beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İldırım Həsənov

Həsənov İldırım Həsən bəy oğlu - müğənni.

Həyatı

İldırım Həsənov 1920-ci ildə Ağdam rayonunun Saybalı kəndində dünyaya gəlib. Atası Həsən bəy Qarabağın sayılıb-seçilən zadəganlarından, anası Dilguşabəyim isə Məhəmməd ağanın qızı Ataxanın nəvəsidir. Böyük sənətkar Zülfü Adıgözəlovun təkidilə 1947-ci ildə Ağdamdan Bakıya köçən İ.Həsənov elə bu ustad sənətkardan musiqi dərsi alıb. Uzun illər Asəf Zeynallı adına musiqi məktəbində dərs deyib. İ.Həsənov 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olub, orden və medallarla təltif edilib. Xanəndə 1977-ci ildə dünyasını dəyişib. Hazırda onun Qızıl Fondda bir sıra dəyərli lent yazıları saxlanılır.

İldırım Həsənov haqqında

Xalq artisti Arif Babayev: "İldırım Həsənov çox gözəl səsə malik, təmiz qəlbli, şirin danışıqlı bir insan idi. Bəy nəslindən olduğu üçün çox vaxt biz ona bəy deyə müraciət edərdik. Səsi bəm olsa da, çox lətafətli, sanballı və füsunkar idi. O, "Şur" oxuyanda insanda həm şən, həm də lirik əhval-ruhiyyə oyanırdı. "Rast"ı ifa edəndə isə adamda gümrahlıq hissi baş qaldırırdı. Oxuduğu "Rast", "Çahargah", "Şüştər", "Humayun" muğamları, təsniflər və xalq mahnıları bu gün də həvəslə dinlənilir. İldırımla birgə iştirak etdiyimiz konsertlərdə onun bütün ifaları alqışlarla qarşılanırdı. İnsanlar ondan bir mahnını təkrar oxumağı xahiş edər və yenidən böyük maraqla dinləyərdilər. Yumoru sevən, çox zarafatcıl bir insan idi. Baməzə danışıqları ilə insanı özünə cəlb edərdi. Onunla cəmi bir-iki dəfə ünsiyyətdə olduqdan sonra istər-istəməz İldırımı çox istəməyə başlayırdın. Gülər üzü, xoş xasiyyəti ilə insanın qəlbində özünə yer tapmağı bacarırdı. İnsan var, dünyasını dəyişdikdən bir neçə il sonra unudulur. Ancaq İldırım Həsənov onu tanıyanların, sevənlərin qəlbində bu gün də yaşayır. Özünəməxsus gözəl səsi isə yaddaşlara birdəfəlik həkk olub".

Xalq artisti Ramiz Quliyev: "İldırım Həsənov əsil-nəcabətli bəy nəslindən idi. Deyirlər, atası Həsən bəy çox xeyirxah, alicənab, qonaqpərvər bir insan olub. Atasında olan bu xüsusiyyətlər İldırımda da var idi. Əslən muğamın beşiyi sayılan Qarabağdan olduğu üçün səsində bir başqa gözəllik vardı. O, həddindən artıq şən, hazırcavab, zarafatcıl bir insan idi. Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Xan Şuşinski, Qurban Pirimov, Yaqub Məmmədov kimi sənətkarlar Filarmoniyanın foyesində yığışar, İldırım Həsənovun duzlu-məzəli zarafatlarına böyük zövqlə qulaq asardılar. Zarafatları qaydasında edər, sözləriylə heç kimin qəlbinə dəyməzdi. Muğamı dərk edən insanlar onun səsindən, oxuduğu mahnılardan ləzzət alırdılar. Bir gün Ağdama qastrola getmişdik.

Yüzlərlə insan konserti izləməyə gəlmişdi. İldırım Həsənov səhnəyə çıxıb bir-birinin ardınca muğam, təsnif və xalq mahnıları oxudu. İnsanlar onun ifasını maraqla dinləyirdilər, alqışların ardı-arası kəsilmirdi. Dinləyicilərin onu səhnədən buraxmadığını görən İldırım Həsənov ayağa durub pencəyini soyunaraq mikrofona yaxınlaşdı və dedi ki, məni buraxmaq istəmirsiniz, onda bu gün burda ya siz əl çalmaqdan yorulacaqsınız, ya da mən oxumaqdan. Ya siz qalacaqsınız burda, ya da mən".

