beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUANIN ŞƏRTLƏRİ

Duanın Allah yanında qəbul olması üçün bir neçə şərtləri vardır ki, onları mütləq yerinə yetirmək lazımdır. Həmin şərtlər bunlardır.
1. Dua edən bilməlidir ki, onun duasına cavab verməyə qadir olan yalnız Allahdır və həmçinin, bilməlidir ki, Allahdan başqa heç kəs ona nə xeyir verə bilməz nə də ki, ondan bir zərəri uzaqlaşdıra bilməz.

Allah-təala buyurmuşdur:

أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ›

“[Ey Məhəmməd, de ki, Allahdan qeyrilərinə ibadət etdikləriniz yaxud köməyə çağırdıqlarınız yaxşıdır] yoxsa əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, [sizdən] şəri sovuşduran, sizi yer üzünün varisləri edən kəs? Məgər Allahla yanaşı başqa bir haqq ilahmı var, Siz nə az düşünüb daşınırsınız!” [1]

2. Allahdan qeyrisinə dua etməmək [2]
Allahdan qeyrisinə dua edən kəs Allaha şərik qoşmuş və bağışlanmayan böyük bir günah etmiş sayılır.
Allah-təala buyurmuşdur:

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا›

“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan aşağı olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs şübhəsiz ki, [haqq yoldan] çox azmışdır.” [3]
Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“İstədiyin vaxt Allahdan istə, kömək istədiyin zaman Allahdan kömək istə.” [4]

3. Allaha düzgün olan təvəssüllərlə təvəssül etmək [yaxınlaşmaq] və bidət təvəssüllərdən uzaq olmaq
Şəriətdə icazəli olan təvəssüllərin bir neçəsi bunlardır.

a). Allahın adlarından yaxud sifətlərindən biri ilə Ona təvəssül etmək
Necə ki, Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) bəzi dualarında deyərdi:
“...Allahım, özünü adlandırdığın bütün adlarınla Səndən istəyirəm...”[5]
Yaxud tələb olunan duaya münasib olan ad seçmək. Yəni: Bağışlanma istəyərkən Allahı əl-Ğafur [bağışlayan] adı ilə, ruzi diləyərkən ər-Razzəq [ruzi verən] və ya əl-Vahhəb [əta edən-hədiyyə verən] adı ilə, elm istəyərkən əl-Alim [hər şeyi bilən] adı ilə və s. çağıraraq dua etmək.
Allah-təala buyurmuşdur:

وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا ›

“Allahın gözəl adları vardır. Onu həmin adlarla çağırıb dua edin...”[6]
Allahın sifəti ilə təvəssül etmək. Yəni: Allahım, mən Səndən Sənin uca sifətlərinlə, hər şeyi əhatə edən rəhmətinlə, əzəmətinlə və s. istəyirəm deyərək duaya başlamaq.

b). Allaha saleh əməllərlə təvəssül etmək
Məsələn; Allahım, mən Sənə iman etdiyim üçün, Səni sevdiyim üçün, Rəsuluna tabe olduğum üçün Səndən istəyirəm deyərək duaya başlamaq. Yaxud duadan öncə etdiyi saleh əməli zikr edərək həmin əməllə Allaha təvəssül etmək.
Allah-təala buyurmuşdur:

الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ›

“O bəndələr ki, ey Rəbbim, biz həqiqətən Sənə iman gətirmişik günahlarımızı bağışlayıb bizi Cəhənnəm əzabından qoru deyirlər.” [7]
Həmçinin, buyurmuşdur:

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ›

“[O kəslər ki, deyərlər:] Ey Rəbbimiz, həqiqətən biz Rəbbinizə inanın deyə imana tərəf çağıran bir kimsənin [Rəsulunun] çağırışını eşidib Sənə iman gətirdik. İndi günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!” [8]

c). Allaha saleh, diri və qadir olan adamın duası ilə təvəssül etmək
Ənəs (radiyallahu anhu) rəvayət edir ki;
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) cümə günü xütbə verərkən bir bədəvi gələrək Ona yağışın yağmadığına görə çətinlikdə olduqlarından şikayət edir. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) yağışın yağması üçün Allaha dua edir. Minbərdən enməmiş yağışın suyu Onun saqqalından damcıldamağa başlayır.”[9]
Pis aqibətlə nəticələnməmək şərti ilə[10] saleh insandan dua etməsini istəməyə dair bir neçə sübutlar vardır.
ç). Dua edənin ehtiyaclı, zəif, günahkar və təqsirli olduğunu etiraf edərək təvəssül etməsi
Məsələn; Allahım, mən Sənin Sənə möhtac olan və günahkar bir qulunam məni bağışlamağını istəyirəm və s. demək.
Allah-təala Yunus (aleyhi-s-sələm) haqqında buyurmuşdur:

وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ .فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ›

“...[Yunus] qaranlıqlar içində ey Rəbbim, Səndən başqa heç bir haqq ilah yoxdur. Sən pak və müqəddəssən. Mən isə həqiqətən zalimlərdən olmuşam[əmrinə qarşı çıxaraq özümə zülm etmişəm] –deyib dua etmişdi.
Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat verərik.”[11]

4. Duanın qəbuluna tələsməkdən çəkinmək
İnsan dua edərkən duanın qəbul olmasına tələsməməlidir. Əgər duanın qəbulunun gecikdiyini görərsə “nə üçün gecikdi” deməməlidir. Çünki tələsmək duanın qəbulunun qarşısını alan səbəblərdən biridir. Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Hər birinizin duası tələsmədikcə qəbul olar. [Tələsmək odur ki,] deyər: Dua etdim lakin qəbul olmadı.”[12]
Həmçinin, buyurmuşdur:
“Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olmaqda davam edər.” Deyildi: “Ey Allahın Rəsulu, tələsmək nədir?” Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurdu: “Deyər: Çoxlu dua etdim lakin qəbulunu görmədim. O zaman bezər və duanı tərk edər.”” [13]

