Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpə dünyaya gəlir, ona qayğı lazımdır

Bəzən analar uşaqlarının ağlağan olduğundan şikayətlənirlər. Körpə, əlbəttə, səbəbsiz yerə ağlamır. Əgər bu səbəbi aşkara çıxarmaq anaya müyəssər olursa, uşaq dərhal səsini kəsir. O, səs-küy çox olduqda, həddindən artıq isti və yaxud soyuq olduqda, susadıqda, acdıqda, gözünü işıq qamaşdırdıqda, yuxusu gəldikdə, xəstələndikdə, bir yeri (qulağı, qarnı və s.) ağrıdıqda ağlayır. Bəzi analar körpə ağlamağa başlayan təki səbəbini öyrənmədən, dərhal qucağına alıb yedizdirir və ya tez-tez əskilərini dəyişdirirlər. Əskilərin lüzumsuz yerə dəyişdirilməsi zamanı uşaq soyuqlaya bilər.
Körpə dünyaya gəlir, ona qayğı lazımdır


Südəmər uşaq istədiyi qədər yata bilər. Əgər o, sağlam və gümrahdırsa, gündüzlər az yatmağından narahat olmağa dəyməz. Eləcə də yatmış uşağı yedirtmək vaxtı çatdıqda belə, onu yuxudan oyatmaq məsləhət görülmür. O, yuxudan doyduqda özünü yaxşı hiss edir və doyunca yeyir.
Südəmər uşağa məxsus şeylərə qayğı ilə yanaşmaq, onun şəxsi şeylərini ən azı 15 dəqiqə qaynadıb, quruyandan sonra isti ütü çəkmək vacibdir. Onlar ayrıca saxlanılmalıdır. Uşağın paltarını dəyişərkən çarpayının üzərinə təmiz döşəkağı sərib geyimləri həmin döşəkağının üstünə qoymaq və bir-bir oradan götürmək lazımdır.


Körpəyə məxsus qablar ayrıca saxlanılmalıdır. Döşəməyə düşmüş əskini çırpıb uşağı bələmək olmaz. O, mütləq yenidən qaynadılmalı və ütülənməlidir. Uşaq yatan otaq təmiz saxlanılmalı, hər gün silinib-süpürülməlidir. Əlbəttə, otağın havası vaxtaşırı dəyişdirilməlidir.

Südəmər uşağa qulluq edən ana gigiyenik tələbləri ciddi surətdə gözləməlidir. İlk növbədə o, əllərini və paltarını təmiz saxlamalıdır. Ata da yalnız pencəyini çıxarıb təmiz ev geyimi geydikdən sonra uşağı qucağına götürməlidir.


Körpələrin dərisi zərif olduğundan ona yaxşı qulluq edilməlidir. Südəmər uşağı soyuğa verməmək şərti ilə hər gün çimdirmək məsləhətdir. Bu, onun dərisini tərdən və tozdan təmizləyir, onu gümrahlaşdırır. Uşağı hər dəfə eyni vaxtda, çox da isti olmayan təmiz suda çimdirmək lazımdır.
Südəmər uşağın orqanizminin möhkəmləndirilməsi də yaddan çıxmamalıdır. Bu məqsədlə, körpə tədricən daha az bükülməlidir. Onun əynində paltar olmayanda bədəni bərkiyir, eyni zamanda çılpaq oynamaq onun xoşuna gəlir. Bunu üçün uşağı getdikcə daha çox çılpaq qoymaq faydalıdır. Lakin bu, çox da uzun vaxt aparmamalıdır.


Tarix: 03.01.2015 / 10:53 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Körpəyə qulluq
loading...