beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əzəldən belədir

Əzəldən belədir hava da, su da,
Gül açır, sovulur bu çöl, bu çəmən.
Min ildir insanlar qızınır oda,
Zirvə də həməndir, qaya da həmən.

Min ildir ulduzlar səpilib göyə,
Bahardır şaxtalı qışın qənimi,
Dayanıb yolunu gözləyim deyə,
Gəlmişəm dünyaya bənövşə kimi.

Günəşli olmayıb ömrümün yolu,
Əzəldən dünyaya qəmli gəlmişəm.
Gözlərim tox olub, ürəyim dolu,
Allahımı gətirib, mənmi gəlmişəm.

Bulaqlar oxuyur dərələr boyu,
Üz tutub yol gedir dənizə sarı.
Günəşi həmindir, həmindir ayı,
Ölməzdir Allahın yaratdıqları.

Bir bahar bölünüb çiçəyin payı,
Geciksə, düşəcək boranlı qışa.
Nədəndir insanlar günləri sayır,
Hər ömür, sonluğu qəmli tamaşa.

Al günəş nur saçır yamaca, yala,
Gur yağış torpağı gətirir cana.
Üz tutub düşmüşəm bu qəmli yola,
Baş alıb gedirəm ölməkdən yana.

Dənizi yosunlu, göyləri aydın,
Yer üzü bələnib çiçək ətrinə.
Bəlkə də, gəlməzdim sən olmasaydın,
Dünyaya gəlmişəm sənin xətrinə.


Tarix: 26.12.2014 / 15:56 Müəllif: Aziza Baxılıb: 126 Bölmə: DİNİ ŞEİRLƏR