beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Albaniya tayfaları

Tədqiqatlar göstərmişdir ki, albanların, yaxud Albaniya tayfalarının hamısı yox, yalnız bir hissəsi, əsasən Dağıstanla həmsərhəd bölgələrdə yaşayan Dağıstandilli, alban etnik adını daşıyanlar, yəni alban tayfası və daha bir neçə tayfa türkdilli idi.

Dağıstandilli tayfalar indiki udinlərin, ləzgilərin, avarların, saxurların, xınalıqlıların, qrızlıların və buduqluların əcdadları idi. Lakin ləzgilərin, avarların və saxurların əsas hissəsi indiki Dağıstanda yaşayırdı. Dağıstan isə bütünlükdə Albaniyaya aid deyildi. Albaniyada yaşayan Dağıstandilli yaxud ləzgidilli tayfalar köklü, yerli idilər, lakin onların yaşadıqları bölgələrin ayrı – ayrılıqda dəqiq coğrafi koordinatları məlum deyil.

Albaniyanın şimal – qərbində, Dağıstan və Gürcüstan ilə sərhəd bölgədə bir tayfa V əsrdən başlayaraq gürcü mənbələrində her, onun yaşadığı mahal Hereti adlanır. Gürcü tədqiqatçıları bu tayfanın ümumi mənada albanlar olduqlarını təsdiqləyirlər. Müəyyən edilmişdir ki, Herlər indiki Dağıstandilli qrızların və haputluların ulu əcdadlarıdır, onlar özlərinə indi də "hər" deyirlər.

Alban tarixçisi Musa Kalankatlının Alban tarixi əsərində Albaniyanın şimal – qərbində bir əyalət Xeni adlandırılır. Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir, lakin xınalıqların ulu əcdadları V əsrə aid bir mənbədə albanlarda bir tayfanın adı kimi qeyd etdiyi qat tayfasıdır, xınalıqlılar özlərinə indi də kət deyirlər.

Alban tarixində və V- VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan lpin (lbin), silv və ciqb tayfalarının adları çəkilir. Lbinlər avarların Albaniyada yaşayan hissəsinin , silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır; civblər isə indiki saxurlardır, onlar özlərinə indi də yixbı deyirlər.

Albaniyanın şimal – şərqində V-VII əsr mənbələrində çoxlu tayfaların yaşaması qeyd olunmuşdur: xaçmatak, qluar, maskut, xursan, çul, tavaspar, ləg və b. Bu tayfalardan tavasparlar (tabasaranlar) və ləglər indiki ləzgilərin əcdadlarıdır. İlk dəfə ləg formasında ləzgilərin adı I əsr müəllifi Strabonun əsərində çəkilir. O yazır ki, albanların qonşuluğunda ləglər yaşayır [24]. Qədim mənbələrdə ləzgilər haqqında məlumat çox azdır. İlk dəfə olaraq IX əsrə aid ərəb mənbəində Samurdan şimalda Ləkz ölkəsi qeyd olunur. Ləzgilərin IX əsrdə Samur üstündə Mixyar adlı qalası vardı.

Albaniyada İrandilli tayfalar da yaşamışdır. Eranın III – IV əsrlərindən tatların ulu əcdadları burada məskun idi. Tat adını bu etnosa qədim türklər vermişlər, mənası da oturaq, əkinçi deməkdir. Tatlar heç vaxt köçəriliklə məşğul olmamışlar. Səlcuq oğuzları Cənubi Azərbaycanın yerli, oturaq, türkdilli əhalisini tat adlandırırlar. Parslar isə Balaxanı və Suraxanının qədim sakinləridir. Dağlıq Şirvanda və Quba rayonunda Rusta, Afurca, Xaltan, Varna, Avaxil və b. İranmənşəli toponimlər müasir tat dilində deyildir, lakin qədim fars dili ilə aydınlaşdırılır. IV- VI əsrlərdə Beşbarmaq, Gilgilçay, daha sonra Dərbənd sədlərinin çəkməsilə əlaqədar olaraq Sasani şahları Xızı, Dəvəçi və Quba rayonlarındakı tatları və Dərbənd bölgəsindəki yəhudiləri İrandan köçürtmüşlər. Məsudi yazır ki, Ənuşirəvan əl Bab və – l Əbvab adı ilə tanınmış bu şəhəri, onun quru, dəniz və dağlarda uzanmış səddini tikdirdiyi zaman, müxtəlif xalqları və onların hökmdarlarını buraya köçürtdü.

Prof. Q Qeybullayev yazır: "Alban etnik adını daşıyanların türkmənşəli olduğunu təsdiqləyən başqa faktlar da vardır. Onların biri qazaxlarda, türkmənlərdə, qırğızlarda və qaraqalpaqlarda Alban adlı tayfanın keçən əsrin sonlarınadək mövcud olmasıdır."

Özlərini alban adlandıranlar qədimdə Atropatenada da yaşayırdı. Strabon albanların bir hissəsinin Midiya dağlarında yaşadığını yazmışdır. [26] Prof. Q. Qeybullayev qeyd edir ki, Midiya dağlarında eradan əvvəl (Strabonun bu məlumatı er. əv. IV-III əsrlərə aiddir) heç bir Dağıstandilli tayfa yaşaya bilməzdi. Toponimlər əsasında alban tayfasının Ermənistanda, Gürcüstanda və Dağıstanda (Dərbənd zonasında) yaşaması da müəyyən edilmişdir .


Tarix: 16.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 180 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