5. Xeyirli dua etmək
Allah yanında duanın qəbul olunması üçün dua xeyirli, günah və qohumluq əlaqələrinin kəsilməsi barədə olmamalıdır. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Bir qul günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etməzsə duası qəbul olar.” [14]

6. Allah haqqında yaxşı zəndə olmaq
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allaha dua edərkən dualarınızı qəbul edəcəyinə yəqin olduğunuz halda edin.” [15]
Həmçinin, buyurmuşdur:
“Mən qulumla mənə qarşı olan zənninə görə davranaram...”[16].
İnsan Rəbbinə dua etdiyi zaman onun duasına cavab verəcəyinə, tövbə etdiyi zaman tövbəsini qəbul edəcəyinə, bağışlanma dilədiyi zaman bağışlayacağına və yaxşı əməl etdiyi zaman savab verəcəyinə səmimi qəlbdən iman etməlidir. Lakin günahlarda davam edərək və əməldə müqəssir olaraq Allah-təalanın onu bağışlayacağını, savab və duasına cavab verəcəyini zənn etmək heç də Allah haqqında yaxşı zəndə olmaq deyildir. Əksinə, bu qürurdan və cəhalətdən doğan batil arzulardır.

7. Qəlbin ayıq olması
Qul dua edərkən qəlbi ayıq olmalı, nə dediyini anlamalı və dua edilənin böyüklüyünü dərk etməlidir. Çünki bəzən insan əzbərlədiyi yaxud hər dəfə təkrarladığı duanı adət halına çevirərək dili ilə deyir, lakin qəlbi ilə başqa yerdə olur, nə üçün və kimə dua etdiyinə məhəl qoymur. Belə etmək duanın qəbul olunmasına mane olan ən böyük amillərdəndir.
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Bilin ki, Allah-təala ayıq olmayan (dilin nə dediyini anlamayan) qəlbdən edilən duanı qəbul etməz. ”[17]

8. Duanın şəriətdə icazəli olması
Bəyənilir ki, edilən dua “Quran”da dua halında keçən ayələrdən, yaxud sünnədən olsun. Lakin insan ürəyindən keçən hər hansı bir duanı istədiyi şəkildə edə bilər. Bir şərtlə ki, şəriətə zidd olan, yəni Allaha yaxınlaşmaq üçün edilən bidət təvəssüllərdən, şirkdən və s. uzaq olsun.

9. Yemək və geyimin halal olması
Bəziləri vardır ki, haram mallarla; oğurluqla, donuz əti yeməklə, içgi içməklə və s. qidalanar və sonra da dualarının qəbul olmadığından şikayətlənərlər. Halbu ki, haram yemək duanın qarşısını alan ən böyük amillərdəndir.
Allah-təala buyurur:

 إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ›

“Allah yalnız müttəqilərdən [Ondan qorxanlardan] qəbul edər!” [18]
Şübhəsiz ki, azuqəsi haram olan insan Allahdan layiqincə qorxan deyildir.
Həmçinin, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Həqiqətən də, Allah pakdır və yalnız pakı qəbul edər...” [19]
Başqa bir hədisdə haram geyib haram ilə qidalanaraq dua edən barəsində buyurmuşdur:
“…O, əllərini göyə qaldıraraq “ey Rəbb, ey Rəbb”, – deyər. Onun yeməyi, içməyi, geyimi və qidası haram olduğu halda duası hardan qəbul olunar?”[20]
10. Dua edərkən səsi ucaldaraq həddi aşmamaq
Allah-təala buyurmuşdur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُ لاَ يُحِبُّ الْمُعْتَدِينَ›

“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları [qışqıraraq dua edənləri] sevməz!” [21].
Həmçinin, buyurmuşdur:

 وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً›

“Dua edərkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun [bu iksinin] arasında orta bir yol tut!” [22].

------------------------------------------------------------------------------
[1] - 27) “ən-Nəml” - 62.
24 - bax: səh, 96.
[3] - 4) “ən-Nisə” - 116.
26 - Əhməd, 1/293; Tirmizi, 2511-ci hədis, Albani səhihləşdirmişdir, “Sahihu-l-cəmi” 7957-ci hədis.
27 - Əhməd, 1/391, Albani səhihləşdirmişdir, “Silsilətu-l-əhədisi-s-sahihə” 199-cu hədis.
[6] - 7) “əl-Əraf” - 180.
[7] - 3) “Əli İmran” - 16.
[8] - 3) “Ali İmran” - 193.
[9] - əl-Buxari, 933-cü hədis; Muslim, 897-ci hədis.
[10] -bax: səh, 111.
[11] - 21) “əl-Ənbiyə” - 87-88.
[12] - əl-Buxari, 6340-cı hədis; Muslim, 2735.
[13] - Muslim, 2736-cı hədis.
[14] - Buxari, 655-ci hədis; Müslim, 2735-ci hədis.
[15] - Tirmizi, 3479-cu hədis, Albani həsənləşdirmişdir. “Sahihu-l-Cəmi”, 245-ci hədis.
[16] - Buxari, 7405-ci hədis; Müslim, 2675-ci hədis.
[17]- Tirmizi, 3479-cu hədis, Albani həsənləşdirmişdir. “Sahihu-l-Cəmi”, 245-ci hədis.
[18]-5) “əl-Məidə” - 27.
[19]- Müslim, 1115-ci hədis.
[20] -Muslim, 1015.
[21]-7) “əl-Əraf” - 55.
[22]-17) “əl-İsra” - 110.


Tarix: 07.05.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 643 Bölmə: Dualar