Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Soltan Hacıbəyov

Soltan Hacıbəyov - bəstəkar, pedaqoq, SSRİ xalq artisti (1973).

Həyatı

S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olmuşdur. S.Hacıbəyovun yaradıcılıq siması aydınlığı, dünyagörüşünün saflığı, şairanəliyi ilə fərqlənir. S.Hacıbəyov musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır. Onun musiqisində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir.

S.Hacıbəyovun yaradıcılıq yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. (F.Əmirov, S.Hacıyev, Niyazi, S.Rüstəmov). Öz yaradıcılığında onlar Ü.Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər.

S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü.Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır.

Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" musiqili komediyasıdır. "Qızıl gül" əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, İki prelüd və f - no üçün sonata, İ.Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar (1943) yazır.

Böyük Vətən müharibəsi illərində S.Hacəbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. "Döyüşçülər nəğməsi", 416 – cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır.

40 – cı illərdə milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərmişdir. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.

1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S.Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar "Karvan"da təsviri lövhələrə meyl edir, ayrı – ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər "Şur" muğamı üzərində bəstələnmişdir.

1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur.

Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri ("Yeni il", "Bahar" və s.) vardır.

1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: "Oynaq topum", "Lay – lay", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı".

"İsgəndər və Çoban" uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin "İsgəndərnamə" əsərinin bir parçası təşkil edir. (Librettosu M.Seyidzadənindir).

1950-ci ildə S.Hacıbəyovun "Gülşən" baleti meydana gəlir. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletinin 1 – ci redaksiyasında (libetto Q.Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən 2 –ci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir. (Libretto Q.Almaszadənin və P.Abolimovundur.) Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

50 – ci illərdə S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, 50 – 53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləmişdir. "Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi" buna misaldır.

50 – ci illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış üvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdur. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra "Bolqar süitası" və "Çex rəqsi" əsərlərini bəstələyir.

1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün "Konsert"ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasr musiqi dili, qeyri – adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə etmişdir. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uygunlaşır. "Konsert" milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M.İbrahimovun "Məhəbbət", S.Vurğunun "İnsan", S.S.Axundovun "Eşq və İntiqam", M.İbrahimovun "Kəndçi qızı", S.Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.

1947-ci ildən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1947 – 62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969 – 1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışır. S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir. Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilmlşdir. Bəstəkar İsmayıl Hacıbəyovun atasıdır.


Tarix: 11.01.2013 / 14:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1005 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...