beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavanşir Vəkilov - Pedaqoji və digər fəaliyyətləri

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindəki fəaliyyəti ilə yanaşı 2001-2003 və 2007-2013-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya", "Diplomatik danışıqlar", "Diplomatik sənədlər" ixtisasları üzrə mühazirələr oxuyub. "Yaxın və Orta Şərq ölkələrinin xarici siyasəti", "Müasir diplomatiya" fənləri üzrə dərsliklər hazırlamış və Akademiyanın (DİA) kitabxanasına təhvil verilmişdir. 2008-2009, 2009-2010 və 2010-2011-ci tədris illərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr pilləsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
Cavanşir Vəkilovun Azərbaycan-İran münasibətləri və Azərbaycan ədəbiyyatı haqqında 23 elmi işi, 49 məqalə və yazısı Bakı, Tehran, Təbriz, Moskva və Düşənbədə elmi məcmuə, qəzet və jurnallarda Azərbaycan, rus və fars dillərində nəşr olunmuşdur. Bundan başqa, akademik Cavad Heyətin redaktorluğu ilə Tehranda nəşr olunan "Varlıq", "Azəri" (red. Behzad Behzadi), "Xudafərin" (red. Hüseyn Şərqi), jurnallarında (hər üç jurnal Azərbaycan dilində, ərəb əlifbası ilə nəşr olunur), Təbrizdə türk və fars dillərində dərc olunan "Fəcr-e Azərbaycan", "Məhd-e azadi" (red.Seyyid Məsud Peyman) qəzetlərində, "Körpü" jurnalında (Azərbaycan dilində, latın qrafikası ilə) Səməd Vurğunun və Vaqif Səmədoğlunun şerlərini, özünün məqalələrini, Aybəniz Vəkilovanın "Səməd Vurğun və İran" məqaləsini dərc etdirmiş, Səməd Vurğunun yaradıcılığını və xüsusilə də, şairin 90 illik və 100 illik yubileylərini İran mətbuatında işıqlandırmışdır. Cavanşir Vəkilov Səməd Vurğun irsinin naməlum qalmış səhifələrinin işıq üzünə çıxarılmasında əməyi olan tədqiqatçı alim idi. Atası Mehdixan Vəkilovun vəfatından sonra "Ömür dedikləri bir karvan yolu" povesti (1986), "Cavanşir" romanı (1992) və "Anadillər" povestini (1991) çapa hazırlayaraq, geniş oxucu kütləsinə təqdim etmiş, "Azərbaycanda mədəni inqilab: 1920-1940-cı illər" (2005) monoqrafiyasınının elmi redaktoru olaraq nəşr etdirmişdir. "Cavanşir" romanını 2004-cü ildə Təbrizdə "Əxtər" nəşriyyatında (sahibi Səməd Asyabi) və "Anadillər" povestini Tehranda Behzad Behzadinin redaktorluğu altında türk və fars dillərində nəşr olunan "Azəri" (El dili və ədəbiyyatı) jurnalında (bahar 2004, N3) Azərbaycan dilində ərəb əlifbası ilə dərc etdirmişdir.

Onun 1991-ci ildə Bakıda "Azərbaycan Respublikası və İran: 40-cı illər" adlı kitabı nəşr edilmişdir. Diplomatik fəaliyyətinə başladıqdan bir sıra beynəlxalq konfranslarda iştirak etmiş, tanınmış bir iranşünas kimi etiraf olunub. Məşhur ABŞ şərqşünas alimi Tadeuş Svyataxovski özünün "Rusiya və Azərbaycan keçid dövründə sərhəd" kitabında (Nyu-York, 1995) bir neçə dəfə Cavanşir Vəkilovun elmi əsərlərinə istinad etmişdir.

