beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər bəy Xasməmmədovun məruzəsi

Ələkbər bəy Xasməmmədovun məruzəsində göstərilirdi ki, Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ Birinci Dünya müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlamışdır. Azərbaycanlılara qarşı onlar özlərini çox təkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha açıq və cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası Şamaxıdan getdikdə gizli surətdə silah anbarını ələ keçirir və bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişlər. Onlar ermənilərdən və malakanlardan ibarət xüsusi hərbi qarnizon təşkil edib oraya müsəlmanları buraxmamışlar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, onları təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silah və sursat gətirib, sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan erməni əsgərləri gətirirdilər. Onların hərəsi özü ilə bəzən üç tüfəng gətirmişdir. Ermənilərin bu hərəkətləri azərbaycanlıları bərk vahiməyə salır. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Azərbaycanlılar çalışırdılar ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Lakin sürətlə gizli silahlanan ermənilər üzdə özlərini elə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı erməni kəndi Mədrəsədə gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri toplanmağa başlayırlar. Martın birinci yarısında məlumat alınır ki, Bakıdakı bolşevik hakimiyyəti adından Şamaxıya böyük miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü malakan kəndi Qozluçayda (Xilmili) baş tutur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və Bakıdakı sovet hökuməti adından bildirirlər ki, onların başlıca məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edərək atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Lakin axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaq və qayda-qanunu pozmayacaqlar. Bunu eşidən Kürdəmir kənd sakinləri müsəlmanları incitməməyi ermənilərdən xahiş etmək üçün Şamaxıya gəlmiş, erməni rəhbərlərinə müsəlmanlarla sülh şəraitində yaşamağı təklif etdikdə və erməni yepiskopunun verdiyi andı xatırlatdıqda ermənilərdən bu cür cavab almışlar: "Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu İngiltərə müdafiə edəcəkdir".


Tarix: 21.01.2015 / 17:44 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanlı sülalələr