Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeyx Səfi kompleksi

Şeyx Səfi məqbərəsinin (آرامگاه شیخ صفی‌الدین اردبیلی) ətrafında tikilmiş kompleks XVI-XVII əsrlərdə Azərbaycanda tikilmiş ən görkəmli memarlıq abidələrindəndir. Kompleks bir-birinə bağlı həyət ətrafında düzülmüş binalardan ibarətdir. Bu kompleksə Şeyx Səfi türbəsindən başqa bir neçə türbə, o cümlədən Şah İsmayıl türbəsi, Çinixana deyilən bina, məscid, zəvvarlar üçün otaqlar və s. daxildir.

Şeyx Şəsi türbəsinin ətrafında yaradılan bu kompleks Yaxın Şərqdə olan ən böyük ziyarətgahlardandır. Kompleks, memarlıq quruluşunun yüksək bədii xüsusiyyətləri ilə bərabər, kaşıdan düzəldilmiş nəbati ornamentlərinin və daxili tərtibatının zənginliyi ilə də müstəsna bir abidədir. Binaların içərisini qızıl və gümüşdən emal edilmiş əşyalar bəzəyirdi (bu əşyaların əksəriyyəti ruslar tərəfindən qarət edilərək Dövlət Ermitajına aparılıb və indi orada sərgilənməkdədir). Bunlardan əlavə, salonların gözəl xalçalarla döşənmiş olduğu da məlumdur. İncəsənət tarixində görkəmli bir sənət nümunəsi kimi məşhur olan Şeyx Səfi xalçası da XVI əsrdə bu kompleks üçün toxunmuşdu. Kompleks Ərdəbilin bazar meydanının qarşısında yerləşir. Həmin binanın şimal-qərb hissəsindəki portal vasitəsilə kompleksin ilk hissəsini təşkil edən böyük bağa daxil olmaq mümkündür.

Kompleksə daxil olan binalar içərisində, ehtimal ki, ən qədimi səkkizbucaqlı məsciddir. Daha sonra Şeyx Səfi və Şah İsmayıl türbələri tikilmiş, daha sonra isə XVI-XVII əsrlərdə başqa binalar inşa edilmişdir. Şeyx Səfi türbəsi daş kürsülük üzərində yüksələn qülləvari türbədir. Ancaq bu türbənin yuxarısı, konus şəkilli günbəzlə deyil, adi günbəzlə örtülmüşdür. Türbənin gövdəsi və günbəzin üstü firuzəyi kaşı çəkilmiş qırmızı kərpiclə naxış şəklində örtülmüşdür.

Ziyarətə gələnlər üçün XVI əsrdə Şeyx Səfi türbəsinə bitişik ibadət məscidi tikilmişdir. Şeyx Səfi məscidinin ən qiymətli cəhəti-onun həyət fasadının quruluşudur. Fasadın üz tərəfində yerləşən portal məscidin qapısını gözə çarpdırır və binanın ictimai səciyyəsini müəyyənləşdirir. Fasadın qalan hissəsi məsciddən daha çox yaşayış binasını xatırladır. Məscidin ümumi kompozisiyası hündür stalaktit pərvazla tamamlanır.

Kompleksə daxil olan Çinixanada vaxtilə qiymətli saxsı qablar və kitablar saxlanırmış. Binanın içərisi kaşı və üzərində təsvirlər çəkilmiş taxta ilə zəngin bəzədilmişdir. Çinixana binası XVII əsrdə tikilmişdir. Şeyz Səfi kompleksinə daxil olan abidələrin iki əsri əhatə edən böyük bir zaman kəsiyində inşa edilməsi onların bir neçə memar tərəfindən tikildiyini göstərir. Lakin bizə burada işləmiş memarlardan yalnız birinin - Ərdəbilli İsmayılın adı məlumdur.


Tarix: 21.01.2015 / 14:43 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Azərbaycanlı sülalələr
loading...