beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpə ilə təkbətək

Yeni doğulmuş körpə və valideynləri hələ çox sınaqdan keçməlidirlər. Bu sınaqlar zamanı ata və anadan hansı bacarıqlar tələb olunur? Doğum evindən çıxdıqdan sonra gənc ana körpəsilə təkbətək qalır, bu zaman o, bir sıra sual və problemlə rastlaşır.
GÜN REJİMİ.
Körpənin ilk ayının gündəlik rejimi rəngarəngliyi ilə seçilmir. Rejim, əsasən, uzunmüddətli yuxudan və qısa fasiləli qidalanmadan ibarətdir. Əgər körpəni heç nə narahat etmirsə (bir yeri ağrımırsa, bələyi yaş deyilsə, ac deyilsə, ona isti ya soyuq deyilsə), o, rahat yatacaq. Körpə ilk günlərindən yatmırsa, deməli, onu nə isə narahat edir. Körpəni rejimə salmaq üçün onu nəyin narahat etdiyini aydınlaşdırmaq lazımdır. Çünki, ilk aylar körpənin qidalanması onun tələbatına görədir.
Tələbata görə qidalanma ona hər acıdığı zaman əmizdirməkdir. Doğum evindən çıxdıqdan sonra körpə tez – tez acıya bilər (1 – 2 saatdan bir, yəni gün ərzində 12 – 14 dəfə qidalanma). Bu onunla izah olunur ki, bu aralar ana laktasiya krizisi keçirir, yəni süd vəzilərinin süd hasili xeyli azalır. Səbəbi isə ananın daima körpəsini düşünməsi, məişət problemləri, fikizi yorğunluqla bağlı stresdə olmasıdır. Südün çoxalması üçün isə körpəni əmizdirərək döşü müntəzəm olaraq boşaltmaq, dincəlmək, kifayət qədər su (mütləq isti ot çayları) içmək lazımdır.
İlk günlər körpəni gecələr də qidalandırmağa məcbursunuz. Buna görə də körpənin çarpayısını özünüzünkünün yanında saxlayın ki, onu yedirtmək sizin üçün asan olsun.
Bilməlisiniz ki, ilk həftələrdə körpənin gün rejimi sabit olmayacaq. Gün ərzində (atmosfer təzyiqi düşdükdə, güclü külək zamanı körpə özünü pis hiss edə bilər) dəyişəcək.
KÖRPƏNİ NƏ ZAMAN QUCAĞA GÖTÜRMƏK OLAR?
Bir neçə onillik bundan qabaq(1950 – 70 – ci illər) belə bir fərziyyə vardı, körpəni qucağa öyrəşdirməmək üçün hər ağladığı zaman ona yaxınlaşmaq olmaz. Bu kökündən səhv olan fərziyyədir. Nəzərə almaq lazımdır ki, körpə acıdığı, ağrıdığı, bir sözlə özünü narahat hiss etdiyi zaman ağlayır. Ana yalnız uşağı qucağına götürməklə ağlamanın səbəbini aydınlışdıra bilər.
Körpə yalnız anasının isti əllərini, mehriban səsini, qucağındakı sakitliyi hiss etdikdə sakitləşir. Həm də belə münasibət körpənin psixoloji inkişafına olduqca müsbət təsir göstərir.
GİGİYENA.
Uşaq bezlərini hər 3 saatdan bir dəyişmək lazımdır (qarın işləməsi yoxdursa). Körpələri hər qarın işləməsindən sonra yumaq vacibdir. Hər yumada uşaq sabunlarından istifadə edin. Qız uşaqlarını kranın altında (suyu qaynatmaq vacib deyil) “arxadan qabağa” istiqamətində yumaq lazımdır ki, nəcis cinsiyyət orqanlarınna düşməsin. Oğlan uşaqlarına bu qədər ehtiyatla yanaşılmasa da, mütləq sabundan istifadə olunmalıdır.