Xalq artisti Canəli Əkbərov: "İldırım Həsənovla mən ilk dəfə o, Lənkəran şəhərində konsert verməyə gələn zaman tanış olmuşuq. Lənkəranın konsert salonunda konsert təşkil edilmişdi. Mən də konsertə getmişdim. İldırım məlahətli səsi ilə bir-birindən gözəl mahnılar oxuyur, Lənkəran əhli isə bu ifanı alqışlarla qarşılayırdı. Mən də onun səsinə, xanəndəliyinə məhz o konsertdən sonra vuruldum. Daha sonra mən Filarmoniyada keçirilən müsabiqədə uğur qazanıb burada solist kimi işə başladım. İldırım Həsənovla daha yaxından tanış oldum və bu tanışlıq tədricən dostluğa çevrildi. Onun lətif danışığı, mülayim xarakteri, muğamları düzgün oxuması mənim çox xoşuma gəlirdi. İldırım Həsənovla birgə Filarmoniya səhnəsində, daha sonra isə Azərbaycanın rayonlarında keçirilən konsert proqramlarında iştirak edirdik. Bölgələrdə tez-tez qastrol səfərlərinə çıxar, maraqlı konsertlər verərdik. İldırım çox maraqlı və mehriban insan idi. Onun çox yaxşı yol yoldaşlığı vardı. Ən ucqar rayona belə qastrola gedəndə elə maraqlı söhbətlər, zarafatlar edərdi ki, yolun uzunluğu adamı yormazdı. Çox baməzə insan idi. Ancaq heç vaxt qəlbə dəyən zarafatlar etməzdi. Səsində insanı riqqətə gətirən xallar, dad-duz, məna vardı. İstənilən mahnını ustalıqla, özünəməxsus bir şəkildə, yaddaşlarda əbədi yaşayacaq səviyyədə ifa edirdi. "Çahargah", "Şur", "Zabul" muğamları İldırımın ifasında çox gözəl alınırdı".

Xalq artisti Habil Əliyev: "İldırım Həsənov dövrünün sevilən xanəndələrindən olub. Muğamları, təsnifləri, xalq mahnılarını məlahətli səsi ilə elə ustalıqla və gözəl oxuyurdu ki, dinləyicilərin ürəyini fəth edirdi. Səsi o qədər həzin idi ki, ona qulaq asmaqla doymaq olmurdu. Mən inanmıram ki, onun yerini verə bilən gözəl səsli, şirin avazlı ikinci bir sənətkar olsun. Azərbaycanın elə bir rayonu tapılmazdı ki, İldırım orada keçirilən konsert proqramlarında, el şənliklərində iştirak etməsin. Xalq onun sənətinə çox böyük qiymət verirdi. İldırım xaraktercə sadə, səmimi, dostları ilə son tikəsini bölməyi bacaran, dostluğa qiymət verən idi. Sənətkar var, səsi çox gözəldi, xanəndə var, xasiyyəti. Ancaq İldırımın həm səsi, həm də xarakteri gözəl idi".

Əməkdar artist Zöhrə Abdullayeva: "Mən İldırım Həsənovu böyük sənətkar, gözəl, səmimi bir insan kimi xatırlayıram. Muğam sənətinin incəliklərinə yaxşı bələd olduğu üçün çox ustalıqla ifa edirdi. Səsi məlahətli və həzin olduğundan onun ifasında təsniflər, xalq mahnıları misilsiz alınırdı. İldırım Həsənovun məndə uzun illər bundan əvvəl lentə alınan "Çahargah" təsnifi var. Təsnifdə o qədər gözəl boğazlar vurub ki, qulaq asdıqca insan mənən zövq alır, ruhu dincəlir. Ustad xanəndə olmaqla yanaşı, İldırım Həsənov həm də çox gözəl müəllim idi. Tələbələrinə muğam sənətinin sirlərini öyrədər, ən kiçik xırdalıqlaracan onlara izah edərdi. Neçə-neçə gəncin sənətə gəlməsində bir müəllim kimi İldırım Həsənovun böyük rolu olub. Zarafatı sevən, xasiyyətcə mülayim, həlim insan idi. Duzlu-məzəli zarafatlarından doymaq olmurdu. Sözü hər zaman yerində deyərdi. Elə bir insan tapılmazdı ki, onun sözlərindən inciyib-küssün, işlətdiyi hər hansı bir kəlməyə görə qəlbi qırılsın. Səsi kimi xasiyyəti də gözəl idi".

Xalq artisti Tələt Qasımovun: "İldırımla mən sənət yoldaşı olmaqla yanaşı həm də çox yaxın dost idik. O, dostluğa sədaqətli, xeyirxah, mehriban insan idi. Etdiyi maraqlı söhbətlərdən doymaq olmurdu. Şirin ləhcəsi ilə başına gələn hadisələri elə danışırdı ki, gülməmək olmurdu. Bir gün bir nəfər gəlib İldırımdan Zülfü Adıgözəlovu soruşur. Deyir ki, Zülfü müəllimlə təcili görüşüb çox vacib bir iş barəsində onunla məsləhətləşməlidir. İldırım ona cavab verir ki, Zülfünü axtarma, o gedib Zəngilana. Söhbətin üstündən bir neçə gün keçir və həmin şəxs Zülfü Adıgözəlovla rastlaşır, deyir ki, bəs görüşüb məsləhət alacaqdım sizdən, gözlədim, gəlmədiniz. İldırım Həsənovdan soruşdum, dedi ki, siz getmisiniz Zəngilana. Zülfü müəllim Zəngilana getmədiyini deyib, məsələni aydınlaşdırmaq üçün İldırımın yanına gəlir. İldırım deyir, Zülfü müəllim, siz radioda oxuyurdunuz ki, mən gedirəm Zəngilana, ona görə də sizi soruşana mən də sizin sözünüzlə cavab verdim.

İldırımın səsində bir başqa məlahət vardı. Adi bir mahnını elə ustalıqla, elə incəliklə oxuyurdu ki, insan məəttəl qalırdı. İstər muğamlar, təsniflər, istərsə də xalq mahnıları İldırımın ifasında fərqli alınırdı".


Tarix: 21.01.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 483 Bölmə: Bəstəkarlar Və Müğənnilər