beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUANIN QƏBUL OLMASINA SƏBƏB OLAN BƏZİ AMİLLƏR

Duanın qəbul olmasına səbəb olan bir neçə şeylər vardır ki, artıq bu haqda kitabın əvvəlində duanın şərtləri və ədəbləri fəsillərində qeyd olunmuşdur. Həmin səbəblərdən bəziləri də aşağıdakılardır.

1. İxlasla və səmimi qəlblə dua etmək
Dua edərkən nə qədər ixlasın və qəlbin səmimiliyi güclü olarsa, o qədər də dua qəbul olmağa layiq olar. Buna misal olaraq Yunis peyğəmbərin (aleyhissələm) balığın qarnında olarkən etdiyi duasını və mağarada olanların çıxışlarını qaya parçası enərək örtdüyü zaman etdikləri dualarını misal gətirmək olar. Allah-təala buyurmuşdur:

قُلْ أَمَرَ رَبِّي بِالْقِسْطِ وَأَقِيمُواْ وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ كَمَا بَدَأَكُمْ تَعُودُونَ›

“De: “Rəbbim ədaləti əmr etdi. Hər səcdədə (namaz vaxtı) üzünüzü (Qibləyə) tutun. Dini yalnız Ona məxsus edərək səmimi qəlbdən dua edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!” [1]

. Duanın qəbul olmasına güclü ümid bəsləmək
Budur Allahın peyğəmbəri Yaqub (aleyhissələm) oğlanlarının, qardaşları Yusifin (aleyhissələm) başına gətirdiklərini gördükdə belə buyurur:

وَجَآؤُوا عَلَى قَمِيصِهِ بِدَمٍ كَذِبٍ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ وَاللّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ›

“Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr, (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü, ancaq Allahdan kömək diləmək lazımdır!” [2]
Həmçinin, Binyamini və böyük oğlunu itirdikdə Allahdan yenə də duasını qəbul edəcəyinə ümid bəsləyərək belə deyir:

قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ عَسَى اللّهُ أَن يَأْتِيَنِي بِهِمْ جَمِيعًا إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ›

“(Qardaşlar Yəqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Binyamin heç vaxt oğruluq etməz. İkincisi, oğruluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!” [3]
Həmçinin, Yaqub peyğəmbərin (aleyhissələm) Yusifi tez-tez xatırlayaraq dərdə-qəmə düşdüyünü görən oğlanları onun bu işi unudaraq tərk etməsini tələb etdikləri zaman belə deyir:

قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللّهِ وَأَعْلَمُ مِنَ اللّهِ مَا لاَ تَعْلَمُونَ›

“(Yəqub) belə cavab verdi: “Mən dərdi-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm!” [4]
O vaxt ki, Yaqub peyğəmbərin (aleyhissələm) oğlanlarını itirdiyinə görə dərdi-qəmi bir az da artır, lakin buna baxmayaraq o, yenə də Allaha olan ümidini üzməyərək belə deyir:

يَا بَنِيَّ اذْهَبُواْ فَتَحَسَّسُواْ مِن يُوسُفَ وَأَخِيهِ وَلاَ تَيْأَسُواْ مِن رَّوْحِ اللّهِ إِنَّهُ لاَ يَيْأَسُ مِن رَّوْحِ اللّهِ إِلاَّ الْقَوْمُ الْكَافِرُونَ›

“Oğullarım! Gedin Yusifdən və qardaşından (Binyamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” [5]
Nəticə nə olur? Allah-təala onun duasını qəbul edərək sevimli övladlarını bir daha ona qovuşdurur.

3. Tövbə edib günahlardan çəkinmək
Necə ki, Allah-təala Nuhun (aleyhissələm) dilindən buyurmuşdur:

فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا. يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا. وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَارًا›

“Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!
O sizə göydən bol yağış göndərər.
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar! ” ” [6]
Sələf alimlərindən olan Sufyana (rahiməhullah) deyilir ki, Allaha dua et.
Deyir: “Günahları tərk etməyin özü dua etməkdir.” [7]

4. Qəflətdən uzaq olmaq
Dua edərkən insanın duasında nə dediyini düşünə-düşünə və anlayaraq etməsi duanın qəbul olmasına səbəb olan ən böyük amillərdən biridir. Bunun əksi isə duanın qəbul olmasına ən böyük bir maneədir.
Yəhya ibn Muaz (rahiməhullah) demişdir: “Allah-təala kimin duası ilə qəlbini bir yerə cəm edərsə, onun duasını geri qaytarmaz.”[8]