Əgər körpənin qarnı işləməyibsə, bezi dəyişdikdən sonra onu sabunsuz yumaq və ya nəm salfetlə silmək də olar. Bezi geyindirməzdən qabaq körpənin yanına mütləq xüsusi krem çəkin.
DIRNAQLARIN KƏSİLMƏSİ.
Vaxtında doğulan körpələrin hamısının əl – ayaqlarında uzun, elastik və yumşaq dırnaqlar olur. Onları kəsmək üçün xüsusi qayçıdan istifadə etməlisiniz. Qabaqcadan qayçını spirtlə yaxşıca silmək lazımdır.
GÖBƏYƏ QULLUQ.
1 ay ərzində, ana uşağa qulluq edərkən göbəyin vəziyyətinə diqqət yetirməlidir. Bir qayda olaraq, göbək qapanmış, təmiz və quru olmalıdır. Doğulduqdan sonra 7 – 8 gün ərzində, amma artıq olmayaraq, göbəkdən ifrazat gələ bilər.
Birinci ay gündə 2 dəfə səhər və axşam göbəyə qulluq etmək lazımdır. Göbəyə qulluğa başlamamazdan qabaq əllərinizi tərtəmiz yumalı, pambıq çubuqları, 3% - li peroksid – hidrogen və “zelenka” adlı spirt məhlulu hazırlamalısınız. Bir əlinizlə göbəyin kənarlarını ehtiyatla elə ayırın ki, dibi görünsün. Birinci mərhələdə göbəyi peroksid – hidrogen məhlulunda isladılmlş pambıq çubuqla - çox ehtiyatla, körpənin zərif dərisinə zərər yetirmədən – silirsiniz. Sonra məhlulun qalıqlarını quru pambıq çubuğu ilə təmizləyirsiniz. Sonda yaşıl spirtlə (“zelenka”) göbəyi silib proseduru bitirirsiniz. Yaşıl spirtdən istifadə edərkən körpənin qarnını bulaşdırmayın. Bu, iltihab olarsa, qarın ətrafı dərinin rəngini seçə bilməniz üçündür. İltihab zamanı (omfalit) dərinin bu sahəsi qızarır.
GÖZLƏRİN YUYULMASI.
Körpənin gözlərini səhərlər qaynadılmış suda isladılmış steril pambıq tamponu vasitəsilə təmizləmək lazımdır. Hər göz üçün ayrı tampon olmalıdır. Ehtiyatla gicgahdan burun tərəfə hərəkət edərək körpənin gözlərini silin.
BURNUN TƏMİZLƏNMƏSİ.
Əgər körpənin burnunda qabıq varsa, 1 – 2 damcı fizioloji məhluldan burnuna damcıladaraq pambıq vasitəsilə təmizləyin.
TƏZƏ DOĞULMUŞ KÖRPƏNİN QULAQLARINI TƏMİZLƏMƏYƏ EHTİYAC YOXDUR.
GEYİM.
Hər bir ananı körpəni necə geyindirmək sualı düşündürür: görəsən, düz geyindirirəm, ona soyuq olmaz ki? Görəsən, uşağı bələyim, yoxsa azad geyimdə saxlayım?
Bələmək məsələsi individualdır. Əgər körpə sakitdirsə, o, özünü kombinezonda çox gözəl hiss edəcək. Narahat körpə isə bələkdə daha rahat yatacaq. Bu zaman onu möhkəm bələmək lazım deyil.
Əgər otağın istiliyi 22 C, körpəyə bodi, üstündən də kombinezon geyindirmək olar. Körpəni çimizdirəndən sonra, 20 – 30 dəqiqəlik başına ləçək bağlayın. Yatarkən üstünə yüngül yun şal salmaq lazımdır.
Körpə ilə təkbətək qaldığınız ilk günlərin həyəcanı tez keçəcək. Ona qulluq edərkın siz təcrübə toplayacaq və körpənizi daha yaxşı anlayacaqsınız.


Tarix: 03.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 125 Bölmə: Körpəyə qulluq