beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUANIN FƏZİLƏTİ

Duanın fəzilətinə dair bir neçə ayə və hədisləri qeyd etmək yerində olardı ki, qoy dua edən hər bir kəs etdiyi duasına görə Allah- təala tərəfindən hansı mükafatlara layiq olduğunu bilərək dua etməkdən heç bir zaman usanmasın.

Duanın fəzilətinə dair bir neçə ayə və hədislər aşağıdakılardır:
1. Dua etmək Allaha itaət və Onun əmrini yerinə yetirməkdir
Allah-təala Qurani-Kərimdə buyurmuşdur:

Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim...”[1]
Həmçinin, buyurmuşdur:


وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ?


“Allaha qarşı səmimi olub Ona dua edin.” [2]
2. Allaha qarşı olan təkəbbürlükdən uzaq olmaqdır
Allah-təala buyurmuşdur:


وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ?


"Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” [3]
Şövkani (rahiməhullah) bu ayənin təfsirində demişdir: “Ayə duanın ibadətdən olduğuna sübutdur. Çünki Allah-təala qullarına Ona dua etmələrini əmr etmiş və sonra isə buyurmuşdur:
“...Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar...”
Bu ayədən məlumdur ki, həqiqətən də, dua ibadətdir və Allah-təalaya dua etməyi tərk etmək isə ən böyük bir təkəbbürlükdür...”[4]
3. Dua ibadətdir
Keçən ayəyə və bu hədisə görə. Nöman ibn Bəşirdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Dua ibadətdir.”[5]
4. Dua Allah yanında ən hörmətli əməldir
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allah üçün duadan hörmətli şey yoxdur.” [6]
5. Qulun dua etməsini Allah-təala sevir
İbn Məsuddan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allahın (dua edərək ) fəzilətindən istəyin, həqiqətən də, Allah Ondan istənilməsini sevər.” [7]
6. Dua Allahın qəzəbinin qarşısını alır
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allah ondan istəməyənə qəzəblənər.” [8]
Şövkani (rahiməhullah) demişdir: “Bu hədis qulun Rəbbinə dua etməsinin ən mühim vacibatlardan və ən böyük fərzlərdən olmasına dəlalət edir. Çünki Allahın qəzəbləndiyi əməldən uzaq olmağın vacibliyində ixtilaf yoxdur”. [9]
7. Dua etmək acizlikdən uzaq olmaqdır
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“İnsanların ən acizi dua etməkdə acizlik edən və ən xəsisi isə salam verməkdə xəsislik edəndir.”[10]
8. Edilən hər bir dua Allah yanında müxtəlif cür qəbuldur
Əgər dua edən duanın bütün şərtlərini yerinə yetirərsə, Allahın izni ilə etdiyi duasından ona mütləq nəsib vardır:
Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Allah-təala ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da ki, etdiyi duasına bərabər olan bəlanı ondan uzaqlaşdırar. Səhabə dedi: Onda [duanı] çoxaldaqmı? Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: Allah daha çox əta edən və cavab verəndir.” [11]
İbn Həcər (rahiməhullah) demişdir: “Hər bir duaya cavab verilir. Lakin cavablar müxtəlif olur. Bəzən edilən duanın özü qəbul olur, bəzən də əvəzi verilir.” [12]
9. Dua bəlanın baş verməsinin qarşısının alınmasına səbəb olur
Sovbandan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Qədəri yalnız dua qaytarır.”[13]
Şövkani (rahiməhullah) bu hədis barədə demişdir: “Hədis Allah-təalanın qul üçün yazdığı qəza-qədəri [bəlanı] dua ilə qaytarmasına dəlalət edir. Bu barədə çoxlu hədislər varid olmuşdur. Hasil olan odur ki, duanın özü də Allahın qədərindəndir. Qulu üçün muqayyəd [asılı] olan bir qəza-qədəri yazar ki, dua etməzsə qəza-qədər baş versin, lakin Ona dua edərsə, həmin qəza-qədər ondan dəf olsun.” [14]
10. Dua bəlanın baş verməsindən sonra qaldırılmasına səbəb olur
Abdullah ibn Ömərdən (radiyallahu anhumə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Sizdən kimə dua qapısı açılarsa, [çoxlu dua edərsə], onun üçün rəhmət qapıları da açılar [duasına cavab verilir]. İstənilən şeylər arasında Allaha ən sevimli olanı Ondan afiyət istənilməsidir. Dua üz vermiş bəlanın dəf olmasına və üz verməmiş bəlanın isə baş verməməsinə səbəb olur. Ey Allahın qulları dua edin.” [15]
Həmçinin, buyurmuşdur:
“Qədərdən həzər etməyin [çəkinməyin] heç bir faydası yoxdur. Dua isə enmiş bəlanın dəf olmasına və enməmiş bəlanın baş verməməsinə səbəb olur. Həqiqətən də, dua bəla ilə qarşılaşaraq Qiyamət gününə qədər [onun qarşısını almaq üçün] mübarizə aparar.” [16]
11. Dua etmək insanlar arasında məhəbbətin yaranmasına səbəb olur
Əgər müsəlman, digər bir müsəlman üçün onun xəbəri olmadan, gizlicə dua edərsə, Allah-təala onun duasını qəbul edər,[17] aralarında bir-birilərinə qarşı məhəbbət və ülfət yaradar.
Allah-təala buyurmuşdur:


إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا?