5. Fürsətlərdən istifadə etmək
Fürsətlərdən istifadə etmək duanın qəbul olan vaxtlarını, hallarını və məkanlarını əldən buraxmayaraq dua ilə keçirməklə olur.[9]

6. Çoxlu saleh əməllər işləmək
Saleh əməllər duanın yüksələrək qəbul olmasına kömək olan ən böyük səbəblərdən biridir. Çünki dua etmək gözəl sözlərdəndir və gözəl sözün Allaha tərəf qalxması üçün saleh əmələ ehtiyacı vardır.
Allah-təala buyurmuşdur:

مَن كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَمَكْرُ أُوْلَئِكَ هُوَ يَبُورُ›

“Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan), ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tovhid kəlməsi, zikr, həmd-səna və dua) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edəndir). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar. ” [10]
Vahb ibn Munəbbih (rahiməhullah) buyurmuşdur: “Saleh əməli olmadan dua edənin misalı ipsiz yayla ox atana bənzəyir.” [11]
7. Fərz ibadətləri tam olaraq yerinə yetirdikdən sonra nafilə ibadətlərlə Allaha yaxınlaşmaq
Allah-təala Hədisi-Qudsidə buyurmuşdur:
“Qulum mənə, ona fərz etdiyim ibadətlərdən sevimli olan heç bir şeylə yaxınlaşmamışdır. Qulum mənə nafilə ibadətlərlə də yaxınlaşmaqda davam edərsə, mən onu sevərəm. Əgər onu sevərəmsə… Məndən nə istəyərsə, (istədiyini) mütləq verərəm. Əgər Mənə sığınarsa, Mən onu mütləq qoruyaram.” [12]
8. Yaxşı işləri əmr edərək pis işlərdən çəkindirmək
Huzeyfə ibn əı-Yəməndən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Canım əlində olan Allaha and olsun ki, ya yaxşı işləri əmr edərək pis işlərdən çəkindirməlisiniz, ya da Allah sizə elə bir əzab göndərər ki, Ona dua edərsiniz, lakin duanız qəbul olunmaz.” [13]
Qeyd olunanlar duanın qəbul olmasına səbəb olan ən böyük amillərdir. Ümumən Duanın şərtlərini, ədəblərini və s. yerinə yetirərək onlara xilaf olan şeylərdən çəkinməklə duanın Allah yanında qəbul olmasına zəmanət vermək olar.
Həmçinin bu işlərin əksi isə; duanın geç qəbul olduğunu fikirləşmək, haram yemək, duada həddi aşmaq, yaxşı işləri əmr etməyərək pis işlərdən çəkindirməmək, çoxlu günahlara yol vermək və s. duanın qəbul olmasına mane olur.
İbn əl-Qayyum (rahiməhullah) demişdir: “Allaha dua edərək Ona sığınmaq qılınca bənzəyir. Qılınca yalnız itilik yox həmçinin onu vuran güclü əl də lazımdır. Nə vaxt ki, qılınc sağlam və nöqsansız, onu vuran əl isə güclü olar və onu vurmağa mane olan bir şey olmazsa düşmənə qələbə çalmaq olar. Əgər bunların üçündən biri naqis olarsa təsir də olmaz.
Əgər [dua edənin] özü saleh olmazsa, qəlbi ilə dilini bir yerə cəm etməzsə [dua edərkən fikri başqa yerdə olarsa] yaxud duanın qəbul olmasına mane olan bir şey olarsa [duanın] təsiri də olmaz.”[14]

------------------------------------------------------------------------
[1] - 7) “əl- Əraf” - 29.
[2] - 12) “Yusuf” - 18.
[3] - 12) “Yusuf” - 83.
[4] - 12) “Yusuf” - 86.
[5] - 12) “Yusuf” - 87.
[6] - 71) “Nuh” - 10-12.
[7] - “Cəmiu-l-ulum va-l-hikəm”, 1/276.
[8] - İbnu-l-Qayyim, “əl-Fəvaid”, səh. 73.
[9] - Bax: səh, 75.
[10] - 35) “Fatir” - 10.
[11] - İbnu-l-Mubarak, “Zuhd”, 322.
[12]- əl- Buxari, 6137.
[13] - Tirmizi, 2169, hədis həsəndir demişdir; Əhməd, 5/288.
[14] - “əl-Cavabu-l-Kəfi”, səh. 14.


Tarix: 07.05.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 662 Bölmə: Dualar