosmogenez və antropogenez haqqında yeddi müddəa verilir:
təbiət qüvvələri İlahi deyildir; yalnız Allah kainatı yaradandır;
Allah Özünü Şəxsiyyət olaraq zühur etdirir;
Allah Özünü əməllərində zühur etdirir;
Allah Öz Sözü ilə dünyanı yaradır və dünyada hərəkət edir;
Allah yaradarkən birbaşa işlədiyi kimi, dolayı şəkildə, təbiət vasitəsilə də işləyə bilər;
kainatın yaranması dərhal deyil, mərhələ-mərhələ baş verən proses idi; bu prosesdə bəsit olandan mürəkkəb olana, cansızdan canlıya, heyvandan insana inkişaf baş vermişdir;
Allah insanı Öz surətində, bənzərinə görə yaratdı, belə ki insan bütün məxluqata hökmran oldu.

Dünyanın yaranmasının bütün mərhələlərində Allah söz söyləyib yaradırdı, lakin insanı yaratmazdan əvvəl əsrarəngiz bir “məşvərət” baş verdi:

“Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin»”.[2]

İnsanın Allahın planında xüsusi, mərkəzi yeri açıq-aşkardır. Məxluqlar arasında təkcə insan Allahın surətində, bənzərinə görə yarandı.

Bibliya insanın Allah tərəfindən yaradıldığını təsdiqləyir, lakin onun necə yarandığını dəqiq bildirmir. Müasir xristianlıqda insanın meydana gəlməsinə məxsus, kreatsionist və təkamülçü olmaq üzrə, iki konsepsiya mövcuddur. Kreatsionist (xəlqə inanan) xristianlar Yaradılış Kitabının 2-ci fəslində insanın yaranması hekayəsini hərfi mənada başa düşürlər; xristian təkamülçüləri (ateist təkamülçülərdən fərqli olaraq) xəlqə inana-inana Allahın Adəmi Öz əlləri ilə düzəltməsi hekayəsini məcazi mənada anlayırlar.

Rus Pravoslav Kilsəsində təkamülçülük konsepsiyası hələ Darvindən əvvəl səsləndirilmişdi. Feofan Govorov belə yazmışdır: "Bir heyvan olub ki, surəti insan surəti, ruhu isə heyvan ruhu idi. Sonra Allah bu heyvana Öz nəfəsini üfürəndə, heyvan insana döndü"; Serafim Sarovskiy də belə demişdir: "Allah Adəmə ruhu üfürənə kimi Adəm heyvana bənzər idi".[3] Hal-hazırda Rus Pravoslav Kilsəsində təkamülçülüyün tərəfdarları arasında biologiya elmləri namizədi keşiş Aleksandr Borisovu[4] qeyd etmək olar.

Katolik kilsəsində hələ XX əsrin əvvəllərindən məşhur fransız xristian mütəfəkkiri, paleontoloq Teyyar de Şarden (Teilhard de Chardin, 1881-1955) təkamül nəzəriyyəsinin xristian təliminə uyğun gəldiyini müdafiə edirdi. 12 avqust 1950-ci ildə Roma Papası XII Piyin "Humani Generis" ensiklikasında təkamül nəzəriyyəsinə qarşı açıq fikirli yanaşmağa icazə verildi: “Kilsənin səlahiyyəti humanitar elmlərdə və müqəddəs teologiyada təcrübəli alimlər tərəfindən təkamül nəzəriyyəsi ilə bağlı olan tədqiqat və müzakirələrin keçirilməsini qadağan etmir; bir şərtlə ki, təkamül yalnız insanın bədəninə aid olaraq nəzərdən keçirilsin, çünki katolik inancı bizi insan ruhlarının birbaşa Allah tərəfindən yaradıldığına inanmağa vadar edir”[5]

Protestantların arasında da həm kreatsionizmin, həm də təkamülçülüyün tərəfdarları vardır. Avqustus Stronqun “Sistematik Teologiya”sı bütün kainatın, o cümlədə insanın da Allah tərəfindən yaranmasını mütləq bir həqiqət olaraq qəbul etməklə yanaşı, bunun nə üsulla gerçəkləşdiyinin Bibliyada aşkar bildirilmədiyini təsdiq edir. Müasir təkamülçü protestantlarından Amerikadakı Point Loma Nazarin universitetinin biologiya professoru, BioLoqos Fondunun[6] presidenti Darrel R. Falkı qeyd etmək olar.

Allahın surəti

Bibliyanın ilk antropoloji tezisi insanın Allahın surətində, bənzərinə görə yaranmasıdır. Bu ifadənin mənası Allah-Taalanın qeyri-maddi təbiətinə görə fiziki şəkildə başa düşülməməlidir. Xristian ənənəsində Allahın surəti fiziki, zahiri şəkildə heç vaxt şərh edilməmişdir.

“Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”[7] sözləri insanın bədən və ruh olaraq yarandığını, nəticə etibari ilə həm təbii, həm də fövqəltəbii məxluq olduğunu təsvir edir. İnsanın bədəni bu dünyadan (yerin torpağından) istifadə olunaraq düzəlir, ruhu isə bu dünyadan deyil, birbaşa Yaradandan verilir. Beləliklə, insanın bütün digər məxluqlardan əhəmiyyətli dərəcədə fərqləndiyi təsdiq olunur.

Lakin insanın “ikili” təbiəti qədim antropologiyaya xas qəti bədən-can dualizmindən uzaqdır. Qədim ibrani dilində "bədən" sözü yoxdur, onun yerində בּשׂר “basar” (müqayisə et: ərəbcə بشر “bəşər”) kəlməsi işlənir ki, bu da canlı varlığın psixofiziki kontinuuma işarə edir (qədim ibrani dilində כל־בשׂר "kol basar" (ərəbcə كل البشر “kullü-l-bəşər”) – hərfən “hər bədən” – Bibliyada “bütün bəşər” mənasında işlənir). "Həyat" və "can" kəlmələri Əhdi-Cədiddə də eyni mənasa işlənir. Beləliklə, בּשׂר “basar” (bədən və can) bütün heyvanlar aləminə məxsusdur və Allahın surəti ola bilməz. Bibliya alimləri Allahın surətini insanın ruhunda (qədim ibrani dilində רוח "ruax") görürlər. İnsanın Allaha bənzər xüsusiyyətlərini da onun ruhunda axtarmaq lazım olur.

Allahın surəti hər şeydən öncə insanın bütün məxluqatın üzərində hökmranlıq etməsində zahir olur. Bibliyada insan bütün kainata hökmran olaraq təsvir olunur. Adəmin bütün heyvanlara ad verməsində insanın bu dünyada hökmranlığı xüsusilə vurğulanır.[8] Şərq adətinə görə, ağalar öz qullarına ad verərdilər. Lakin eyni zamanda Allahın bütün heyvanları Adəmin yanına gətirdiyi yazılıb: “Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün”. Beləliklə, Adəmin hökmranlığının Yaradanın iradəsindən qaynaqlandığını görmək olar.


Tarix: 12.03.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 570 Bölmə: Kilseler