Nazim Hikmət, Mirzə İbrahimov, Osman Sarıvəlli, Zeynal Xəlil, Mir Cəlal, Ziya Bünyadov, Həmid Araslı, Qulam Məmmədli, Rəhim Sultanov, Həsən Həsənov və bir çox tanınmış şəxsiyyətlər haqqında maraqlı xatirələri vardır. Zəngin ədəbi və elmi mühitdə göz açıb böyümüş Cavanşir Vəkilovun ədəbi və tarixi irsimizə qayğılı və səliqəli münasibətinə qocaman tədqiqatçı jurnalist Qulam Məmmədli özünün 90 illik yubiley mərasimində yüksək qiymət vermişdir.

Bir tarixçi alim kimi doğma yurdunun zəngin keçmişinə dərindən bağlı olduğundan vətən tarixinin araşdırılmasına öz töhfəsini vermişdir. "Arsak: tutarlı cavab", "Tarixi keçmişimizə bir nəzər" (Kürün sahilində var əski bir köy) kimi dəyərli məqalələrin müəllifidir.

Cavanşir Vəkilov 1972-1975-ci illərdə Əfqanıstanda çalışarkən, SSRİ koloniyası komandasının tərkibində xarici ölkə komandaları arasında keçirilən futbol çempionatında üç dəfə Kabil çempionu olmuşdur. Həmin komandada Melburn olimpiadasının çempionu, Spartak Moskva klubunun məşhur keçmiş hücumçusu Serqey Salnikov, futbol üzrə SSRİ yığma komandasının ikinci məşqçisi olmuş, "Spartak" komandasının keçmiş müdafiəçisi Yuri Sedov, Moskva ÇSKA-sının keçmiş hücumçusu Vladimir Streşnıy, buz üstündə topla xokkey üzrə dünya çempionu Viktor Çigirinlə birlikdə oynamışdır. Həmin illərdə bu adı çəkilən məşhur idmançılar Əfqanıstanın müxtəlif futbol komandalarında məşqçilik edirdilər. 1995-1998-ci illərdə İranda çalışarkən isə xarici diplomatik nümayəndəliklər arasında Tehranda keçirilən futbol birinciliyində Cavanşir Vəkilov da iştirak etmiş və bu yarışda Azərbaycan Respublikasının komandası mükafata layiq 3-cü yeri tutmuşdur. Həmin illər Tehranda məşqçi işləyən Neftçi Bakı klubunun keçmiş müdafiəçisi Asəf Namazov da komandamızın tərkibində oynamışdır. 2003-2007-ci illərdə də MDB ölkələri Səfirlikləri komandalarının təmcil olunduqları mini-futbol yarışlarında 56 yaşında olarkən iştirak etmişdir. Hələ 1966-cı ildə şagirdlik zamanı SSRİ Futbol Federasiyasına oyunun bəzi qaydalarının dəyişdirilməsi haqqında oz təkliflərini vermiş, Federasiyanın məsul katibi Stoyanovun cavab məktubunu almışdır.

1967-ci ildə "Sportivnıye iqrı" jurnalının (Moskva) keçirdiyi futbol biliciləri viktorinasında qaliblər sırasında olmuşdur.

Vikipediyada Azərbaycan ziyalıları haqqında və s. məqalələri hazırladığına və digərlərinə düzəlişlər etdiyinə görə, həmin Açıq ensiklopediya idarəçiləri tərəfindən 2010-cu ildə Ulduz nişanı və 2011-ci ildə Gümüç qələm nişanına layiq görülmüşdür.

Daimiliyi sevən bir insan idi. 10 il məktəbdə eyni sinifdə, 5 il Universitetdə eyni qrupda oxumuş, 16 il Elmlər Akademiyasında eyni şöbədə çalışmışdır. 2013-ci ilin məlumatına əsasən, 21 ildir ki, XİN-də eyni sahə üzrə, eyni İdarədə işləyir, ailəsinin də 32 illik tarixi vardır.

Azərbaycan, türk, rus, fars dillərini bilirdi.


Tarix: 09.02.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Azərbaycan tarixçiləri