beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfşarlar dövlətinin parçalanması və dağılması

1743-1744-cü illər­də Şirvan, Şəki, Təbriz, Xoy və Salmasda yeni üsyanlar başlayır. 1743-cü ildə Əfşarlar əleyhinə ümumxalq hərəkatı Şirvanda daha da güclənir. Bu vəziyyət Şəki əhalisinin Əfşarların idarə üsuluna qarşı çıxışları üçün əlverişli şərait yaradır. Hacı Çələbi etibarlı adamlarını başına yığıb məlik Nəcəfin iqamətgahına hücuma keçir və onu öldürürlər. Hacı Çələbinin bu addımı Azərbaycanda mərkəzi hakimiyyətə və Əfşarlar xanədanına qarşı mübarizənin yeni mərhələsinin başlanğıcı olur. Bu zamanlar Dərbənd, Car, Qarabağ, İrəvan bölgələrində və dövlətin cənub ərazilərində də narazılıqlar davam edir.

Dövlətin qərb sərhədlərini möhkəmləndirməyə böyük əhəmiyyət verən Nadir şah ölkə daxilində baş verən üsyanları yatırmaqla başını qatmaq istəmir. Çünki sərhəddə dayanan Osmanlı qoşununun hər an müdaxilə etməsi mümkün idi. 1744-cü ildə Nadir şahın qoşunu Şəkiyə yaxınlaşır, lakin «Gələsən-görəsən» qalasında ciddi müqavimətə rast gəldiyindən Bərdəyə çəkilməli olur. Şah bir qədər burada qaldıqdan sonra qoşunla Dərbəndə doğru irəliləyir. 1745-ci ilin yazında Nadirin qoşunu Ərəş istiqamətindən hərəkət edərək yenidən «Gələsən-görəsən» qalasına hücum edir. Şəkililər inadla müqavimət göstərərək dağların çətin keçidlərində şah qoşununa qəfil zərbələr endirirlər.

Osmanlı dövləti ilə münasibətlər yenidən gərginləşdiyindən şah qala ətrafında bir dəstə saxlayıb, 1745-ci ilin ortalarında Osmanlılarla hərbi əməliyyat yerinə qayıdır. 1747-ci ildə Əfşarlar əleyhinə Şəkidə, Ərdəbil və Təbrizdə yeni üsyanlar baş verir. Lakin bu üsyanlar da nəticəsiz qalır. 1747-ci il iyunun 19-da Nadir şah sui-qəsd nəticəsində öldürülür, onun yaratdığı dövlət süqut edir.


Tarix: 21.01.2015 / 16:38 Müəllif: Feriska Baxılıb: 12 Bölmə: Azərbaycanlı sülalələr