“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Allah[ürəklərdə]bir sevgi yaradacaqdır.[Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən, möminlərin qəlbinə salacaqdır].” [18]
Şübhəsiz ki, dua etmək imandan və yaxşı əməllərdəndir.
12. Dua etmək Allahın mömin bəndələrinin sifətlərindəndir
Allah-təala peyğəmbərlərini (aleyhimu-s-sələm) mədh edərək buyurmuşdur:


 إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ?


“Onlar xeyirli işlər görməyə tələsər [yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar], rəğbət və qorxu ilə [rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq] Bizə dua edərdilər. Onlar Bizə müti idilər.”[19]
Həmçinin, saleh qulları haqqında buyurmuşdur:


وَالَّذِينَ جَاؤُوا مِن بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِّلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَّحِيمٌ?


“Onlardan [Mühacirlərdən və Ənsardan] sonra gələnlər belə deyərlər: Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş [din] qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, Sən həqiqətən şəfqətli və mərhəmətlisən.” [20]
13. Dua etmək sabit olmağa və düşmən üzərində qələbə çalmağa səbəb olur
Allah-təala Talut və onun ordusu Calut və onun ordusu ilə qarşılaşaraq üz-üzə gəldikləri haqda buyurmuşdur:


وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِ قَالُواْ رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ?


“Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: Ey Rəbbim, bizə bollu səbr və ayaqlarımıza qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!” [21]
Etdikləri duanın nəticəsi necə oldu?


فَهَزَمُوهُم بِإِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَآتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاء وَلَوْلاَ دَفْعُ اللّهِ النَّاسَ بَعْضَهُمْ بِبَعْضٍ لَّفَسَدَتِ الأَرْضُ وَلَـكِنَّ اللّهَ ذُو فَضْلٍ عَلَى الْعَالَمِينَ?


“Nəhayət onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər və Davud Calutu öldürdü...” [22]

-----------------------------------------------------------------------------
[1] - 40) “Ğafir” - 60.
[2] - 7) “əl-Əraf”- 29.
[3] - 40) “Ğafir”- 60.
[4] - “Tuhfətu-z-zəkirin.” Səh. 29.
[5] - Tirmizi, 2969-cu hədis, Albani səhihləşdirmişdir: “Sahihu-l-cəmi”, 3407-ci hədis.
[6] - Əhməd, 2/362; İbn Macə, 3829-cu hədis, Albani həsənləşdirmişdir: “Sahihu-l-ədəbi-l-mufrad” 549-cu hədis.
[7] - ət-Tirmizi, 3571-ci hədis. Albani səhihləşdirmişdir. “Silsilətu-l-əhədisi-d-daifə” 492-ci hədis.
[8] -- Əhməd, 2/442; ət-Tirmizi, 3373-cü hədis. Albani həsənləşdirmişdir. “Sahihu-l-ədəbi-l-mufrad” 512-ci hədis.
[9] - “Tuhfətu-z-zəkirin” səh. 31.
[10] - İbn Hibban, 1939-cu hədis. Albani səhihləşdirmişdir. “Sahihu-l-cəmi” 1044.
[11] - Əhməd, 3/18; Albani səhihləşdirmişdir, “Sahihu-l-ədəbi-l-mufrad” 574-cü hədis.
[12] - “Fəthu-l-bəri” 11/95.
[13] - Əhməd, 5/277; ibn Macə, 90-cı hədis. Albani həsənləşdirmişdir, “Sahihu-l-cami” 7687-ci hədis.
[14] “Tuhfətu-z-zəkirin” səh. 29-30.
[15] - Tirmizi, 3548-ci hədis, Albani həsənləşdirmişdir. “Sahihu-l-cəmi” 3409-cu hədis.
[16] - Tabərani, əl-Ovsat, 2519-cu hədis, Albani həsənləşdirmişdir. “Sahihu-l-cəmi” 7739-cu hədis.
[17] - bax: səh, 42.
[18] - 19) “Məryəm” - 96.
[19] - 21) “əl-Ənbiyə” - 90.
[20] - 59) “əl-Həşr” - 10.
[21] - 2) “əl-Bəqərə” - 250.
[22] - 2) “əl-Bəqərə” - 251.


Tarix: 07.05.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 542 Bölmə: Dualar