beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faciədən Əvvəl Kəndin Vəziyyəti

Qaradağlı kəndi Xankəndi və Xocavənd (Martuni) şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük bir azərbaycanlı kəndi idi. Sovet hakimmiyyyəti dövründə kəndin qonşuluğundakı Vərəndəpi, Bəhrəmli və Xanlıq adlı azərbaycan kəndlərinin əhalisi köçməyə məcbur edilmiş, onların torpaq sahələri isə erməni kəndlərinə verilmişdi. Çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində ermənilər Dağlıq Qarabağın azərbaycanlı əhalisinə, o cümlədən Qaradağlı sakinlərinə qarşı müxtəlif təxribatlar törətmişdilər. Belə bir təxribat 1967-ci ildə olmuşdur. Həmin ildə milli münaqişə yaratmaq üçün ermənilər üç nəfər azərbaycanlıya, əslən Qaradağlıdan olan şəxslərə böhtan ataraq onları həbs etdirmişdilər. Onlar məhkəmədə bəraət almalarına baxmayaraq erməni quldurları günün günorta çağı Xankəndində, sovet əsgərlərinin gözü qarşısında həmin günahsız insanların üstlərinə benzin töküb yandırmışlar.

Sovet dövründə Qaradağlı kəndi bir müddət ermənilər yaşayan Qağarza və Baravat kəndləri ilə eyni bir kolxozda birləşdirilmişdi. Kolxozun bütün rəhbər işçiləri ermənilərdən təyin edilirdi. Ermənilər daima Qaradağlıların hüquğunu tapdalayır, kəndin rəhbərliyinə yaxın buraxmır, əmək haqlarını mənimsəyirdilər. 1971-ci ildə Qaradağlılar hökumət qarşısında erməni kəndlərindən ayrılmaq, müstəqil kolxoz yaratmaq məsələsini qoyaraq məqsədlərinə nail olmuşdular. Həmin ildən Qaradağlı camaatı ayrılaraq Nərimanov adına kolxoz təsərrüfatında birləşmişlər. Ayrılma zamanı Xocavənd rayonunun erməni rəhbərləri əvvəlki kolxozun ümumi əmlakından Qaradağlıya heç bir pay verməmişlər. Hətta Qaradağlılara dədə-baba torpaq sahələrindən istifadəyə belə imkan verilmirdi. Nəhayət gərgin mübarizə nəticəsində onlar müəyyən qədər əmlak payı, o cümlədən Nərgiztəpə deyilən yerdən 100 hektar əkinə yararlı torpaq sahəsi ala bildilər. Bu sahə kənddən 30 kilometr aralı olsa da kolxozun inkişafında mühüm rol oynamışdı. Müstəqil fəaliyyətinin beşinci ilində Nərimanov adına kolxoz Xocavənd (Martuni) rayonunda ən qabaqcıl təsərrüfatlardan birinə çevrilmişdi. Xocavənddə 1988-ci ilin fevral ayının 12-də keçirilən iclasda həmişə olduğundan fərqli olaraq iclasın ancaq erməni dilində aparılması, azərbaycan dilində danışmağa imkan verilməməsi, iclasdan sonra ermənilərin azərbaycanlılara qarşı təhqiramiz fikirlər səsləndirməsi, əllərində Azərbaycan dövləti əleyhinə şüarlar tutmaları, səhəri günü Xankəndində keçirilmiş fəallar yığıncağında da ermənilərin eyni hərəkətlər etməsi Qarabağın bütün azərbaycanlı əhalisini, o cümlədən Qaradağlıları da narahat etməyə başlamışdı. Bundan sonra Xankəndində və Qarabağın ermənilər yaşayan bütün şəhər və kəndlərində millətçi nümayişlər və mitinqlər başlandı. Bundan dərhal sonra bir qrup Qaradağlı kəndinin sakini Ağdama gedərək rayon rəhbəriyinə erməni təxribatları haqqında Bakıya məlumat verilməsini və ciddi tədbir görülməsini tələb etmişdilər. Onlar həmçinin erməni təxribatları haqqında Respublika və SSRİ rəhbərlərinin ünvanına yazılı müraciətlər də göndərmişdilər. Rəhbərlik təxribatların qarşısını almaq əvəzinə Qaradağlıların şıkayət məktublarını tədbir görmək üçün vilayətin erməni rəhbərlərinə göndərirdilər ki, bu da onların vəziyyətini daha da ağırlaşdırırdı. Respublika rəhbərliyi tərəfindən Qarabağın digər azərbaycanlı əhalisi kimi taleyin hökmünə buraxılan Qaradağlılar özləri acınacaqlı vəziyyətdən çıxış yolunu axtarmağa məcbur olmuşdular. Kəndin nüfuzlu şəxslərindən, rayonun Tədarük İdarəsinin rəisi Məzahir Ağalarov, Xocavənd (Martuni) rayonu İcra hakimiyyətində işləyən yeganə azərbaycanlı Nüsrət Əzizov, kənd məktəbinin direktoru Nobil Zeynalov, Cahid Məmmədov, Soltan Bayramov Qaradağlını erməni təxribatlarından qorumaq üçün bəzi tədbirlər görməyə başlamışlar.


Tarix: 21.01.2015 / 17:09 Müəllif: Feriska Baxılıb: 217 Bölmə: Azərbaycanlı sülalələr