beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağı danışmağa öyrədirik

Nitqin inkişafında müxtəlif pozulmaları olan uşaqların sayı ildən ilə artır.

Bu məqalədə mütəxəssis defektoloqlar və loqopedlərin uşağın nitqinin inkişafına yönəlmiş sadə məsləhətləri toplanıb.

Beləliklə,

- Əgər siz uşağın nitqinin normal inkişafını istəyirsinizsə, körpə vaxtından uşaqla danışın, ona mağnılar, laylalar, uşaq şeirləri oxuyun. Bu çox vacibdir! Uşağı yedizdirdikdə, geyindirdikdə və s. bütün hərəkətlərinizi sözlərlə müşayiət edin. Məsələn, "İndi mama gözəl balasına dadlı bir sıyıq verəcək. Mənim balam böyük və güclü olacaq" və ya "Paltarımızı, ayaqqablarımızı geyinək, gedək gəzməyə, quşlara (pişiklərə, itlərə və s.) baxmağa" və s. Bəzi valideynlər təəccüblənir: "Axı uşaq heç nə başa düşmür!" Bu vacib deyil. Uşaq nə qədər çox nitq eşidərsə, onun nitq inkişafı da o qədər yaxşı gedəcək. Uşağın nitqinin inkişafı üçün ən pis variant - uşağı oyuncaqlarla dolu manejdə tək saxlamaqdır.

- Bir qədər böyümüş uşaqlarla belə oyun oynamaq olar. Uşağınızı üzbəüz otuzdurub, onunla elə danışın ki, uşaq sizin dodaqlarınızın hərəkətlərini (artikulyasiya) görsün. Onun barmaqlarını dodaqlarınızın üzərinə qoyub artikulyasiyanı hiss etməyə imkan verin.

- Çalışın ki, uşağınız əmzikdən mümkün qədər tez imtina etsin (daha yaxşı isə - uşağı əmziyə heç öyrəşdirməyin). Sübut olunub ki, əmziyə öyrəşən və əmziyi ağızdan buraxmayan uşaqlar daha gec danışmağa başlayır və onlarda artikulyasiya ilə bağlı müxtəlif problemlər yaranır.

- Uşağın 6 ayından sonra ona tədricən yeni qidalar verilməyə başlanır. Yumşaq qidalarla (sıyıq, püre və s.) yanaşı uşağa tədricən daha bərk qidaları da verin (bu uşaq peçenyesi, suxari, meyvə tikələri və s. ola bilər). Uşağa bu qidaları barmaqlarla götürməyə və ağzına aparmağa öyrədin. Ümumillikdə uşağa qidanı boşqabdan barmaqlarla götürüb ağzına aparmağa qadağan etməyin. Bu da uşağın nitqin inkişafı üçün çox xeyirlidir.

- Uşağa dodaqlar və dillə müxtəlif hərəkətləri etməyi öyrədin (üfürmək, dil çıxartmaq, öpmək və s.).

- Uşaq sərbəst oturduqdan sonra, ona mayeni butulkadan yox, xüsusi uşaq fincanlardan içməyi öyrədin.

- Bütün sözləri düzgün və aydın şəkildə tələffüz edin. Sözləri qəsdən korlamayın, uşaqla "uşaq dilində" yox, adi dildə danışın.

- Uşağın barmaqların xırda hərəkətliliyini inkişaf etdirin. Bu nitqin inkişafına böyük kömək edir. Məsələ burasındadır ki, beyində barmaqların hərəkətliliyinə və nitqə cavabdeh olan mərkəzlər biri birinə yaxın yerləşir. Bu səbəbdən barmaqların hərəkətliliyinin inkişafı nitqin inkişafını stimulyasiya edir.

Bunun üçün uşağın barmaqlarını hər gün masaj edin (sığallayın, tərpədin və s.). Ona müxtəlif xırda (çox xırda yox!) kublar, toplar və s. alın. Uşaq onları əlində tutmalı, atmalı, hər hansı qaba yığmalı və qabdan çıxartmalıdır və s.

Plastilinlə oynamaq da çox xeyirlidir (kiçik uşaqlar üçün xüsusi plastilin naborları var). Plastilindən əlavə uşağa bir tikə xəmir vermək olar ki, uşaq xəmiri barmaqları ilə əzsin, ondan hər hansı "fiqur" düzəltsin.

1 yaşlı uşağa rəngli təbaşir naborları, karandaşları alın və "şəkil çəkməyi" öyrədin.

Bir qədər böyük uşaqlara "leqo" konstruktorları və iri pazlları alın.

- 8-10 aylıq uşağa iri şəkillərlə olan kitabları alın. Uşağa kitabları oxuyun, şəkillərdə müxtəlif əşyaları, heyvanları göstərin və onların adlarını deyin və s.

- Uşaqla "telefon" oyunu oynayın, oyuncaqlarla (it, ayı, pişik, gəlincik və s.) müxtəlif səhnəcikləri qurun və s.

- Çalışın uşağınız digər uşaqlarla ünsiyyətdə olsun (qonaq gedin, uşaq ad günləri təşkil edin və s.).

- 1 yaşında olan uşağı mütləq loqopedin müayinəsindən keçirin.
Sağlam olun!


Tarix: 05.01.2015 / 16:49 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Körpəyə qulluq